“Xarici qüvvələrin maraqlarına xidmət etmək xəyanətdir”
Tarix: 05.02.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Fərəc Quliyev: “Azərbaycan xalqı kənar qüvvələrin daxildəki
maşalarına etibar etməyəcək”


Rasim Ağayev: “Onların bütün
cəhdlərinə baxmayaraq, həmişə xalqın yanında olan qələbə çalıb”


Seçki ilini yaşayan Azərbaycanda baş verən siyasi proseslər bir sıra antiazərbaycan qüvvələrin intensivləşməsi ilə müşahidə olunur. Əslində bu əvvəldən ehtimal olunan bir məsələ idi. Çünki bu cür qüvvələr adətən ictimai və siyasi proseslərin qaynar məqamlarında fəaliyyətə keçirlər. Onları əsasən iki qrupa bölmək olar: xarici və daxili qüvvələr.

Azərbaycanın 20 illik müstəqillik tarixində mövcud iqtidarın apardığı uğurlu xarici siyasət, həmçinin inkişaf tempi ölkəmizin beynəlxalq arenada dostlarının sayını xeyli genişləndirib. Lakin dünyanın mövcud geosiyasi reallığında xoşniyyətli münasibətlər həmişə olmur və bəzi dairələr siyasi, iqtisadi və digər maraqlar çərçivəsində kənardan müdaxilələr etməyə cəhdlər edirlər. Bu qüvvələrin istifadə etdiyi vasitələr də öz çeşidliliyinə görə müxtəlifdir. Misal üçün, bu vasitələrə ölkədəki narazılıqlardan, yaxud ölkənin “Axilles dabanı” hesab olunan zəif yerlərindən istifadə etmək daxildir. Məqsədsə bu məqamlardan yararlanaraq, özlərinə lazım olan güzəştləri qopartmaqdır. Azərbaycan daxilində isə heç bir sosial narazılığın olmaması, həmçinin daxili və xarici siyasətdə zəif amillərin mümkünsüz həddə çatdırılması Azərbaycana təzyiqlər etmək istəyən xarici qüvvələrin variantlarını tükədir. Məhz belə bir məqamda ortaya başqa bir variant çıxır ki, bu da ölkə daxilində destruksiyalar yaratmaqda maraqlı olan daxili qüvvələrdən istifadədir. Adətən bu qüvvələr siyasi hakimiyyətə “iddialı” olduqlarını deyən, amma bu iddiaların gerçəkləşməsi üçün lazım olan sosial bazanın yoxluğundan əziyyət çəkənlərdir.
Təbii ki, siyasi qrupların, yaxud təşkilatların hakimiyyətə gəlmək istəyi və bunun üçün normal vasitələrlə mübarizə aparması qəbulediləndir. Qəbuledilməyən və cəmiyyət tərəfindən həmişə etirazla qarşılanan məqamlarsa ölkədəki müəyyən siyasi təşkilatların və fərdlərin dövlətçilik maraqlarını siyasi mübarizənin altında görməsi, həmçinin xalqa deyil, xarici qüvvələrə arxalanmasıdır. Artıq bu qüvvələrin “səfərbərlik” vəziyyətinə gətirildiyini görməmək mümkün deyil. Güman ki, seçkilərin vaxtı yaxınlaşdıqca bu qüvvələr aktivləşmə mərhələsini daha da genişləndirəcək.
Parlamentin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev “Palitra”ya açıqlamasında Azərbaycan xalqının ayıq və mübariz olduğunu deyib. Onun sözlərinə görə, bəzən kimlərsə bu xalqı aşağılamağa çalışır, “bu xalq bir şeyə yaramaz, zəifdir” kimi ifadələr işlədir: “Bu ifadələri işlədənlər özlərinə aid olan keyfiyyətləri xalqa ünvanlayırlar. Azərbaycan xalqı isə öz dövlətinə sahib çıxa bilən xalqdır. Xarici qüvvələrin Azərbaycanda maraqlarının olması isə təəccüblü deyil. Azərbaycan dünyanın qəlbi adlanan yerdə yerləşir və böyük layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkədir və bölgədə, İran da daxil olmaqla yeni şəkilləndirmələrdə, dəyişikliklərdə böyük rola sahibdir. Həmçinin Azərbaycan bölgədə demokratiyanın üstün vəziyyətə gəlməsi üçün da açar rolunu oynayır. Bura karbohidrogen ehtiyatları da əlavə etsən, bütün bu keyfiyyətlərə malik olan Azərbaycanda xarici qüvvələrin maraqlarının olması təbiidir”. Millət vəkili qeyd edib ki, xarici qüvvələr Azərbaycan daxilində özünə bağlı olan və ya özünə vasitə kimi hazırladığı təşkilatları, siyasi partiyaları, fərdləri, QHT-ləri ölkəmizə qarşı istifadə edir. F.Quliyev hazırda ölkədə seçki ili olduğu üçün həmin qüvvələrin işə düşəcəyi ehtimalının güclü olduğunu hesab edir.
“Lakin xarici qüvvələrin və onların ölkədəki vasitəçilərinin uğur qazanacağına inanmıram. Azərbaycan xalqı da bu məsələdə ayıq olmalı və xalqa güvənən, ölkənin gələcəyini və təhlükəsizliyini özü həll edə biləcək doktrina həyata keçirən kəsimə üstünlük verməlidir. Hesab edirəm ki, bu belə də olacaq. Bu qüvvələrin kimlərinsə əli ilə ölkədə dəyişiklik edəcəyi isə mümkün deyil və mən Azərbaycan xalqına güvənirəm”-deyə o diqqətə çatdırıb.
F.Quliyev ümumilikdə hakimiyyət uğrunda aparılan mübarizəni normal qarşılayır. Lakin qeyd edir ki, bu mübarizə sivil olmalı və düşmənçilik səviyyəsinə çatdırılmamalıdır: “Dövlət maraqlarına ziyan dəyməməlidir. Hakimiyyətə müxalif olmaq dövlətə müxalif olmaq deyil. Amma kimlərsə hakimiyyət uğrunda mübarizəni fərqli bir istiqamətə yönəldirsə, kənar qüvvələrin maraqlarını burda dominant etmək istəyirsə, bu, təbii ki, etirazla qarşılanmalıdır. Hər kəsin fərdi marağı, qrup marağı ola bilər. Lakin hər kəs lazım gələndə tərəddüd etmədən fərdi və qrup maraqlarını dövlət maraqlarına qurban verməyi bacarmalıdır. Dövlət hər şeydən üstündür. Hamımız dövlətin var olması üçün mübarizə aparmalıyıq. Hakimiyyət uğrunda mübarizə isə sadəcə olaraq, hakimiyyət mandatını əldə edib, öz konsepsiyasını, istəklərini ölkənin pozitiv mənada dəyişməsi üçün ciddi bir yarışa çevirməkdir. Başqa cür mümkün deyil”. Onun sözlərinə görə, əsas olan dövlət maraqlarının qorunması və başqa qüvvələrin təsir imkanlarının ölkəmizdə olmamasıdır.
“Kimlərsə yanlış olaraq bu yolu seçibsə, yanlışından dönməlidir. Kimsə bilərəkdən başqa dövlətlərin, qüvvələrin maraqlarını təmin etmək istəyirsə, bu, xəyanətdən başqa bir şey deyil. Mən inanıram ki, Azərbaycan cəmiyyəti yaxın keçmişimizdə mübarizə ilə müstəqilliyini yenidən qazanmış və ilin ən mübariz xalqı adını almış bir xalq olaraq birmənalı şəkildə kənar qüvvələrin daxildəki maşalarına etibar etməyəcək”-deyə millət vəkili vurğulayıb.
Politoloq Rasim Ağayev də qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan öz müstəqil siyasətini çətin şərtlər altında aparır, hər bir azərbaycanlı da bunu dəyərləndirərək, antiazərbaycan qüvvələrin təsirinə düşməməlidir. Onun sözlərinə görə, bəzi qüvvələr bu yolla gedirlər, amma, bu onların uğur qazanacağına əsas vermir.
R.Ağayev bildirib ki, hazırda dünyadakı geosiyasi proseslər olduqca mürəkkəbdir: “Xüsusilə, SSRİ-nin dağılmasından sonra milli dövlətlərin yaranması dünyanın siyasi nizamında fərqli oyunların oynanılması ilə müşahidə olunur. Bu gün dünyada təsir qüvvəsinə malik dairələr var ki, bu qüvvələr müstəqil siyasət aparan dövlətləri qəbul etmək istəmirlər. Bu qüvvələrə görə, ya onların diktəsi ilə yaşamalısan, ya da məhvə məhkumsan. Azərbaycan çox az ölkələrdəndir ki, müstəqil siyasəti ilə öz ayaqları üstündə dayanmağı bacarır. Elə buna görə də daim kənar qüvvələr müxtəlif yollarla Azərbaycana təsir göstərməyə cəhdlər edirlər. Bu yollardan biri də daxili qüvvələrdən istifadədir. Lakin bu, onların uğur qazanacağını şərtləndirən amillər deyil. Çünki nə qədər siyasi oyunların oynanılmasına baxmayaraq, yenə də xalqın səsi əsasdır. Xalq isə artıq əvvəlki xalq deyil və baş verənləri yaxşı anlayır”. Politoloqun fikrincə, bu cür kənar qüvvələr əvvəllər də olub, bu gün də var və gələcəkdə olmayacağına heç kim zəmanət verə bilməz. Onun sözlərinə görə, buna qarşı yeganə güc xalqın birliyidir.
“Bəzən xalqın arasına separat toxumları səpirlər. Bu toxumları səpənlərin özləri məhz xaricdəki antiazərbaycan qüvvələrin daxildəki vasitəçiləridir. Bunun müxtəlif təzahürlərini görürük. Dövlət başçısı da dəfələrlə öz çıxışlarında bunu vurğulayıb. Lakin onların bütün cəhdlərinə baxmayaraq, həmişə ölkədə xalqın yanında olan qələbə çalıb və bundan sonra da belə olacaq”-deyə o vurğulayıb. Politoloq seçkilər yaxınlaşdıqca bu qüvvələrin daha da aktivləşəcəyini istisna etmir. Amma bununla nəyinsə dəyişəcəyinə də inanmır.
Asif CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info