“Regionların inkişafı turizmin inkişafı ilə çox bağlıdır”
Tarix: 11.08.2015 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Dünya standartları
səviyyəsində “Qalalatı” otelinin açılışı müxtəlif
ölkələrdən turistlərin müalicə məqsədilə
Azərbaycana gəlməsinə imkan verəcək”


Bu gün dünyada turizmin getdikcə inkişaf etməsi bir çox ölkələrin bu sektorda rəqabət qabiliyyətini artırır. Artan turistləri cəlb etmək baxımından turizmin inkişaf etdiyi ölkələri də bir sıra addımlar atmağa sövq edir. Yəni turistlərdə maraq doğuracaq yeni-yeni cəlbediciliklər yaratmaqla yanaşı, onların istədikləri şəraiti əldə etmələrinə çalışırlar.
Qeyd edək ki, Dünya Turizm Təşkilatının məlumatına görə, 2015-ci ilin may-avqust aylarında dünyanı gəzəcək turistlərin sayı 41 faiz artaraq 500 milyon nəfərə çatacaq. Bunun 2007-ci ildən bəri ən böyük rəqəm olacağı gözlənilir. Mütəxəssislərin araşdırmalarına görə, dünya turizmində 2015-ci ildə 3-4 faiz artım qeydə alınacaq, 2010-2020-ci illəri əhatə edən müddətdə dünya turizmindəki illik ortalama artımın 3,8 faiz olacağı təxmin edilir. Ölkəmizdə də turizmin inkişafı prioritetdir, lakin bu sektorda mövcud problemlər var və bunun həlli istiqamətində dövlət səviyyəsində müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı oldu. Ölkədə turizmin inkişafı istiqamətində bir sıra məsələlərə toxunan dövlət başçısı xüsusilə vurğuladı ki, regionların inkişafı, o cümlədən turizmin inkişafı ilə bağlıdır: “Xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilib və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir. Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə gərək səni tanısınlar. Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”.
Beləliklə, ölkə başçısının da qeyd etdiyi kimi, dayanıqlı inkişafda mühüm amil olan turizmin geniş fəaliyyətinin təmin edilməsi, gəlir gətirən bir sahə kimi rolunu artırmaq üçün bu sektorda mühüm faktorlara daha çox diqqət yetirilməlidir. Burada turistin ölkəyə gəlişi ilə bağlı aviabiletlərin satışında müvafiq qiymətlərin olması, onların gəlişini asanlaşdıran elektron vizanın tətbiqi, eləcə də yerlərdə normal qiymətə otellərin, servis xidmətlərinin təşkili mühüm amildir. Qeyd edək ki, hazırda bu sektorda bir sıra sahələrdə mövcud problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilsə də, hələ ki, yerlərdə, məsələn, yeməklərin qiymətində nəzərəçarpacaq dəyişiklik hiss olunmur. Bu günlərdə bölgələrdən birinə səfər zamanı həmkarlarımızdan birinin müraciət etdiyi yeməkxanada bir toyuq qızartması üçün 50 manat tələb ediblər. Bu isə nəinki xarici, yerli turistin belə imkanlarını məhdudlaşdırır ki, nəticədə turisti cəlb etmək əvəzinə, onları daha da uzaqlaşdırmış oluruq.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, ölkə başçısı artıq neft, qaz məsələlərini yaddan çıxarmaq lazımdır deyib: “Mütəxəssislər də bildirirdi ki, bunlar tükənən ehtiyatlardır. Artıq o məsələlər inkişaf etdirilməlidir ki, onlar tükənən deyil. Yəni qeyri-neft sektorunun inkişafında ölkə başçısının çıxışında da göstərildiyi kimi turizm önəmli yerlərdən birini tutur. Azərbaycanda turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün çox böyük imkanlar mövcuddur. O cümlədən onların sırasında müalicə turizmini göstərmək olar. Bu günlərdə bunun bariz nümunəsini gördük ki, ölkə başçısı məşhur “Qalalatı” otelinin açılışını etdi. Bu artıq dünya standartları səviyyəsində müxtəlif ölkələrdən turistlərin müalicə məqsədilə Azərbaycana gəlməsinə imkanı verəcək. Bundan öncə artıq Naftalanda bu cür otellər tikilib istifadəyə verilib. Azərbaycana məxsus məşhur Naftalan neftinin elə mənbəyinin yaxınlığında müalicə almaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, digər bölgələrimizdə, o cümlədən Qəbələ zonasında, cənub bölgəsində də müalicə sağlamlıq turizmi ilə bağlı obyektlərimiz artıq istifadədədir. Xüsusi qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında “Duzdağ” oteli var və bu, “Duzdağ” müalicə sanatoriyasının yaxınlığında tikilib. Bütün bunlar onu deməyə imkan verir ki, gələcəkdə müalicə-sağlamlıq turizminin inkişaf etdirilməsi üçün yeni infrastruktur, yəni əvvəllər-sovet dövründə vaxtın tələblərinə cavab verən sanatoriyalar var idi, hazırda isə müasir standartlara, xarici turistlərin bütün tələblərinə cavab verə bilən infrastruktur formalaşıb. Düşünürəm ki, gələcəkdə bizim iqlim kurortları ilə bağlı zonalarda da bu tipli yeni otellər tikilsin. O zaman artıq turizmin mühüm qollarından olan müalicə-sağlamlıq turizminin yüksək sürətlə inkişafına nail olmaq olar”. B.Bilalovun sözlərinə görə, digər tərəfdən idman turizmi artıq bir turizm növü olaraq Azərbaycanda infrastrukturu mövcuddur və I Avropa Oyunları bir daha bunu təsdiq etdi: “Tikilmiş, qurulmuş, yaradılmış infrastrukturdan gələcəkdə müxtəlif idman turizmində istifadə etmək mümkündür. Ümumiyyətlə, regionların inkişafı turizmin inkişafı ilə çox bağlıdır. Bu yaxınlarda ənənəvi olaraq Qəbələdə musiqi festivalı keçirildi və düşünürəm ki, artıq bu təcrübədən istifadə edib hadisə turizmini də inkişaf etdirmək mümkündür. Sonra müxtəlif regionlarımızda bu tipli tədbirlər, bayramlar, folklor tədbirləri keçirmək olar. Turizm şirkətləri vasitəsilə xarici ölkədəki portnyorlarına çatdırmaq olar ki, hansı tarixdə tədbirlər təşkil olunacaq. Bütün bunlar dünya təcrübəsinə əsaslanaraq irəli sürülən təkliflərdir ki, bu ölkəyə turist axınına səbəb olan amilə çevrilə bilər. Məsələn, Novruz bayramı ilə bağlı artıq görürük ki, ildən-ilə təkmilləşmə gedir. Əgər əvvəllər Bakıda Novruz bayramı bir neçə saatlığa keçirilirdisə, bu il bir neçə gün keçirildi. Bu artıq turizm şirkətlərinin üzərinə böyük vəzifə qoyur ki, qabaqcadan MTN ilə razılaşdırılmış şəkildə Novruz bayramının keçiriləcəyi günləri öz potensial müştərilərinə çatdıra bilsinlər. Konqres turizmi ilə bağlı artıq ölkəmizdə xüsusi büro yaradılıb və fəaliyyət göstərir. Bütün bunlar hamısı qısa bir müddətdə ölkəyə xaricdən turist axınına səbəb ola biləcək amillərdir”.
Bununla yanaşı, mövcud problemlərə toxunan mütəxəssisin fikrincə, bu gün Azərbaycan turizminin ən çox tənqid olunan hissəsi xidmətlərin qiymətə uyğun gəlməməsidir: “Yəni xidmətin, yeməklərin keyfiyyəti o qədər də yüksək deyil, amma tələb olunan qiymətlər çox yüksəkdir. İstər qidalanma, istərsə də gecələmə sektorunda bu problemlər var. Düşünürəm ki, bu sahədə sahibkarlıq fəaliyyəti göstərən insanlar Prezidentin çıxışından irəli gələn məsələləri bir proqram kimi qəbul etməlidirlər. İşlərində dönüş yaratmalıdırlar. Bu sahədə işləmək üçün kadr işə götürəndə ixtisaslı kadrlarından istifadə etməlidirlər. Eləcə də vergi orqanları, bir müddət bundan öncə ölkə başçısı vergi orqanlarını da ciddi tənqid etmişdi, öz işlərində dönüş yaratmalıdırlar. Yəni elə etmək lazımdır ki, Azərbaycanın gələcəyi olan turizm sektoru qısa müddətdə inkişaf etsin. Bu yalnız Prezidentdən, yaxud bir neçə nəfərdən ibarət deyil. Turizmin inkişafı kompleks yanaşmanı tələb edir. Hər birimizin bu məsələyə məsuliyyətini dərk etməsindən qaynaqlanır. Xaricdən gələn qonağa istənilən Azərbaycan vətəndaşının neqativ münasibəti, təbii ki, bu sahəyə əngəl törədən amillərdən olacaq. Ona görə də ölkəyə gələn hər bir əcnəbi turistə biz Azərbaycan xalqının, ən başlıcası Prezidentin qonağı kimi münasibət göstərməliyik. Əgər hər birimiz belə bir münasibət göstərəriksə, onda Azərbaycanda turizm çox yüksək sürətlə inkişaf edəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info