“Tənzimlənən dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək”
Tarix: 05.08.2015 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsinə dair tapşırıqlar verilib. Tapşırıqların icrası məqsədilə Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin sədrliyi ilə 14 iyul tarixində geniş toplantı keçirilib. Toplantıda müvafiq tədbirlərin hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilib. Mövzuya aid olan diqqəti nəzərə alaraq səhiyyə nazirinin müavini Elsevər Ağayev ictimaiyyəti maraqlandıran sualları cavablandırıb.
- Elsevər müəllim, dövlətimizin başçısının tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hansı tədbirlər həyata keçirilib?
- Dövlət başcısının tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Azərbaycan Respublikası Tarif Şurasının 30 iyul 2015-ci il tarixli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” sosial qərarı ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Bu qərarın əsas məqsədi əhalinin dərman vasitələrinə çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkəmizdə dərmanların qiymətinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılaraq Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Dərmanların qiymətinin təyin olunması məqsədilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir. Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub.
- Yeni qiymətlər nə vaxt qüvvəyə minəcək?
- Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək. Belə ki, hazırlıq işlərinin, o cümlədən əczaçılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir. Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən çox, 40 faizdən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaqdır. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90 faizinin qiyməti düşəcəkdir. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczaçılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq. Eyni zamanda, Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaqdır. Bu isə öz növbəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcəkdir.
- Tarif Şurasının qərarı hansı xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərmanları əhatə edir?
- İlkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib. İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaqdır.
- Səhiyyə Nazirliyi dərman vasitələri üzərində nəzarəti gücləndirmək məqsədilə hansı işlər görür?
- Səhiyyə Nazirliyində olduqca geniş məsələlər spektrini əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa müddətdə hazırlanması daxildir. Bundan əlavə, mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur. Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün “Elektron səhiyyə”, “Qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi kimi tədbirlər nəzərdə tutulub. Səhiyyə Nazirliyi bu və digər istiqamətlərdə zəruri tədbirlərin icrasını davam etdirəcək. Səhiyyə Nazirliyinin qarşısında qoyulmuş hədəflərə çatmaq üçün bizim ixtisaslı kadrlarımız və müasir texniki potensialımız mövcuddur. Tibb ictimaiyyəti ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları və həyata keçirilən işləri böyük ruh yüksəkliyi ilə qəbul edərək bu təşəbbüsü hər bir ailə və vətəndaş üçün olduqca vacib bir addım kimi qiymətləndirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info