BBC: “Britaniyalı məktəblilər Uzaq Şərq məktəblilərindən geri qalırlar”
Tarix: 01.09.2015 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


“Psixoloqlara görə, əgər valideynlər uşaqlara dərslərində kömək edə bilmirlərsə, bu, evdə dinc həyata və rahatlığa mane olur”

Sentyabrın birində bir çox ölkələrdə tədris ili başlayır. Məktəblərin quruluşu, tədris proqramları bu baxımdan bir-birindən güclü bir şəkildə fərqlənə bilər, amma bir çox məsələlər çoxları üçün ümumidir və onlar barəsində hər il müzakirə aparırlar. Bu baxımdan BBC Britaniya məktəblərinin tədrisə hazırlığı və digər ölkələrdəki məktəblərlə müqayisəsi ilə bağlı maraqlı araşdırma aparıb.
Bununla bağlı yazıda birinci məktəbli forması haqqında qeyd edilir: “Məktəbli forması İngiltərədə 16-cı əsrdə ortaya çıxıb və Kral VIII Henrix zamanında tətbiq edilməyə başlanıb. Məktəblilər formaya müxtəlif cür yanaşır: Bəziləri boz şalvar və bleyzer geyinməyi sevirlər, bəziləri isə bundan əndişələnirlər.
Məktəbli forması təkcə səhərlər məktəbə çevik şəkildə yollanmaq üçün münasib geyim deyil. Onun arxasında həm də müxtəlif ölkələrdə müxtəlif olan ciddi siyasi reallıqlar dayanır.
Məsələn, 60-cı illərdən başlayaraq, Fransada məktəbli forması məcburiləşdi. Amma dövlət məktəblərində türban, çadra və sırf dini simvol kəsb edən digər baş örtüyü növlərini geyinməyə yasaq qoyuldu.
Almaniyada vahid məktəbli formasına keçid təklifi 2006-cı ildə ölkədə kəskin narazılıqlara səbəb olmuşdu. Çünki bu, nasizm epoxası ilə assosiasiya olunurdu.
Bir neçə Latın Amerikası ölkəsində, məsələn, Argentina və Meksikada yalnız özəl məktəblər sosial statusu bəlli edən geyim forması tətbiq edə bilərlər.
Digər tərəfdən, Afrikanın əksər ölkələrində məktəbli forması məcburi sayılır.
Məsələn, Qanada hökumət, 2013-cü ildən başlayaraq, məktəbli formasını havayı paylamağa başlayıb.
Həmçinin, bir çox Asiya ölkələrində də məktəbli forması hələ kolonializm dövründən tətbiq olunub.
Bəs mətkəbli formasının şagirdlərə nə kimi faydası var?
Forma tərəfdarları bildirirlər ki, məktəbli geyimi uşaqlar arasında sosial status fərqlərini aradan qaldırır, nizam-intizamı gücləndirir, davamiyyəti artırır və uşaqlarda öz məktəbinə fəxarət hissi bəsləməsinə səbəb olur.
Əleyhdarlar isə hesab edirlər ki, əksinə, məktəbli forması fərdiliyə və özünüifadə azadlığına təzyiq edir. Onlar təxmin edirlər ki, özlüyündə, forma uşaqlar arasında sosial fərqləri aradan qaldırmağa qadir deyil.
Başqaları isə belə düşünür ki, forma valideynlərdən pul yığmaq üçün əlavə vasitələrdən biridir”.

Dərsliklər, yoxsa kompüterlər?

Daha sonra qeyd edilir: “Dərsliklərlə dolu ağır məktəbli çantasını xatırlayırsınzmı? İndi vəziyyət dəyişilir: bir çox ölkələrdə dərsliklər anket və cədvəllər formasında dərslik materialları ilə əvəz edilir.
Xüsusən də internetə sərbəst çıxış olan ölkələrdə rəqəmsal inqilab dərsliyə sahib olmağa məhdudiyyət qoyulmasına imkan verib – indi istənilən dərs materialını birbaşa sinifdə planşet və noutbukla əldə etmək mümkündür.
Amma indiyə qədər mübahisələr var ki, indiki şagirdə kağız dərslik lazımdır, ya yox.
Məsələn, Britaniya məktəblərini götürək. Uzun illər burada hər dərsdən sonra şagirdlərə çap olunmuş dərs materialları təqdim etməyə üstünlük verilib.
Amma 2014-cü ildə hökumət dərsliklərin məktəblərə qaytarılmasına başlayıb. Belə ki, burada britaniyalı məktəblilərin Uzaq Şərq ölkələri məktəblilərindən dərsi mənimsəmədə geridə qalmaları əsas gətirilib.
Amma son zamanlar təhsil üzrə hökumətin yüksəkçinli məsləhətçisi bəyan edib ki, yaxın beş ildə dərsliklərdən birdəfəlik yaxa qurtarmaq lazım gələcək. Çünki rəqəmsal resursların müqabilində, dərsliklər çap edilən kimi, məzmunca köhnəlirlər.
Kembric Universiteti tərəfindən aparılan araşdırma göstərir ki, məktəb təhsili sahəsində daha uğurlu vasitə kimi dərsliklər tədris sisteminin əsasında durur.
Cənubi Koreya və Finlandiya dərsliklərin yayılması üzrə ən yüksək göstəricilərə malikdir: dərs alanların 95 faizindən çoxunun ən azından, bir dərsliyi var.
Bu iki ölkə PISA beynəlxalq reytinqində 5-ci və 6-cı yerləri tuturlar. Bu reytinq müxtəlif ölkələrdə 15 yaşlı şagirdlərin yoxlanılmasına əsaslanır.
UNESCO qeyd edir ki, Afrikanın Mərkəzi Afrika Respublikası və Kamerun kimi ölkələrində bir dərslikdən 10-12 şagird istifadə edir.
Ənənəvi kağız dərsliklərin tərəfdarları hesab edirlər ki, onların istifadəsi məktəblərə dərs vəsaitlərinə qənaət etməyə imkan verir və müəllimlərin üzərinə əlavə yük düşməsinin qarşısını alır. Onlar həm də bildirirlər ki, dərsliklər internetin məhdud və ya baha olduğu ölkələrdə yeganə əlçatan vasitədir.
Amma dərsliklərin əleyhdarları hesab edirlər ki, yoxsul ölkələrdə valideynlərn çoxu dərsliyə görə pul ödəməyə qabil deyillər. Həmçinin, əleyhdarlar bildirir ki, ənənəvi dərsliklər planşetlərlə rəqabət aparmaq gücündə deyil və müasir uşaqlar planşetlə dərs informasiyalarını daha yaxşı və tez alırlar”.

Tətillər uzundur: yay tapşırıqları lazımdırmı?

Tədris ilinin uzunluğu hər ölkədə güclü şəkildə fərqlənir – bir neçə ölkədə tədris ili digər ölkələrdə olduğundan 75 gün daha uzun ola bilər: “Məsələn, Çində tədris ili dünyada ən uzun tədris illərindən biri olması ilə fərqlənir -260 gün. Yaponlarda bu göstərici 243 gün, koreyalılarda 220 gündür.
İsrail, Almaniya, Rusiya və Zimbabve 210 günlük tədris ilinə malikdirlər, Kosta-Rikada, Boliviya və Cənubi Afrikada məktəblilər cəmisi ildə 180 gün və daha az dərsdə olurlar.
Fransa da özünün uzun dərs tətilləri ilə fərqlənir. Amma Fransada dərs günü 8 saata qədər uzanır. Qeyd etmək lazımdır ki, dərs günlərinin optimal uzunluğu ilə bağlı da mübahisələr var.
Statistika göstərir ki, PISA reytinqində ölkənin mövqeyi və yeri ilə dərs gününün hansı uzunluqda olması arasında heç bir əlaqə yoxdur. Dünyada təhsil sahəsində öncül liderlərdən olan Finlandiyada dərs gününün uzunluğu Fransada olduğundan 30 faiz azdır. Həmçinin müxtəlif ölkələrdə şagirdlər səhər müxtəlif vaxtlarda dərsə gedirlər – Braziliya və Keniyada səhər 7-də, Avstraliyada isə 09.30-da .
Ev tapşırıqlarının çoxluğu və yükü ilə bağlı da mübahisələr var.
ABŞ-dakı Braun Universitetinin araşdırmaçıları aydınlaşdırıblar ki, praktiki olaraq bütün ölkələrin mıəktəblərində aşağı sinif şagirdləri ev tapşırıqları ilə daha çox yükləniblər”.
Bir çoxları isə deyirlər ki, psixoloqlara görə, əgər valideynlər uşaqlara dərslərində kömək edə bilmirlərsə, bu, evdə dinc həyata və rahatlığa mane olur.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info