Azərbaycan fəlsəfi şeirinin görkəmli nümayəndəsi - Bəxtiyar Vahabzadə
Tarix: 05.02.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Artıq beşinci ildir ki, xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə aramızda yoxdur. Adətən, böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şairə olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazmaq hər bir ziyalının mənəvi borcu və şərəf işi hesab olunur.
Bəxtiyar Vahabzadə həm xalq şairidir, həm də xalqın şairidir. Azərbaycan xalqı, həqiqətən, şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin bunların içərisində Bəxtiyar Vahabzadə şeiriyyatının özünəməxsus yeri vardır.
Bəxtiyar Vahabzadə yaradıcılığının palitrası çoxşahəli və rəngarəngdir. Onun bütün yaradıcılığı üçün fəlsəfi xətt, xüsusilə, xarakterikdir. Bəxtiyar Vahabzadə yaradıcılığında vətəndaş mövzusunun xüsusi yeri vardır. Təsadüfi deyildir ki, o, “Vətəndaş” şeirində göstərir:

Vətəndaş!
Nə gözəl səslənir bu söz.
Yəni - bir Vətənin övladıyıq biz.
Anamız eynidir,
Qardaşıq, demək.
Mən sənə arxayam,
Sən mənə kömək.

Bəxtiyar Vahabzadənin sadəliyi bir də ondan görünür ki, şairin heç vaxt təxəllüsü olmayıb, o, həmişə öz adı və soyadı ilə çıxış edib. Şair “Özümdən narazıyam” şeirində belə ifad edib:

Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.

Böyük şair “Yaşaya-yaşaya yaşamayan var” şeirində göstərir:

Sən bütün sulardan qupquru çıxdın
Düzəlir ən çətin işin bir anda.
Kim deyə bilər ki, bir yol karıxdın,
Məgər danışdın ki, karıxasan da…
Susmaqdır ən böyük silahın sənin
Olmadı heç zaman «günahın» sənin.

Xalqın birliyi məsələsi həmişə Bəxtiyar Vahabzadə yaradıcılığında özünü büruzə verib və o, xalqı həmişə birliyə çağırıb. Xalqın birliyi isə bizə bu gün daha çox vacibdir.
Böyük şair öz yaradıcılığında ana dilinin saflığının qorunmasına, bu dilin müqəddəsliyinə və təbliğinə xüsusi yer ayırıb. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə “Ana dili” şeirində göstərir:

Dil açanda ilk dəfə
“ana” söyləyirdik biz,
“Ana dili” adlanır
bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı
anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil - bizim ruhumuz,
eşqimiz, canımızdır,
Bu dil - bir-birimizlə
əhdi-peymanımızdır.
Bu dil - tanıtmış
bizə bu dünyada hər şeyi,
Bu dil - əcdadımızın bizə
miras verdiyi
Qiymətli xəzinədir…
onu gözlərimiztək
Qoruyub, nəsillərə
biz də hədiyyə verək
Öz ana dilində danışmayanları, ana dilində danışmağı özlərinə ar bilənləri böyük şair yaradıcılığında kəskin tənqid edib. O, həmin şeirində daha sonra göstərir:

Ey öz doğma dilində
danışmağı ar bilən,
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar,
telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi
sizlərə qənim olsun.

Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti də zəngin və təqdirəlayiq olub. Ona görə də, onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirib.
Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan “İstiqlal” ordeninə layiq görülüb. Şairin yaradıcılığı keçmiş sovet məkanında da layiqincə qiymətləndirilmişdi. O, keçmiş SSRİ-nin Dövlət mükafatına da layiq görülmüşdü. Onun yaradıcılığı Türkiyədə də, həmçinin türkdilli ölkələrin hamısında sevilir və yüksək qiymətləndirilir.
Mən deyərdim ki, şairin ölümü ilə böyük türk dünyasının fəlsəfi şeirinin bel sütunu qırıldı. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli və əbədiyaşar şairidir. Bəxtiyar Vahabzadənin türkçülüyü onun aşağıdakı misralarından daha aydın görünür:

Mən ilk qaynağımdan
türk oğlu türkəm!
Sübutdur, dəlildir ağlın qibləsi,
Dəyişə bilərsən adımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
“Türkəm” gerçəyini pıçıldayacaq.

Böyük şair həmişə özünə qarşı tələbkar olub, həyatı boyu öz yaradıcılığına tənqidi yanaşıb. Amma bu fikir onun “Layiqəmmi mən?” şeirində daha bariz şəkildə özünü büruzə verib:
Atalar sözləri öyüddür bizə,
Yüz illər, min illər deyiləcəkdir.
“Elə yaxşılığı, sən at dənizə,
Balıq bilməsə də, xaliq biləcəkdir”.

Ölməz şair öz yaradıcılığında fiziki ölümlə mənəvi ölümü həmişə fərqləndirməyə çalışıb və fiziki ölümü deyil, mənəvi ölümü faciə sayıb. O, bu fikri aşağıdakı misralarda daha poetik və fəlsəfi mənada daha dəqiq işlədib:

Ölüm belə qəm deyil,
bu həyatı duyana,
Mən bu ağ saçlarımla
öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə
bilmərəm onun bu töhfəsinə,
Zəhməti, həyatımın
ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda
mən özüm qazanmışam.

Bəxtiyar Vahabzadə öz yaradıcılığında qədim xalq sənətini, o cümlədən, Azərbaycanın qədim mədəniyyət incilərindən olan muğamlarımızı yüksək qiymətləndirib. Təsadüfi deyildir ki, şair “Muğam” şeirində belə deyir:

Dəfn edin siz məni
Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə,
məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum,
zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstə
qandırdı muğam.

Təbii ki, bir məqalədə özü də mütəxəssis olmayan tərəfindən Bəxtiyar Vahabzadənin çoxcəhətli yaradıcılığının bütün səciyyəvi cəhətlərini əhatə etmək mümkün deyil. Bunu mən qarşıma məqsəd kimi də qoymamışam. Sadəcə olaraq, bu, Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahürüdür.
Allah ona qəni-qəni rəhmət eləsin!

İlham ABBASOV
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru-hüquq üzrə
fəlsəfə doktoru
Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info