Əylislinin son rekviyemi
Tarix: 05.02.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


İrqi, milli, dini ayrı-seçkiliyə yol açan roman haqqında düşüncələr

Əkrəm Əylislinin “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” roman-rekviyemi ictimaiyyətin gündəmdə olan mövzusuna çevrilib. Bəzi internet saytları və qəzetlərimizdə Əkrəm Əylisli tanınmış Azərbaycan yazıçısı kimi təqdim olunur. Yazıçının son romanından sonra artıq bu təqdimə ehtiyac duymuram.

Əsəri başdan axıradək oxuduqdan sonra məndə qəti bir fikir formalaşdı: bu romanın müəllifi Azərbaycan türkü ola bilməz! Onun damarlarında azərbaycanlı qanı axa bilməz!
Bəs bu romanla yazıçı nə demək istəyir, onun nail olmaq istədiyi məqsəd nədir?
Bəzi üzdəniraq ədalət carçıları insanları əsərin tam mətnini oxumamaqda ittiham edib, romanda yazılanların yazıçının deyil, obrazın dilindən verildiyini iddia edirlər. Tam mətni dəfələrlə oxuyan və təhlil edən bir ziyalı kimi deyirəm: “Burada səslənən bütün fikirlər yazıçının öz düşüncələri, gerçəkləşməyən arzularıdır. Əsər nəinki Azərbaycan türklərinin tarixini təhrif etməyə yönəlib, hətta Azərbaycan vətəndaşlarının qaniçən və qəddar xalq kimi təqdiminə rəvac verib”.
Əsərdə Azərbaycan qadını təhqir edilib. Burada Azərbaycan qadını öz milli adət-ənənələrinə bağlı, dininə inanclı, yüksək insani keyfiyyətlərə malik erməni qadınları ilə müqayisədə alçaq, səviyyəsiz, elmsiz, dünyagörüşü olmayan insanlar kimi təsvir edilib. İnsanlığa yaraşmayan bu müqayisə yazıçının öz anasına, onu dünyaya gətirən varlığa verdiyi “dəyərin” bir ifadəsi kimi də qiymətləndirilməlidir.
Əsərdə İslam dini və onun müqəddəs peyğəmbəri də aşağılanıb. Bakının Nardaran kəndindəki kiçik toyların birində erməni aktyorun dilindən verilən islam əxlaqı əleyhinə şüarlarla yazıçının nə demək istədiyi anlaşılmır. Bu süjet daha sonra davam etdirilərək ruslarla ailə quran Azərbaycan kişilərinin dini inanclarını da şübhə altına qoyur. Əsərdə Azərbaycan kişisi ailəsinə, övladına sahib çıxa bilməyən, ailə idarə etməyə qadir olmayan, dini ayinləri yerinə yetirməyə gücü çatmayan bir obraz kimi təqdim edilir. Əkrəm Əylislinin təqdimatında ermənilər isə hətta ölüm ayağında belə dininə sadiq, ayinləri olduğu kimi yerinə yetirən, kilsələrini və tarixini qoruyan bir millət kimi təqdim olunur. Bu sədaqət onun keçmişdən gələn bağlarını qopmağa qoymayan yeganə stimuldur. Bu düşüncələr yazıçının əsərindəki obrazların həyat yolunu izlədikcə ortaya çıxır.
Əkrəm Əylisli sadəcə Azərbaycan xalqını, onun qadınını, ailə başçısını təhqir etməklə kifayətlənmir, hətta Azərbaycanın tarixi qonşuları olan Türkiyə və İran əleyhinə də tezislər səsləndirməkdən çəkinmir. Türklər barbar, Şah Qacar isə qəddar və Allahsız kimi təsvir olunan bu əsərdə Azərbaycanın yaxın qonşuluq əlaqələrinə də kölgə salınır.
Əkrəm Əylisli əsərdəki bu təhqirli ifadələrdən çəkinməyərək daha irəli gedir, sətiraltı da olsa, ad çəkmədən ümummilli lider Heydər Əliyev haqqında erməni aktyorun düşüncələrini təqdim edir. Heç bir erməninin, hər hansı bir obraz olsa belə, Azərbaycan xalqının lideri haqqında fikir söyləmək, onun fəaliyyətinə qiymət vermək haqqı yoxdur. Bu haqq Əkrəm Əylislidə də yoxdur! Müəllifin dahi öndərin hələ sovetlər birliyi dönəmində sənətə və sənətkara milli ayrı-seçkilik qoymadan göstərdiyi diqqəti kinayə ilə təqdim etməsi, eyhamlı ifadələrlə bəzəməsinə heç bir haqq qazandırmaq olmaz!
Roman müəllifi 1919-cu il və Sumqayıt hadisələrində yenə də azərbaycanlıları günahlandırır, onları “günahsız” ermənilərin qanını tökməkdə ittiham edir. Tarixi Azərbaycan ərazisi olan Əylis kəndini, onun tarixini, etnoqrafiyasını, etnik xüsusiyyətlərini təhrif edir. Bu uydurma faktlar erməni aktyor və Ermənistana xidmət edən həkimin dilindən verilir. Roman müəllifi o zaman “Kommunist” qəzetində dərc olunmuş tarixi məqalədə Əylis kəndinin tarixinin qədim şumerlərə gedib çıxması faktına da real yanaşmır. Bu rişxəndli yanaşmaya hətta yazıçı İsa Hüseynovun “İdeal” əsəri də məruz qalır.
Mən Əkrəm Əylisinin daşlaşan və paslaşan yaddaşına aydınlıq gətirərək bildirmək istəyirəm: “Sən əsrlərlə erməni daşnaklarının axıtdığı yüz minlərlə Azərbaycan türkünün qanını görməyəcək qədər kormu oldun? Erməni əsirliyində namusları tapdanan qadınlarımızın bağırtısını, əzilən heysiyyətimizi, yandırılan körpələrimizin naləsini eşitməyəcək qədər karmı oldun? Keçmişdən gələn bu səslər sənin daşlaşan yuxularına heçmi sirayət etmədi? Vicdan və ədalət adlanan hissləri özünə yaxın buraxmayacaq qədər heysiyyətsizmi oldun? Atdığın bu addımla Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda qanı tökülən şəhidlərimizin ruhu qarşısında cavab verə biləcəksənmi???”
Beləliklə, roman bütövlükdə Azərbaycan xalqını, millətini, adət-ənənələrini alçaltmağa yönəlmiş bir əsərdir. Bəzi ictimaiyyət nümayəndələri düşünür ki, yazıçı bu əsərlə Nobel mükafatına iddialıdır. Amma bir əsərdə ki, Azərbaycan, Türkiyə, İran, Ermənistan kimi dövlətlərdə gedən tarixi proseslər təhrif olunursa, irqi, milli, dini ayrı-seçkilik təbliğ olunursa, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə kölgə salınırsa, bu əsər nəinki Azərbaycan ictimaiyyətinin, eləcə də dünya ictimaiyyətinin qınağına səbəb olacaq.
“Drujba narodov” (Xalqlar dostluğu) jurnalı isə bu əsəri çap etməklə öz imicinə ən böyük zərbəni vurmuş oldu. Bu əsər xalqlar dostluğuna deyil, xalqlararası münasibətlərdə şovinizm, irqçilik və millətçilik kimi anlayışların qabardılmasına gətirib çıxara bilər. Xalqlararası dostluq və qardaşlıq missiyasına xidmət etmədiyindən müəllif və jurnalın redaksiya heyəti bu məsuliyyətsiz addımına görə bütün dünya ictimaiyyəti qarşısında cavab verməli olacaq.
Əminəm ki, bu əsərdən sonra çətin ki, Əkrəm Əylisli bir də əlinə qələm ala bilsin, çünki bu roman-rekviyem onun yaradıcılığına nöqtə qoyan son rekviyem olacaq.

Seyid SURƏ
Filologiya üzrə fəlsəfə doktoru
Naxçıvan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info