“15 ildir heç kimdən dərs almadan rəssamlıqla məşğul oluram”
Tarix: 10.09.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Rüfət Şahbazov: “Azərbaycanın cizgi film industriyasını yenidən canlandırmaq, inkişaf etdirmək kimi bir arzum var. Bunun uşaqların öz doğma dilimizdə cizgi film izləməsi və milli obrazlarımızı daha yaxşı tanımalarına böyük faydası olacağına inanıram”

“Bəzi müasir rəssamlar kətan üzərində mənasız rəsmlər çəkir, mənasız rənglər işlədir və bunun adına incəsənət deyirlər”


Bəzən elə istedadlar olur ki, onları cəmiyyətə təqdim etməyə böyük ehtiyac yaranır. Çünki bu istedadlı şəxslərin gənc yaşlarından ortaya qoyduğu bacarıqlara nəzər salanda, əmin olursan ki, belə vətəndaşlarımız perspektivli gələcəyə malik olmaqla yanaşı ölkəmiz, dövlətimiz üçün də çox işlər görəcək, parlaq istedadları ilə məşğul olduğu sahədə böyük uğur qazanacaqlar. Belə istedadlı gənclərdən biri də Rüfət Şahbazovdur. Rüfət rəssamlıqla məşğul olur və onun bu sahəyə olan marağı, rəssamlıq haqqındakı fikirlərini oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.

- Mən, Rüfət Şahbazov, 6 fevral 1995-ci ildə Bakı şəhərində doğulmuşam. 2012-ci ildə 45 saylı orta məktəbdən məzun olmuşam. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin 4-cü kurs tələbəsiyəm. Hazırda rəssam kimi də fəaliyyət göstərirəm və nə qədər qəribə səslənsə də, rəssamlığa həvəsim bir televiziya verilişi ilə yaranıb. Verilişə baxarkən hansısa bir dizaynerin sürətli video vasitəsi ilə sadə karandaş ilə necə avtomobil çəkdiyini göstərirdi. Onun çəkdiyi rəsmin perspektivi, detalları, kölgələri o qədər mükəmməl idi ki, bu mənim həvəslənib əlimə qələm-kağız alıb çəkməyə başlamağıma səbəb oldu.

-Bu təxminən nə zaman olmuşdu? Yəni, bu sənətə maraq hansı yaşdan başladı?

-6 yaşım var idi. Əlbəttə bu videonu izləyərkən 6 yaşında olduğum üçün çox da yaxşı rəsmlər yarada bilmirdim. Amma 6 yaşlı bir uşağın gözünə xoş dəyəcək qədər yaxşı bir rəsm alınmışdı. Beləliklə rəsm həyatım başladı. Hər gün nə isə cızma-qara edir, avtomobillərin rəsmini vərəqə köçürürdüm. Bundan sonra əsl avtomobil həvəskarı da olmuşdum. Hər markada və hər tipdə avtomobil növləri çəkirdim. Hətta məktəbdə, evdə, həyətdə belə, rəsmlər çəkirdim. Artıq rəsm mənim həyatımın ayrılmaz bir parçasına çevirilmişdi. 14-15 yaşıma kimi avtomobillərlə maraqlandım. Başqalarının avtomobillərini çəkməkdən bezib, “Niyə öz avtomobil markamı yaratmıram?”- deyə özümə sual verdim. Bundan sonra öz avtomobil markamı- kağız üzərində “Nimbus auto” adlı bir marka da yaratdım və öz avtomobillərimi dizayn etməyə başladım. Çoxları məndən “Nimbus”-un nə məna verdiyini soruşurdu. Mən buna cavab verə bilmirdim, çünki mən bu adı “Harry Potter” filmindəki “Nimbus 2000” adlı uçan süpürgədən həvəslənib seçmişdim. Hətta “Nimbus auto” üçün emblem də yaratmışdım. Artıq bir-iki il də böyümüşdüm. Artıq avtomobillərə olan həvəs elə həvəs kimi də bir kənarda qaldı. Artıq yaponların “Anime” adlanan filmlərindən həvəslənib insan və insana bənzəyən başqa məxluqları çəkməyə başlamışdım. Oyun və kino kimi personajlardan da ilhamlanıb yeni obrazlar yaradırdım. Bəzi sevdiyim və bitməsini istəmədiyim filmlər üçün öz beynimdə süjetin ardını yazıb, yeni personajlar yaradırdım. Artıq 19-20 yaşlarımda “dijital” rəsmə həvəs oyandı. Ölkəmizdə bu sahənin çox yayılmadığını bildiyimdən bu sahə üzrə peşəkar olmağı özümə hədəf qoydum.

-Rəsmlərinizi sadə qələm, marker və qrafik planşet ilə yaradırsınız. Hansı üsul daha asandır? Ümumiyyətlə, indi ən çox nələri təsvir etməyi xoşlayırsınız?

-Rəsmlərimi mürəkkəb qələm ilə çəkirdim. Daha sonra sadə karandaş ilə daha yaxşı nəticə aldığımı görüb, onunla çəkməyə davam etdim. Yaponların “manga” ( cizgi roman) adlandırdığı sənəti çox sevirəm. “Manga”da hər şey qara qələm ilə təsvir olunduğundan daha sonralar sadə karandaşlı işlərimi qara mürəkkəbli “rapidoqraf” (çertyoj qələmi) ilə sintez etdim və “manga”dakılara yaxın nəticələr almağa başladım. Bundan həvəslənərək öz “manga”m üçün süjet yazmağa da başladım. Süjetimdəki obrazları xəyal etdim, onların hər birini kağız üzərində yaratdım. Ölkəmizdə çoxlarına məlum olmayan “Komiks” üslubunda cizgi film stilində çəkməyi xoşlayıram. “Dijital” rəsm öyrəndiyim zaman canlı insanların cizgi film obrazlarını çəkirdim. Ən çox “Marvel” və “DC comics” kimi studiyaların yaratdığı personajları təsvir etməyi, xoşladığım tarixi şəxsiyyətlərin portretini, bəyəndiyim sərkərdələrin dəbilqələrini çəkməyi sevirəm. Rəsmlərin çoxunda qorxulu və neqativ obrazlar olduğu üçün ölkəmizdə çox insan bu cür rəsmləri anlamır.

-Heç bir peşəkar rəssamdan dərs almamısınız. Bəs, rəssamlığın sirlərini necə öyrənirsiniz? Müəllimsiz çətin deyil ki?

-Əlbəttə, dərs almadan öyrənmək çox çətindir. Amma, bir işi insan həvəslə edirsə, mütləq nəticə əldə edir. 15 ildir ki, heç kimdən dərs almadan sevərək rəsm ilə məşğul oluram. Uşaqlıq illərində öyrənmək çətin idi, amma indi internetin imkanları ilə daha çox məlumat tapa bilirəm və özümü daha asan inkişaf etdirə bilirəm. Bu, bir xeyli vaxtımı aldı, amma öyrənməyi bacardım. Hər şeyi əla bildiyimi də deyə bilmərəm. Çünki rəsmlərimdə səhvləri özüm də görə bilirəm və bunları düzəltməyə çalışıram. Gün keçdikcə daha çox şey öyrənməyə səy göstərirəm.

-Əsərlərinizdən nə zamansa cizgi filmlərinin hazırlanmasını istərdinizmi? Filmlərdə rəssam kimi iştirak arzunuz varmı?

-Qeyd etdiyim kimi yaponların “manga” janrını çox sevirəm. Həmçinin “Marvel” və “DC comics” studiyalarının komiks janrını da. Ən böyük arzum özüm yaratdığım personajlarla hekayəmdən cizgi romanı çəkməkdir. Bundan əlavə “dijital” rəsmi ona görə sevirəm ki, bu sahə müasir dünyada hər yerdə tələb olunur. İzlədiyimiz məşhur filmlər, oynadığımız oyunlar “digital artist” deyilən rəssamlar tərəfindən “storyboard” çəkilərək hazırlanır. Sevdiyim fantastik filmlərdəki və ya oyunlardakı personajları dizayn etməyi də çox istəyərdim. Onların səhnələrinin konsept rəsmini hazırlamağı arzulayıram.

-Bəs, sırf bu sahə üzrə ya xaricdə, ya da öz ölkəmizdə təhsil almaqla bağlı maraqlanırsınızmı? Dünya rəssamlarından nələri öyrənmək istərdiniz?

-Əlbəttə bu sahə üzrə təhsil almağı çox istəyərdim. Amma ailəmin məsləhəti ilə memar kimi təhsil almağa başladım. Peşman olduğumu deyə bilmərəm, amma yenə də rəssam kimi də təhsilimi davam etdirmək istərdim. Dünya rəssamlarının rəsmlərini çox bəyənsəm də onların üslubunda heç nə çəkmək istəməzdim. Hazırda möhtəşəm qabiliyyəti olan “dijital” rəssamlar incəsənətə dəyər verilmədiyindən tanınmır. Stanley Lau adlı çinli rəssam favoritimdir. Ondan “dijital” rəsmin incəliklərini oyrənməyi çox istəyərdim.

-Müasir rəssamlıq sənəti ilə klassik, keçmiş rəssamlıq arasında hansı fərqləri görürsünüz?

-Müasir rəssamlığı hər insan fərqli anlayır. Bəzi müasir rəssamlar kətan üzərində mənasız rəsmlər çəkir, mənasız rənglər işlədir və bunun incəsənət deyirlər. Mənim fikrimcə, bu cür insanlar rəssam deyil, sadəcə asan yola əl atırlar. Rəssamın yaratdığı əsər rəsmə baxılan zaman hamı tərəfindən başa düşülməlidir. Mənası olmasa da nə təsvir olunduğunu hamı görə bilməlidir. Klassik rəsmləri bəyənsəm də heç vaxt klassik əsərlər çəkmək arzusunda olmamışam. Klassik rəsm deyilən zaman daha çox antik dövrdə yaşayıb-yaradan ustadları xatırlayıram. Bəzi insanlar müasir rəssamlığın klassik qədər cəlbedici və gözəl olmadığını təsdiqləyir. Mənim fikrimcə isə müasir rəssamlıq daha üstündür.

-Azərbaycanda rəssamlıq sənətinə maraq və qayğı əvvəlki illərə nisbətən artıb. Bu barədə nələri düşünürsünüz?

-Mənim fikrimcə, rəssamlığa maraq artıb, amma kreativlik və oriqinallıqdan əlamət yoxdur. Rəssam gənclərin çoxu hansısa rəssamın işlərinə baxıb eynisini çəkirlər. Bu isə yanlışdır. Rəssam öz xəyal gücünü beynindəki fikirləri kağıza tökməlidir. Olan rəsmi hamı baxıb çəkə bilər, amma beynindən nəyisə yaratmaq çətindir. Rəssam digər insanlardan yarada bildiyinə görə fərqlənməlidir. Ən böyük ironiya odur ki, özü yaradan gənclərimiz yox, başqalarının işlərini, ideyalarını oğurlayan insanlar rəssam kimi tanınır. Bu vəziyyətin dəyişəcəyinə ümidli deyiləm amma dəyişməsi şərtdir.

-Rəssam olmaq istəyən gənclərə hansı məsləhətiniz var?

-Rəssamlıq insanın bütün həyatını yaxşıya doğru dəyişir. Amma hər şeyin bir “bədəli” var. Onların hamı tərəfindən başa düşülməyəcəyinə hazır olmalarını məsləhət görərdim. Bəli, rəssamlar həm xasiyyət, həm də kağız üzərində yaratdığı rəsmlər cəhətdən başa düşülmür, başa düşülməyənə də təbii ki, dəyər verilmir. Bu, çox böyük ruh düşkünlüyünə yol açır. Ruhdan düşməmələrini məsləhət bilirəm. Çünki çoxluq bir fikri təsdiq edirsə, bu onların düz dediyinə sübut deyil. Onlar rəsmləri ilə düşündürməyə, yeni şeylər yaratmağa davam etməlidir.

-Gələcək planlarınız barədə də söz açardınız.

-Düzünü desəm rəssam kimi işləməyi həm istəyirəm, həm də yox. Ən çox sevdiyim, üzümdə təbəssüm yaradan, bütün mənfi düşüncələrdən azad edən bir məşğuliyyət olduğu üçün istəyərdim. Ona görə də gələcəkdə memar kimi də davam etmək fikrindəyəm. Öz yaratdığım bir korporasiyam olmasını çox istərdim. Bundan əlavə ölkəmizdə digər rəsm incəsənət bölmələri xaricində “dijital rəsm” kimi bir fakültə olmasını və ya “dijital” rəsmi gənclərə, həvəsi olanlara öyrətmək, ölkəmizdəki incəsənət səviyyəsini daha da yüksəltmək istəyərdim. Həmçinin, Azərbaycanın cizgi film industriyasını yenidən canlandırmaq, inkişaf etdirmək kimi bir arzum var. Bunun uşaqların öz doğma dilimizdə cizgi film izləməsi və milli obrazlarımızı daha yaxşı tanımalarına böyük faydası olacağına inanıram.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info