“Xarici bazara çıxmaq üçün onların standartına uyğun məhsul istehsal olunmalıdır”
Tarix: 19.08.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Professor Rauf Sultanov: “Xarici bazara məhsul çıxarmağın əsas şərtlərindən biri odur ki, ölkəmizdə istehsal edilən məhsulun maya dəyəri ucuz olmalıdır”

Ölkəmiz 9,2 faiz artım müşahidə edilən qeyri-neft sektorunun daha da inkişafı ilə neft sektorunun asılılığından tədricən uzaqlaşmağa çalışır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 26 milyard 265,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bunun da 17 milyard 568,1 milyon manatı qeyri-neft sahələrinin payına düşür. Son illər neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi ölkədə qeyri-neft sektorunun bütün sahələrində inkişafa səbəb olub.
Məhz bunun nəticəsidir ki, bu ilin birinci yarısında qeyri-neft sektorunun mühüm növ məhsullarının istehsalında əhəmiyyətli artım qeydə alınıb. Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir və bunun bariz nümunəsidir ki, 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Ölkə başçısı da Nazirlər Kabinetinin son iclasında bu sahədə mövcud vəziyyətə toxunaraq aqrar sektorun daha da inkişafı, eləcə də xarici bazarlara çıxışla bağlı tədbirlərin görülməsinin vacib olduğunu bildirmişdi: “Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq. Biz ixrac bazarlarına çıxışı da əldə edirik. Bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra, əgər ixrac bazarlarına çıxmasaq, artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün ilk növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Eyni zamanda, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar. Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi əsas problem ola bilər. Biz buna hazır olmalıyıq”.

“Əgər turizmi inkişaf etdiririksə, gələn xarici turistin qidalanması üçün məhz kənd təsərrüfatı inkişaf etdirilməlidir”

Mütəxəssislər də kənd təsərrüfatının inkişafı, xarici bazarlara çıxış, xüsusilə də bu istiqamətdə təşviqin mühüm olduğunu deyirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanov bildirdi ki, sovet dövründə ayrı-ayrı respublikalar olub, SSRİ miqyasında özünü və digər ölkələri kənd təsərrüfatı məhsulları ilə təmin edib: “Yəni üzümçülüyün, pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsi o dövrdə böyük vüsət alıb. Lakin sovet rejimi dağıldıqdan sonra bizim ölkəmizdə də aqrar sahədə bir sıra problemlər yarandı. Azərbaycan müstəqillik qazandıqdan sonra kənd təsərrüfatının inkişafı üçün maliyyə mənbələri lazım idi. Neft sektorunun inkişaf etdirilməsi ölkəmizin dirçəlməsinə səbəb oldu. Artıq ötən müstəqillik dövrü ərzində kənd təsərrüfatı ilə bağlı layihələrin həyata keçirilməsinə nail olmuşuq. Yəni aqrar sektorun maddi bazası, kənd yerlərində iri, kiçik fermer təsərrüfatları yaradılıb. Prezidentin də dediyi kimi, Azərbaycan artıq neft ölkəsi kimi deyil, qeyri-neft sektoru, o cümlədən turizm, kənd təsərrüfatının inkişaf etdiyi ölkə kimi də tanınmalıdır. Əgər turizmi inkişaf etdiririksə, gələn xarici turistin qidalanması üçün məhz kənd təsərrüfatı inkişaf etdirilməlidir. Son 5 ildə kənd təsərrüfatının inkişafına böyük kapital qoyulub. Eyni zamanda yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi müəyyən amillərdən asılıdır”. R.Sultanovun sözlərinə görə, fermer təsərrüfatlarının istehsal etdiyi məhsullara xaricdə də şərait yaradılması mühüm amildir. Onun sözlərinə görə, bu gün Rusiya-Avropa münasibətləri gərginləşdiyi üçün Azərbaycan öz kənd təsərrüfatı məhsullarını sərbəst olaraq Rusiya bazarlarına çıxara bilir: “Azərbaycanda elə bir şərait var ki, kənd təsərrüfatı məhsullarını nəinki Rusiya, Gürcüstan, Türkiyə, Orta Asiya bazarlarına çıxarmaq iqtidarındadır. Bu sahə elə inkişaf etdirilməlidir ki, nəinki qonşu ölkələr, eləcə də Ukrayna, Moldova, Belarus, Avropa ölkələrinə məhsul ixrac edə bilək. Bu istiqamətdə tədbirlər genişləndirilməlidir. Qarşılıqlı olaraq məhsul istehsalının satışı həyata keçirilməlidir. Ölkəmizdə fermer təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər kifayət qədər deyil. Əgər istehsalçı qarpızı 10 qəpiyə satırsa, bazarda bu 30 qəpiyədirsə , həmin 20 qəpiyi fermer qazana bilmir. Əgər bu gəliri fermer əldə edərsə ölkədə kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edər. Bu gün ölkədə kənd təsərrüfatı məhsullarının 7,5 faiz artımı böyük rəqəmdir. Ancaq gələcəkdə əhalinin sayını, eləcə də turizmin inkişafını nəzərə alsaq kənd təsərrüfatı məhsullarına ehtiyac da artacaq. Ona görə də burada böyük işlər həyata keçirilməlidir”. R.Sultanov deyir ki, bu istiqamətdə tədbirlərdən biri kimi, məsələn, xüsusilə Aran ərazilərdə şoranlaşma prosesi gedib. Bu aradan qaldırılmalıdır ki, kənd təsərrüfatı inkişaf etsin: “Suya olan tələbatı ödəmək üçün melorasiyanı, su təsərrüfatını geniş inkişaf etdirmək lazımdır. Su kənd təsərrüfatı məhsullarının istehsalı üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkədə, əsasən, kənd təsərrüfatı məhsulları aran ərazilərdədir. Su mənbələri xüsusi mühafizə olunmalıdır və onlardan qənaətlə istifadə edilməlidir”.

“Xaricə satılan məhsul tez xarab
olmamalıdır, eləcə də məhsulun böyük-kiçik olması, keyfiyyəti
xüsusi əhəmiyyət kəsb edir”


O da vurğulandı ki, kənd təsərrüfatının inkişafı üçün digər amil odur ki, fermerlər müasir texnika ilə təmin edilməlidir: “Belə ki, biçimin aparılması, yığılması, toxumun əkilməsi üçün insan əməyini əvəz edən müasir texniki vasitələr var. Kiçik fermer təsərrüfatları özlərini belə texniki vasitələrlə təmin etmək imkanına malik deyil. Ona görə də iri fermer təsərrüfatları yaradılmalıdır. Məsələn, elə fermer təsərrüfatı olmalıdır ki, 1000 hektar torpaq sahəsi olsun, orada həm taxıl, həm qaramal, quşçuluq inkişaf etsin”.
Xarici bazarlara çıxmaq üçün ölkədə müəyyən qanunların olduğunu deyən R.Sultanov bildirdi ki, son vaxtlar kənd təsərrüfatı məhsullarının standartları hazırlanır: “Məsələn, arıçılıqla bağlı və digər kənd təsərrüfatı məhsulları ilə əlaqədar standartların hazırlanmasında mən də iştirak edirəm. Məhsullar xarici bazara çıxmaq üçün mütləq həmin ölkələrin standartlarına uyğun istehsal olunmalıdır. Yəni xaricə satılsa, tez xarab olmamalıdır, eləcə də məhsulun böyük-kiçik olması, keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir. İndi ölkəmizdə bu standartlar hazırlanmalı və ona uyğun kənd təsərrüfatı məhsulları istehsal edilməlidir. Müəyyən qida məhsulları hazırlanır ki, onlar xarici bazarın tələblərinə cavab vermir. Ölkəmizdə məhsulların təşviqində əsas faktorlardan biri budur. Bundan başqa, xarici bazara məhsul çıxarmağın əsas şərtlərindən biri odur ki, ölkəmizdə istehsal edilən məhsulun maya dəyəri ucuz olmalıdır. İlk növbədə kənd təsərrüfatının inkişafı elə bir prosesdə getməlidir ki, o rentabelli olmalıdır. Aqrar sektor, fermer təsərrüfatı onu ucuz istehsal etməlidir ki, xaricə ucuz sata bilsin, onlar da onun digər ölkələrin məhsulu ilə müqayisədə xeyirli olduğunu hiss etsin. Biz də dünya bazarında öz yerimizi tuta bilək. Bunun üçün külli miqdarda dövlət vəsaiti, layihələr həyata keçirilməlidir ki, dünya bazarında öz yerimizi tuta bilək. Bu gün Gürcüstanda, Rusiyada, Avropada yanacaqdoldurma məntəqələrimiz var və bu ona görədir ki, həmin ölkələrin dövlət standartlarına uyğun məhsul istehsal edə bilirik. Əgər bizim məhsullarımız bu standartlara uyğun, rentabelli, maya dəyəri ucuz olsa, bazarın ixrac edilməsi üçün heç bir şübhə yeri qalmaz”.
O da qeyd edildi ki, istehsal edilən məhsulun ucuz olması kifayət deyil. Azərbaycan məhsullarının kifayət qədər keyfiyyətli olması ilə bağlı xarici bazarlarda geniş miqyasda reklamın, maarifləndirici tədbirlərin aparılması lazımdır. Dünya bazarında geni dəyişmiş məhsullar satılır. Amma Azərbaycan dünya bazarında təmiz, genetikası dəyişməmiş məhsullar satır. Ona görə də geniş miqyasda təbliğat aparmaq lazımdır.
Mütəxəssisin kənd təsərrüfatının inkişafı ilə təkliflərindən biri də Azərbaycanda fermer təsərrüfatlarının inkişaf etdirilməsi, məhsulun maya dəyərinin aşağı salınması ilə bağlı aqrar elmin inkişaf etdirilməlidir: “Ölkədə xarici bazara çıxmaq üçün aqrar sektoru, elmin nailiyyətlərini inkişaf etdirmək lazımdır. Əgər aqrar sektorun inkişafı və məhsulların ixracına kompleks yanaşmasaq istənilən nəticəni ala bilmərik. Elmi-tədqiqat işlərinin geniş miqyasda aparılması, institutların bazalarının müvafiq bazasının yüksəldilməsi, elmi kadrlarla təmin edilməsi aqrar sektorun inkişafı, istehsal edilən məhsulların keyfiyyətinin yaxşılaşmasına və ixracına nail olmaq olar”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info