Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub
Tarix: 04.09.2015 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb.
Daha sonra Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.
Parisin 1-ci rayonunun meriyasının binasında açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinə Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimləri qatılıb.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının mühüm mövzuya – tolerantlıq mövzusuna həsr edildiyini qeyd edərək, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayaraq, Azərbaycanın birinci xanımının hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini qeyd edib. Reza Diqətinin bu dəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir və bu sərgi ölkədəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.
Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirərək, hazırkı mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan - Azərbaycan olduğunu qeyd edib.
Tədbirin təşkilatçısı Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir.
Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışaraq, bu kitabların ölkənin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.
Sonra Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.
Mehriban Əliyevanın da açılış mərasimində iştirak etdiyi “Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilindən əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.
Tədbirin aparıcısı Azərbaycan haqqında qonaqlara ətraflı məlumat verib.
Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirib ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcəklər.

Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu əlaqələrin genişləndiyini bildirib. “Xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib”, deyə birinci xanım qeyd edib.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırdığını bildirib. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən Jan Fransua Löqare bu cür tədbirlərin ölkələr arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını bildirib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Mehriban Əliyevanı Heydər Əliyev Fondu tərəfindən bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə təbrik edib. O, ölkədə birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırıb.
Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar.
“Azərbaycan şəhərciyi”ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunub.
Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı fotosərgi təşkil olunub.
Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilib.
Qeyd edək ki, “Azərbaycan şəhərciyi” sentyabrın 9-dək fəaliyyət göstərəcək.
Daha sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdim olunub.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info