Hamının Qəzənfər Kazımov kimi tanıdığı Sabir Verdiyev
Tarix: 02.09.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


(Mənim xatirələrimdə)
Qəzənfər müəllimlə ilk tanışlığım tələbəlik illərinə təsadüf edir. Üçüncü kursa təzə başlamışdıq. Ona görə də bəzi yeni gələn müəllimləri yaxşı tanımırdıq. Dəhlizdə elanlar guşəsindən asılan dərs cədvəlində müəllimlərin soyadları da qeyd olunurdu. Həmin cədvəldə keçəcəyimiz "Müasir Azərbaycan dili-3" (Morfologiya) fənninin altında Q.Kazımov ( Qəzənfər Kazımov yox ha) yazılmışdı. Biz onda bu imzanı yaxından tanımırdıq. Yaxşı yadımdadır, tələbə yoldaşlarımdan biri dedi ki, bəlkə, bu "Q.Kazımov" orta məktəbdəki Azərbaycan dili dərsliklərinin müəllifi olan Qəzənfər Kazımovdur. Ancaq hələ də kimliyini dəqiq bilmirdik. Bu söhbətdən bir müddət sonra 605 nömrəli sinif otağında mühazirədəydik. Dərsin ortasında qapı açıldı və kafedra müdrümüz Fikrət müəllim içəri daxil oldu. Özü də yanında tanımadığımız bir adamla. Orta boylu, dolu bədən quruluşlu əynində tutqun səma rəngli kostuyum, göyümtül köynək olan gümüşü saçları səliqə ilə yana daranmış bu nurani simanı mən canlı olaraq ilk dəfə görürdüm... Kiçik söhbətdən sonra tanımadığımız bu insanı Fikrət müəllim özünəməxsus təbəssümlə bizə təqdim etdi: "Məşhur müəllim istəyirdiniz. Bu da sizə məşhur bir müəllim. Professor Qəzənfər Kazımov"... Mən uşaq kimi sevinirdim. Çünki orta məktəbdə kitablarından dərs keçdiyimiz, çalışma həll etdiyimiz, adını və imzasını daha çox müəllimlərimizdən eşitdiyimiz bir adam - canlı əfsanə indi bizim qarşımızda dayanmışdı. Özü də bizə dərs keçəcəkdi. Həmin gündən etibarən Qəzənfər müəllimlə tanışlığım başladı. Onu daha yaxından tanıdım. Professor bizə ardıcıl olaraq "morfologiya və sintaksisi" tədris etmək üçün dəvət olunmuşdu. Zaman keçdikcə bu sevimli insanı, onun şəxsiyyətini, çoxşaxəli yaradıcılığını daha yaxından tanıyırdım. Sözün düzü, mənim Azərbaycan dilini sevməyimdə, ixtisasıma meyil etməyimdə professorun rolu böyükdür. Onun keçdiyi dərslər, apardığı mühazirələr bu gün də yadımdadır. Mən hələ bir dəfə görmədim ki, Qəzənfər müəllim keçdiyi hər hansı bir dərsi adi misallar üzərində izah eləsin. Həmişə fikirlərini bədii ədəbiyyatdan gətirdiyi uğurlu və tutarlı nümunələrlə əsaslandırardı. Hətta bəzən nümunənin hansı əsərdə kimin dilindən nə məqsədlə deyilməsinə kimi izah da verərdi. Onun bu xüsusiyyəti məni daha da dilə yaxınlaşdırırdı. Mühazirələr o qədər axıcı keçirdi ki, yorulmurdum. 90 dəqiqənin necə keçdiyini bilmirdim, maraqla müəllimi dinləyirdim. Dərsdə yaranan ən gərgin anlarda belə bu nəhəng alim bizə stimul verirdi, duzlu-şirin söhbətləri ilə yornuğumuzu çıxardırdı. Mən deyərdim ki, Qəzənfər Kazımov Sabir kimi ciddi gülüş ustasıdır. Dediyi sözlər, işlətdiyi ifadələr təfəkkürü, düşüncəni xeyli fəallaşdırırdı. Elə misallar işlədirdi ki, onlar tələbələrinin zövqünü oxşaya bilirdi. Heç yadımdan çıxmaz. Bir dəfə dərsin ortasında müəllimə zəng gəldi. Telefonu da adətən pencəyinin yan cibinə qoyardı. Danışıb qurtardıqdan sonra dedi ki, bəs müstəntiqdir. Deyir, cani tutmuşuq, ancaq kimliyini müəyyən edə bilmirik. Tutduqları cani deyib ki, beyninin qatığını dağıdaram. Öyrənmək istəyir ki, bu ifadə hansı ərazidə işlənir... Əlbəttə, bütün bunlar bizə maraqlı gəlirdi. Müəllimin hətta dialektdə işlətdiyi sözlər belə bizə axıcı, rəvan, şirin gəlirdi. Qəzənfər müəllim qiymətləndirmədə də obyektiv və düzgün idi. Hətta yekun imtahanların birində qiymətim 3 bal aşağı olmuşdu. Düzü, mən qiymətimin aşağı olmasına etirazımı bildirdim. Sualları düzgün cavablandırmışdım. Üstəlik də bir neçə əlavə vərəqdən istifadə etmişdim. Məni kimi bir neçə tələbə yoldaşımın da balı aşağıydı. Qiymətimə yenidən baxılması üçün komissiyaya müraciət etdim. Onda qiymətləndirmə şöbəsinə Şəhla adlı tələbəyönümlü, alicənab, ziyalı bir xanım rəhbərlik edirdi. O da mənim qiymətim düzəldilməsinin tərəfdarı idi. Çünki həm əlaçıydım, həm də müəllimlərim məni çox istəyirdilər. Ortada yanlış bir anlaşılma var idi ki, o da sonradan məlum oldu. Əslində şikayət etmək üçün deyil, kömək üçün müraciət etmişdim. Məni çağırdılar: Məsuliyyətdən doğan həyəcanın müşayiəti ilə professorla üzbəüz əyləşdim. Sonra işimi, daha doğrusu, cavablarımı gətirdilər. 5 sualın 4-nə haqlı, qəbul etdiyim və istədiyim qiymət yazılmışdı. Yalnız beşinci praktik sualda balım aşağıydı. Onun da səbəbini izah elədi. Məlum oldu ki, imtahanı Qəzənfər müəllimlə yanaşı, sevimli Baba müəllim də yoxlayıb. Professorun apardığı mühazirənin seminarını digər yarımqrupda özü, bizdə isə Baba müəllim aparırdı. Bu tip sualların qiymətləndirilməsində müəllimlərin yanaşması bir az fərqli olub. Mən cavabı seminarlarda işlətdiyimiz, müzakirələrdə qəbul etdiyimiz misallarda olduğu kimi yazmışdım. Sən demə, Qəzənfər müəllim digər yarımqrupumuza bu haqda dərslərdə məlumat veribmiş. Yəni, sualın həlli istiqamətində məlumatı nəzərdə tuturam. Sual çətin deyildi. Sadəcə, görünür, mən dayaz yanaşmışdım. Özü də bildiyim bir şeyə... Nəticə də o oldu ki, qiymətim düzəlmədi, əvvəlki kimi qaldı. Əslində qərar haqlı idi, səhv mənim idi. Buna görə də heç incimədim, pis olsam da... Sonralar Qəzənfər müəllimi ya dəhlizdə görərdim, ya da kafedrada. Arada cavabını tapmadığım suallarım olanda, çətinliyim olanda yaxınlaşıb soruşurdum da. Qəzənfər müəllimlə növbəti daha yaxın ünsiyyətimiz IV kursda oldu. Dekanlıq diplom işinə düşən tələbələri auditoriyaya yığıb sadəcə mövzuların adları olan siyahı vermişdi. Ancaq müəllimləri, elmi rəhbərlərin kimliyini hələ bilmirdik. Qrup yoldaşlarım öz maraq dairələrinə, istəklərinə uyğun olan mövzuları seçirdilər. Mən də öz mövzumu seçdim. Dədə Qorqudla bağlıydı. sonradan kafedradan bildirdilər ki, sənin elmi rəhbərin Q.Kazımovdur. Bu mənim üçün olduqca böyük qürur, böyük məsuliyyət və şans demək idi. Çünki mən proffessoru indi yaxşı tanıyırdım, yaradıcılığına və imzasına bələd idim, onun dilimiz, dilçiliyimiz üçün əhəmiyyətini daha da yaxşı dərk edirdim. Rəhbərim olduğunu özünə dedim. Dedi ki, İlkin, o vaxtı da sənə kömək edə bilmədim, indi sənə kömək edəcəm, narahat olma. Müəllimim məni unutmamışdı. Həmin an yenidən qələm yoldaşı olduğuma hədsiz dərəcədə sevinirdim. Qəzənfər müəllimin belə düşünməsi, həmin əhvalatı unutmaması elə bir böyüklük idi. İşin hazırlanması prosesində məni zərrə qədər də olsun incitmədi. Əksinə, yol göstərdi, istiqamət verdi, ədəbiyyat tapmağıma köməklik etdi. Nəticədə işim müvafiq tələblərə uyğun hazır oldu və mən müdafiəyə buraxıldım. Attestasiya komissiyasının sədri də BDU-dan prof. Şamil Vəliyev idi. Həyəcan da, məsuliyyət də artmışdı... Qəribədir, Qəzənfər müəllimlə illər əvvəl tanış olduğumuz sinif otağında indi müdafiə edirdim və bu tələbəlik həyatının son anlarıydı. Nəhayət müdafiə növbəsi mənə də çatdı və mən kürsiyə çıxdım. Reqlamentə uyğun danışmağa başladım. Yarıda saxlayıb suallar verdilər. Mən də cavablandırırdım. Çıxışımın qarşılığında Şamil müəllimdən "gözəl aydın nitqin var, maraqlı danışırsan, üzərində işləsən, çalışsan gələcəkdə dilçi ola bilərsən" fikirlərini səsləndirməsi, nə yalan deyim, mənim üçün böyük bir sevinc idi... müdafiə qurtardı. Hamımız səbirsizliklə nəticələri gözləyirdik. Və nəhayət həmin an gəldi. Nəticələr elan olundu. Ən yüksək qiyməti mən almışdım. 5 (əla) almışdım. Bunun əhəmiyyəti böyük idi. Çünki qırmızı diplom üçün bu zərurət idi. Axı əlaçı tələbəydim... Bunun sayəsində də institutu qıpqırmızı diplomla başa vurdum.( qıpqırmızı sözünə gülməyin, sevindiyimdəndir...) Müdafiəmdən 6 gün sonra hərbi xidmətə yollandım. Beləliklə də, Qəzənfər Kazımovla tanışlığımın birinci mərhələsi başa çatdı. Bu insana getdikcə sevgim, hörmətim daha da artırdı. Hətta hərbi xidmətə gedəndən sonra evmizdən kitablarımın ikisini-Q.Kazımovun "Morfologiya"sını və B.Vahabzadənin "Lirika"sını yanıma gətizdirmişdim. İmkan və şərait olanda oxuyurdum. Mümkün olan kimi qəzetlərə də bir göz gəzdirirdim. Çünki arzularım var idi, ixtisasımı yaxşı öyrənməliydim. Arzularımın reallaşması öz gücümdən, təhsilimdən, oxumağımdan asılı idi. Onun üçün çalışırdım ixtisasımdan uzaq düşməyim... Hərbidən qayıdandan sonra təhsilimi davam etdirdim. (Magistraturaya getməmişdən qabaq imtahan verib qəbul olmuşdum). Dərs açılan kimi köhnədən-təzədən olan pal-paltarımı, ixtisas kitablarımı yığıb Naxçıvana yola düşdüm. Dərslər nizama düşəndən sonra mənə dissertasiya mövzusu verdilər. Açığı mövzunu bəyənmədim, dəyişmək istədim. Bu fikrimi kafedra müdiri prof. gözəl insan E.Maqsudova bildirdim. Yenə məlum oldu ki, mövzu səhvən dəyişik düşüb. Elə bu haqda danışırdıq ki, içəri bir xanım daxil oldu. Elbəyi müəllim bizi tanış elədi. Xoşbəxtlikdən bu xanım-Mətanət müəllim mənim elmi rəhbərim imiş. Yenə mövzunu dəyişmək istədiyimi bildirdim. Düzü, pis olmuşdum mövzu üçün. Bəlkə də, fikrimi bir az sərt ifadə eləmişdim:" Mən öyrənmək istəyirəm, məni öyrədin, çətin mövzu verin, özüm işləyim, öyrənim". Görünür, bu fikir Elbəyi müəllimə də, Mətanət müəllimə də xoş gəldi və bizi daha da yaxınlaşdırdı. Mənə dedilər ki, onda mövzunu özün seç.( çox sağ olsunlar, mənə dəstək oldular, mənəvi dayaq nümayiş etdirdilər)... Həmin vaxt Qurban bayramı ərəfəsi olduğundan bayram üçün evmizə gəlirdim. Onlara dedim ki, qayıdanda mövzunu deyəcəm sizə. Gedim bir qəzənfər müəllimlə də məsləhətləşim, sizə xəbər edərəm. Bakıya gələn kimi ilk işim Qəzənfər müəllimlə görüşmək oldu, vəziyəti izah elədim. O da sağ olsun kömək etdi. Qərara gəldim ki , dissertasiya işim cümlə sintaksisindən olsun. Bu görüşdən sonra münasibətimiz daha da isinişdi. Tez-tez əlaqə saxlayırdım. Hərdən də işlədiyi Dilçilik İnstitutuna, Azərbaycan Müəllimlər İnstitutuna gedirdim. Belə görüşlərin birində soruşdu ki, kitab versəm apararsanmı Naxçıvana? -Əlbəttə, apararam.Onsuz da gələndə də, gedəndə də yükümün yarısı kitab olur. Razılaşdıq ki, kitabları götürmək üçün akademiyada görüşək. Vədələşdiyimiz vaxtda görüşdük, özü ilə mənim üçün 5-6 kitabını da hədiyyə gətirmişdi. Hətta sonralar Seçilmiş əsərlərinə daxil olan VI cildi də mənə bağışladı. O qədər sevinirdim ki! Təsəvvür edin ki, hələ tələbə olanda bu kitabı əldə etmək üçün nə qədər səy göstərmişdim. Satışda da tapılmırdı. Özündən də bir neçə dəfə istəmişdim. Hər dəfə də zarafatyana deyirdi ki, (Ə) neynirsən, magistrant deyilsən, doktorant deyilsən! Morfologiya və Sintaksisin var, bəsindir. Onları yaxşı oxu.Bütün bunlar, bu gediş-gəliş Qəzənfər müəllimi mənə daha yaxından tanıdırdı, sevdirirdi. Təsadüfi deyil ki, mən həmişə bu nəhəng şəxsiyyətdən danışanda onu canlı dilçilik ensiklopediyası adlandırıram. Çünki dara düşən kimi, bu qocaman müəllimin yanına qaçıram. Onunla hər ayaqüstü 10 dəqiqəlik söhbət belə mənə bir faydalı auditoriya saatı kimi gəlir. Heç yadımdan çıxmaz "Filolgiya məsələləri"nə nəşr olunması üçün məqalə verirdim. Ancaq bunun üçün bir dilçi rəy verməliydi. Mənim isə vaxtım azıydı. Çünki jurnal artıq çapa yığılırdı. Zəng vurdum professora ki, yazımı gətirim, baxın. Yazımı götürüb getdim akademiyaya. V mərtəbədə işlədiyi şöbənin qarşısında-dəhlizin başında qarşılaşdıq. (Adətən məni görəndə deyirdi, yenə nə gəzirsən, niyə indidən mübahisəli məsələlərə girişirsən?!) Elə ordaca yazımı oxudu. Mən də müəllim oxuya-oxuya izah edirdim fikirlərimi. Qəzənfər müəllimin yazıma münasibəti gözlədiyimdən də yaxşı oldu: " Yaxşı yazmısan, bişkin cümlələrin var, sən işləyə bilərsən, sən dissertasiya yaza bilərsən. Gəlirlər, mövzu götürürlər amma işləmirlər. Magistraturanı qurtar, bekar dayanma, gəl bura mövzu götür, işlə, səndən nəsə olacaq". Professorun həmin anda dediyi bu sözlərin yaratdığı sevinci, daxili həyəcanı indi heç bir sözlə ifadə etmək mümkün deyil. Daha da ümidlənmişdim. Belə bir şedevrdən həmin sözləri eşitmək mənim üçün böyük qürur, böyük məsuliyyət, böyük dəstək idi. Daha da ruhlanmışdım. Dilçiliyə aid qaranlıq məsələlər olanda professora müraciət edirdim. O da sağ olsun, fikirlərimi dəyərləndirir, qiymətləndirir, izah edirdi. Elə bu ilin yazında da bir neçə sualla instituta getmişdim. Dərsdə olduğundan kafedrada gözlədim. Gəldi, hal-əhvaldan sonra bir çay içdi. Sonra suallarımı cavablandırmağa başladı. Sualım söz yaradıcılığı ilə bağlıydı. Əslində cavabını bilirdim. Ancaq professorun təsdiqi və qəbulu əminlik üçün lazım idi. Sualım haqda 4-5 mənbədə olan məlumatı deyəndən sonra, cibimdən çıxartdığım qat kəsmiş əl boyda bir kağız parçasına bir neçə söz yazıb, fikirlərimi onlar üzərində izah elədim. Vərəqi alıb baxdı və dedi:" Düz deyirsən, məntiq var, ağılabatan fikirdir, qəbul eləmək olar". Bu, Qəzənfər Kazımovun böyük pedaqoji ustalığı idi. Hər kəs bunu bacarmır. Heç bir dərəcəsi, vəzifəsi olmayan sıradan bir tələbəyə, onun fikirlərinə dəstək olması, onu qiymətləndirməsi professorun adına olduqca təqdirəlayiq bir haldır. Bəlkə, bunlar adi görünə bilər. Ancaq mənim üçün böyük stimul verir, yaradıcılıq eşqi yaradır. Müəllimimin bu qayğı və münasibətini heç vaxt unutmayacam. Çünki ixtisasımı sevməkdə Q.Kazımov şəxsiyyətinin rolu danılmazdır. Onun tənqidi də elmi və obyektivdir. İnkişafa xidmət edir. Şübhəsiz ki, əksəriyyət bu şedevrin əsl adını və soyadını bilmir. Əslində hamının Qəzənfər Kazımov kimi tanıdığı bu nəhəng dilçi alimin əsl ad və soyadı Sabir Verdiyevdir. Bu haqda özünün yazdığı xatirələrdə, ayrı-ayrı təqdiqatçılar tərəfindən aparılmış monoqrafik tədqiqatlarda məlumat verilir. Həmin materiallardan da, xatirələrdən də məlum olur ki, illər əvvəl "hamam sumkası"nı yığıb Bakıya səfər edən professorun həyat yolu heç də asan olmamışdır. Gərgin əmək, zəhmət, məsuliyyət və sevgi ilə bu günki mərtəbəyə yüksəlmişdir. Təbii ki, mənim Qəzənfər müəllim haqqında xatirələrim bunlarla kifayətlənmir. Bir neçə ay sonra bu dilçilik məktəbinin-Q.Kazımovun 80 illik yubileyi gəlir. Sadəcə istədim ki, Qəzənfər müəllimlə bağlı yaddaşımda qalan xatirələri bölüşüm. Ustad, Sizə möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Dilimizin taleyüklü məsələlərini öz çiynində daşıyan sütunlardan biri kimi varlığınız və qələminiz bizim üçün, dilçiliyimiz üçün olduqca böyük xoşbəxtlikdir. Dərin hörmət, sonsuz sevgilərimlə ana dilimizə xidmət edən o qələminizin qarşısında baş əyirəm!!!

İlkin Əsgər




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info