“The Times of Israel”:“Azərbaycan sivilizasiyalararası dialoqun parlaq modelidir”
Tarix: 20.08.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Amerikada çıxan nüfuzlu ingilisdilli “The Times of Israel” qəzetində İsrail-Azərbaycan tərəfdaşlığının müasir mərhələsi və perspektivləri, Azərbaycan cəmiyyətində multikulturalizm və tolerantlıq, 1918-ci ilin qanlı mart hadisələri, 1992-ci ilin fevralında erməni faşistləri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktı barədə məqalə dərc edilib . Məqalənin müəllifi İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutdur. Məqalə müəllifinin fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan dövlətinin İsrail ilə uzunmüddətli və strateji münasibətlər yarada bilməsi faktı ilə maraqlananlar respublikanın dağlıq bölgəsində yerləşən Quba rayonundakı məşhur Qırmızı Qəsəbə ilə tanış olsalar kifayətdir. İsrailli ekspert yazır: “Qırmızı Qəsəbədəki yəhudi icması orada əsrlər boyu müsəlman əhali ilə qaynayıb-qarışıb. Bu il iyulun 21-də mən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondu tərəfindən təşkil edilmiş beynəlxalq yay məktəbində iştirak etmək şərəfinə nail oldum. Yay məktəbinin fəaliyyəti dövründə mən “Azərbaycanlılara qarşı soyqırımı cinayətləri və Qarabağ müharibəsi” mövzusunda dəyirmi masanın moderatoru kimi Bolqarıstan, Gürcüstan, Sloveniya, Rusiya, İtaliya, Ukrayna və digər Avropa ölkələrindən olan tələbələr qarşısında mühazirə ilə çıxış etdim. Mən dəyirmi masa iştirakçılarına 1918-ci ilin qanlı mart hadisələri barədə, Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın, Azərbaycanla Ermənistan arasında münaqişənin həqiqi səbəbləri, 1992-ci il fevral ayında ermənilər tərəfindən Xocalı şəhərində törədilmiş qanlı qırğın barədə sənədlərə əsaslanmaqla ətraflı məlumat təqdim etdim”. Məqalə müəllifi qeyd edir ki, həmin günlərdə ermənilər tərəfindən törədilmiş cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub. Arye Qut Amerikada çıxan nüfuzlu ingilisdilli “The Times of Israel” qəzetində yazır: “Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər azərbaycanlıların evlərinə od vurur, insanları diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, məscidləri və tarixi abidələri dağıdırdılar. Onlar Bakının çox hissəsini xarabazarlığa çevirdilər. Erməni silahlı dəstələri qısa müddətdə 50.000-dən çox müsəlman əhalini - azərbaycanlıları, ləzgiləri, habelə yəhudiləri və digər xalqların nümayəndələri məhv ediblər. Bu hadisəni soyqırımı aktı, kütləvi qanlı qırğın adlandırmaq olar, çünki kütləvi qətllər etnik mənsubiyyət əlamətinə görə törədilmişdi, özü də bunu edənlər hansısa naməlum banditlər deyil, o vaxt Stepan Şaumyan başda olmaqla Bakıda və Azərbaycanın çox hissəsində hakimiyyətdə olan kommunistlər idi”. İsrailli ekspert məqaləsində vurğulayır ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal məkan, sözün həqiqi mənasında Azərbaycanın fəxridir. Məqalə müəllifi vurğulayır: “Azərbaycanın bu regionunda yəhudilər və azərbaycanlılar əsrlər boyu mehriban şəraitdə yaşayıblar və bu gün də belədir. Azərbaycanlılarla yəhudiləri birləşdirən onların müştərək tarixi, ortaq ölkəsi, dövlətçiliyi, dostluq, həyat təcrübəsi və həyat tərzi, adət və ənənələr, bir də 1918-1919-cu illərin qanlı faciələridir. Bu hadisələr nəticəsində şovinist və daşnak ermənilər Qubada minlərlə azərbaycanlını və yəhudini qətlə yetiriblər. 1988-ci ildə ermənilər Azərbaycana münasibətdə kin-küdurətlərini açıq-aşkar nümayiş etdirməyə başladılar. Qarabağda iki azərbaycanlının öldürülməsi və Topxana meşəsindəki ağacların qırılması artıq genişlənərək silahlı qarşıdurma həddinə çatmış münaqişəni daha da qızışdırdı, sanki odun üstünə yağ tökülmüş oldu. Bütün bunlar problemin çox ciddi olmasına dəlalət edirdi. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı dəhşətli kütləvi qırğın və soyqırımı aktı hərbləşdirilmiş erməni dəstələrinin törətdiyi vəhşiliklərin miqyası barədə real təsəvvür yaradır. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi əbədi qalacaq. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr şəhəri və onun həndəvərini tərk etməyə macal tapmamış Xocalı sakinlərinin heç birinə rəhm etməyiblər. Xocalı şəhərinin mülki əhalisinin qəsdən və kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və başqaları bu soyqırımın təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Çünki tarix sübut edir ki, cəzasızlıq yeni cinayətlər doğurur”. Arye Qutun fikrincə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş etnik təmizləmələrə və təcavüzə, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi və parlaq modelidir. Arye Qut yazır: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlini təşkil edən əsaslardan biri olaraq qalır. Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi və möhkəmlənməsi məqsədilə siyasi və sosial şərait yaradılması üzrə zəruri tədbirlər görülüb. Azərbaycan sübut edib ki, zorakılığa və ayrı-seçkiliyə yol verilmədən harmoniyaya nail olmaq, qarşıya çıxan məsələləri həll etmək mümkündür. Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlər boyu dinc-yanaşı yaşayıblar. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə meylini davam etdirir”. İsrailli ekspertin fikrincə, ölkənin yəhudi icmasına qardaşcasına səmimi münasibət Azərbaycanda tolerantlığın parlaq nümunəsidir. Məqalə müəllifi qürurla vurğulayır: “Bu gün məşhur Qırmızı Qəsəbədə təxminən 5000 yəhudi yaşayır. Qəsəbədə 3 məktəb və 3 sinaqoq fəaliyyət göstərir. Bu faktlarla fəxr etməyə dəyər. İvrit dilinin öyrədilməsi, yəhudi maddi mədəniyyətinə aid artefaktlar və əşyalar, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin və müxtəlif xalqların qaynayıb-qarışması – bütün bunlar Azərbaycanın nail olduğu real mədəni tolerantlığa böyük və sanballı töhfədir. Rəvayətə görə, yəhudilər Qubaya ilk dəfə XIII əsrdə gəliblər, lakin bu iki xalq və onların mədəniyyətləri arasında münasibətlərin əsası 1742-ci ildə qoyulub. Həmin ildə Hüseynəli xan və onun oğlu Fətəli yəhudilərin burada öz kəndlərini salmasına icazə və xeyr-dua veriblər. Fətəli xan yəhudiləri onlara qarşı baş verə biləcək hücumlardan qorumağı təklif edib. Bu qardaşcasına etimada əsaslanan münasibətlər əsrlərin sınağından uğurla çıxıb və bu gün Azərbaycan ilə İsrail arasında real, əsl diplomatik ittifaqda öz təcəssümünü tapıb. Sovet İttifaqı dağılandan sonra Azərbaycanı dünyada müstəqil dövlət kimi tanıyan ilk dövlətlərdən biri İsrail olub”. Arye Qut qeyd edir ki, İsrail dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudi icmasına dünyada analoqu olmayan səmimi münasibətini yüksək qiymətləndirir. İsrailli ekspert Arye Qut məqalənin sonunda yazır: “Biz müasir, dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini İsraildə müşahidə edir və qiymətləndiririk. Bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı diplomatik və iqtisadi münasibətlər sürətlə genişlənib. Hələ 1997-ci ildə İsrailin ovaxtkı baş naziri Binyamin Netanyahu özünün ilk rəsmi dövlət səfərini Bakıya edib. Bu səfər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi əlaməti idi. İki ölkə arasında ticari və iqtisadi əlaqələr genişlənir, İsrail dünya bazarında Azərbaycan neftinin ən böyük idxalatçısıdır. İsraildə istehsal edilən yüksək texnoloji sənaye məhsulları Azərbaycanın telekommunikasiya infrastrukturu layihələrində tətbiq edilir. Lakin İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək mümkün deyil. Müasir mərhələdə Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və müştərək tarixə əsaslanır. Qarşılıqlı insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info