“İxracı artırmaq uçun çox iş görməliyik”
Tarix: 20.08.2015 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Professor Rauf Sultanov: “Məhsullarımızı
ekoloji cəhətdən təmiz istehsal edərək reklam edə bilsək, dünya bazarına çıxmaq üçün heç bir problem ola bilməz”


Ölkəmiz 9,2 faiz artım müşahidə edilən qeyri-neft sektorunun daha da inkişafı ilə neft sektorunun asılılığından tədricən uzaqlaşmağa çalışır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 26 milyard 265,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bunun da 17 milyard 568,1 milyon manatı qeyri-neft sahələrinin payına düşür.
Son illər neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi ölkədə qeyri-neft sektorunun bütün sahələrində inkişafa səbəb olub. Məhz bunun nəticəsidir ki, bu ilin birinci yarısında qeyri-neft sektorunun mühüm növ məhsullarının istehsalında əhəmiyyətli artım qeydə alınıb. Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir və bunun bariz nümunəsidir ki, 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Ölkə başçısı da Nazirlər Kabinetinin son iclasında bu sahədə mövcud vəziyyətə toxunaraq aqrar sektorun daha da inkişafı, eləcə də xarici bazarlara çıxışla bağlı tədbirlərin görülməsinin vacib olduğunu bildirmişdi: “Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq. Biz ixrac bazarlarına çıxışı da əldə edirik. Bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün ilk növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Eyni zamanda, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar. Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi əsas problem ola bilər. Biz buna hazır olmalıyıq”.
Mütəxəssislər də kənd təsərrüfatının inkişafı, xarici bazarlara çıxış, xüsusilə də bu istiqamətdə təşviqin mühüm olduğunu deyirlər. Azərbaycan Dövlət Pedoqoji Universitetin Ekologiya kafedrasının professoru Rauf Sultanov bildirdi ki, ölkədə aqrar sahənin inkişaf etdirilməsi və xarici bazarlarda öz yerini tutması üçün əsas məsələlərdən biri də ölkədə ekoloji cəhətdən təmiz məhsulların istehsal edilməsidir: “Bu yaxınlarda Rusiya KİV-ləri məlumat verdi ki, ABŞ-dan ixrac olunan çaxırın tərkibində insan orqanizminə mənfi təsir edən maddələr var. Belə bir faktın vurğulanması ABŞ çaxırının dünya bazarına çıxarılmasına təsir göstərən amillərdən biridir. Yəni bu gün dünya bazarında ekoloji cəhətdən təmiz məhsullara ehtiyac olduqca böyükdür. Demək ki, əgər biz insanlarla bu istiqamətdə maarifləndirici tədbirlər apara bilsək, məhsullarımızı ekoloji cəhətdən təmiz istehsal edərək dünya bazarına çıxarıb reklam edə bilsək, dünya bazarına çıxmaq üçün heç bir problem ola bilməz. Bu gün dünya bazarına çıxmaq çox çətindir, onun tələbatlarını ödəmək lazımdır. Həmin tələbatları ödəsək aqrar sektor daha yaxşı inkişaf edəcək. Əgər fermer görsə ki, onun məhsulu daha yaxşı satılır, ölkədə bir hektar sahə belə boş yer qalmayacaq. Çünki əhali artır, onun dolanacaq yeri aqrar sektordur. Bütün bu tədbirlər aqrar sektorun inkişafına kömək göstərəcək”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına fikir versək görərik ki, ölkəmiz aqrar respublika olmasına və küllü miqdarda məhsul istehsal etmək qabiliyyətinə baxmayaraq bizim bazarlarda digər ölkələrin, Avropanın, Ukraynanın, Orta Asiyanın kənd təsərrüfatı məhsulları satılır və əhali də onu alır: “Çünki onlar ucuz olur. Ötən il Azərbaycan bağbanları xeyli məhsul istehsal etmişdilər. Bazarda gətirib ucuz qiymətə satmaqdansa çaya atırdılar. Külli miqdarda alma çürüdü, xarab oldu, atıldı. Bu, onu göstərir ki, ölkədə aqrar sektorun inkişaf etdirilməsi və ixracın təmin edilməsi üçün çox iş görülməlidir. Hətta bazarda rəqabətə dözümlü məhsul istehsal edə bilmirik. Bu, çox təəssüf doğurur. Aqrar sektorun inkişafı üçün bütün faktorlar, həm elmi nöqteyi-nəzərdən, həm müasir standartlara cavab verə bilən texnologiyaların təbliği böyük əhəmiyyət kəsb edir. İxracın təminatı həmin texnologiyaların ölkəmizə gətirilməsindən asılıdır. Ona görə də bəzi məhsullar bazarda bizim məhsulları üstələyirlər. Bu istiqamətdə çoxlu iş görməliyik. Hər bir cəhətdən təbliğat aparmaq, kapital qoyuluşu lazımdır ki, Azərbaycan müasir kapitalist ölkələrinə uyğun inkişaf etmək qabiliyyətinə malik olsun”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info