Turistlər ölkə seçərkən daha çox nəyə maraq göstərir?
Tarix: 15.08.2015 | Saat: 01:36:00 | E-mail | Çapa göndər


Dünyada turizmin getdikcə inkişaf etməsi bir çox ölkələrin bu sektorda rəqabət qabiliyyətini artırır. Turistləri cəlb etmək baxımından turizmin inkişaf etdiyi ölkələri də bir sıra addımlar atmağa sövq edir. Turistlərin rahatlığı üçün gözəl şərait yaratmaq, yeni-yeni maraqlı əyləncələr təşkil etməklə hər bir ölkə onları daha çox cəlb etməyə, bununla həmin sektordan qazanc əldə etməyə çalışır.
Dünya Turizm Təşkilatının məlumatına görə, 2015-ci ilin may-avqust aylarında dünyanı gəzəcək turistlərin sayı 41 faiz artaraq 500 milyon nəfərə çatacaq. Bunun 2007-ci ildən bəri ən böyük rəqəm olacağı gözlənilir. Mütəxəssislərin araşdırmalarına görə, dünya turizmində 2015-ci ildə 3-4 faiz artım qeydə alınacaq, 2010-2020-ci illəri əhatə edən müddətdə dünya turizmindəki illik ortalama artımın 3,8 faiz olacağı gözlənilir.

İlin sonunadək dünyada 2768 yeni 4 və 5 ulduzlu otel açılacaq

Bu gün turistlərin ölkə seçimində ən önəmli məqamlardan biri məhz otellərdir. Bu istiqamətdə isə dünyada otel rəqabəti gündən-günə güclənir. Hazırda dünyada layihə və investisiya mərhələsində olan 100 yataq yerindən artıq, 4 ulduzlu və 5 min otel var. “Tophotelprojects” araşdırma qurumunun məlumatına görə, bu, dünyada otel sektorunun lüks seqmentində qlobal rəqabətin artacağını göstərir. Xüsusilə də bu gün dünyada məşhur olan “Marriott”, “Mandarin Oriental” və “Starvord” kimi beynəlxalq otel şəbəkələrinin rəqabəti daha da sürətləndirdiyi göstərilir. Bu sahədə artan rəqabətin əsas məkanı Asiya bölgəsi olduğu və xüsusilə də Çin və Hindistanda otel investisiyalarında artım müşahidə edilir. Ümumiyyətlə, son illər dünyada otel investisiyaları sürətlə artmaqda davam edir. İqtisadi böhranlara baxmayaraq, otellərlə bağlı yatırımlar davam edir və cari ilin sonunadək dünyada 2 min 768 yeni 4 və 5 ulduzlu otel açılacaq. Bu sektorda Asiya qitəsinin 899 otellə birinci sırada yer alacağı gözlənilir. Ölkələrə gəldikdə isə ABŞ 632 yeni otellə ilk sıradadır, Almaniya 235, Çin 231, Hindistan 103 yeni 4 və 5 ulduzlu oteli müştərilərin xidmətinə verəcək.

12 qüllə, 10 min otaq, 70 yeməkxana və 4 helikopter meydançası olan otel

Dünyanın ən böyük oteli isə Səudiyyə Ərəbistanının Məkkə şəhərində yüksələcək. “Abraj Kudai” adlanan oteldə 12 qüllə, 10 min otaq, 70 yeməkxana və 4 ədəd helikopter meydançası olacaq. Otelin layihə dəyəri də maraq doğurur. Belə ki, “Dar Al Handasah” adlı bir firma tərəfindən dizayn edilən otelin maliyyəsi 3 milyard dollardan artıqdır. Layihə isə 1,4 milyon kvadratmetr sahəni əhatə edir. Həmin oteldə böyük bir məscid də yerləşir. Həcc ziyarətinə gələcək qonaqları yerləşdirmək məqsədilə inşa edilən layihə başa çatdığında hazırda dünyada ən böyük yataq sayına malik otel olan Las-Veqasdakı “MCM Grand Hotel”i geridə qoyacaq.

Müsəlman turistlərin favoriti Malayziya, Türkiyə və Birləşmiş Ərəb Əmirliyidir

MasterCard və Crescent Ratinq müsəlman ölkələrdəki turistlərin səyahət seçimləri ilə bağlı hesabat hazırlayıb. Müsəlman turistlərin qlobal turizmdə getdikcə artdığını göstərən hesabatda 100 şəhər bir sıra meyar baxımından qiymətləndirilib. Beş ildir ki, birinciliyi digər ölkələrə buraxmayan Malayziyanın ardınca müsəlmanların ən çox üstünlük verdiyi ölkə Türkiyə oldu. Hesabata görə, müsəlman əhalisi 2030-cu ildə dünya əhalisinin dörddə birindən çoxunu təşkil edəcək. Bu gün müsəlman əhalisinin böyük əksəriyyəti Türkiyə, Malayziya, İndoneziya və Orta Şərq ölkələrində yaşayır. Dünya iqtisadiyyatı üçün önəmli bir müştəri olan müsəlmanlar bir çox sənaye üçün diqqət mərkəzinə çevrilib. Xüsusilə də tətil seçimində ailə dəyərlərinə uyğun xidmətləri seçən müsəlmanlar məhsul və xidmətlərdə halal meyarların təmin edilməsinin əsas olduğunu bildirirlər. Müsəlmanların Səyahət Seçimləri İndeksinə görə, 2014-cü ildə müsəlman turizm seqmenti 145 milyard dollarlıq bir iqtisadiyyat formalaşdırıb. Qlobal səyahət iqtisadiyyatının 10 faizinə cavab verən bu miqdarı sayı 108 milyona çatan müsəlman tətilçilər təmin edib. Hesabata görə, mövcud böyümə sürəti ilə 2020-ci ildə tətil üçün səyahətə çıxan müsəlmanların sayı 150 milyon nəfərə çatacaq və onlar 200 milyard dollarlıq, 11 faizli bir bazarı əhatə edəcək. Cari ildə isə səyahət sektorunda 83,8 faizlə Malayziya müsəlmanların səyahətdə ən çox seçim etdiyi ölkə oldu. İkinci sırada 73,8 faizlə Türkiyə, üçüncü isə 72,1 faizlə BƏƏ gəlir. Müsəlmanlar səyahətdə Avropa ölkələrini seçsələr də onlar yuxarı sırada yer almırlar. Məsələn, Fransa 5-ci yerdə, Belçika isə altıncı sırada yer alır. ABŞ 8-ci sırada olmaqla müsəlmanlar tərəfindən səyahətdə seçilməyən ölkələr arasında gəlir. Araşdırmaya görə, müsəlmanların yarısı səyahət zamanı ailəsi ilə birlikdə səyahət edir. Bu baxımdan da ailə dəyərlərinə uyğun ölkələri, əyləncə və dincəlmə məkanlarını seçirlər.

Fransada tətilə çıxanların 88,7, İspaniyada isə 92,5 faizi öz ölkələrini seçir

FUR adlı səyahət araşdırma şirkətinin araşdırmasına görə, bu il almanların 42 faizi əvvəllər heç getmədikləri yeri seçirlər. Almanlar ötən il tətildə 66 milyard avro xərcləyiblər. Amanların üçdə biri tətil üçün öz ölkələrini seçir. Almaniyadan sonra onların tətil etməyi sevdikləri digər ölkələr isə İspaniya, İtaliya, Türkiyə və Avstriyadır.
Dünyanın ən çox ziyarətçi qəbul edən ölkəsi olan Fransada xalq tətilini öz ölkəsində edir. Fransa turist alır, ancaq göndərmir. Bu vəziyyət İspaniya üçün də keçərlidir. Beləliklə, Fransa və İspaniya dünyanın ən çox turist qəbul edən ölkələridir, amma vətəndaşları tətillərini öz ölkələrində edirlər. AB Statistika Komitəsinin məlumatına görə, Fransada tətilə çıxanların 11,3 faizi xarici ölkələri seçdiyi halda 88,7 faizi öz ölkələrini seçir. Bu vəziyyət İspaniya üçün eynidir. Orada tətilə çıxanların 7,5 faizi xarici, 92,5 faizi öz ölkələrini seçir. İspaniya bu rəqəmlə tətilini öz ölkəsində keçirən ən böyük Avropa ölkəsidir. Tətilini xaricdə keçirənlər ölkələr sırasında isə 80 faizlə Belçika gəlir ki, əhalinin 19,9 faizi öz ölkəsini seçir.
Bu gün dünya turizm sektorunda önəmli yer tutan Misir isə Yunanıstanda yaşanan iqtisadi böhrandan yararlanmaqdadır. Bu gün turizmdə Yunanıstan və Türkiyə ilə rəqabət aparan Misirə gələn turistlərin 72 faizini avropalı turistlər təşkil edir. Misir Turizm Nazirliyinin məlumatına görə, Yunanıstana səfər edən turistlər Misiri seçən adi turistlərdən daha yüksək gəlirlidir və bu baxımdan da həmin turistlərin cəlb etmək daha çətindir. Misirin illik turizm gəliri 2013-cü ildə 5,9 milyard dollar olduğu halda, 2014-cü ildə bu rəqəm 7,3 milyard olub. Misirə gələn turistlər gündəlik 74 dollar xərcləyir. Bu gün rusların da seçim etdiyi ölkələr arasında Misir əsas yerlərdən birini tutur.

Ərəblər əsasən ailəvi şəkildə səyahət etdikləri üçün qadınlar istəyən məkanları seçirlər
Bu gün turistlər onlar üçün maraq doğuran qeyri-adi şəraiti, əyləncələrə malik olan ölkələri seçirlər. Hazırda ən çox səyahət edən turistlər sırasında yer alan ərəblərin sayı getdikcə artır. Maraq doğuran isə odur ki, onlar əsasən ailəvi şəkildə səyahət etdikləri üçün qadınlar istəyən məkanları seçirlər. Məsələn, onların ən çox ziyarət etdikləri ölkələrdən biri Türkiyədir ki, onlar burada əsasən Uzungöl bölgəsinə səfər edirlər. Çünki onların burada maraq göstərdiyi xüsusi əyləncələr var. Belə ki, suriyalı qadınlar burada daha çox atış poliqonundan istifadə edir və bunu da onunla əlaqələndirilər ki, onlar evdə yalnız olduqları zaman özlərini qorumaq istəyirlər. Dünyada qadınların avtomobil idarə etməsinin qadağan olunduğu yeganə ölkə olan Səudiyyə Ərəbistanından gələn qadınların əsas əyləncəsi avtomobil yarışlarıdır.
Bəzi ölkələr isə turistlərin səfəri üçün qorxulu hesab edilir. Belə ki, çox sayda qəzanın baş verdiyi ölkələr bu siyahıda yer alır. “Manchester Eveninq Nevs” qəzeti yazır ki, bu qəzalar sırasında hava şarları qəzaları, bişməyən yeməklər, çirkli hovuzlar kimi səbəblər yer alır. İspaniyada otel balkonundan düşmə qəzaları, yollarda və stansiyalarda soyğunlar və hovuz mikrobları yer alır. Yunanıstanda isə motosiklet və avtomobil qəzaları göstərilir. İngiltərə Xarici İşlər Nazirliyinin məlumatına görə, son beş ildə 17 mindən artıq ingilis xarici tətillərdə qəza keçirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info