Mais Güləliyev: “Xırda məsələdən ötrü xəbislik göstərirlərsə, Azərbaycanın gələcəyini onlara ümid etmək olmaz”
Tarix: 02.02.2013 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Müxalifətin radikal kəsimində qərarlaşan AXCP və Müsavat partiyalarının mövcud münasibətləri qarşıdurma müstəvisində cərəyan edir. Daim özlərini yaxın tərəfdaş kimi göstərən bu partiyaların “ictimai palatada” da bir yerdə təmsil olunmalarına baxmayaraq, bir-birilərinə qarşı apardıqları “siyasi mübarizə” onların bir çox məsələlərdə olduğu kimi, əməkdaşlıqda da qeyri-səmimi olduğunu göstərir.
Artıq ölkənin siyasi və ictimai kəsimi bu partiyaların ziddiyyətli münasibətlərindən doğan qarşılıqlı ittihamlarının dəfələrlə şahidi olub. Partiyalararası “söz savaşına” səbəb olan növbəti qarşıdurma isə yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçirilən mərasimdə baş verib. Belə ki, bir neçə saatlıq “birləşən” partiyalar sonradan mətbuat səhifələrində ittihamlara başlayıblar. Buna səbəbsə AXCP-nin kurasiyasında olan “Azadlıq” qəzetinin mərasimlə bağlı yazıda təkcə Əli Kərimlinin fotosunu yayımlamasıdır. Müsavatçılarsa qəzeti İsa Qəmbərin fotosunu məqalədə yerləşdirməməkdə günahlandırırlar. Bununla bağlı “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan “Facebook” sosial şəbəkəsində “İ.Qəmbərin şəklini verməyəndə Əli Kərimlinin ictimai-siyasi çəkisi nə qədər artacaq?” sözləri ilə “Azadlıq” qəzetini ittiham edib. O, “Azadlıq” qəzetinin dünənki (dünənki-red) sayında Novxanıdakı tədbirdən hazırlanan reportajda İsa Qəmbərin bir dənə də olsun şəkli yoxdu. “Yeni Müsavat”da isə Ə.Kərimlinin şəkli İsa bəyin fotoları ilə bərabər saydadır. Bu, “Azadlıq”da dəfələrlə təkrar olunan haldır. İ.Qəmbərin şəklini verməyəndə Ə.Kərimlinin ictimai-siyasi çəkisi nə qədər artacaq? İsa bəyi “Azadlıq”da “gizlətməklə” Əli bəy şəriksiz liderəmi çevriləcək? Müsavat başqanının fotolarını montaj eləməklə Ə.Kərimli prezidentmi olacaq? Olacaqsa, buyurun, davam edin”- deyə məsələyə münasibət bildirib.
Əslində ilk baxşından bunu iki qəzet arasında baş verən kiçik bir məsələ kimi qəbul etmək olar. Lakin “Azadlıq” qəzetinin AXCP, “Yeni Müsavat”ınsa Müsavat partiyasının kurasiyasında olduğunu və hər iki qəzetin bu partiyalar tərəfindən idarə edildiyini nəzərə alsaq, bunun partiyalararası qarşıdurma olduğunu görmək olar. AXCP və Müsavatın bir-birini həzm edə bilməməsinə rəğmən, “bir dam altında yaşaması”na, buna paralel olaraq da daim qarşılıqlı ittihamlar səsləndirməsinə məcbur edən amillər məsələyə daha geniş rakursdan baxmağı tələb edir. Belə ki, mövcud vəziyyətdə nə AXCP-nin, nə də Müsavatın seçkilərdə hər hansı bir nəticə əldə etmək üçün lazım olacaq qədər sosial bazası yoxdur. Sosial bazanın yoxluğundan əziyyət çəkən bu partiyalar etiraf etməsələr belə, bunun fərqindədirlər. Bu baxımdan, partiyalararası “savaş” daha çox kimin meydanda qalmasına hesablanıb.
Çünki onsuz da seçkilərdə bu qüvvələrin hansısa nəticə göstərə biləcəyi dumanlı məsələdir. Bütün qarşıdurmaların, AXCP-nin İ.Qəmbəri, Müsavatınsa Ə.Kərimlini gözdən salması, hər bir partiyanın öz sədrini daha güclü göstərməsi əsasən müxalifətdə yeganə “güc” olmaq ambisiyalarından qaynaqlanır. Buna rəğmən hər iki partiya üzdə ictimaiyyətə “birlik” görüntüsü sırımaqla da məşğuldurlar. Lakin adi foto üstündə qarşıdurmaya gedən tərəflərin birliyinin elə “şəkil kimi” olduğu özləri tərəfindən aydın şəkildə nümayiş olunmaqdadır.
AXCP-Müsavat qarşıdurmasını “Palitra”ya şərh edən Yaşıllar Partiyasının sədri, politoloq Mais Güləliyev məsələyə əvvəlcə bir vətəndaş kimi yanaşdığını deyib. M.Güləliyev bildirib ki, bu iki partiyadan kənarda olan siyasi partiyalar, ölkənin əsl ziyalıları və adi vətəndaşlar bu məsələlərin mahiyyətində nələrin dayandığını araşdırmasa, mümkün idarəetmənin gələcəkdə bunların əlinə keçəcəyi təqdirdə millətin başına nələrin gələcəyini dərk etməsə, gələcək qaranlıq görünür. Onun sözlərinə görə, bu iki partiya cəmiyyətdə gələcəyin aparıcı siyasi qüvvəsi deyil: “Bu, həmin partiyaların gələcəkdə dövlət idarəçiliyini ələ almağa mənəvi haqlarının olmadığı deməkdir. Çünki ən adi şeylərdə bir-biri ilə çəkişirlərsə, hakimiyyət bunlara verilərsə, milləti ayaqlarının altına alarlar. Ən xırda məsələdən ötrü kifayət qədər xəbislik göstərirlərsə, məişət narazılıqlarını şişirdirlərsə, deməli, gələcəkdə Azərbaycanın qlobal problemlərini bunlar həll edə bilməzlər. Azərbaycanın gələcəyini onlara ümid etmək olmaz. Bu, cəmiyyət, ölkənin ziyalıları və digər siyasi partiyalar üçün bir siqnaldır ki, bu iki partiyaya hakimiyyəti ələ keçirməyə imkan verilərsə, xalqın dövlətin, millətin gələcəyi təhlükədə qala bilər”.
M.Güləliyev qeyd edib ki, bu, ilk baxışdan xırda məsələ kimi görünə bilər, lakin bunun arxasında siyasi fəlsəfə dayanır: “Bu o deməkdir ki, bu şəxslər ən xırda məsələdə belə bir-birilərinə güzəştə getmək iqtidarında deyillər, bir-birilərinə qarşı tolerantlıq nümayiş etdirə bilmirlər. Belə olan halda onlara böyük bir xalqın taleyini necə həvalə etmək olar?”
Məsələnin siyasi tərəfinə, yəni hər iki partiya sədrinin bir-birilərini qarşılıqlı gözdən salmalarına gəlincə, M.Güləliyev bunun arxasında şəxsi ambisiyalar və alına biləcək dividentlərin dayandığını hesab edir. Onun sözlərinə görə, hər iki partiya sədri xarici qüvvələrin, beynəlxalq təşkilatların qarşısında özlərini mümkün qədər Azərbaycan müxalifətinin yeganə qüvvəsi kimi göstərmək və mümkün dividentləri təklikdə əldə etmək məqsədi güdür: “Eyni zamanda, burda müxalifət adına tək iddialı olmaq məsələsi də var. Bu olduqca cılız yanaşmadır. Hər bir partiyanın məramında cəmiyyətin problemlərini həll etmək, dövlətin gələcəyində rol oynamaq məsələsi önəmli olmalıdır. Bunlarsa ancaq özlərini reklam etmək, digər siyasi partiyaları aradan çıxarmaq, daha çox şəxsi maraqlarına xidmət etməklə məşğuldurlar. Yəni onların məqsədi xalqın, millətin, dövlətin inkişafı və gələcəyini düşünmək deyil”. Partiya sədri diqqətə çatdırıb ki, xırda məsələdə belə qarşılıqlı etimadın olmaması bu şəxslərin təkcə özləri üçün çalışdığını göstərir.
Asif CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info