“Reuters”in siyasi oyunbazlığı
Tarix: 04.02.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


XXI əsr beynəlxalq siyasi arenada yeni oyunçuların rolunun artması ilə xarakterizə olunur. Artıq dövlətlər, beynəlxalq təşkilatlar kimi ənənəvi aktorlarla yanaşı qeyri-hökumət təşkilatları, beynəlxalq media orqanları, transmilli şirkətlər qlobal proses və trendlərə fəal müdaxilə edirlər.
Qloballaşma əsrində bu tendensiya nə qədər qaçılmaz olsa da, fundamental demokratik prinsiplərlə bəzi məqamlarda uyğunsuzluq yaradır. Belə ki, qlobal media orqanlarının azad mətbuat, tərəfsiz və doğru informasiya, ədalətli yanaşma prinsiplərinə nə qədər sadiq olduğu şübhə doğurur. Eyni sözləri qeyri-hökumət təşkilatlarının siyasiləşdirilmiş hesabatları haqqında da demək olar.
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində informasiya mühüm, bəlkə də həlledici əhəmiyyətə malikdir. İnformasiyanın ötürülməsi hadisələrə sürətli təsir, geniş auditoriyaya nüfuz, siyasi və iqtisadi təzyiq vasitəsi kimi böyük rol oynayır. Hazırda dünyanın informasiya təminatından olduqca asılı olduğunu nəzərə aldıqda, qlobal media orqanlarının tərəfsiz yanaşması siyasi proseslərin axarına ciddi təsir göstərə bilər. Mətbuatda yayılan hər hansı bir dezinformasiyanın acınacaqlı nəticələri ədalət anlayışına ancaq zərər gətirir.
Günümüzdə dünyada qlobal media qurumları informasiya axınını inhisara alıblar. Müşahidələr göstərir ki, media nəhənglərinin məqsədlərinə uyğun gəlməyən xəbərlərin dünya ictimaiyyətinə çatdırılması praktiki olaraq mümkün deyil. Bu da bir reallıqdır ki, qlobal məkanda əksər media orqanları Qərbə məxsusdur. Bu gün bütün dünya “Reuters” (London), “Associated Press” (Nyu-York), “CNN” (Atlanta), “New York Times Servis” (Nyu-York), “Agence France-Press” (Paris) kimi xəbər agentliklərinin məlumatlarını alıb ötürməklə informasiya təminatını həyata keçirir. Bu qurumlar planetdə böyük şəbəkə qurublar və dünya ictimaiyyətini informasiya ilə təmin edirlər.
Alternativ olaraq nə Çin, nə Rusiya, nə də hər hansı bir digər dövlətə bağlı media qurumu qlobal əhatə dairəsinə malik deyil. Son dövrlər “Əl-Cəzirə” telekanalını bu mənada müəyyən qədər fərqləndirmək olar. Lakin bu kanalın ərəb oyanışı zamanı təqdim etdiyi informasiyanın birtərəfli olması onun da qlobal media şəbəkəsində bir həlqə olduğunu güman etməyə əsas verir. İnformasiya birtərəfli olduğu halda isə daha çox monopoliyaya xidmət edir və məqsədli olur. Dünya ictimaiyyəti bir sıra hallarda reallıqla deyil, bu agentliklərin istədiyi şəkildə məlumatlandırılır.
Müşahidələr göstərir ki, bu gün bir çox qlobal media orqanları artıq informasiyanın ötürülməsi ilə deyil, onu siyasi məqsədlərə uyğun təqdim etməklə məşğuldurlar. Bir çox xəbər telekanalları gün ərzində eyni informasiyanı bir saatda 2, bəzən isə 3 dəfə təkrar təqdim edirlər. Hər hansı bir hadisə ilə bağlı süjet həftələrlə gündəmdən düşmür.
Digər tərəfdən isə bu media monopoliyalarının siyasətinə uyğun gəlməyən xəbərlərin isə üstündən keçilir. Misal üçün, Suriyadakı hadisələrlə bağlı məlumatlar geniş işıqlandırıldığı halda, digər bir qaynar nöqtə Myanmada müsəlman arakanların qırılması ekrandan kənar qalır. Bu cür ikili standartlar nəyə xidmət edir? Beləliklə, belə qənaətə gəlmək olar ki, artıq siyasiləşmiş mətbuat informasiya təminatı deyil, informasiya təzyiqi vasitəsi funksiyasını yerinə yetirir.
Müşahidə olunan məqamlardan biri də odur ki, müstəqil xarici siyasət həyata keçirən dövlətlər də qlobal media qurumlarının hədəfinə düşür. Bu isə yazıların sifarişli və siyasi təzyiq vasitəsi olduğunu bir daha təsdiq edir. Bu mənada “Reuters” agentliyinin Azərbaycana qarşı davam edən kampaniyasını xüsusi qeyd etmək istərdik. Biz artıq dəfələrlə “Reuters” agentliyinin Azərbaycana qarşı xüsusi qərəzli münasibətinin şahidi olmuşuq.
Bir müddət əvvəl “Reuters” agentliyinin İrana qarşı Azərbaycan-İsrail əməkdaşlığı ilə bağlı dərc etdiyi məqalə açıq-aşkar siyasi sifariş və riyakarlıq idi. Məqalədə irəli sürülən İrana qarşı Qərbin mümkün hücum planlarında Azərbaycan-İsrail əməkdaşlığı barədə iddia heç bir mənbə olmadan, şayiələrə əsaslanan bir təxəyyülün məhsulu idi.
Bəs qlobal media orqanının professionallığı və tərəfsiz yanaşması harada qaldı? “Reuters” kimi bir agentliyin informasiyanı mənbələr olmadan, tərəflərin mövqeyini əks etdirmədən, siyasi sifarişə uyğun olaraq təqdim etməsi heç bir prinsipə sığmır. Məlum olduğu kimi son dövrlər Azərbaycanın yerləşdiyi regionda geosiyasi vəziyyət olduqca gərgindir. İranla Qərb arasında münasibətlər kəskinləşmişdir, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunur və anti-İran koalisiyası yaranmışdır. Belə bir şəraitdə region ölkələrini də bu mübarizədə istifadə etməyə çalışırlar. Azərbaycanın bununla bağlı mövqeyi birmənalıdır. Dövlət rəhbərliyi səviyyəsində bildirilmişdir ki, Azərbaycan ümumiyyətlə ərazisində hər hansı bir ölkənin hərbi qüvvələrinin yerləşməsinə icazə vermir. Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı əməliyyatlar aparılmasına qətiyyən yol verməyəcək. İran və Azərbaycan dərin tarixi köklərə söykənən dost və qonşu ölkələrdir. Görünən odur ki, bu mövqe hansısa qüvvələri qane etmir və buna görə də “Reuters”-i siyasi oyunların alətinə çevirirlər.
“Reuters” isə bu oyunda öz funksiyasını yerinə yetirmək üçün təkcə materialı dərc etməklə kifayətlənməyib məqaləni İsraildə nəşr olunan “Jerusalem Post” qəzetində də nəşr etdirdi. Daha sonra isə “Reuters”-in həmin məqaləni dünyanın bir sıra ölkələrində, xüsusilə Pakistan və digər müsəlman ölkələrində dərc etmək üçün bu ölkələrə təzyiq göstərməsi də məlum oldu.
Bir məqamı da qeyd etmək lazımdır ki, “Jerusalem Post” qəzeti də bu kampaniyada sadə bir oyunçu olmaqdan yuxarı mövqe ortaya qoymadı. Halbuki qərəzsiz media həqiqəti araşdırmaq üçün ekspertlərin, hər iki tərəfin rəsmi dairələrinin də mövqeyini əks etdirməli idi.
“Reuters”in Azərbaycana qarşı kampaniyası isə davam etməkdədir. Bir müddət əvvəl agentlik ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanı ən təhlükəli ölkələr sırasında göstərdi. Azərbaycan Əfqanıstan, Sudan, Liviya, Somali, Yəmənlə eyni dərəcədə təhlükəli ölkə kriteriyasına daxil edilir. Faktiki müharibə şəraitində olan bu ölkələrlə Azərbaycanı eyni qrupa daxil etmək hansı məntiqə sığır?. Təkcə bu yanaşma “Reuters”in qərəzli və sifarişlə hərəkət etdiyini sübut etmək üçün kifayətdir. Ömründə bircə dəfə Azərbaycanda olan hər hansı bir jurnalist, diplomat və ya adi bir vətəndaş bütün bunların qərəzli və uydurma olduğunu təsdiq edər.
Məqsəd aydındır. Müstəqil siyasət həyata keçirən Azərbaycan sürətlə inkişaf edir. Nəhəng layihələrə imza atır, böyük tədbirlərə ev sahibliyi edir. Bu cür dezinformasiya yaymaqla Azərbaycana turistlərin gəlməsini, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu, tədbirlərə yüksək səviyyəli qonaqların gəlməsinin qarşısını almaq istəyirlər.
Lakin Azərbaycanın əldə etdiyi uğurlar bu siyasi oyunbazların məkrli niyyətləriniy iflasa uğradığını göstərir. Bu gün Azərbaycanda tam siyasi sabitlikdir. Ölkəyə gələn əcnəbilər, xarici diplomatlar Azərbaycanın hətta ən ucqar regionuna belə tam təhlükəsiz səyahət edə bilir. 2013-cü ildə Azərbaycan Davos İqtisadi Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək. Ölkəmizin ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək gün də uzaqda deyil. Yaradılmış əlverişli investisiya mühiti iqtisadiyyatın müxtəlif sektorlarına xarici sərmayələri cəlb etməkdə davam edir. Azərbaycanın bütün göstəricilər üzrə iqtisadi reytinqi getdikcə artmaqdadır. Bütün bu sadalanan uğurlar “Reuters” kimi siyasi alətə çevrilmiş mətbu orqanlara ən tutarlı cavabdır. (“Newtimes.az”)






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info