“Müəllim təkcə öz peşəsini yox, həm də uşaqları sevməlidir”
Tarix: 24.08.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Nübar Qayıblı: “Çünki güclü, inkişaf edən iqtisadiyyat özü ilə təhsili də inkişafa doğru aparır”

Son illərdə Azərbaycanın təhsil sistemində xeyli müsbət yöndə dəyişikliklər olub ki, bu da dərslərin keyfiyyətinə və ümumilikdə təhsil, tədrisin səviyyəsinə yaxşı mənada təsir edib. Dərsləri tədris edən yeni, gənc kadrların yetişməsi ürəkaçan mənzərə olsa da, bir çox hallarda nəinki valideyn və şagirdlərin təcrübəli kadrlara-müəllimlərə ehtiyacı olur, hətta, elə gənc kadrların özlərinin də buna ehtiyacları yaranır. Onlar təcrübəli müəllimlərlə çiyin-çiyinə cəmiyyətimiz üçün keyfiyyətli dərslərin-şagirdlərin yetişdirilməsində maraqlı olurlar. Belə təcrübəli müəllimlərdən biri də Səbail rayonu, T.Məmmədov adına 239 N-li tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblıdır. Savadlı və tərbiyəli şagirdlərin yetişdirilməsi sirlərini bilən və gənclərimizə hələ orta məktəbdən uğur formulunun sirlərini aşılayan bu təcrübəli müəllimlə olan söhbətimizi oxuculara təqdim edirik:

-Nübar xanım, hazırda Azərbaycan məktəblərinin, dərslərin və şagirdlərin durumu ilə bağlı nələri deyə bilərsiniz?
- Məktəblərlə bağlı onu demək olar ki, tez-tez digər məktəblərdən olan müəllimlərlə ünsiyyətdə oluram. Hətta bu ünsiyyətlər bölgələrdən, ucqar dağ kəndlərindən olan müəllimlərlə də qurulur. Sosial şəbəkələr üzərindən də müəllimlər arasında müəyyən məsləhətləşmələr, söhbətlər aparırıq. Sosiallığın bu kimi müsbət cəhətləri var. Sözümün və verdiyim bu izahatın əsas məğzi odur ki, bu ünsiyyətlərdən və ümumilikdə özümün gəldiyim qənaətdən belə deyə bilərəm ki, hər yerdə eyni fikir formalaşıb - təhsil ilbəil irəli gedir, məktəblərdə köklü dəyişikliklər olur. Dərslərə gəlincə isə mən həmişə demişəm ki, şagirdlərdə keçirilən fənlərə, dərslərə olan marağın artmasında müəllimin böyük rolu var. Burada da onun savadı ilə yanaşı təcrübəsi, nüfuzu da əsas rol oynayır. Ümumiyyətlə, dərslərdə, təlim və tərbiyə prosesində müəllim nüfuzu olmadan keçinmək mümkün deyil. Ancaq bu nüfuz dağıdıcı yox, yaradıcı olmalı, uşaq şəxsiyyətinin bərqərar olmasına, ona potensialını reallaşdırmağa kömək etməlidir. Haqlı nüfuz qazanmış adamın dedikləri daha tez və yaxşı mənimsənilir.
Pedaqoji nüfuz şəxsi və peşəkarlıq komponentlərindən ibarətdir. Mənim fikrimcə, şəxsi komponent, birincisi, uşaqlara və müəllim peşəsinə sevgidir. Əgər bir şəxs öz işini sevmirsə, ondan mənəvi zövq almırsa, onun əməyi heç vaxt yüksək məhsuldar olmayacaq. Müəllim isə təkcə öz peşəsini yox, həm də uşaqları sevməlidir. Sevmək həmin adama hörmət etmək, onu başa düşüb anlamaq, qorumaq, ona qayğı göstərmək və bütün bunlardan həzz almaqdır. Qısası, belədə şagirdlərin də dərsə marağı, bilik keyfiyyəti yüksək olur. Hazırda bir çox məktəblərdə bir neçə il əvvəllə müqayisədə, şagirdlərin dərslərə maraqlarının artdığını da deyə bilərik.

-Müəllimlikdə ən mürəkkəb məsələ nədir?

-Bizim işimizdə ən mürəkkəb məsələ uşaq ürəyinə yol tapmaqdır. Bunsuz öyrətmək, tərbiyə etmək mümkün deyil. Uşağın üstünə qışqırmaq, onu təhqir etmək, heysiyyətinə toxunmaq düzgün deyil. Bu yaraların izləri dərin, nəticəsi ağır olur. Müəllimin zahiri görünüşü, davranış mədəniyyəti də nüfuz qazanılmasında böyük rol oynayır. Uşaqlar təvazökarlığı, sadəliyi, təbiiliyi, geyimin səliqəliliyini qiymətləndirirlər. Onların diqqətindən heç nə yayınmır. Adicə daranmamış saç, pencəyin qırılmış düyməsi, təmizlənməmiş ayaqqabı müəllimi nüfuzdan salan detallardır. Uşaqların hörmətini ancaq düzgün, zəhmətkeş, öz işinə sadiq müəllim qazana bilər. Pedaqoji təcrübə göstərir ki, uşaqlar müəllimin həyatına laqeyd qalmırlar. Bütün müsbət keyfiyyətlərinə baxmayaraq, müəllim məişətdə bağışlanılmaz hərəkət edirsə, bu, şagirdlərə məlum olur.
Bundan başqa deyim ki, nüfuzlu müəllim öz fənnini bilir, onu öyrətməyi bacarır. Müəllim alim müşahidəçiliyinə, uşaq həyəcanını anlamaqda psixoloq biliyinə malik olmalıdır. Buna yalnız öz üzərində sistemli işləmək, başqa müəllimlərin ən yaxşı təcrübəsini öyrənmək yolu ilə nail ola bilər. Müəllim daim öz biliyini təkmilləşdirməlidir. Onun biliyi məhdud fənn dairəsində qapanıb qalmamalıdır. Biliyi dərsliyin həcmindən artıq olmayan müəllim bədbəxtdir. Belə müəllimin nüfuzu olmur, uşaqlar onu saymırlar. Özü də öz işindən mənəvi zövq almır. Müəllim yaradıcı olmalı, pedaqoji takta o dərəcədə yiyələnməlidir.

“Müəllim daim öz biliyini təkmilləşdirməlidir. Onun biliyi məhdud fənn dairəsində qapanıb qalmamalıdır”.

-Artıq yeni dərs ilinin başlanmasına sayılı günlər qaldı. Təcrübənizdən irəli gələrək valideynlərə uşaqların məktəbə, dərslərə adaptasiya olması ilə bağlı hansı məsləhətləri verərdiniz?
-Çox maraqlı və vacib bir məqama toxundunuz. Öncə onu deyim ki, hər bir valideyn yeni dərs ilinin başlanmasına bir neçə gün qalmış övladının rejimində dəyişikliklər etməlidir. Məlumdur ki, bizdə şagirdlər tətilə çıxarkən dərsdən, kitablardan uzaq düşürlər. Əslində bu, əksər ölkələrdə belədir. Şagirdin ilboyu oxuyub, yay istirahətində də dərslərlə maraqlanması bir qədər düzgün olmaz. İstirahət də lazımdır və vacibdir. Amma müəyyən məsələlər var, bu incəliklər nəzərə alınmaqla dərslərə, yeni sinif dərsliklərinin ağır yükünə alışmaq üçün bəzi kitablar oxunmalı və yeni dərs ilinə beləcə hazırlaşmaq lazımdır. Bundan başqa beşinci sinifdə oxuyan uşaq, növbəti dərs ilində 6 sinif üçün nəzərdə tutulan dərslikləri də yayın son aylarında maraqlanıb oxumalıdır. Bu, bir qədər çətin olsa da sonradan müəllimin dərs zamanı izah etdiyi bəzi məsələlərdə şagird üçün asan olacaq.
-Bu il ali məktəbə xeyli sayda yüksək bal toplayaraq qəbul olan abituriyentlərimiz oldu. İlbəil bu rəqəmin artmasına münasibət bildirərdiniz.
-Bəli bu il ali məktəbə xeyli sayda savadlı abituriyentlər qəbul olundu ki, onları da fərqləndirən yüksək bal toplamaları idi. Əslində hər il xeyli sayda yüksək bal toplayan abituriyentlərimiz olur. Amma görünən odur ki, bu rəqəm ilbəil artır. Bu yaxşı haldır. Bu il maraqlı və diqqətçəkən məqamlardan biri isə o oldu ki, yüksək bal toplayan abituriyentlərdən biri repetitorsuz hazırlaşan gəncimiz idi. İndiki dövrdə tələbə adını qazanmaq istəyənlərin böyük əksəri hazırlıq kurslarına və ya repetitor yanına gedir. Az sayda gənclərimiz var ki, onlar hazırlıq kurslarına, müəllim yanına getmədən də tələbə adını qazanır. Xaçmazdan, özü də kənd məktəbindən çıxan bir qızın 677 bal toplayaraq rayon üzrə ən yüksək bal toplayan tələbə adını qazanması doğrudan da qürurverici hal idi. Bildiyiniz kimi, əksər kənd məktəblərində bir qədər dərslər, tədrislə bağlı problemlər yaşanır. Bu mənada bu gəncimizə böyük alqış düşür ki, təkbaşına belə bir çətin işin öhdəsindən uğurla gələ bilib.
Öz yaxınlarımdan da yüksək bal toplayanlarla bağlı bir misal çəkə bilərəm. Bacım qızı olan Adıgözəlova Aytac İlqar qızı 649 bal toplayaraq ADA Universitetinə qəbul oldu. Zərifə Əliyeva adına liseyi oxuyan bu gəncimiz də digər savadlı tələbə adını qazanmış abituriyentlər kimi öz zəhmətinin bəhrəsini gördü. Mən gənclərimizdə savadlılıq dərəcəsinin ilbəil artmasından, ali məktəblərə yüksək balla qəbul olanların sayının artmasından və eləcə də xaricdə təhsil üçün başqa ölkələrə üz tutub orada uğurları sıralayan gənclər ordusunun artmasından qürur duyuram. Yaxın illərdə Azərbaycan təhsilində böyük uğurların olacağı şübhə doğurmur. Çünki güclü, inkişaf edən iqtisadiyyat özü ilə təhsili də inkişafa doğru aparır və buna məhkumdur!

Tural TAĞIYEV





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info