“Belə səhvlər OCCRP-nin bütün araşdırmalarının düzgünlüyünü şübhə altına alır”
Tarix: 01.09.2015 | Saat: 02:08:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “8 ay öncə yerli mətbuata verdiyim müsahibəmi yaymaqla özlərini dünyada ifşa etdilər, çünki dövlətimiz əleyhinə mənim adımdan uydurduqları “fikirlərin” heç biri hətta orada da yox idi”
Xəbər verdiyimiz kimi, 2015-ci il avqust ayının 25-də Meydan TV-nin veb-səhifəsində rus dilində “Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib” sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ veb-səhifəsində çap olunmuşdu. Həmin məqalədə iqtisadçı alim Vüqar Bayramovun onlara müsahibə verdiyi bildirilirdi. Azərbaycanlı alim OCCRP tərəfindən onunla bu müsahibə ilə bağlı əlaqənin saxlanılmadığını bildirmişdi. Bəlli olub ki, OCCRP Vüqar Bayramovun 8 ay öncə “Üç nöqtə” qəzetinə müsahibəsinin səs yazısındakı fikirləri tamamən kontekstdən çıxararaq və özlərindən Azərbaycanın əleyhinə fikirlər uydurub əlavə edərək qərəzli məqalə hazırlayıblar. Həmsöhbətimiz Vüqar Bayramov ilə OCCRP və Meydan TV-nin necə ifşa edilməsi haqda danışdıq.

-Vüqar müəllim, nələr baş verir? Mətbuatda gedən məlumatlara görə, OCCRP-nin Azərbaycana qarşı fəaliyyətlərini ifşa etdiyinizə görə onlar tərəfindən sizə təhdidlər olub?
- Tamamilə doğrudur, avqustun 29-da OCCRP-nin redaktoru Drev Sullivandan təhdidedici məktub aldıq. Elektron məktubda İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və sözügedən mərkəz rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın hökumətlə əlaqələri araşdırılacağı və bunun ictimailəşdirəcəyi qeyd olunurdu. Həmçinin e-maildə qeyd olunur ki, bu istiqamətdə xüsusi araşdırmaçı da artıq fəaliyyət göstərir. Sözügedən təhdid məktubunda həm də mənim sosial şəbəkədə yaydığım statusun yığışdırılması “tələb edilirdi”. Nə qədər qəribə görsənsə də, o, hətta məni jurnalistləri təhdid etməkdə ittiham etdi. Göründüyü kimi, özünün, guya ədalətin yanında olduğunu bəyan edən təşkilat ifşa olunduğunu hiss edəndən sonra hətta təzyiq dili ilə bizimlə danışmağa cəhd göstərdi. Biz isə, təbii ki, cavab olaraq həmin layihənin redaktoruna bildirdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz və biz heç bir rəyimizdən geri çəkilməyəcəyik. Onlar bizə bazarlıq təklif etdi ki, biz rəylərimizi silək və onlar da mənim məqalədəki “fikirlərimi” silsinlər və köhnə müsahibəni yaymasınlar. Təbii ki, biz həmin müsahibənin yayımlanmasında onlardan daha çox maraqlı olduğumuzdan bildirdik ki, “Üç nöqtə” qəzetinə verilən müsahibəmi yayın. Çünki bu artıq onların tam ifşası idi. Müsahibədə onların mənim adımdan uydurduqları “fikirlər” yox idi.
-Bundan sonra OCCRP-nin sizin 8 ay öncə yerli mətbuata verdiyiniz ümumi tenderlər ilə bağlı müsahibənizi Meydan TV yaydı və əslində bununla da tam ifşa olundular..
-Düzdür. Qeyd etdiyim kimi, biz bu köhnə müsahibənin yayılmasında maraqlıydıq- baxmayaraq ki, bu başqa qəzet üçün verilib. Çünki OCCRP-nin təqdim etdiyi yazıda olan, ancaq müsahibənin səs yazısında olmayan, Azərbaycana qarşı kəskin fikirlərin məhz qara piarda maraqlı olan layihə əməkdaşları tərəfindən öz təxəyyüllərinə münasib olaraq yazılmasını bir daha göstərir. Azərbaycan üçün “qara piar” məqsədi daşıyan cümlələrin yazıda uydurulması onu göstərir ki, OCCRP belə tədqiqatlarda səmimi deyil və əsas məqsədi necə gəldi ölkəmizə qara yaxmaqdır. Lap öncədən qeyd etdiyimiz kimi, bu layihə adından heç kimsə mənimlə əlaqə saxlamayıb, müsahibə götürməyib. Məlum yazıda istifadə olunan fikirlər bu ilin yanvar ayında mənim "Üç nöqtə"yə verilmiş müsahibəm tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavə edilərək yazıya daxil edilib. Maraqlıdır ki, jurnalist mənə zəng edən zamanı yazını "Üç nöqtə" qəzeti üçün hazırlandığını desə də, 8 ay sonra OCCRP-yə tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavələr edilərək verilib. Meydan TV sudan quru çıxmaq üçün müsahibənin bir ay öncə götürüldüyünü və guya yerli qəzetin adının qeyd edilmədiyini uydurmasına baxmayaraq, müsahibəni hazırlayan jurnalist etiraf edir ki, müsahibə “Üç nöqtə” qəzeti üçün bu ilin əvvəlində götürülüb. Bu da Meydan TV-nin qərəzini açıq şəkildə ortaya qoyur. Amma ən ciddi qərəz, təbii ki, mənim adımdan “cümlələrin” uydurulmaqla ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqdır.
-Vüqar müəllim, köhnə müsahibə yayımlanandan sonra Meydan TV tələm-tələsik yazıdakı uydurma abzaslardan birini çıxartdı. Amma məqalədə başqa “fikirlər” də var ki, sizin köhnə müsahibənizdə yoxdur. Bu onu göstərmirmi, bu təşkilatın fəaliyyəti tamamilə ölkəmizə qarşı qərəz üzərində qurulub?
- Əvvəlla, "Üç nöqtə" qəzetinin əməkdaşı ilə söhbət zamanı mənə bildirdi ki, həmin uydurma abzazsı mənim fikirlərim kimi o təqdim etməyib. Deməli, OCCRP “qara piar” mexanizmini işə salaraq özündən cümlələr uydurub. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yerli mətbuat üçün götürülən müsahibə tamamilə dəyişdirilərək, xeyli müddət sonra fərqli bir ünvana göndərilib. Məsələn, yazıda qeyd olunur ki, guya mən demişəm ki, "Azərbaycanda keçirilən tenderlərin böyük əksəriyyəti rəsmi xarakter daşıyır, ona görə ki, iştirak edən şirkətlərin əksəriyyəti bir-biri ilə sıx əlaqədədirlər. O, dövlət orqanlarının tenderin digər iştirakçılarının adlarının açıqlamamasının səbəbini də bunda görür". Belə bir fikir olmayıb. Həmçinin müsahibəyə qulaq asaraq müəyyənləşdirmək olar ki, söhbət zamanı Azərbaycan tenderlərin formal keçirilməsi və hökumətin tenderlərə münasibəti ilə bağlı bir dənə olsun söz də işlədilməyib. Hətta jurnalist də bəyan edir ki, bu cümlələr OCCRP tərəfindən əlavə edilib. Bu fakt onu göstərir ki, OCCRP araşdırma aparan zaman istədikləri və arzuladıqları son nəticəni əldə etmək, öz fikirlərini gücləndirmək üçün mənim fikirlərimin belə təhrifləri ilə məşğul olublar. Bu bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi doğru və qərəzsiz araşdırma aparmaq deyil, sadəcə, hər addımbaşı Azərbaycanı tənqid etməkdir. Bu ifşa olunanda isə Meydan TV tələm-tələsik həmin abzası saytdan yığışdırdı. Bu, məqalədə yeganə uydurma fakt deyil. Məqaləyə havadan götürülən cümlələr əlavə edilməklə yanaşı, eyni zamanda fikirlər kontekstdən çıxarılaraq təqdim olunur. Məsələn, yerli mətbuatla söhbət zamanı mən tenderin nəticələrinin veb-səhifələrində yerləşdirməklə effektivliyin artırılmasını təklif etdiyim halda, bu kontekstdən çıxarılaraq, prosesin effektivliyi deyil, "prosesin şəffaflığından danışmağa imkan verməməsi" haqqında ifadə kimi təqdim olunub. Və ya mənim adımdan uydurulub ki, guya mən demişəm “100 min dollardan artıq tender verilməməlidir” amma mənim tərəfimdən heç bir rəqəm səsləndirilməyib. Mənim adımdan “fikirlər” haradan götürülüb? Kim uydurub? OCCRP əməkdaşları “qara piar” ustalarına çevriliblər artıq. Başqalarının adından “fikirlər” uydurmaqla dövlətə qarşı “qara piar” kampaniyası aparmağa öyrəşiblər. Təbii ki, bu bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi obyektiv araşdırma deyil, daha çox qərəzli “qara piar” kampaniyası aparmaqdır.
-OCCRP ifşa olunduğunu görüncə sizə qarşı xaricdə kampaniyaya başlayıb. Bu təşkilatın primitiv metodlardan istifadə edərək qərəzli “qara piar” kampaniyası apardığını göstərmirmi?
- OCCRP ifşa edilib. Bu, birmənali şəkildə hamı tərəfindən qəbul edilir. İfşa olunduğunu gördüyü üçün tələsik və deyərdim çaşqın addımlar atırlar. Guya mənə qarşı kampaniyaya başlayıblar. Təbii ki, biz beynəlxalq arenada da əsaslandırılmış şəkildə cavablarını verib, fikirlərimizi tamamən arqumentləşdiririk. Çünki son hadisə onların ölkəmizə qarşı qərəzini ifşa edib. Cavab verə bilmirlər ki, "araşdırmaya" mənim adımdan uydurma fikirlər necə daxil edilib. Məqsəd bəllidir: ölkəyə qarşı qərəzli "qara piar" aparmaq. Amma bu dəfə, yumşaq desək, ilişdilər. Son hadisədən sonra OCCRP nüfuzuna ciddi zərbə dəydiyini başa düşür, amma artıq gecdir. Azərbaycana qarşı aparılan qərəzli siyasət nə zamansa ifşa edilməli idi. İSİM və mən hər zaman Azərbaycana qarşı “qara piar” kampaniyaları aparanlara qarşı ciddi mübarizə aparmışıq. Belə qurumların təhdidlərinə baxmayaraq bu fəaliyyətimiz beynəlxalq arenada da hər zaman davam etdiriləcək.
-Vüqar müəllim, bu fakt sözügedən qurumun əvvəlki araşdırmalarını şübhə altına almağa əsas yaradırmı?
- Sözügedən şəbəkənin Azərbaycanla bağlı öncələr də “araşdımaları” olub. Bu insident real durumu və marağı ortalığa qoydu. Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa, bir şey deyil. Jurnalist-araşdırmaçı öz təxəyyülünün gücünə qüvvət verərək fərqli müsahibəni əsas gətirərək, İSİM və onun rəhbəri adından istədiyi məzmunu öz araşdırmasına əlavə edir, ictimailəşdirir. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə ‘Organized Crime and Corruption Report Project (OCCRP)’ əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir. Bütün bunlardan əlavə, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb-səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur. Müəllifin olmaması beynəlxalq araşdırma üçün çox ciddi bir qüsurdur. Jurnalistikanın, xüsusilə də araşdırmaçı-jurnalistikanın əsas prinsiplərindən biri də şəffaflıqdır. Müəllifin göstərilməməsi bu prinsipin ciddi olaraq pozulması deməkdir. İctimaiyyət nümayəndəsi olaraq, biz ifadə edilən fikirlərin kimə məxsus olmasını bilməyə borcluyuq. Həmçinin məqalənin altında müəllifin adının olması ümumilikdə bu sirli araşdırmaçı-jurnalistin məsuliyyətini artırardı. Həmin qurum buna ciddi fikir verməli idi. Təkrar edirik, belə səhvlər ümumilikdə bu təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə altına alır. Belə “araşdırmalar” nəticəsində əldə edilən “faktlara” necə inanmaq olar?
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info