“Xaricdəki siyasi partiyalarda nümayəndələrimiz olmalıdır”
Tarix: 12.08.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Erməni lobbisi tərəfindən hər zaman antiazərbaycan siyasəti yürüdülüb. Məhz buna görə də Azərbaycana qarşı qara kampaniyalar aparılanda erməni lobbisindən də istifadə olunur. Bu qara niyyət “Avroviziya-2012”, eləcə də “Bakı-2015”-də açıq-aydın müşahidə olunurdu. Nazirlər Kabinetinin son müşavirəsində Prezident İlham Əliyev öz nitqində bu məqamlara da toxunub: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Azərbaycana qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da güclənir. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi Azərbaycanı hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Onlar Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
Əlbəttə ki, Azərbaycana qarşı qərəzli kampaniyanın mahiyyəti bəllidir. Lakin bu kimi halların yenə də baş verməsi gözləniləndir. Buna görə də erməni lobbisinin qarşısına güclü Azərbaycan lobbisi çıxarılmalıdır.
Bu məsələ ilə bağlı Ukraynada Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov (İlisuyskiy) öz fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, ilk Avropa Oyunları beynəlxalq miqyaslı tədbir olduğundan bütün dünyanın, əsasən də Avropa dövlətlərinin nəzəri Azərbaycana yönəlmişdi: “Təbii ki, bu tədbirin Azərbaycanın imicinin artmasında böyük rolu var idi. Bu rolu azaltmaq, buna mənfi rəng vermək üçün erməni lobbisi və onun əli altında olan siyasətçilər, və ya xarici QHT-lər Azərbaycana siyasi təzyiq edirdilər”.
Paşa Məmmədov bu çirkin kampaniyanın aparılmasının səbəblərini də açıqladı: “Bunun da səbəbi odur ki, Azərbaycan öz siyasətini müstəqil yürüdür. Bunu qəbul etməyən ölkələr var. Bütün dünyada sivil siyasət odur ki, hər bir siyasi düşərgənin nümayəndəsi öz siyasi fikrindən asılı olmayaraq milli maraq naminə öz rəhbərinin ətrafında birləşir. Xalqımız da Prezidentinin ətrafında birgə olmaqla bu kampaniyaların qarşısını məharətlə aldı”.

“Avropa Azərbaycanla bağlı siyasətində müəyyən
düzəlişlər etməlidir”


Həmsöhbətimiz dedi ki, Azərbaycanla Avropa arasında münasibətlərin yüksək səviyyədə olması Avropaya daha çox lazımdır: “Əvvələr Avropa Azərbaycana münasibətdə deyək ki, şirinikləndirici mövqedən çıxış edirdi. Son zamanlar Avropa qərəzli mövqedən çıxış edərək Azərbaycana qarşı pressinqini artırmaqdadır. Bu da ondan irəli gəlir ki, Qərb ilə Rusiya arasında geosiyasi münasibətlərdə güclü qarşıdurma var. Biz Ukraynanın nümunəsində görürük ki, Ukraynanın keçmiş rəhbərliyi müstəqil siyasət yürütməyə qadir olmadığından, bu siyasi oyunda bu ölkəyə nə qədər böyük zərbələr dəydi. Mən Ukraynada yaşayan insan kimi bunun əyani şahidiyəm. Azərbaycan Avropa dövləti olsa da, Şərq adət-ənənəsi üzərində qurulub. Bu gün biz görürük ki, Qərbin Şərq siyasəti heç bir yaxşı nəticə vermir. Məhz bundan Avropa nəticə çıxarmalıdır ki, Şərqdə buraxdığı səhvləri Azərbaycana qarşı münasibətdə təkrarlamasın. Bu şəkildə məhz Avropa nəzərə almalıdır ki, Azərbaycanda bir çox dövlətlərin maraqları toqquşur. Məhz Azərbaycan Prezidentinin professionallığıdır ki, bu məkan xaos dövləti deyil, məhz qabaqcıl inkişaf etmiş, qüdrətli dövlətdir və öz müstəqil siyasətini yürüdə bilir. Bundan Avropa nəticə çıxararaq Azərbaycanla bağlı siyasətində müəyyən düzəlişlər etməlidir”.
Paşa Məmmədov bildirdi ki, belə kampaniyalara cavab olaraq lobbiçiliyimizi gücləndirməliyik: “Beynəlxalq miqyaslı tədbirlər olan ərəfədə bizə qarşı siyasi oyun oynanılır. Şübhəsiz ki, qarşıdan gələn parlament seçkiləri, eləcə də ölkəmizdə keçiriləcək növbəti beynəlxalq tədbirlər zamanı buna oxşar siyasi oyunlara xaricdən antiazərbaycan qüvvələr tərəfindən yenə start veriləcək. Biz buna yenə də hazır olmalıyıq. Hər şeydən əvvəl, biz xaricdə lobbiçilik fəaliyyətini gücləndirməliyik.

“Diasporumuzın fəaliyyətini lobbiçiliyimizin inkişafına
yönəltməliyik”


Onun fikrincə, qərəzli kampaniylara qarşı biz də beynəlxalq aləmdə ictimai fəallığımızı artırmalıyıq: “İnformasiya müharibəsində mübarizə aparacaq savadlı, bilikli gənclərimiz var. Onlar lazımi şəkildə Azərbaycana qarşı hər bir xarici təhdidin cavabını sosial şəbəkələrdə, ümumiyyətlə, virtual aləmdə verirlər. Belə gənclər koordinasiya olunmalıdırlar. Bununla yanaşı diasporumuzda islahatlar aparılmalıdır. Yəni bizim diasporumuz artıq formalaşıb. Biz diasporumuzın fəaliyyətini lobbiçiliyimizin inkişafına yönəltməliyik. Məsələn, dünyada “ABŞ diasporu” kimi anlayış yoxdur, lakin hər bir xarici ölkədə mərkəzləşdirilmiş “Ticarət palataları” fəaliyyət göstərir. Buna oxşar formada Türkiyənin də “Türk İş Adamları Dərnəyi” fəaliyyət göstərir. Yəni belə bir şəkildə biz də xaricdə diasporumuzu lobbiçiliyimizin inkişafına istiqamətləndirəcək qurum yaratmalıyıq və belə bir qurum birbaşa mərkəzin nəzarəti altında olmalıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı bu işə cəlb olunmalıdır. Artıq Azərbaycan diasporu xarici dövlətlərin içində siyasətə qoşulmalıdır. Xaricdə bizim siyasi partiyaların içində nümayəndələrimiz olmalıdır. Xaricdə dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək lazımdır. Əsasən də bizimlə strateji müttəfiq olan dövlətlərin içində öz lobbiçiliyimizi gücləndirməliyik. Onların parlament üzvlərinin siyahısını tutmalıyıq: hansı deputat azərbaycanpərəst, hansı Azərbaycanın əleyhinə, hansının neytral olduğunu müəyyənləşdirməliyik. Hər bir yolla xarici dövlətlərdə azərbaycanpərəst deputatların və siyasətçilərin sayını çoxaltmalıyıq. Azərbaycanpərəst insanların xarici dövlətlərdə vəzifələrə gətirilməsinə dəstək götərməliyik. Bunu da başqa dövlətin içində səfirliklərimiz edə bilməz. Bu işi diasporumuz görməlidir. Artıq bu da lobbiçilik fəaliyyəti deməkdir”.

Niyə ermənilər Ukraynada Qafqaz Xalqları Konqresinin fəaliyyətinə yaxın buraxılmır?

Paşa Məmmədov Ukraynada erməni lobbisi ilə mübarizədə qarşılaşdığı çətinliklərdən də danışdı: “Ukrayna Nazirlər Kabineti yanında Milli azlıqlar üzrə ombudsman ofisi yaradılırdı. Ukrayna Erməniləri Konqresinin rəhbəri Aşot Avonesyanın namizədliyi bu ofisin rəhbəri vəzifəsinə irəli sürülmüşdü. Ona Ukraynadakı erməni lobbisi dəstək verirdi. Mən Qafqaz Xalqları Konqresi adından Nazirlər Kabinetinin müzakirələri zamanı buna qarşı çıxış edərək etirazımızı bildirdim. Çox sağ olsunlar, bu məsələdə məni çeçenlərin, dağıstanlıların, gürcülərin diaspor təşkilatları, həmçinin Ukrayna Müsəlmanları İcmasının rəhbərliyi də dəstəklədi. Sonda biz bunun qarşısını ala bildik. Çox təəssüf ki, bu məsələdə bizim bəzi nümayəndələrimiz milli yox, şəxsi maraqlarını üstün tutdular.
Bir məsələni də qeyd edim ki, demək olar hər bir MDB dövlətində Qafqaz Xalqları Konqresi fəaliyyət göstərir və yalnız Ukraynada bu Konqresin rəhbəri azərbaycanlıdır. Yalnız Ukraynada ermənilər Qafqaz Xalqları Konqresinin fəaliyyətinə yaxın buraxılmır. Çünki Ukrayna Qafqaz Xalqları Konqresinin rəhbəri azərbaycanlıdır. Buna görə də ermənilər tərəfindən bizə çox böyük təzyiqlər olur. Hətta hədə-qorxu belə, gəlirlər. Onlar bir neçə ermənini yezid adı ilə konqresə daxil etmək istədilər. Mən onları da yaxın buraxmadım”.
QXK sədrinin fikrincə, Azərbaycanın mənafeyi naminə gərək bizə yaxşı münasibət bəsləyən millətlərdən istifadə edək: “Biz onları gərək öz ətrafımızda birləşdirərək milli maraqlarımızın mənafeyi naminə istifadə etməliyik. Qafqazda ən güclü, ən böyük və ən inkişaf etmiş dövlət məhz Azərbaycandır. Artıq Azərbaycan dünyada öz sözünü deyən, öz müstəqil siyasətini yürüdən qüdrətli bir dövlətdir. Həm MDB, həm də Qərb dövlətləri bu şəkildə bizə yanaşmalı və bu prizmadan çıxış edərək bizimlə əlaqələrin inkişafına çalışmalıdırlar. Bizim də boynumuza o iş düşür ki, Azərbaycanı bu şəkildə təbliğ və buna layiq təmsil edək”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info