Xocalı qırğını ilə bağlı film İsrailin Birinci dövlət telekanalında
Tarix: 06.08.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


İsrailin Birinci dövlət televiziya kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.
Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunub. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları – erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı müasir əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar. İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut AZƏRTAC-a müsahibəsində deyib: “Düşünürəm ki, “Sonsuz dəhliz” filminin İsraildə nümayiş etdirilməsi Xocalı haqqında həqiqətləri İsrail ictimaiyyətinə çatdıracaq. Heydər Əliyev Fondunun XX əsrin sonlarında Xocalıda törədilən dəhşətli və amansız soyqırımı aktı haqqında həqiqətlərin yayılması istiqamətində böyük səylərinə baxmayaraq, dünyanın Xocalı gerçəkliklərindən xəbərdar olması üçün çox iş görmək, çevik və fəal olmaq, hətta bəzən erməni diasporunun təbliğatına qarşı var gücünü ortaya qoymaq lazımdır. “Sonsuz dəhliz “ kimi filmlər çox çəkilməli, dünyanın əsas kanallarında nümayiş etdirilməlidir. Heydər Əliyev Fondu da hazırda məhz bu işlərlə məşğul olur”. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının əsas təşəbbüskarı Leyla Əliyeva ötən il Londonda, Britaniya Kino və Televiziya Sənəti Akademiyasının festivalında çıxışında bu qorxunc qanlı faciə barədə informasiyanın yayılmasının əhəmiyyətini vurğulayaraq deyib: “Sonsuz dəhliz" erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. Biz belə cinayətlərin təkrarı ilə bir daha üzləşməməliyik". Dünya Xocalı barədə həqiqəti bilməlidir. Bu faciənin sərt və amansız səhnələri Azərbaycanın ürəyində sağalmaz yaradır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri – Xocalı şəhəri bir gecədə viran qoyulub və yandırılıb. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrin şəhəri tərk etməyə macal tapmayan xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı qüvvələrinin vəhşilikləri nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam şikəst olmuş,1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir düşərək görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar. Arye Qut deyib: “Heydər Əliyev Fondunun dəstəyi ilə “Justice for Khojaly” beynəlxalq kampaniyası çərçivəsində istər İsrail ictimaiyyəti qarşısında, istərsə də müxtəlif Avropa ölkələrində beynəlxalq forumlarda çıxış edərkən dəfələrlə təkrar etmişəm ki, Ermənistanda yüksək vəzifələr tutan adamlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Bunun üçün Ermənistan Prezidenti Serj Sarkisyanın səmimi etirafını xatırlatmaq yetər. S.Sarkisyan həyasızcasına deyib: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhz Xocalıda qırdıq”. Ermənistanın günahını təkcə Azərbaycan hüquq mühafizə orqanlarının sərəncamında olan sanballı faktlar deyil, həm də çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciənin şahidlərinin ifadələri və Xocalının işğalında iştirak edən erməni hərbçilərinin özlərinin dəlil-sübutları təsdiq edir. Yaxud Zori Balayanın etirafı. O, 1996-cı ildə çap olunmuş “Ruhumuzun canlanması” kitabında Xocalı soyqırımına haqq qazandırıb. Terrorçu Balayan kitabında ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımını, təhqir və həqarətləri fəxrlə sadalayıb. Bu cinayətkar və qatı şovinist utanıb-qızarmadan bəyan edib ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar sübut edir ki, Xocalı şəhərində dinc mülki əhalinin düşünülmüş şəkildə məhv edilməsi onları təkcə azərbaycanlı olduqlarına görə kütləvi qırmaq məqsədi daşıyıb. Xocalı şəhəri Azərbaycan ərazilərinin qəsb olunmasının, burada etnik təmizləmə aparılmasının, tükürpərdici qəddarlıq qarşısında çaxnaşma və vəhşət yaratmağın növbəti mərhələsi olub. Azərbaycan xüsusi xidmət orqanlarının informasiyasına görə, hərbi əməliyyatların aparıldığı vaxtdan bu günə qədər 4928 adam, o cümlədən 56 uşaq,
327 qadın, 364 qoca itkin düşmüş sayılır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir qismi erməni əsirliyində xəstəlikdən dünyasını dəyişib, bir qismi oldürülüb, bəzilərini isə indiyə qədər ən ağır işlərdə qul kimi işlədirlər. Ermənistanda və işğal edilmiş ərazilərdə azərbaycanlı əsir və girovlarla amansız rəftar olunmasını, onların qətlə yetirilməsini, tanınmaz hala salınmasını və işgəncələrə məruz qalmasını sübuta yetirən çoxsaylı informasiya və şahid ifadələri toplanılıb. Azərbaycanın Xocalı şəhərində qanlı qətliama görə Ermənistanın indiki cinayətkar klanı məsuliyyət daşıyır. Həmin insanların nə vicdanı, nə də mərhəmət hissi var. Hazırda Ermənistan Respublikasında iqtidarda olan bu terrorçular və hərbi cinayətkarlar mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Arye Qut ölçüyəgəlməz səylərinə, “Sonsuz dəhliz” sənədli filminin eyni vaxtda ivrit və ingilis dillərinə tərcümə olunmaqla İsrailin Birinci televiziya kanalında nümayiş etdirilməsinə görə Heydər Əliyev Fonduna və onun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas təşəbbüskarı Leyla Əliyevaya minnətdarlığını bildirib. Xatırladaq ki, “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern şəhərlərində təqdimatı olub. İngilis dilində çəkilmiş filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub. Bundan əlavə, film rus dilinə dublyaj edilib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info