“The Guardian”: “Bu xəyanət ittihamı ölkədə olduqca çox tənqidə məruz qalıb”
Almaniya hökumətinin “Netzpolitik.org”un jurnalistlərinə qarşı repressiyası ictimaiyyətin təpkisindən sonra səngiməyə məcbur olub. “The Guardian” yazır ki, Almaniyada məhkəmə ölkədə onlayn sahəyə nəzarətin gücləndirilməsi ilə bağlı gizli planların olması barədə reportaj hazırlayan iki jurnalistə qarşı qaldırılmış dövlətə xəyanət ittihamını dayandırmalı olub. Bu xəyanət ittihamı ölkədə olduqca çox tənqidə məruz qalıb. Qeyd edək ki, istintaq bildirib ki, iyul ayında “Netzpolitik.org” saytının təsisçisi Markus Beckedahl və əməkdaşı Andre Meister istintaqa cəlb olunub. Onların istintaqa cəlb olunması söz azadlığı müdafiəçiləri tərəfindən geniş tənqidə məruz qalıb. O da bildirilir ki, sözügedən vebsayt onlayn məxfilik və rəqəmsal mədəniyyət sahələri üzrə ixtisaslaşıb.
Ədliyyə naziri Heiko Maas xəyanət istintaqının açılması məsələsi ilə bağlı soruşub və ötən həftə o, baş federal ittihamçı Harald Range-in fəaliyyətindən bərk əsəbləşib. Belə ki, Range mediaya siyasi maneçilik barəsində iki qalmaqallı məlumat açıqlayıb. Bu məlumatları isə nazir təkzib edib.
Bazar ertəsi günü isə federal ittiham ofisi bildirib ki, adları çəkilən jurnalistlərin işi üzrə istintaq yekunlaşıb. Çünki adıçəkilən vebsaytın açıqladığı sənədlər “dövlət sirrinə” aid olmayıb. Bundan başqa, dövləti xəyanətlə bağlı ittihamlar da özünü doğrultmayıb.
Beləliklə, “The Guardian” tərəfindən bu məsələ Almaniyada mətbuat üzərinə təzyiq kimi dəyərləndirilir.
İlkin AĞAYEV
|