Əlli ilin sorağında
Tarix: 17.08.2015 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Bir vaxtlar Yardımlı şəhər tipli 1 saylı orta məktəbi regionda ziyalı ordusunun yaranmasında müstəsna rol oynayırdı. O zamanlar mütəfəkkir ədibimiz M.F.Axundovun adını daşıyan həmin məktəbi universitet saysaq, gərək ki səhv etməz və heç də yanılmarıq. Belə bir təhsil ocağına toplanan müəllim kollektivi say-seçmə ziyalılar idi ki, onlara rəhbərlik edən əsl müəllimlər müəllimi, maarif fədaisi, respublika hüdudlarında yaxşı tanınan, istedadlı təşkilatçı, pedaqoq Fəzail Əkbərovu fəxarət hissi ilə və hörmətlə anırıq, heç şübhəsiz ki, gələcəkdə də bu işıqlı insan daima yad ediləcəkdir.
Elə buradaca kiçik bir xatirəni oxucuların diqqətinə çatdırmaq yerinə düşər:
1973-cü ilin avqust ayının 15-də Bakı şəhərində Təhsil Nazirliyində (o vaxt Maarif Nazirliyi adlanırdı) nazirin qəbulunda olduq. Raykom tərəfindən orta məktəb direktorluğuna tövsiyə edilmişdik. Respublika üzrə 17 nəfərdik. Aramızda qiyabi orta məktəb direktorluğuna təsdiq olunmaq üçün gəlmiş yaşlı bir kişini – Nəcəfxan müəllimi (Yardımlı) nazir tanıdı, o, Fəzail Əkbərovun işi və fəaliyyəti ilə maraqlandı, onun barəsində xoş sözlər dedi. Təhsil naziri SSRİ RE Akademiyasının üzvü, böyük alim və ictimai-siyasi xadim, akademik M.Mehdizadə idi.
Mərhum Fəzail Əkbərov haqqında hal-əhval tutan elə bir şəxs idi ki, ölkənin təhsil sisteminə rəhbərlik edirdi. O nəhəng alim həm də Azərbaycanda məktəb təhsilinin tarixi inkişaf problemlərini tədqiq edir, xalq maarifi və pedaqogikanın inkişafında, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xidmət göstərirdi.
Yardımlı orta məktəbinin məzunlarının sorağı o dövrdə müxtəlif ali məktəblərdən gəlirdi. Bircə nümunə göstərmək kifayət edər ki, 1962/63-cü tədris ilində orta məktəbi bitirən məzunların, demək olar ki, hamısı ali məktəblərə mivəffəqiyyətlə imtahan vermiş və müsabiqədən uğurla keçmişlər. Xalq şairi, yazıçı-publisist, millət vəkili Sabir Rüstəmxanlı məhz həmin ilin məzunlarından idi ki, orta məktəbdə bütün fənləri yükəsək səviyyədə mənimsəmiş, şagird ikən intellekt və istedadı ilə rayonda tanına bilmişdi.
Yardımlı 1 saylı orta məktəbində dərs deyən müəllimləri bir-bir xatırlayarkən onların canlı obrazları, tanış və nurlu simaları göz önünə gəlir, yaddaşımızdan heç vaxt silinib getmir: Fəzail Əkbərov, filologiya elmləri namizədi Kamil Əliyev, Mirzəli Cəfərov, Əbil Əbilov, Şərqiyyə Veysova, Adil Həsənov, Qayda Babayeva, Şahvələd Mustafayev, Roza Hüseynova, Yaşar Rzayev, Əlibaba Ağayev və s. Onların hər biri həsəd aparılası, geniş erudisiyaya və talanta malik bacarıqlı, işgüzar müəllimlərdi.
Biz 1965-ci ilin məzunlarıyıq.
Lerik rayonunun Yardımlı ilə qonşu kəndlərindən bir qrup gənc yalnız oxumaq məqsədilə buraya üz tutmuşdu. Şənbə günləri kəndimizə qayıdar, həftəlik çörək bişirtdirib çantalara yığar və Yardımlıya qayıdaraq yataqxanada məskunlaşardıq. Yataqxanada normal şərait olmasa da savadlı, tələbkar və vicdanlı müəllimlərdən dərs almaq, öyrənmək bizə xüsusi zövq verərdi.
Gecə-gündüz çalışmaq, oxumaq, bilik və vərdişlər əldə etmək yeganə amalımız və məqsədimizdi.
Tarix dərslərini tədris edən II Cahan müharibəsinin iştirakçısı və canlı şahidi Əlibaba müəllimin tarixi faktlara dair izahatları, istedadlı müəllim Əbil Əbilovun fizikadan apardığı təcrübələr, Adil Həsənovun kimyəvi reaksiyaları biliklərin mənimsənilməsində ciddi stimul yaradırdı. Riyaziyyat müəlliməsi Şərqiyyə Veysova Yardımlıya təyinatla gəlmiş gənc qızdı. Olduqca tələbkar, intizamlı, enerjili və eyni zamanda çılğın təbiətli bir müəllimə Şərqiyyə xanım dərslərdə bəzən sərt davranışı ilə yadda qalsa da, öyrətmək naminə bütün imkanlarından istifadə edirdi.
Şərqiyyə xanım məktəbdən gedəndən sonra onun qədir-qiymətini daha çox dərk etməyə başladıq. Bu xanım müəllimə yüzlərlə şagirdin yaddaşına bir çox əlamətləri ilə həkk olub qaldı.
O illər artıq tarixə çevrilib, biz də qocalmışıq. Müəllimlərimizin bir-ikisini çıxmaqla, qalanı dünyasını dəyişib, haqqın dərgahına qovuşublar.
Bizimlə bir yerdə parta arxasında oturub dərs alan, sonradan elm aləmində ad qazanmış Özübəy Rzayev və Həşim Sadıqov da vaxtsız olaraq həyatdan getmiş və əbədiyyətə qovuşmuşlar. Dünyasını dəyişmiş müəllimlərimizin və orta məktəb yoldaşlarımızın ruhu qarşısında ehtiramla baş əyir, onlara rəhmət diləyirik.
Yeri gəlmişkən qeyd edim ki, Yardımlı rayonu əzəldən təhsil sahəsindəki uğurları ilə qonşu rayonların arasında fərqlənmişdir. Respublikada keçirilən fənn olimpiadaların müsabiqəsində Yardımlı məktəblilərinin əldə etdiyi nailiyyətlər bizi də sevindirmişdir.
2015-ci ili səbirsizliklə gözləyirdik. Orta məktəbi bitirib həyata müstəqil vəsiqə aldığımız vaxtdan 50 il ötür. O günü qeyd etmək şərəfli bir iş olardı. Ona görə də günlərin birində məktəb yoldaşım və dostum, gözəl müəllim Barat Xanıyevə zəng edib bu məsələni xatırladıram. Səhərisi Yardımlıya yola düşürük.
Təhsil Şöbəsinin hazırda yerləşdiyi bina vaxtilə oxuduğumuz məktəbdir. Binanın tanış dəhlizi, otaqları, keçmişi yada salır və istər-istəməz yeniyetməlik illərini bir daha təxəyyülümüzdə canlandırır. Təhsil Şöbəsinin işçiləri “Məzun-50” gününün qeyd olunmasını təqdirəlayiq hesab edərək bizi 1saylı orta məktəbə yola salırlar.
Bir sinifdə oxuduğumuz yoldaşlardan 3-4 nəfəri məktəb direktorunun otağına yığışır. Söhbətləşirik. İnsanlar yaşlaşıb, tanınmaz dərəcədə dəyişilib. Qərara alınır ki, məzun günü növbəti dərs ili başlanan ərəfədə keçirilsin. Məktəbin tədris hissə müdiri Mirhümmət müəllim bu vəzifənin icrasını öhdəsinə götürür.
Daha sonra öyrənirik ki, orta məktəbdə bizə dərs deyən müəllimlərdən Şərqiyyə Veysova Bakı şəhərində yaşayır. Şərqiyyə müəllimənin axtarışına başlayırıq. Nəhayət, mobil telefonundan onun səsini eşidirik. Elə bil dünyanı bizə bağışlayırlar. Salam-kalamdan sonra məramımızı açıqlayırıq. Xanım müəllimə çox xoşhal olur və “sağlıq olsun, səhətim imkan versə, tədbirdə iştirak edərəm” deyir.
Keçmiş müəllimlərdən söz düşəndə deyərdilər: görəsən müəllim çörək yeyirmi? Bu o demək idi ki, müəllim müqəddəs məxluq hesab edilərdi, səmavi insanların axı yemək-içməyə ehtiyacı yoxdur. Onların davranışı, hərəkəti şəxsiyyəti zaman-zaman insanlara nümunə və örnək sayılardı. Bax, belə insanlardan söz salmaq istəyəndə ürək riqqətə gəlir.
Məsələn, Şərqiyyə Veysovanın dərslərinə mütləq hazırlaşar, ondan çəkinər və həya-abır saxlayardıq. Onun görkəmində bir əzəmət vardı. Çöhrəsindən zabitəlik əskik olmazdı. Bu, şagirdlərdə qorxu hissi deyil, əksinə, intizamlı və çalışqan olmaq tələbləri doğurardı.
Bəli, zabitəli, zəhmli və tələbkar idi. Elm öyrətməklə yanaşı, şagirdlərini həyata hazırlamaq, onları fərasətsizlikdən qurtarmaq istəyirdi. Gəncləri aciz, tənbəl, anlaqsız görmək istəmirdi və belələrinə qarşı dözümsüzlük nümayiş etdirirdi.
Qısa telefon söhbətindən öyrənirik ki, Şərqiyyə İsmayıl qızı Veysova şairlər vətəni Qazaxın Daş Salahlı kəndində dünyaya göz açıb. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib, ucqar dağ rayonu Yardımlıya işləməyə gəlib.
İki ildən sonra Bakıya dönüb və sonrakı həyat və fəaliyyətini Azərbaycan Neft Akademiyasındakı işinə həsr edib.
Əlli ilin sorağında ikən əziz, sevimli müəllimimizə şəxsi həyatında möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

Rəzzaq Sucayev
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
təqaüddə olan II dərəcəli dövlət qulluqçusu






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info