Avropa müsəlman miqrantlara qarşı dözümsüzlük göstərir
Tarix: 08.09.2015 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Bir çox Avropa ölkələrinin hökumətləri “yalnız xristian miqrantları qəbul edəcəklərini” bildiriblər

Avropa Birliyi Yaxın Şərqdən və Afrikadan gələn immiqrasiya dalğasına bürünüb və bu böhran Avropanı çalxalamaqdadır. Şərqi Avropanın AB-yə üzv dövlətləri eyhamsız-filansız bildirirlər ki, onlar Suriya, Liviya və İraqın bədbəxtliklərində heç bir məsuliyyət daşımırlar.
Ekspert Berşidski qeyd edir ki, “qocalmış” Avropa Birliyi ölkələrində immiqrantların qəbulu iqtisadi baxımdan doğru addımdır.
“Der Spiegel”də müəlliflər Kristina Xebel və Severin Vayland isə yazır ki, qaçqın böhranı Avropanı dağıtmaqdadır. Onlar yazının başlığına Çexiya prezidentinin sözlərini çıxarıblar: “Qaçqınları bura heç kim dəvət etməyib”.
Macarıstanda isə ağır situasiya yaranıb - bu günlərdə minlərlə qaçqın Budapeştə yığılaraq, oradan Avstriya və Almaniyaya keçməyə çalışır. Məqalədə bildirilir ki, bu baxımdan Budapeştdə izdihamlı səhnələrə tez-tez rast gəlinir.
Amma Macarıstanın baş naziri Viktor Orban hesab etmir ki, onun ölkəsinin bu barədə problemi var: “Bu problem Almaniyanındır”. Çünki qaçqınlardan heç kim Macarıstanda qalmaq istəmir, hamısı Almaniyaya keçmək istəyir. Bundan başqa, Orban müsəlmanlara sığınacaq verilməsini şübhə altında qoyur: “Yoxsa Avropa özünün xristian dəyərlər sistemini, çətin ki, qoruyub saxlaya bilsin”.
Şərqi Avropanın hakimiyyətləri, macarlar kimi, məhdud sayda qaçqınları qəbul etməyə razıdırlar, onlar bunun üçün məhdud miqrasiya siyasətini əsas gətirirlər - Qərbi Avropa ilə müqayisədə zəif iqtisadiyyat və terror təhlükəsi, yaxud miqrasiya məsələlərində adi təcrübə çatışmazlığı arqument kimi ortaya qoyulur.
Jurnalistlər qeyd edir ki, xüsusilə Polşa hökuməti Ukraynadan çoxlu sayda qaçqın qəbul etdiyini əsas gətirir.
Yuxarıda qeyd edildiyi kimi, Çexiya prezidenti Miloş Zeman az öncə bəyan etmişdi ki, “bura qaçqınları kimsə dəvət etməyib!”. O qeyd edib ki, ölkəsi daha çox ukraynalı qaçqınları qəbul edərdi, çünki “müsəlmanlardan fərqli olaraq, onlar cəmiyyətə daha yaxşı inteqrasiya olunurlar”. O, həmçinin qaşqınlar arasında “terrorçu casusların olması təhlükəsini” də əsas kimi göstərməyə çalışıb.
Slovakiya hökuməti isə baş nazir Robert Fitsonun başçılığı altında AB-yə narazı bəyanat verib. Bəyanatda qeyd edilib ki, Slovakiya yalnız xristian suriyalıları qəbul edəcək: “Slovakiya Liviyada, İraqda və Suriyada insan fəlakətinə səbəb olmayıb və bu ölkələrdə hər hansı situasiya ilə bağlı cavabdehlik daşımır. Bu qaçqınların inteqrasiya perspektivləri minimaldır. Slovakiya, hətta yerli qaraçıların inteqrasiyasına nail ola bilməyib”.
Litva prezidenti Dalya Qribauskayte deyib: “İcbari kvotalar problemi həll etmir. Buna görə də biz yalnız öz həyatı üçün təhlükə olan və müharibədən qaçanlara kömək edə bilərik, öz həyat səviyyəsini və rifahını yaxşılaşdırmaq istəyənlərə isə yardım edə bilmərik”.
1,3 milyon nəfərlik Estoniyanın hakimiyyəti könüllü olaraq 150-200 adamı qəbul edə bilər. Eston baş nazirinin sözlərinə görə, afrikalı qaçqınların inteqrasiyası ölkə üçün olduqca çətin tapşırıq ola bilər: “Sosial müdafiə naziri Marqus Tsaxkna, əsasən, xristian miqrantların qəbulu ilə bağlı çıxış edib, çünki Estoniya xristian sivilizasiyasına mənsubdur”. Nazir ictimai yerlərdə hicab və çadra ilə gəzilməsinin yasaq edilməsini təklif edib.
“Buzz Feed”in jurnalisti Maks Seddon isə Rusiyanın mövcud situasiyaya münasibəti barəsində yazıb: “Cümə axşamı Rusiya XİN təmsilçisi Mariya Zaxarova qeyd edib ki, Suriyadakı müharibədən qaçan miqrantların dalğası, Rusiyanı, Bəşər Əsədi dəstəkləməkdə haqlı mövqe tutduğuna əmin edib: “Qaçqınlarla bağlı bu ağır böhran, regionda rejimlərin dəyişilməsini hədəfləyən tamam məsuliyyətsiz və düşünülməmiş siyasətin birbaşa təsirləridir”. Zaxarova Avropa Birliyindən Rusiyadan nümunə götürməyi məsləhət bilib və deyib ki, Rusiya Ukraynadan gələn bir milyondan artıq qaçqını qəbul edib.
Çeçenistan lideri Ramzan Kadırov “Instagram”da ABŞ və Avropanı “milyonlarla insanın faciəsinə səbəb olmaqda” ittiham edib. Kadırov Əfqanıstan və Liviyadakı insan faciələrini də buna misal çəkib.
Yazı müəllifi qeyd edir ki, Rusiya çoxdandır Qərbin Yaxın Şərqdəki siyasətinə qarşı çıxış edir və hesab edir ki, onun bu siyasəti “İŞİD” kimi radikal qruplaşmaların ortaya çıxmasna səbəb olub. Qeyd edilir ki, həmçinin Putin müsəlman ölkələrin əhalisindən ibarət miqrantların halına acıdığını bildirib.
“Bloomberg View” tərəfindən o da bildirilir ki, suda batmış suriyalı oğlan uşağının ürəkparçalayan fotosu “miqrantların problemləri” və “qaçqın böhranı”nın simvolu kimi təqdim edilir: “Amma bu oğlanı Avropaya buraxsaydılar, o, qitənin probleminin həll olunmasına kömək edə bilərdi”.
Məlumdur ki, Avropa qocalır: 2050-ci ilə qədər AB-nin əhalisinin 28 faizi təqaüd yaşında olacaq. 2060-cı ildə isə hər AB-dəki təqaüdçüyə, indi olduğu kimi 4 yox, cəmisi 2 potensial işləyən insan düşəcək.
Bu baxımdan qocalarla digər əhali yaş qrupları arasına balansı saxlamaq üçün gənc nəslin sayının artırılması sürətləndirilməlidir. Bu barədə də Berşidski yazır. O qeyd edir ki, insanları daha çox uşaq dünyaya gətirməyə məcbur etmək lazım deyil. Yalnız immiqrasiyanın artımı Avropanı büdcə üzərindən asılmış fəlakətdən xilas edə bilər. Qeyd edilir ki, qayıq və digər vasitələrlə qitəyə gələnlərin böyük hissəsi gəncdir, onların arasında valideynləri olmayan uşaqlar var: “Əgər onlar inteqrasiya olunsalar, avropalı qocaların təqaüdlərini ödəyəcək və onların qayğısına qalmış olacaqlar”.
O da qeyd edilir ki, 170 min britaniyalı immiqrantların qəbulunun artırılması ilə bağlı petisiya imzalayıblar. Könüllülər uşaqlara oyuncaqlar gətirirlər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info