“Qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı?”
Tarix: 03.09.2015 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


“Media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Görün, bunlarla bağlı cənab Lidinqton bir dəfə bəyanat veribmi?”
Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun AZƏRTAC-a müsahibəsini təqdim edirik:
- Hörmətli Novruz müəllim, Xədicə İsmayılovanın məhkəməsinin nəticəsi ilə bağlı Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqton çox narahat olduğunu bildirib və Azərbaycana bir neçə çağırış yönəldib. Bununla bağlı siz nə deyə bilərsiniz?
- Bəli, belə bir bəyanat nazir tərəfindən səsləndirilib. Hər şeydən əvvəl onu demək istəyirəm ki, bu, David Lidinqtonun Azərbaycanla bağlı ilk mövqeyi deyil. O, Avropa üzrə nazir olmasına baxmayaraq, Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarır və dəfələrlə bunu edib. Avropa işləri üzrə nazir olsa da, görünür, Azərbaycandakı proseslər cənab naziri nə üçünsə ən çox maraqlandıran məsələdir. Bu sahədə həmişə birinci olmaq istəyir. Elə buna görə də Avropa İttifaqının digər rəsmilərini qabaqlamağı qərara alıb və buna nail olub. Öz bəyanatında cənab nazir Azərbaycanı qanunun aliliyinə əməl etməyə çağırır. Lakin David Lidinqtonun özü isə beynəlxalq hüquq və öhdəliklər barədə susmağı üstün tutur. Ona sual ola bilər ki, qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı? Nə üçün Birləşmiş Krallığın adından, fürsət düşən kimi, Azərbaycanla bağlı subyektiv bəyanatlar verir və mövqe bildirir, lakin beynəlxalq hüququ bu illər ərzində, heç olmasa, bir dəfə yada salıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qaçqınlarla bağlı mövqe bildirmir. Cənab Lidinqton Avropa üzrə nazirdir və Avropada gedən proseslərlə bağlı mövqe bildirsə daha yaxşı olardı. Üç ildən artıqdır bütün hüquqlarından məhrum olmuş, həbs şəraitində sığınacaq tapmış Julyen Asanjla bağlı insan hüquqları baxımından bir bəyanat versəydi, o, doğrudan da qərəzli olmadığını nümayiş etdirərdi. Azərbaycandakı proseslər isə həm Azərbaycan qanunları, həm də beynəlxalq hüquqa uyğun aparılır. David Lidinqtonun haqqında bəyanat verdiyi şəxs cinayət əməlinə görə məsuliyyətə cəlb olunub. Yaxşı olardı ki, cənab Lidinqton Avropada media ilə bağlı baş verən proseslərə münasibət bildirsin. Araşdırmalar göstərir ki, media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub. Görün, bunlarla bağlı cənab Lidinqton bir dəfə bəyanat veribmi? Son vaxtlar miqrantlarla bağlı proseslərin yaranmasının, indiki böhran həddinə çatmasının, onların çoxlu sayda həlak olmasının məsuliyyəti Aİ-nin üzərinə düşür. Bu hadisənin həm siyasi, həm insan hüquqları baxımından təhlil edilib nəticə çıxarılması Aİ strukturlarının bir nömrəli vəzifəsidir. Cənab Lidinqton və digər məsul rəsmilər bu məsələ ilə məşğul olsalar daha yaxşı olar. Təəssüflə deməliyik ki, özlərini media azadlığının carçısı sayan Aİ strukturlarının nümayəndələri, eləcə də cənab David Lidinqton bir dəfə də olsun bu hadisələrdən danışmırlar. Belə olan halda öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranların niyyəti, məqsədi nədir? Bütün bunlar Azərbaycana qarşı qərəzli və məkrli niyyətlərin göstəricisindən başqa bir şey deyil. Bir də onu bildirmək yerinə düşər ki, Azərbaycan müstəqil daxili və xarici siyasəti olan dövlətdir, onun daxili işlərinə qarışaraq qərəzli bəyanatlar verməyə heç kimin hüququ yoxdur.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info