“Şeypur“un ikinci həyatı
Tarix: 04.08.2015 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Keçən əsrin birinci rübündə "Molla Nəsrəddin" ənənələri əsasında fəaliyyət göstərən, cəmiyyəti cahillikdən, bataqlıqdan xilas etməyə çalışan satirik jurnallarımızdan biri də "Şeypur" olmuşdur. ”Şeypur” jurnalının cəmi 14 sayı çıxmışdır, onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görmüşdür. Həftədə bir sayı çıxan bu jurnal Bakıda elektrik “Turan” mətbəəsində nəşr olunurdu. Jurnalın redaktoru, məşhur maarifçi Məhəmmədtağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqi, naşiri isə şair-publisist Səməd Mənsur idi. “Şeypur” jurnalının səhifələrində Məmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu. Ümumiyyətlə, nəşri boyunca "Şeypur" jurnalı öz ətrafına dövrün bır sıra maarifçi ziyalılarını, ictimai xadimlərini cəlb etmiş, cəmiyyətdə baş verən ictimai prosesləri, xalqın məişətini, yaşayış tərzini, əyrilikləri, onların səbəb və nəticələrini, dolayısı ilə həlli yollarını öz səhifələrində ədəbi-bədii və publisist materiallar vasitəsilə işıqlandırmış, konkret olaraq mövcud mənəvi kataklizmlərə qarşı özünəməxsus şəkildə mübarizə aparmışdır. "Şeypur" çaldığı havalarla, mahnılarla "arxadaş"larını cəhalət, qəflət yuxusundan oyandırmağa, tərəqqi etməyə çağırmışdır. Təəssüflər olsun ki, müstəqillik illərinə qədər belə bir əzəmətli jurnal diqqət mərkəzindən kənarda qalmışdır. Düzdür, ayrı-ayrı ədəbiyyatşünas alimlərimizin yazdığı məqalələrdə, apardıqları monoqrafik tədqiqatlarda bəhs etdiyimiz jurnal haqqında bəzi qısa qeydlər öz əksini tapmışdır. Lakin həmin məlumatların özləri belə "Şeypur"un səsini, əks-sədasını bizə tam şəkildə çatdıra bilmir. Demək olar ki, "Şeypur"la yaşdaş olan "Molla Nəsrəddin", "Füyuzat", "Yeni Füyuzat", "Məktəb", "Dəbistan" və s. kimi mətbu orqanların ədəbi-bədii, ictimai fəaliyyəti haqqında ədəbiyyatşünaslıqda geniş tədqiqatlar aparılmış, qiymətli mülahizələr səsləndirilmişdir. "Şeypur" isə diqqətdən kənarda qalmışdır. Sevindirici haldır ki, artıq "Şeypur" da hərtərəfli tədqiqata cəlb olunmuş, ədəbi-bədii müstəvidə öz layiqli dəyərini almışdır. 2014-cü ildə "Elm və təhsil" nəşriyyatında "Şeypur" haqqında Əməkdar elm xadimi, professor, ədəbiyyatşünas alim Hüseyn Həşimli ardıcıl olaraq "Məmmədəli Sidqi və Şeypur jurnalı" və "Şeypur" jurnalı( 1918/1919-cu illər)” adlı iki sanballı kitab nəşr etdirmişdir. Xoşbəxtlikdən mən "Şeypur" haqqında geniş və sistemli məlumatı elə ilk dəfə 2014-cü ildə Naxçıvan Dövlət Universitetində müəllifin- H.Həşimlinin öz dilindən eşitdim, dinlədim. Bir neçə gün öncə isə yuxarıda adları çəkilən kitabları tam şəkildə oxuyub qurtadım. Mən indi "Şeypur"u da, çaldığı havanı da, oynadığı havanı da, onun əhəmiyyətini də yaxşı başa düşürəm. Elə Hüseyn Həşimlinin əhəmiyyətini də! Ə.Hüseynzadə tənqidi məqalələrin birində yazırdı ki, fədai lazımdır, fədai, yuxarı sıçrayan murdarlıqdan və həşamatdan qorxmayan fədai! Mənim üçün( elə bizim üçün) Sabir də, Mirzə Cəlil də, Cavid də, Cabbarlı da, Əli bəy də, Vahabzadə Bəxtiyar da fədaidir. Özü də bir millət fədaisi, insanlıq fədaisi, elm, mədəniyyət fədaisi. Hüseyn Həşimli də bir fədaidir. Ədəbiyyat(şünaslıq) fədaisi! Ədəbiyyata təmənnasız qulluq edən insan fədaisi! Onun jurnalın yenidən tam mətninin nəşrinə nail olması bu fədailiyin kiçik bir nişanəsidir.Jurnalın nəşrindən 96 il sonra yenidən bir küliyyat-kitab şəklində çapı H.Həşimli tədqiqatının, gərgin əmək və zəhmətinin məntiqi nəticəsidir. "Şeypur"a qədər isə ədəbiyyatşünas alimin 2010-cu ildə "Yeni Füyuzat" jurnalını tam şəkildə nəşr etdirməsi də ədəbiyyatşünaslığımız və mətbuat tariximiz adına olduqca təqdirəlayiq bir addım kimi səciyyələndirilir. Alimin müxtəlif vaxtlarda M.Hadi, A.Sur, Ə.Məhzun, Ə.Səbri, N.Bəsir, B.Cabbarzadə, Ə.Səbur,Ə.Müznib, Ə.Qəmküsar, S.Səlmasi və digər yazarların bir sıra əsərlərini çap etdirərək ilk dəfə çağdaş ictimaiyyətə çatdırmasını da qeyd etmək istərdik. Ümumiyyətlə, dünyanın 10-dan artıq ölkəsində müxtəlif dillərdə nəşr olunan 22 kitabın və 300-dən artıq məqalənin müəllifi olan Əməkdar elm xadiminin yaradıcılığının əsas tədqiqat obyektinin mühüm bir hissəsini XX əsrin birinci rübündə nəşr olunan mətbu orqanlar, həmin dövrün ədəbi simaları və cərəyanları təşkil edir. Alimin “Azərbaycan poeziyasında sonet və terset”, "Səid Səlmasi", "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri", “Əli Səbri”, "Azərbaycan mənsur şeirinin təşəkkülü", “Türk xalqlarının ədəbiyyat ilişkilərinə dair araşdırmalar”,"Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir", “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı” və s. kimi sanballı və fundamental tədqiqatları da bu qəbildəndir. Böyük və şərəfli zəhmət hesabına başa gələn bu nəşrləri professor özü "klassik ədəbi-mədəni irs qarşısında mənəvi borcun ödənilməsi yolunda atdığımız kiçik addımlar"-deyə qiymətləndirsə də, əslində, bunlar Azərbaycan ictimai-mədəni fikir tarixinin, mətbuat tarixinin yaddaşlarından silinməyəcək dərəcədə vacib və əhəmiyyətli, eyni zamanda mənəvi mədəniyyət nümunələridir. "Şeypur"u oxuyanda görürsən ki, yox, jurnal Sovetlər dönəmində deyildiyi kimi "əksinqilabi mahiyyət daşıyan, burjua-mülkədar hökmranlığını müdafiə edən gülgü jurnalı" deyilmiş. Jurnaldakı materiallarla ətraflı tanışlıqdan sonra deyə bilərik ki, H.Həşimlinin də vurğuladığı kimi, “Şeypur”a uzun illər birtərəfli, laqeyd münasibət bilavasitə onun mövzu-ideya mündəricəsi, izlədiyi qayə ilə bağlı idi. İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına yönələn rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar “Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapmışdır. “Şeypur” jurnalı “müstəqillik ideallarını təbliğ edir, bu yoldakı əngəlləri, bolşevik-daşnak fitnəkarlıqlarını, Bakı neftini ələ keçirməyə can atan əcnəbi dövlətlər arasındakı çəkişmələri ifşa edirdi... Verilən materiallar, hər nömrədə dərc edilən şeirlər siyasi kəskinliyi, tənqid hədəflərinin aydınlığı və populyarlığı ilə seçilirdi. Düzdür, bəzi məqamlarda Şeypurun ritmik melodiyasının səsinə dodaq qaçsa da, əksər məqmlarda kövrəlmiş qəlbin diqtəsi ilə göz yaşarır. Aydın məsələdir ki, imperiyanın qılıncının qabağı kimi, dalının da kəsdiyi bir dövrdə "Şeypur"a "gülgü" jurnalı adlı güllü bir don geyindirilməsi onun inqilab qatarına oturmaması ilə əlaqədardır. "Şeypur"un hər sayının əvvəlində "həftədə bir dəfə türk-Azərbaycan lisanında nəşr olunan məzhəkə jurnalıdır" yazılsa da, əslində, bu bir ciddi satira jurnalıdır. "Şeypur"un gülüşü satira və yumorun harmoniyasından əmələ gələn gülüşdür. Bu gülüş Sabiranə gülüşdür. B.Vahabzadənin təbirincə demiş olsaq, "Şeypur" içindəki hönkürtü səsini boğmaq üçün, batırmaq üçün gülürdü! Yuxarıda vurğuladığımız kimi, H.Həşimlinin "Şeypur" jurnalının tədqiqi sahəsində atdığı ən böyük addım onun tam şəkildə yenidən nəşrinə nail olmasıdır. “Şeypur” jurnalı (1918-1919-cu illər)” adlı kitabda "Şeypur"un bütün 14 sayında gedən ədəbi-bədii və publisistik materiallar transliterasiya edilərək tam halda ədəbi ictimaiyyətə təqdim edilir. Əlavə edək ki, kitaba yazılmış irihəcmli ön sözdə “Şeypur”da müxtəlif imzalarla çıxış edən ayrı-ayrı ədəbi simaların kimlikləri müxtəlif qaynaqlardan gətirilən zəruri faktlarla göstərilir. Xüsusilə jurnalın nəşrinə daha çox səy göstərən M.Sidqi və S.Mənsurun “Şeypur”dakı fəliyyəti daha çox araşdırılmışdır. Pampuşalı, Kənarçı Pampuşalı imzaları ilə jurnalda mütəmadi çıxış edən S.Mənsur bu ədəbi orqanın iki əsas simasından birinə çevrilə bilmişdir. Təsadüfi deyil ki, jurnalın hər nömrəsində “Şeypur”un Pampuşalısı olan S.Mənsur özünün çaldığı şeypurun səsinə xalqı maarfləndirməyə, həmin dövrdə baş verən hadisələrin kökün , səbəblərini, günahkarlarını üstüörtülü şəkildə də olsa açıb göstərə bilmişdir."Məmmədəli Sidqi və Şeypur" jurnalı” monoqrafiyasında isə daha çox Sidqinin ədəbi-bədii və publisistik fəaliyyəti, “Şeypur”dakı əsərləri təhlil-tənqid müstəvisinə gətirilmiş, dolğun təhlillər aparılmış, ədəbiyyat və mətbuat tariximizdə ciddi xidmətləri olan Məmmədəli Sidqinin yaradıcılığı ilk dəfə sistemli şəkildə araşdırılmışdır.Diqqət çəkən bir məqam da ondan ibarətdir ki, ədəbiyyatşünas alimin tədqiqata cəlb edərək müəyyən şərhlər verdiyi materialların kökündə, daxilində bir vətənpərvərlik, milli təəssübkeşlik var. Şübhəsiz ki, bu, jurnalın öz xarakteri, estetik ideyası, qayəsi ilə üst-üstə düşür. Bir sözlə, milli təəssübkeşlik "Şeypur"un himnini, əsas leytmotivini təşkil edir. Bu mənada jurnalın ilk nömrəsində M.Sidqinin müəllifi olduğu "Altı ay" adlı yazının müəllif tərəfindən şərhi olduqca mühüm əhəmiyyət kəsb edir.H.Həşimli yaradıcılığının ümumi mənzərəsi fonunda deyə bilərik ki, milli mənəvi dəyərlərə sahiblik və sadiqlik, sərrast düşüncə, elmi-polemik fikir, dil rəvanlığı, ənənəyə ehtiram, universal təfəkkür tədqiqatçının əsas yaradıcılıq kredosunu təşkil edir. Jurnalda verilən bir qeyddən məlum olur ki, onun maddi-texniki bazası heç də ürəkaçan olmamışdır. Lakin buna baxmayaraq o, 14 nömrə çap oluna bilmişdir. Bu nöqteyi-nəzərdən M.Sidqi və S.Mənsur böyük bir işin öhdəsindən uğurla gəlmişdir. Fikrimizcə, M.Sidqi və S.Mənsurun gördüyü iş ədəbiyyatşünaslığımız və mətbuat tariximiz üçün nə qədər böyük və əhəmiyyətlidirsə, Əməkdar elm xadimi H.Həşimlinin də gördüyü iş, apardığı tədqiqat bir o qədər vacib və əhəmiyyətlidir.Dəyərli alimimizə yeni yaradıcılıq uğurları arzu edirik!!!

İlkin Əsgər




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info