“Prezident elmin inkişafına strateji önəm verir”
Tarix: 04.02.2013 | Saat: 19:57:00 | E-mail | Çapa göndər



AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov:
“Azərbaycan informasiya savaşında elmin mövqeyi
baxımından da Ermənistanı üstələyib”


Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) birinci vitse-prezidenti, akademik Arif Həşimovdur. Onunla müsahibəmizdə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı aparılan araşdırmalar barəsində danışdıq.

-Məlumdur ki, Azərbaycan tarixinin öyrənilməsi, araşdırılması və bu sahədə hələ öyrənilməmiş məqamların yeni dövrdə ətraflı tədqiqi aktuallıq kəsb edir. Xüsusilə də bəzən Azərbaycan dövlətçiliyinin tarixinə, ümumilikdə tariximizə xələl gətirən “tədqiqatlarla” rastlaşmağa başlamışıq. Bununla bağlı AMEA və onun müvafiq strukturları hansı işləri görməyi planlaşdırır?
- Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən tədqiqatlar aparılır. Əgər xatırlayırsınızsa, hələ təxminən iki il bundan öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlarla bağlı geniş məruzəsi vardı. Bu məruzədə sözügedən istiqamətlə bağlı nüanslar da öz əksini tapmışdı. Bu məsələlərə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar elmi-tədqiqat müəssisələri də fəaliyyətlərinə yeni komponentlər əlavə etdilər. Yəni həmin məqamlara uyğun yeni tədqiqatlar aparılmağa başlanıldı. Ola bilsin ki, hansısa tədqiqatların nəticələri var və bu nəticələr çap olunmağa başlayıb, bəziləri var ki, tərcümə edilməyə verilib, digərləri isə hələ də tədqiq olunmaqdadır və öz nəticələrini gözləyir. Mən xüsusilə bildirmək istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında həmin məsələlərlə bağlı və ümumiyyətlə, yüksək səviyyədə tədqiqatlar aparılır. Bunların bir neçəsi ilə bağlı konkret misallar da çəkmək olar. Məsələn, Azərbaycan diplomatiyasına həsr olunmuş çox önəmli kitablar çap olunub və onların təqdimatı keçirilib. Məlumdur ki, diplomatiya dövlət və dövlətçilik baxımından çox vacib komponentlərdən biridir və diplomatiyanın, onun tarixinin araşdırılması, tədqiq edilməsi və cəmiyyətə təqdim edlməsi olduqca böyük önəm kəsb edir. Bundan başqa, Azərbaycanın tarixi dövlətləri və xanlıqlarına aid çoxlu əsər və tədqiqatları və onların nəticələrini misal çəkə bilərəm. Konkret olaraq Qarabağ xanlığına, Naxçıvan xanlığına və digər tarixdə olmuş dövlətlərimizə, xanlıqlarımıza aid elmi-tədqiqatlar aparılıb və onların nəticələri çap edilib. Bu baxımdan deyə bilərəm ki, bu nəticələrin təqdimatında şəxsən özüm də iştirak etmişəm. Bu nəticələrə aid kitablar çap olunmaqla bərabər, müxtəlif dillərə tərcümə olunaraq nəşr edilib. Bundan başqa, Gəncə xanlığına aid tədqiqatları da əlamətdar bir hal kimi qeyd edə bilərəm. Həmçinin akademiyanın Abbasqulu ağa Bakıxanıv adına Tarix İnstitutunun daha da intensiv və çevik, keyfiyyətli tədqiqatlara imza atması üçün Prezident tərəfindən əlavə vəsait ayrılıb. Bunu çox müsbət və əlamətdar bir hal kimi qeyd etmək olar. Ümumiyyətlə, təkcə Tarix İnstitutuna yox, Arxeologiya və Etnoqrafiya İnstitutuna və digər elm sahələrinə də son vaxtlar Prezident və dövlət tərəfindən ciddi maliyyə vəsaitləri ayrılır ki, bu da son dövrlərdə elm sahəsinin inkşaf etdirilməsinə, müxtəlif sahələrlə bağlı keyfiyyətli, əhatəli və orijinal tədqiqatlar aparılmasına dövlətin strateji səviyyədə yanaşdığını ortaya qoyur. Prezident elmin inkişafına strateji baxımdan böyük önəm verir. Bu baxımdan həm elmi-tədqiqatların aparılması, həm də onların nəticələrinə aid kitabların nəşrinə böyük dəstək verilir.
-Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya savaşı apardığı bəllidir və bu məsələ zaman-zaman elm və elmi-tədqiqatlar kontekstində də diqqətə gətirilir. Bu baxımdan müvafiq sahələr üzrə elmi-tədqiqatların intensivləşdirilməsi zərurətini necə xarakterizə edərdiniz?
- Aydın məsələdir ki, erməni qonşularımız həm də öz havadarlarından istifadə edərək onların elmi jurnallarında bizim apardığımız elmi-tədqiqatların nəticələrinin əksinə olaraq heç bir tarixi həqiqətə və mənbəyə söykənməyən məqalələr, yalançı elmi əsərlər dərc etdirirlər. Təbii ki, alimlərimiz də buna vaxtında və tutarlı cavablar verirlər. Yəni bizim alimlərimiz də bu cür yalanlara və uydurma tədqiqatlara tarixi və elmi faktlardan çıxış etməklə cavab verirlər. Təbii ki, bizim elmi-tədqiqatlarımızın, müvafiq tarixi əsərlərimizin qarşısında həmin erməni qonşularımızın yazdıqları məqalə və “əsər”lərin heç bir əsası və dəyəri yoxdur. Onların yazdıqları heç bir fakta və obyektivliyə söykənmir, yalnız iddiaçılıq xarakteri daşıyır. Amma təbii ki, hər kəs çox şeyə iddia edə bilər və hər kəs çox şeyin özününkü olmasını istəyə bilər. Amma bunu özbaşına buraxsaq, onda dünyada hər yerdə xaos və təlatümlər hökm sürər. Bu baxımdan erməni qonşularımızın da iştaha və iddiaları tam yersiz və əsassızdır və bu əsassızlıq elm adamlarımızın məqsədyönlü fəaliyyəti ilə hər məqamda sübuta yetirilir. Bizim bu məsələdə mövqeyimiz belədir ki, biz həmişə erməni yalanlarını hər yerdə ifşa etmək üçün intensiv və məqsədyönlü fəaliyyət göstərməliyik, elmi konfranslarda, beynəlxalq elmi tədbirlərdə daim bu mövqedən də çox fəal olmalıyıq. Çünki hər zaman bilmək lazımdır ki, ermənilər öz ənənəvi xasiyyətlərindən hələ də əl çəkmirlər və onlar bu cür məqalələrini, uydurma əsərlərini fürsət düşdükcə xarici ölkələrdə çap etdirirlər və xarici elmi dairələrdə yaymağa çalışırlar. Biz onlara kəskin cavablar veririk, bu sahədə hücum mövqeyindən çıxış edirik və gələcəkdə də bu strategiyamızı əzmlə davam etdirəcəyik. Azərbaycan elm, İKT və sair göstəricilər baxımından da çox inkişaf etdiyi üçün erməniləri bu sahədə qabaqlaya bilirik. İnformasiya savaşında artıq ermənilər bizdən geri qalmağa başlayıb. Azərbaycan hüquqi, siyasi, iqtisadi müstəvidə Ermənistanı qat-qat arxada qoyduğu kimi, informasiya savaşında elmin mövqeyi baxımından da Ermənistanı üstələyib. Amma orası başqa məsələdir ki, ermənilərin bəzi məlum havadarları öz elmi müəssisələrini, jurnallarını onların üzünə açıq elan ediblər. Bu da siyasi bir məsələdir. Bəzi xarici qüvvələr maraqlıdır ki, ermənilərin Azərbaycana, Türkiyəyə qarşı yalançı iddialarını əks etdirən “əsərləri”, məqalələri çap edilsin. Yaxud da sovet dövründən bir sıra postsovet ölkələrindəki elmi jurnallarda ermənilər çalışırlar və onlar bu cür qərəzli əsər və məqalələrin dərcində maraqlıdırlar. Onların bu baxımdan köməyindən və imkanlarından qonşularımız yararlanmağa çalışır.
- Bəzən öz içərimizdə də “tarixçi” adı ilə bəzi insanlar ortaya atılır və məşhurlaşmaq ehtirası ilə tarixi faktları təhrif edərək tamam yanlış “əsərlər” ortaya qoyurlar. Bu adamlar tarixi faktları yox, vaxtilə Azərbaycan dövlətləri ilə müharibələr aparmış qonşu dövlətlərin salnaməçilərinin yazdıqlarını “əsas” kimi götürürlər. Bu yaxınlarda Şah İsmayılla bağlı belə bir qərəzin şahidi olduq. Bununla bağlı nə deyərdiniz?
- Təbii ki, belələrinin dediyiniz əsaslarla yazdığı əsər tarix deyil, nəyəsə meyillənmiş qərəzdir. Əsl tarixi əsər, tarixi həqiqətlər, istər ölkə, istərsə də beynəlxalq elmi ictimaiyyətn qəbul etdiyi, real tarixi faktlara əsaslanan əsərlərdir. Bunların real əsasları, obyektiv tarixi mənbələri, faktları, sübutları və hazırda da mövcud olan izləri, materialları var. Bu baxımdan düşünürəm ki, həmin “əsərlər” heç də ictimai rəyə sırına bilməz. Bir azdan onlar qeyri-ciddi əsərlər kimi tamamilə unudulacaq və onları yazmaqla “məşhurluq” qazanacaqlarını güman edən həmin insanlar da çox peşman olacaqlar. Bu cür psevdoalimlər çox şey yaza bilərlər, amma tarix dəqiq faktlara söykənir və bu dəqiq faktların özü də həmin psevdoalimləri və onların yazdıqlarını rədd edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info