Leyla Yunus istintaqa çağırışdan sonra Praqadakı mənzilinə və xarici bank hesablarına dair sənədləri məhv edib
Tarix: 05.08.2015 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Leyla və Arif Yunusların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesin əvvəlində hakim Əfqan Hacıyev tərəflərdən vəsatətlərinin olub-olmamasını soruşub. L.Yunusun vəkili Ə.Məmmədov iş üzrə vermiş olduqları vəsatətlərin təmin edilməməsini əsas gətirərək məhkəmə tərkibinə etiraz edib. O, vəsatətini L.Yunus və A.Yunusun səhhətinin pis olmasına baxmayaraq, prosesləri keçirilməsi ilə əlaqələndirib.
Dövlət ittihamçısı bildirib ki, müdafiəçinin və təqsirləndirilən şəxsin etirazında Cinayət Prosessual Məcəllənin 109-cu maddəsində nəzərdə tutulan əsasların heç birinə istinad olunmayıb. Sadəcə vəsatətlərin təmin edilməməsi və iclasların keçirilməsi əsas kimi götürülüb. Dövlət ittihamçısı həmin vəsatətlərin əsassız olduğunu və iş materialları ilə təkzib edildiyi üçün məhkəmədən onların təmin edilməməsini istəyib. O, həmçinin qeyd edib ki, A.Yunusun barəsində olan məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, onun məhkəmə iclaslarında iştirakına mane olan heç bir tibbi əsas yoxdur. A.Yunus hazırda da iclaslar zamanı həkim nəzarətində saxlanılır. Bütün bunların iclasların keçirilməsinə maneçilik törətmədiyini və məhkəmə tərkibinə etiraz üçün əsas olmadığını bildirən dövlət ittihamçısı müdafiə tərəfinin vəsatətinin təmin edilməməsini istəyib.
Məsələ ilə əlaqədar dövlət ittihamçısı çıxış edən zaman L.Yunus onun sözünü kəsməyə çalışıb, hətta qeyri-etik atmacalar da atıb. Dövlət ittihamçısı fikirlərini bitirdikdən sonra məhkəmə iclasının sədri etiraza baxılması üçün müşavirə otağına gedəcəklərini elan edib.
L.Yunus isə fürsətdən istifadə edərək dövlət ittihamçısını nalayiq sözlərlə təhqir etməyə başlayıb. Burada maraqlı məqam ondan ibarətdir ki, artıq neçənci dəfədir L.Yunusun hakimləri və dövlət ittihamçısını təhqir etməsi və özünü son dərəcə nalayiq aparması halı müşahidə olunduğu halda, ona qarşı hər hansı tədbir görülmür. Qeyd edək ki, qanun bu tipli davranışa görə hakimə məhkəmə prosesinin iştirakçılarına qarşı sərt tədbir görmək səlahiyyəti verir. Lakin nədənsə həm hakim, həm də dövlət ittihamçısı baş verən bu pozuntuların üzərindən keçərək ittiham olunan şəxslərə qarşı son dərəcə humanist davranmağa çalışırlar. Elə bu dəfə də dövlət ittihamçısı L.Yunusun bu hərəkətlərinə heç bir reaksiya vermədi, məhkəmə tərkibi isə qısa fasilədən sonra iclasa qayıdaraq müdafiə tərəfinin məhkəmə tərkibinə etirazının əsaslandırılmaması ilə əlaqədar baxılmamış saxlanılmasının qərara alındığını elan etdi.
O ki qaldı L.Yunusun təhqirlərinə, dövlət ittihamçısı məsələni məhkəmənin diqqətinə çatdıraraq bununla əlaqədar L.Yunusa etik normalar çərçivəsində davranmasının bildirilməsini xahiş etdi.
Bundan sonra, L.Yunusun müdafiəçisi R.Məmmədov vəsatət verərək müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə icraata və Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda təşkilatın zərər çəkmiş şəxs qismində statusuna xitam verilməsini xahiş edib. O, həmçinin Demokratiyaya Milli Kömək Fondu, German Marshal Fondu, “OSİ Assistance Foundation” təşkilatlarının təmsilçilərinin iş üzrə şahid qismində dindirilməsini, Demokratiyaya Milli Kömək Fondu, German Marshal Fondunun məktublarının və dərc edilmiş kitabların işə əlavə edilərək araşdırılmasını istəyib.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirərək deyib ki L.Yunus barəsində Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. Belə ki, təqsirləndirilən şəxs saxtalaşdırdığı sənədlərlə 2014-cü ilin aprel ayının 9-dək Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda təşkilatının “Unibank”ın STB filialında olan hesabları üzrə bank əməliyyatları aparıb və hesabdan pul çıxararaq nağdlaşdırıb. Onun bu əməli üzrə 2 illik məsuliyyətə cəlb etmə müddəti keçmədiyindən, həmin maddələr üzrə icraata xitam verilə bilməz. Digər tərəfdən, təqsirləndirilən şəxslərə qarşı dələduzluq cinayətinin törədilməsi ittihamı irəli sürülüb. Belə ki, qeyd edilən pul vəsaitləri adına xarici donor təşkilatlarla qrant müqaviləsi bağlanılmış Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda təşkilatının bank hesablarına köçürülüb və bu qurum donor təşkilatlar qarşısında həmin vəsaitə görə məsuliyyət daşıyıb ki, belə vəziyyətdə onun zərər çəkmiş şəxs statusuna xitam verilə bilməz.
Dövlət ittihamçısı maraqlı bir fakta da toxunaraq vurğulayıb ki, müdafiə tərəfinin hazırda təqdim etdiyi Demokratiyaya Milli Kömək Fondu, German Marshal Fondunun məktublarına əsasən, guya qrant müqavilələri Sülh və Demokratiya institutu ilə bağlanılıb, Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda təşkilatının adı isə ümumiyyətlə çəkilmir. Halbuki, Sülh və Demokratiya institutunun dövlət qeydiyyatı və deməli bank hesabı olmayıb və onun qrant müqaviləsində tərəf kimi iştirakı hüquqi cəhətdən mümkünsüzdür.
Həmçinin, cinayət işində həmin təşkilatlardan pulların köçürülməsinə dair olan sənədlərdən görünür ki, qrant müqavilələri Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda təşkilatı ilə bağlanılıb, pul vəsaitləri də məhz həmin təşkilatın bank hesabına köçürülüb. Digər tərəfdən, Demokratiyaya Milli Kömək Fondunun məktubuna əsasən, təşkilat müvafiq qurumla yalnız 170 000 ABŞ dolları miqdarında qrant müqaviləsi bağlanıb. Amma iş materialları və bank sənədləri göstərir ki, Demokratiyaya Milli Kömək Fondu ilə Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda təşkilatı arasında bağlanılmış qrant müqavilələri üzrə köçürülmüş ümumi məbləğ 391 790 dollar təşkil edib.
Bütün bunlar açıq şəkildə təsdiq edir ki, müdafiə tərəfinin təqdim etdiyi məktublar ziddiyyətlidir və iş materiallarında olan sənədlərlə tam təkzib olunurlar. Bu səbəbdən həmin məktubların və kitabların işə əlavə edilib araşdırılmasına, müvafiq donor təşkilatların əməkdaşlarının şahid qismində çağırılmalarına heç bir zərurət yoxdur, vəsatət bütün hissələr üzrə rədd edilməlidir.
Məhkəmə iclasında sədrlik edən qısa müşavirədən sonra vəsatətin rədd edildiyini bildirib.
Bundan sonra sənədlərin tədqiqinə keçilməsi elan edilib və iş materiallarında olan sənədlərin elan edilməsinə başlanılıb. Cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində L.Yunus və A.Yunus istintaq qurumuna çağırılmalarına dair çağırış vərəqəsi və arayışlar, onların çağırış vərəqəsi aldıqları gün gecə saatlarında hava limanında saxlanılaraq əşyalarına baxış keçirilməsinə dair protokol, həmin günə aid Moskva şəhərindən alınaraq email vasitəsilə göndərilmiş elektron biletlər, pasportlara dair çıxarışlar, yaşayış yeri və təşkilatın ofisində axtarış və götürmə aparılmasına dair protokollar, məhkəmə qərarları, yoxlama aktı və məhkəmə-ekspertizasının rəyləri, L.Yunus və A.Yunusun “Accessbank” və “Unibank”ın STB filialında olan şəxsi, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda” təşkilatının “Unibank”ın STB filialında olan hesabdan L.Yunusun nəğd qaydada pulları çıxarmasına dair, habelə xaricdə yerləşən banklarda olan şəxsi hesablarına, xüsusilə də 2014-cü ilin aprel ayının 20-dən sonra köçürülən pullara dair bank sənədləri, Leyla və Arif Yunusların istintaq qurumundan rəsmi çağırış vərəqəsi aldıqdan sonra mənzillərində məhv etdikləri Çexiyanın paytaxtı Praqada yerləşən mənzilə və xarici banklarda olan bank hesablarına dair sənədlərin əməliyyat yolu ilə əldə olunaraq bərpa edilib istintaq zamanı istifadə üçün təqdim edilməsinə dair məktub və əlavə edilən həmin sənədlər, o cümlədən iş materiallarında olan digər sənədlər elan edilib. Bundan sonra, prosesdə fasilə elan olunub. Fasilədən sonra sədrlik edən proses iştirakçılarının məhkəmə istintaqının başa çatmasını və çıxışlar mərhələsinə keçilməsini bəyan edib.
Dövlət ittihamçısı ittiham nitqi ilə çıxış etmək üçün vaxt verilməsini xahiş etdiyinə görə, növbəti iclas avqustun 6-da saat 10:00-a təyin olunub.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info