Ermənistan - Qərb üçün “toxunulmaz müqəddəs”
Tarix: 08.08.2015 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Serj Sərkisyanın inkvizisiya metodları da Qərbin Ermənistanı tənqid etməsi üçün əsas yaratmır...

Kriminal zonaya çevrilmiş Ermənistanda daha bir səs-küylü qətl törədilib. Bu dəfə tanınmış ekstrasens və həm də “Şant TV” telekanalının aparıcısı Ani Macnumyan öldürülüb. 53 yaşlı aparıcı öz mənzilində bıçaqlanaraq qətlə yetirilib. Əslində, bu hadisə cinayətkar elitanın hakimiyyətdə olduğu Ermənistan üçün adi bir olaydır. Serj Sərkisyan rejiminin ölkədə yaratdığı cəzasızlıq şəraitində buna qədər də çox sayda bənzər cinayətlər baş verir.
Ermənistan hakimiyyəti başını qaldırmağa cəhd gösərən siyasi rəqiblərini, ümumiyyətlə, ölkədə ictimai rəyə müəyyən təsir imkanı olan şəxsləri bütün mümkün vasitələrlə susdurmaqdan çəkinmir. 2013-cü ildə prezidentliyə namizəd, keçmiş SSRİ dövründən dissident fəaliyyəti ilə tanınan Paruyr Ayrikyanın güllələnməsi, Sərkisyan hakimiyyətinin real tənqidçisi olan jurnalistlərin susdurulması, ictimai müqavimətin lokomotivi kimi çıxış edə biləcək qüvvələrin sıradan çıxarılması Ermənistan hakimiyyətinin özünəməxsus mahiyyət göstəricisidir. Sözsüz, Sərkisyan rejimi məhz özünün bu idarəetmə metodu sayəsində iqtidarını qorumağa və ara-sıra zəifləyən mövqeyini bərpa etməyə çalışır. Hakimiyyəti zorakı üsullarla saxlamaq instinkti Ermənistanın hakim rejimi üçün bütün vasitələri “məqbul” hala gətirib. Zor gücünə susdurulmuş Ermənistan cəmiyyəti isə Sərkisyan rejiminin cinayətkar fəaliyyətinə qarşı çıxmaq imkanından məhrum edilib. Bu baxımdan, teleaparıcı A.Macnumyanın öldürülməsinin də adi kriminal hadisə qismində qarşılanması və bu cinayətə yönəlik ictimai etirazın baş qaldırmaması haradasa başadüşüləndir. Çox maraqlıdır ki, teleaparıcı A.Macnumyanın qətlinə Ermənistandakı diplomatik korpus və belə hadisələrə, lazım gəldikdə, yüksək həssaslıqla yanaşan beynəlxalq təşkilatlar da anlaşılmaz sükutla yanaşırlar. Sanki öldürülən bu şəxs tanınmış teleaparıcı və Ermənistanda ciddi nüfuz sahibi olan birisi deyil, adi bazar mübahisəsinin qurbanı olan sıradan adamdır. Amma məlumdur ki, başda ABŞ olmaqla aparıcı Qərb ölkələrinin diplomatik nümayəndəlilkləri onların fəaliyyət göstərdikləri ölkələrdə baş verən analoji hallara dərhal münasibət bildirmək təcrübəsinə malikdirlər. Lakin açıq görünür ki, bu təcrübənin tətbiqinə də ikili standartlar əsasında qərar verilir. Bir anlıq bu qətl hadisəsinin Azərbaycanda baş verdiyini ehtimal etsək, Qərbin rəsmi dövlət qurumları və “Freedom House”, “Sərhədsiz reportyorlar” kimi beynəlxalq təşkilatlar səviyyəsində hansı mövqeni sərgiləyəcəklərini təsəvvür etmək çətin deyil. Amma reallıqda teleaparıcı məhz Ermənistanda qətlə yetirilib və Qərb dairələri bu olayı sükutla qarşılayıb hadisənin daha geniş miqyasda ictimailəşməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. Bu, sadəcə, bir epizoddur. Qərbin aparıcı dövlətlərinin Qarabağ münaqişəsinin nizamlanmasında tutduğu qeyri-obyektiv mövqe Azərbaycanla Ermənistanda baş verən proseslərdə də mütləq mənada öz əksini tapır. Ermənistanda insan hüquqlarının ən kobud formada pozulmasına, vətəndaş azadlıqlarının maksimum məhdudlaşdırılmasına, istənilən etirazın qeyri-adekvat güc tətbiqi ilə boğulmasına baxmayaraq, Qərbin “demokratiya mərkəzləri” bütün bunlara israrla göz yummaqdadırlar. Son olaraq, İrəvanda elektrik enerjisi üzrə tariflərin qaldırılmasına etiraz məqsədi ilə təşkil edilən çoxminlik aksiyanın xüsusi qəddarlıqla dağıdılmasına Qərbin susqun yanaşması deyilənlərin bariz təsdiqidir. Azərbaycanda bu məqamları, az qala, mikroskop altında müşahidə edən, ən yüngül problemi də qloballaşdıraraq ölkə əleyhinə geniş kampaniyaya çevirən Qərb dairələri üçün Ermənistan hələ də “toxunulmaz müqəddəs” statusunda qalmaqdadır. Mövzu ilə bağlı “Gün.Az”a danışan Mətbuat Şurası İdarə Heyəti sədrinin müavini Müşfiq Ələsgərli hesab edir ki, Qərbin Ermənistandakı çoxprofilli pozuntulara münasibətdə səssiz qalması təəccüb doğurmamalıdır: “Ani Macnumyanın qətli ilə bağlı Qərb təşkilatlarının susqunluğunda, əslində qeyri-adi bir hal yoxdur. Çünki belə yanaşma, beynəlxalq QHT-lərin Ermənistana qarşı bəslədikləri yanaşmanın yenidən təkrarıdır, bir növü ənənə halını alıb.
Xatırlatmaq istərdim ki, Cənubi Qafqazda jurnalistlərin fəaliyyətinə görə siyasi motivlərlə qətlə yetirilməsinə dair ilk fakt Ermənistana aiddir. 2001-ci ildə Ermənistanda İctimai TV-nin rəhbəri Tiqran Nağdalyan müəmmalı şəkildə qətlə yetiriləndə heç kəs şübhə etmirdi ki, bu, həmin dövrdə prezident olan Robert Köçəryan komandasının əməlidir. Çünki qətlindən bir müddət əvvəl Nağdalyan mediaya informasiya sızdırmışdı ki, onun əlində 1998-ci ildə Ermənistan parlamentində baş vermiş terror hadisəsində- parlament qətliamında hakim komandanın iştirakını sübut edən videogörüntülər var. Nağdalyanın qətl işi bu gün də açılmayıb. Və çox güman ki, heç zaman açılmayacaq. Çünki bu işin açılmasını tələb etməyə nə yerli ictimaiyyətin gücü çatır, nə də beynəlxalq QHT-lər bu hadisəni öz hesabatlarında qabartmırlar. Çox maraqlıdır ki, Tiqran Nağdalyanın qətlə yetirildiyi ildə “Freedom House” təşkilatı Ermənistanın adını media azadlığının durumuna görə qonşu Gürcüstan və Azərbaycandan bir addım öndə, daha demokratik görüntüdə təqdim etmişdi. Onların arxivlərində bu görüntü son günlərə qədər qorunub saxlanırdı. Ötən on ildə Ermənistanda onlarla jurnalist təqib edilib, təzyiqlərdən qurtarmaq üçün ya peşə fəaliyyətinə xitam verib, ya da həbsə düşüb. Amma heç vaxt beynəlxalq QHT-lər Ermənistana qarşı ciddi addımlar atmayıblar. Belə yanaşma təkcə “Freedom House” üçün xarakterik deyil. Özünü beynəlxalq statuslu media təşkilatı elan etmiş “Sərhədsiz Reportyorlar”, Nyu-York Jurnalistlərin hüquqlarını müdafiə komitəsi və digərlərinin yanaşmasında da ənənəvi halları müşahidə edirik”.
A.Zeynalov




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info