“Satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb”
Tarix: 09.09.2015 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Fərid Əliyev:“Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra dərmanların qiymətləri istehlakçılar üçün
münasib olacaq”

Prezidentin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Bu gün dərman bazarında olan durum, onların idxalı, qiymətlərinin tənzimlənməsi və keyfiyyəti əhalinin çox böyük marağına səbəb olub. Məsələnin aktuallığını nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyevin müsahibəsini təqdim edirik:
- Hazırda belə fikir var ki, dərman vasitələrinin qiymətlərinin dövlət tənzimlənməsinə başlanıldıqdan sonra bəzi əczaçılıq şirkətləri dərman vasitələrinin idxalını dayandırıblar və bununla əlaqədar qıtlıq yaranıb. Bu məlumat həqiqətə uyğundurmu?
- Bildiyiniz kimi, 2014-cü ilin 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsinə dair müddəa təsbit edilib. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır. Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənib və bu qərar cari ilin 15 sentyabr tarixindən qüvvəyə minir. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Onu da qeyd etmək istərdim ki, keçən ilin analoji dövrü ilə müqayisədə cari ildə dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir.
-Ancaq siz inkar etmirsiniz ki, bəzi dərman vasitələri əczaçılıq bazarından çıxacaq. Belə preparatların alternativi mövcuddurmu?
- Əlbəttə, əczaçılıq bazarından real qiymətindən 300-500% baha satılan dərman vasitələrinin çıxması hətta alqışlanan haldır. Qeyd etməliyəm ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır. Beləliklə, hər hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmamalıdır, çünki demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Həmçinin, onu da qeyd edim ki, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir. Təsiredici maddə haqqında məlumat (Beynəlxalq Patentləşdirilməmiş Adla) ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur. Həkim və pasient alternativ dərman vasitələri barədə məlumatları bizim rəsmi internet saytımız olan “www.pharma.az” saytından və 012 596-07-12 nömrəli qaynar xətt vasitəsilə ala bilərlər. Ona görə də əminliklə deyə bilərik ki, hər hansı dərman vasitəsinin ölkəyə idxalının azalması əczaçılıq bazarında qıtlığın yaranmasına səbəb olmayacaq.
- Bir qədər aydın deyil, nəyə görə eyni tərkibli dərman vasitələrinin qiymətləri fərqlənir?
- Bütün dərman vasitələri iki qrupa bölünür: orijinal və generik dərmanlar. İcad olunub, tədqiqatlar və kliniki sınaqları aparılmış və ilk dəfə istehsal edilmiş dərman vasitəsi orijinal hesab olunur və aydın məsələdir ki, onun qiyməti yüksək olacaq, çünki istehsalçıların gələcəkdə yeni dərman vasitələrinin işləyib-hazırlamaq və istehsal etməsinin əlverişli olması üçün 20 illik patent hüququ verilir. Həmin müddət ərzində dərman vasitəsinin istehsalçısı həmin tərkibdə olan dərman vasitəsinin yeganə sahibi olur. Lakin patent müddəti bitdikdən sonra həmin tərkibdə dərman vasitələrin istehsal edilməsi hüququ digər istehsalçılara verilir. Beləliklə, patent müddəti bitdikdən sonra istehsal olunan dərman vasitələri generik sayılır. Yəni onların istehsalçıları, dərman vasitəsinə aid tədqiqatlar aparmadan istehsalına başlayırlar və əlbəttə ki, bu halda generikin qiyməti orijinaldan aşağı olacaq. Generik dərman vasitələrinin də müxtəlif istehsalçıları eyni tərkibli dərman vasitələrinə müxtəlif qiymət təyin edirlər ki, bu da istehsalçı ölkənin siyası-iqdisadi vəziyyətindən və qiymətə təsir göstərən bir sıra digər faktorlardan asılıdır. Lakin, bu o demək deyil ki, onların keyfiyyəti fərqlənir. Bir daha deyirəm, keyfiyyətin yeganə zəmanəti - dövlət qeydiyyatıdır. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri haqqında məlumatı bizim Mərkəzin rəsmi saytında əldə edə bilərsiniz.
-Vətəndaşları maraqlandıran başqa bir məsələ də ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyəti ilə bağlıdır. Çoxları belə hesab edir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin aşağı düşməsi keyfiyyətə də öz təsirini göstərə bilər.
- Dərman vasitələrinin keyfiyyətinə bu sahəyə milli nəzarətedici orqan olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən çox ciddi nəzarət olunur. Qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, bu günə qədər istehsalçı müəssisələr Azərbaycan Respublikası bazarı üçün qiyməti özləri müəyyən edirdilər və çox vaxt bu qiymət dövlət nəzarəti sistemi olan dövlətlərdə olan qiymətlərdən yüksək idi. Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrə ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info