Büdcə vəsaitlərini istədiyi kimi talayan şəxsin “islahatçı” qiyafəsi
Tarix: 13.08.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Yaxud Arif Məmmədov niyə xarici dairələrə işləmək həvəsinə düşüb?

Əvvəllər Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri vəzifəsində işləmiş Arif Məmmədov vəzifəsindən kənarlaşdırılandan sonra “demokratiya carçısı” kimi çıxış etməyə başlayıb. Belə ki, A.Məmmədov indi də öz tərəfdarlarını “Azərbaycan 2025” islahatları proqramı”nın hazırlanmasında iştirak etməyə çağırıb. Bundan başqa, Avropada yaşayan A.Məmmədov özünün Avropada “tam himayə edilməsini” də “Facebook” profilində xüsusilə vurğulayıb.
Bu qeyd edilən iki məqamla bağlı bildirmək yerinə düşərdi.
Birincisi, görünən budur ki, A.Məmmədov hazırda özünü “islahatçı”, “Avropa təfəkkürlü şəxs” və sair qiyafələrdə qələmə verməyə çalışır. Halbuki onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hansı oyunlardan çıxdığı və büdcə vəsaitlərini öz şəxsi komfortu və tamahı naminə necə dağıtdığı ilə bağlı ortada yetərincə faktlar var. Məsələn, onun 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurması ehtimalı nəzərə alınaraq yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və bu barədə 2015-ci il iyulun 15-də ictimaiyyətə məlumat verilib. İlkin araşdırmalarla Arif Məmmədovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatdan kənar istifadə etmə, dövlət əmlakını külli miqdarda mənimsəmə və ya israfetmə yolu ilə talama, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi halları aşkarlanıb. Belə ki, A.Məmmədov şəxsi istifadə üçün avtomobil almaq məqsədilə diplomatik nümayəndəliklərə avtomobillərin alınması üçün tətbiq edilən 27,5 faizlik güzəştdən qulluq səlahiyyətlərindən sui-istifadə edərək 2011-ci il 11 fevral tarixdə daimi nümayəndəliyin bank hesabına 43 min avro pul köçürüb və sonradan həmin vəsaiti “BMW Strasburq” şirkətinə ödəyib. Əldə etdiyi “BMW X5” markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb. A.Məmmədov tərəfindən Fransanın vergi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib. A.Məmmədov, həmçinin nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürməklə sosial-mədəni və digər tədbirlərin keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verib. Belə ki, 2010-cu ildə Strasburqda təşkil edilən Novruz şənliyinin TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə nümayəndəliyin xəzinəsindən 11600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib. Tədbirin TÜRKSOY təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi barədə həmin təşkilatın rəhbəri tərəfindən istintaqa müvafiq təsdiqedici sənədlər təqdim olunub. Bundan başqa, müəyyən edilib ki, A.Məmmədov qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməklə mövcud olmayan xərclər üzrə pul vəsaitlərini mənimsəyib. Belə ki, 2007-ci il 4 oktyabr və 2012-ci il 19 sentyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19900 avro məbləğində xərclər Milli Məclisin İşlər İdarəsi tərəfindən müvafiq qaydada ödənildiyi halda, A.Məmmədov həmin pul vəsaitini təşkil edilmiş tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimsəyib. Milli Məclisin İşlər İdarəsi tərəfindən həmin səfərlər zamanı vəsaitlərin ödənilməsi barədə istintaqa müvafiq təsdiqedici sənədlər təqdim edilib. A.Məmmədov vəzifə saxtakarlığı edərək 2007-ci ilin iyun-oktyabr ayları üzrə ona hesablanmış 18500 avro məbləğində əmək haqqını əvvəlcədən alıb və yenidən həmin ilin oktyabr ayı üzrə 3700 avro məbləğində vəsaiti təkrarən əməkhaqqı şəklində alaraq mənimsəyib. A.Məmmədov nümayəndəliyin balansında olan və dəyəri 25300 avro təşkil edən 2 avtomobili Əmlak Məsələləri Dövlət Komitəsinin razılığını almadan qanunsuz olaraq 7100 avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub. A.Məmmədov mövcud qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq 2007-2012-ci illərdə 410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərcləyib.
Bütün bu kimi faktlar A.Məmmədovun necə “islahatçı” olduğunu tam çılpaqlığı ilə ortaya qoyur. Bu adam rəhbər vəzifədə işlədikdə fürsət düşdükcə, büdcə vəsaitlərini istədiyi kimi talayıb və şəxsi dəbdəbəsi üçün israf edib. Bununla isə ciddi korrupsiya faktlarına yol verib. Belə bir adamın indi durub “islahatçı” və “demokratiya carçısı” kimi çıxış etməsi olduqca gülünc görünür. Əli əyri olan və dövlətin, xalqın malına bu cür amansızlıqla göz dikən birisinin durub “islahat” və “demokratiyadan” danışması çox qeyri-ciddi təsir bağışlayır.
İkinci məqam isə A.Məmmədovun özünü “Avropadakı dairələrin adamı” kimi göstərməkdən çəkinməməsidir. İndiyə qədər Azərbaycan müxalif düşərgəsində özlərini cəmiyyətə “böyük adam” kimi göstərmək üçün bu “fənd”dən çoxları istifadə etməyə çalışıb. Hər dəfə də bu cür cəhdlər uğursuz alınıb. Çünki cəmiyyət indiyə qədər heç vaxt xaricilərə işləyən adamları qəbul etməyib və onlara həmişə etimadsızlıq göstərib. Bəli, A.Məmmədov burada gizlədə bilmir ki, o, xarici dairələrin təsiri altına düşüb. Ona etimad edilmiş vəzifədən sui-istifadə edib. Bu adam Avropada Azərbaycanın millli və dövlət maraqlarını qorumaqdansa, müəyyən xarici dairələrin əlaltısı olmağı daha asan bilib. İndi deyir ki, “Avropada onu himayə edirlər”. Halbuki A.Məmmədov burada həmin xarici dairələrin nəyə görə onu “himayə etdiklərini” “unudur”. Belə ki, həmin dairələr yalnız milli və dövlət maraqlarından çıxış etməyən və sırf onların dedikləri ilə oturub-duran, hətta onların əmrilə öz ölkəsinin maraqlarına və heysiyyatına zərbə vurmağa hazır olanları “himayə edirlər”. Məsələn, Leyla və Arif Yunusları “müdafiə etdikləri” kimi. A.Məmmədov onu da unudur ki, Qərbdəki “himayədar” dairələr onun kimiləri yalnız müəyyən məqama qədər – özləri üçün lazım olan ana qədər “himayə edirlər”. Sonra isə onlar “himayəçisi” olduqları dönükləri istifadə edilmiş əşya kimi bir kənara tullayırlar...

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info