Səlim Müslümov Ankarada G20 qrupu ölkələrinin əmək və məşğulluq nazirlərinin toplantısında çıxış edib
Tarix: 04.09.2015 | Saat: 01:50:00 | E-mail | Çapa göndər


Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısı keçirilir. Tədbirdə əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviqi, insan resurslarının inkişafına investisiyanın artırılması, işçi qüvvəsinə tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunur. Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin insan resurslarının inkişafına sərmayənin artırılması üzrə “G20 üzrə Bacarıqlar Strategiyası”na həsr olunan sessiyasında çıxış edib. Nazir ilk növbədə dünyanın aparıcı dövlətlərinin beynəlxalq iqtisadi əməkdaşlıq məsələləri üzrə qərar qəbul edici forumu olan G20 platformasına Azərbaycan Respublikasının dəvət olunmasına görə Türkiyə Cümhuriyyəti Hökumətinə minnətdarlığını ifadə edib. O, G20 ölkələrinin hazırki dövr üçün “İnkluzivlik, implementasiya və investisiyalar” prioritetləri çərçivəsində güclü və dayanıqlı, kifayət qədər iş yerləri olan iqtisadiyyatın formalaşdırılması əsasında işsizliyin azaldılması, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, bacarıqların artırılması və əmək məhsuldarlığının yüksəldilməsi məsələlərinin Azərbaycan üçün də olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
S.Müslümov Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası nəticəsində müasir infrastruktur və çoxsaylı enerji layihələrinin icrası, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun və regionların, sahibkarlığın inkişafı sahəsində əldə olunan nailiyyətlərin ölkədə dayanıqlı iqtisadi artım üçün möhkəm təməl yaratdığını diqqətə çatdırıb. 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının, 2014-cü ilin sonunda isə 75%-nin Azərbaycanın payına düşdüyünü qeyd edən nazir bildirib ki, Davos İqtisadi Forumu 2014-cü il üçün hesabatında Azərbaycanı iqtisadiyyatın rəqabətə davamlılığına görə 144 ölkə arasında 38-ci yerə layiq görüb, “Moodys”, “Fitch Ratings”, “Standart and Poors” kimi reytinq agentlikləri isə ölkəmizin reytinqini davamlı olaraq artırıb.
Azərbaycan hökuməti tərəfindən düzgün fiskal siyasətin həyata keçirilməsi, o cümlədən sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bu dövrdə respublikada 1 mln. 400 min yeni iş yeri açılıb, iqtisadiyyata 180 mlrd. dollar investisiya yatırılıb, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olub. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə çoxalıb, işsizlik səviyyəsi 10,6 %-dən 4,9 %-dək, yoxsulluq səviyyəsi 44,7 %-dən 5%-dək azalıb: “Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən davam edən işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyin və yoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı yavaşıdır.
Nazir bildirib ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, dinamik iqtisadi inkişaf, yeni texnika və texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi, yeni istehsal üsullarının meydana gəlməsi ölkənin əmək bazarında yüksək təhsil səviyyəsinə malik olan işçi qüvvəsinə tələbatı artırır və bu, ölkənin iqtisadi artımı üçün əsas şərtlərdən birinə çevrilir. İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsi və bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunması ölkədə dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətidir: “Bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi işləri görülür. Bu baxımdan, işçi bacarıqlarının formalaşdırılması, inkişafı və istifadəsi üçün əsas prinsipləri müəyyən edən “G20 Bacarıqlar Strategiyası” (“G20 Skills Strategy”) Azərbaycan üçün də olduqca aktualdır”.
Azərbaycanda işsiz və işaxtaran vətəndaşların, xüsusən həssas əhali qruplarının əmək bazarına daha tez inteqrasiyası məqsədilə məşğulluq orqanlarının institusional və kadr potensialının daim təkmilləşdirildiyini qeyd edən S.Müslümov işsiz vətəndaşların işlə təminatı, peşə hazırlığı və peşəyönümü, əmək yarmarkaları, habelə gənclər üçün xüsusiləşdirilmiş yarmarkalar, əmək birjaları barədə məlumat verib. O, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi işlərindən bəhs edərək, sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin tətbiqi, peşə reabilitasiya mərkəzlərinin yaradılması və s. tədbirləri diqqətə çatdırıb. Nazir həmçinin sosial tərəfdaşlıq prinsipləri əsasında kompleks yanaşmaların, innovasiya elementlərinin tətbiqi ilə daha yüksək keyfiyyətli məşğulluq xidmətlərinin göstərilməsi üçün aparılan işlərdən bəhs edib: “Hər bir ölkə üçün gənclər siyasətinə yönəldilmiş vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir. Beynəlxalq təcrübə göstərir ki, bu gün dünya ölkələrində daha çox aktual olan gənclərin məşğulluq probleminin həlli üçün siyasi iradə və müasir yanaşmaların mövcudluğu əsas şərtlərdən biridir”.
S.Müslümov vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi artım, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. “BƏT-lə birgə gerçəkləşdirilən və bir qrup gəncin əmək haqqının yarısının 6 ay ərzində BƏT-in vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan layihə nəticəsində bu gənclərin 90 faizi sonradan işəgötürən tərəfindən öz iş yerində saxlanıldı. Biz belə eksperimentlərin artırılmasını və G20 ölkələrinin bu tipli layihələri dəstəkləməsini arzulayırıq”.
Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin 9,7% olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu diqqətə çatdıran S.Müslümov bildirib ki, məhz bu səbəbdən, Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10 lider ölkə sırasına daxil edilib: “Azərbaycan hökumətinin əsas səyləri dayanıqlı iqtisadi artıma və əhalinin sosial rifahının yüksəldilməsinə, xüsusilə əlilliyi olan şəxslərin, ahılların, qaçqın və məcburi köçkünlərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin potensial imkanlarından tam istifadəsi üçün əmək bazarına açıq, inklüziv və bərabər hüquqlu çıxış imkanlarının yaradılmasına yönəldilib. Ölkədə məşğulluq siyasəti daim təkmilləşdirilir. Hazırda mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün yeni Məşğulluq Konsepsiyası hazırlanır”.
Nazir bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmış bilik və bacarıqlara malik olan işçi qüvvəsi vasitəsilə ölkədə dayanıqlı, tarazlaşdırılmış və inkluziv iqtisadiyyatın artımına Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq müasir yanaşmalar və innovativ metodlardan istifadə edilərək nail olunacağını vurğulayıb: “Bu forumda qəbul ediləcək G20 Əmək və Məşğulluq Nazirlərinin Bəyanatında öz əksini tapan siyasi məqsədlər və əldə olunmuş G20 ölkələrinin təcrübəsi gələcək fəaliyyətimizdə geniş istifadə olunacaqdır”.
Azərbaycanda dayanıqlı inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq imkanlarının artırılması, xüsusən gənclərin məşğulluğu, işsizliyin kəskin şəkildə azaldılması, daha inkluziv əmək bazarının formalaşdırılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi yönündə aparılan işlər və əldə olunan uğurlar barədə məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirin yekunu olaraq G20 Əmək və Məşğulluq Nazirlərinin Bəyanatının imzalanması nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info