Azərbaycanlı pianoçu Türkiyədə Qarabağla bağlı layihə həyata keçirəcək
Tarix: 02.09.2015 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Nazilə Atayeva: “Məqsədimiz mədəniyyətimizi, dilimizi, tariximizi, adət-ənənələrimizi qorumaq və tanıtmaqdır”
Bu gün xaricdəki soydaşlarımız müxtəlif sahələrdə çalışmaqla da ölkəmizi təmsil edirlər. Müsahibimiz Nazilə Atayeva da xaricdəki belə həmvətənlərimizdəndir. O, Türkiyədə pianino müəllimi kimi dərs deyir, eyni zamanda ictimai fəallıq da göstərir. Qeyd edək ki, Nazilə Atayeva 1971-ci ildə Bakı şəhərində müsiqiçi ailəsində doğulub. Atası Mübariz Atayev mahir balaban və klarnet ustası olub. Nazilə Atayeva da gözünü açandan musiqi dünyasında böyüyüb.
-Yəqin ki, musiqiyə həvəsiniz ailənizdən gəlib.
- Bizim evimizdən məşhur müğənnilər, musiqiçilər əksik olmazdı. Atamın dostları Məmmədbağır Bağırzadə, Aftandil İsrafilov (qarmon), Çingiz Həsənov (nağara), Mais Salmanov (müğənni), Bəhruz Atayev (klarnet) kimi məşhur sənətkarların musiqilərini dinləyərək məndə musiqiyə çox böyük sevgi yaranıb. Mən 3 yaşından pianinoda ifa etməyə başladım. Məndə musiqiyə həvəsi görən valideynlərim məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə apardılar. 1978-ci ildə imtahan verib o məktəbin pianino bölümünə daxil oldum. Amma məktəbin direktoru görkəmli bəstəkar Nazim Əliverdibəyov valideynlərimə məni skripka bölümünə vermələrini xahiş etdi. Mən 8-ci sinifdə tarixi nəzəriyyə bölümünü imtahanla qazandım və məktəbi nəzəriyyəçi kimi 1989-cu ildə bitirdim. Həmin ildə də Azərbaycan Musiqi Akademiyasının tarixi nəzəriyyə kafedrasının xor dirijorluq fakültəsinə əla qiymətlərlə daxil oldum. Harmoniyadan Xanlar Qasımovun, xor dirijorluqdan isə Ləman Atakişiyevanın sinfini 1994-cu ildə bitirdim. Həmin ildə məni Azərbaycan Pedaqoji Universitetinin musiqi bölümündə xor dirijorluq dərsi verməyə dəvət etdilər. 4 il orda dərs dedim.
-Bəs nə vaxtdan pianino müəlliməsi olaraq çalışırsız?
-1998-ci ildə pianinoya olan sevgim məni Bakı Xoreoqrafiya Akademiyasına gətirdi. İmtahan vardı, mən də qatıldım və qalib oldum. Beləcə, pianoçu və pianino müəlliməsi kimi çalışmağa başladım. 2000-ci ildə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksinə (MTK) dəvət aldım və şəxsən ulu öndərimizin xeyir duası ilə o məktəbdə işə başladım. 2011-ci ilə qədər o məktəbdə Estetika fakültəsində Xalq artisti Eldar Quliyevin rəhbərliyi altında çalışdım. 2011-ci ildə Türkiyənin İzmir şəhərindən dəvət gəldi. İzmir Dövlət Opera Baletinə pianoçu lazım idi. Mən də bu təklifi qəbul etdim. 2011-ci ildən İzmir Dövlət Opera Balesində çalışıram. İzmirə gəldikdən sonra operadan başqa çoxlu özəl musiqi məktəblərindən də təkliflər gəldi. Mən qəbul etdim və bu məktəblərdə solfecio, xor, balet pianoçusu və pianino müəllimi kimi çalışmağa başladım.
-Türkiyədə tələbələriniz varmı?
-Bəli, çox tələbələrim var. Onların arasında çox istedadlı olanları da var. Biz burada konsert proqramları veririk, festivallarda çıxış edirik. Bu il inşallah, "Mocart Akademi" pianino yarışmasına (konkurs) qatılmağı düşünürük. Mənim burda əsasən balet pianoçusuyam. Bu sahənin dünyada təhsili yoxdur. Buna sadəcə praktikayla çalışaraq nail ola bilərsən. Çünki balet pianoçusu balet dərslərində notdan heç bir şey ifa etmir. Sadəcə, improvizasiya (yəni kiçik əsərlər) ifa edir. 1,5 saat dərs boyunca 40-50 hərəkət varsa, onların hamısına o anda kiçik əsərlər bəstələməlisən. Bu da asan deyil. Mən arzu edərdim ki, Azərbaycanda Musiqi Akademiyasında pianoçular üçün belə bir bölüm aşılsın və onun təhsili verilsin ki, bu sənət ölməsin.
-Azərbaycanın təbliği ilə bağlı Türkiyədə hansı işlər görürsüz?
- Biz Azərbaycan qadınları, burada "Azərbaycan Qadınları Mədəniyyət Dərnəyi"ni açmışıq. Rəhbərimiz Cəvahir Əhmədovadır. Mən bu dərnəyin qurucularından biriyəm. Dərnəkdə məqsədimiz mədəniyyətimizi, dilimizi, tariximizi, adət-ənənələrimizi qorumaq və tanıtmaq, buradakı Azərbaycan ailələrinin bir-biri ilə sıx əlaqəsini saxlamaqdır. Uşaqlarımızın Azərbaycan dilini unutmamaları üçün çalışırıq. Bizim dərnəyin fəaliyyəti genişdir. 20 Yanvar, Xocalı soyqırımı günlərində broşürlər çap etdirib küçələrdə 5000 insana payladıq. Həmçinin ehsanlar verdik, “Quran” oxutduq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, 8 Mart, Novruz bayramlarını qeyd edirik. Hətta Novruz bayramında TRT AVAZ-da çəkilişlərdə olduq, adət-ənənələrimizdən danışdıq. Bələdiyyə sədrləri ilə görüşlərə qatılırıq. Azərbaycanımızla əlaqəli məlumatlar veririk. Bu ay çox böyük bir layihəmiz var. "Qarabağlılar Qarabağı gözləyir" adlı layihəmiz İzmir Qarabağlar bələdiyyə sədri Mühiddin Selvitopunun marağına səbəb olub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info