“Qanunu əzbərləmək yox, mahiyyətini dərk etmək daha vacibdir”
Tarix: 17.08.2015 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Aysel Məmmədova: “Xaricdə təhsil alan hər bir tələbə ölkə haqqında informasiya daşıyıcısı olduğu üçün Azərbaycanın tarixini, milli-mədəni dəyərlərini dərindən bilməlidir”
“Holland xalqı çox güvənilən, müasir bir toplumdur”


Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Aysel Məmmədovadır. Bu savadlı və bacarıqlı, uğur formulunun sirrini bilən aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə məlumat verərdiniz.
-Mən - Məmmədova Aysel Sadıq qızı 1991-ci il oktyabrın 19-da Bakıda anadan olmuşam. İbtidai təhsilimə Nizami rayonu M.Rüstəmov adına 32 saylı orta məktəbdə başlamışam. 2002-ci ildən müəyyən səbəblərə görə təhsil ocağımı dəyişdim və orta təhsilimi K.Əyyubov adına 12 saylı orta məktəbdə davam etdirdim. 2009-cu ildə həmin məktəbi uğurla bitirərək 625 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul oldum. Bakalavr təhsili aldığım müddətdə akademik fəaliyyətlə yanaşı ictimai fəaliyyətlə də məşğul olmuşam. Belə ki, ELSA və AIESEC kimi təşkilatların üzvü idim və onların keçirdikləri təlim, forum və seminarlarda iştirak edirdim. 2014-cü ildə Niderland Krallığının Erasmus Rotterdam Universitetində “Kommersiya Hüququ” üzrə magistr təhsili almağa başladım və keçən ay təhsilimi uğurla başa vurdum. Hazırda məzuniyyətimi gözləyirəm.
-Niderland Krallığında magistr təhsili aldığınızı dediniz. Bu istək, maraq haradan yarandı?
-Başqa ölkədə təhsil almaq uşaqlıq arzum idi. Daha sonra bakalavr təhsili aldığım müddətdə xaricdə təhsilimi davam etdirməyin öz ixtisasım üzrə daha savadlı mütəxəssis olmaq üçün vacibliyini anladım və bu arzumu həyata keçirmək üçün əzmlə çalışdım. Təbii ki, bu yolda dəstəkçilərim də az deyildi. Bu arzumu gerçəkləşdirməkdə mənə göstərdikləri maddi və mənəvi dəstəyə görə ailəmə, həmçinin, təhsilimdə əməyi keçən bütün müəllimlərimə borcluyam. Mən də həmişə öz növbəmdə mənə etimad edib dəstəkləyən insanların gözləntilərini doğrultmağa çalışmışam.
-Təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?
-Ümumiyyətlə, Hollandiyanın təhsil sistemi dünyada böyük nüfuza malikdir. Eləcə də təhsil aldığım Erasmus Rotterdam Universiteti istər təhsilin keyfiyyətinə, istərsə də maddi-texniki bazasına, çalışan müəllim kollektivinə görə təkcə Avropanın deyil, dünyanın ən aparıcı universitetlərindən biridir. Dərslər mühazirə və məşğələlərdən təşkil olunur. Məşğələlər adətən hər hansı dövlət və özəl müəssisələrin hüquq departamentində təşkil olunur. Hər yeddi həftədən bir imtahanlar keçirilir, kurs üzrə hazırlanmış kazuslar və onlara müvafiq suallar təqdim olunur. Həmçinin imtahan prosesində qanunvericiliyin istifadəsinə icazə verilir. Düşünürəm ki, bu çox düzgün yanaşmadır. Qanunu əzbərləmək yox, mahiyyətini dərk etmək daha vacibdir. Qanunun müxtəlif maddələrini tətbiq edərək qoyulmuş problemi həll edirik. Gördüyümüz kimi nəzəriyyədən çox semestr ərzində öyrəndiklərimizin tətbiqinə xüsusi önəm verilir. Bəzi kurslarda nəzəri suallara ümumiyyətlə yer verilmir, digərlərində isə imtahanın 30%-ni təşkil edir. Fikrimcə, bu cür sistem peşəkar kadrların hazırlanmasında daha effektivdir. Bizdə bəzən auditoriyalarda lazımsız nəzəriyyələrə, köhnəlmiş dərsliklərə həddindən çox vaxt ayrılır. Lakin onu da qeyd edim ki, son illərdə bəzi ali təhsil ocaqlarında buna oxşar üsulların tətbiq edilməsi, təhsilin elektronlaşdırılması bu sahədə müsbət irəliləyişlərin göstəricisidir.
- Təhsil sistemindən ağız dolusu danışdınız. Bəs yerli xalqın adət-ənənələri, mentaliteti, yaşayış səviyyəsi necədir?
-Ümumiyyətlə, Niderland Krallığı sosial yönümlü, tolerant, qanunlara ciddi şəkildə əməl edən gözəl bir ölkədir. Hollandların məşhur bir deyimi var: “Tanrı dünyanı, Hollandlar isə Hollandiyanı yaratdı”. Belə ki, ölkə ərazisinin üçdə bir hissəsi göllərin, dənizin bir hissəsinin qurudulmasından yaranan sahələrdir. Holland xalqı çox güvənilən, müasir, ədalətsevər bir toplumdur. Digər Avropa ölkələri ilə müqayisədə çox istiqanlıdırlar. Holland insanı materialistik deyil, dəbdəbəli həyat tərzini, göstərişi və ekstravaqantlığı qətiyyən sevmir və ümumiyyətlə, cəmiyyət arasında öz maddi vəziyyətin, gəlirlərin haqqında danışmaq və ya bunu göstərəcək davranışlar sərgiləmək qeyri-etik hesab olunur. Bunu, orta əsrlərdən bəri Hollandiyada kök salmış kalvinizm ideyaları ilə əlaqələndirirlər. Belə ki, Bakıda və digər Avropa şəhərlərində tez-tez görməyə alışdığımız bahalı avtomobillərdən burada kral ailəsi belə istifadə etmir. Velosiped ölkədə ən çox istifadə olunan nəqliyyat vasitəsidir. Hesablamalara görə, hətta velosipedlərin sayı sakinlərin sayından daha çoxdur. Burada yaşamağa başladığım ilk vaxtlarda diqqətimi cəlb edən adətlərdən biri də evlərdə pərdələrin bağlanmaması idi. Deyilənlərə görə, bu, İkinci Dünya Müharibəsi illərindən qalmış bir adətdir və “gizlədəcək heç nəyimiz yoxdur” mesajını verir.
-İctimai və ya diaspor işlərində necə, aktivsinizmi?
-İl ərzində kursun çox intensiv olması ictimai işlərdə aktiv fəaliyyətə mane olurdu. Lakin bacardıqca diaspor tədbirlərində iştirak edirdim. Bundan başqa öz növbəmdə, bir azərbaycanlı tələbə olaraq ölkəmizi layiqincə tanıtmaq üçün əlimdən gələni etmişəm. Belə ki, fürsət düşdükcə xarici tələbələrlə Azərbaycanın tarixi həqiqətləri, milli-mədəni dəyərləri haqqında söhbət aparırıq. Xüsusilə onu qeyd edim ki, Novruz adət-ənənələrimiz və ölkəmizin təbiəti onların diqqətini çox cəlb edir. Artıq bir neçə qrup yoldaşımı Azərbaycana dəvət etmişəm.
- Bəs digər azərbaycanlı tələbələr necə aktivdirlərmi? Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti barədə də söz açardınız?
-Düşünürəm ki, Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti yetərincə uğurludur. Onlar gənclərlə iş aparılmasının əhəmiyyətini anlayır və buna daim diqqət yetirirlər. Boşuna deməyiblər ki, xaricdə təhsil alan tələbələr Azərbaycanın qeyri-rəsmi səfirləridir. Həqiqətən də, ölkəmizin tanıdılmasında tələbələrin rolu danılmazdır. Belə ki, universitetə başladığım ilk günlərdə tanış olduğum holland qrup yoldaşım azərbaycanlı olduğumu öyrənəndə söhbət əsnasında mənə Dağlıq Qarabağ problemi ilə bağlı sual verdi. Sonradan aydınlaşdırdım ki, bu barədə onu Niderlandda təhsil alan başqa bir həmyerlimiz məlumatlandırıb. Bundan başqa, bu yaxınlarda iştirak etdiyimiz bir tədbirdə tanış olduğum indoneziyalı bir tələbə Azərbaycanın çox dadlı mətbəxi olduğunu, xüsusilə də şirniyyatlarını çox bəyəndiyini dedi. Belə ki, milli mətbəximizlə 2013-cü ildə SOCAR-ın sponsorluğu ilə Azərbaycan Tələbələr Assosiasiyasının Erasmus Universitetində təşkil etdiyi “Azerbaijan Cultural Day” (Azərbaycan Mədəniyyət günü) tədbirində tanış olmuşdu. Bütün bu faktlar tələbələrin Azərbaycanın tanıdılmasında xüsusi rolunu vurğulayır. Onu da qeyd etmək istəyirəm ki, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə ölkə haqqında informasiya daşıyıcısı olduğu üçün Azərbaycanın tarixini, milli-mədəni dəyərlərini dərindən bilməlidir.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Ümumi dəyərləndirmə aparsaq, gəncliyimiz haqqında nikbin rəy vermək olar. Son illərdə gənclərimizin aktivliyi nəzərəçarpan dərəcədə artıb. Tələbə gənclərin xarici ölkələrin bir sıra aparıcı universitetlərində təhsil almaları, idman sahəsində artan uğurlarımız, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe tutmaları bunu bir daha əyani şəkildə sübut edir. Azərbaycan gənci dərk etməlidir ki, ölkəsinin gələcəyi ondan asılıdır və bunun üçün daima öz üzərində işləməlidir. Lakin təəssüflər olsun ki, bəzən gənclər bu məsuliyyəti dərk etmir, kənar təsirlərə düşərək yanlış həyat tərzi keçirir. Düşünürəm ki, bu cür gənclərimizi cəmiyyətə qazandırmaq üçün əlimizdən gələni əsirgəməməliyik.
- Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları çoxalıb. Bunu necə dəyərləndirərdiniz?
- Bu, çox müsbət haldır. İlk növbədə xaricdə təhsil almaq tələbəyə öz sahəsində güclü mütəxəssis olmaq imkanı verir, digər tərəfdən dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Bu gün yüzlərlə gənc dövlət proqramı sayəsində dünyanın müxtəlif ölkələrində təhsil alır və təhsillə yanaşı Azərbaycanın dünyaya tanıdılmasına öz töhfələrini verirlər. Lakin onu da qeyd edim ki, mən dövlət proqramı xətti ilə təhsil almıram. Səbəb isə politologiya, jurnalistika, hüquq və digər humanitar sahələrin qeyri-prioritet hesab edilməsidir. Düşünürəm ki, istər ölkə daxilində vətəndaş cəmiyyətinin normal fəaliyyəti, istərsə də beynəlxalq arenada ölkə maraqlarını müdafiə etmək üçün bu sahədə olan peşəkarlara ehtiyac var. Fikrimcə, tələbə dövlət proqramı siyahısında göstərilən hər hansı universitetə qəbul olubsa və digər akademik göstəriciləri bu universitetdə təhsil ala biləcəyinə təminat verirsə, proseduru bir az sadələşdirmək lazımdır.
-Gələcək planlarınız barədə də söz açardınız...
-Doğrusu, planlar haqqında öncədən danışmağı çox da xoşlamıram. Tələbəlik illərindən başlayaraq öz ixtisasıma dərindən yiyələnmək üçün çox çalışmışam və planlarımın nə olmasından asılı olmayaraq əsas hədəfim əldə etdiyim bilikləri Azərbaycan xalqı üçün yararlı olan sahələrdə tətbiq etməkdir. Sizə təşəkkürümü bildirirəm və kollektivinizə uğurlar arzulayıram. Çox sağ olun ki, xaricdə təhsil alan tələbələrə xüsusi diqqət ayırırsınız.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info