“Bu il də qeyri-neft sektorunda artım olacaq”
Tarix: 11.09.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Azərbaycan iqtisadiyyatı neftin qiymətinin azalmasına hazır idi”
Azərbaycan dövləti hər zaman çalışır ki, dünyada baş verən iqtisadi-siyasi problemlərdən özünü qorusun. Hazırda neft qiymətlərinin aşağı enməsi fonunda Azərbaycan bu problemdən də qorunmağı bacarır. Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 8-də keçirilən müşavirədə dövlət başçısı çıxışında bu məsələyə də toxunub: “Dünyada cərəyan edən son hadisələr Azərbaycanda uğurlu və həyati qabiliyyətli siyasi və iqtisadi modelin olduğunu göstərdi. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişməyib. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilib”.

“Azərbaycan iqtisadiyyatın böyümə tempinə görə MDB-də ilk yeri tutub”
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, dövlət başçısının müşavirədəki çıxışını neftin dünya bazar qiymətinin aşağı olduğu dövrdə hökumət üçün strategiya kimi də qiymətləndirilməlidir: “ Azərbaycan Prezidentini qeyd etdiyi kimi, son illər Azərbaycan iqtisadiyyatında aparılan uğurlu siyasət, dövlət rezervlərinin həcminin qorunub saxlanılması hədəfləri ölkəmizin neftin dünya bazar qiymətinin aşağı olduğu və qlobal çətinliklərin mövcud olduğu dövrə böhransız və heç bir iqtisadi çətinlik olmadan daxil olmasına imkan verdi. Son müşavirədə qeyd olunduğu kimi, Azərbaycan hətta neftin dünya bazar qiyməti aşağı olan dövrdə də Ümumi Daxili Məhsulda (ÜDM) artım dinamikasını qoruyub saxlaya bildi. Qeyd edək ki, ÜDM son on ildə ölkə iqtisadiyatının 7 dəfədən artıq böyüdüyünü göstərir. Bu müddət ərzində adambaşına düşən ÜDM isə təxminən 6.7 dəfə artıb. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müqayisə dövrü ərzində Ermənistan və Gürcüstan iqtisadiyatı oxşar olaraq 3.6 dəfə artıb. MDB-nin ikinci güclü iqtisadiyyatı hesab edilən Qazağıstanda isə müvafiq göstərici 6 dəfəyə yaxın olub. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı böyümə tempinə görə digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlayıb, həmçinin MDB-də ilk yeri tutub. Bundan başqa, bəhs etdiyimiz dövr ərzində iqtisadi böyüməni şərtləndirən amillərin də diversiyası baş verib. Belə ki, əgər 2003-2008-ci illərdəki böyüməyə səbəb neft sektorununda baş verən hasilat artımı idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynayıb və 2010-cu ildən başlayaraq neft sektorundakı kiçilməyə baxmayaraq, ölkə iqtisadiyyatı artım tempini qoruyub. Buradan çıxarılan nəticə, Azərbaycanın, neft gəlirlərindən səmərəli istifadə edərək iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlərin uğurlu nəticə verməsidir. Bir sözlə, ötən on il ərzində iqtisadi artımın neft amilindən asılılığı minimuma endirilib, daha cox bazar konyunkturuna uyğunlaşdırılmış istehsal mühiti formalaşdırılıb”.
Vüqar Bayramova görə, neft gəlirləri əsasında formalaşdırılan mövcud infrastruktur məhz neftsiz iqtisadiyyatımız üçün iqtisadi zəmin formalaşdıracaq: “Son müşavirədə qeyd edilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafı ölkə Prezidentinin siyasi iradəsi nəticəsində aparılan iqtisadi islahatların nəticəsidir. Həmçinin ölkənin iqtisadi gələcəyinin qeyri-neft sektoruna bağlı olması prioritet götürülərək bu sahədə ciddi infrastruktur işləri həyata keçirilib, yüksək investisiya mühiti formalaşdırılıb. Digər tərəfdən isə qanunvericilik bazası zamanın tələbinə uyğunlaşdırılıb, normal bazar münasibətlərinin formalaşmasında və azad rəqabətin təmin edilməsində ciddi nəticələr əldə edilib”.

“Azərbaycan vətəndaşları qlobal böhranın təsirlərini hiss etmirlər”
Onun fikrincə, Azərbaycan iqtisadiyyatı neftin dünya bazar qiymətinin azalmasına hazır idi: “Qlobal və regional çətinliklərə və neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan vətəndaşları qlobal böhranın təsirlərini hiss etmirlər. İqtisadiyyatın maliyyə dayanıqlığı və xarici sərmayənin ölkəyə cəlb edilməsi baxımından dövlətin valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyyətə malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının artırılması siyasətinin davamlılığını təmin edib. Nəticədə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2003-cü ildə 1,6 milyard ABŞ dolları olduğu halda, ötən illər ərzində təxminən 30 dəfə artıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları ÜDM -in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə müvafiq göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur. Bu isə Azərbaycanın böhrana qarşı xüsusi resepti kimi də qiymətləndirilməlidir. Sözügedən göstəricilər üzrə MDB-də heç bir ölkə Azərbaycan ilə rəqabətə girmir. Azərbaycanda xarici borcların ÜDM-də payının az olması ölkənin iqtisadi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli məqamdır. Aydındır ki, strateji valyuta ehtiyatı nə qədər çox olarsa, əlbəttə, ölkəmizin maliyyə dayanıqlığı və xarici investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş statusu güclənir. Həmçinin ölkəmizin müharibə şəraitində olması valyuta ehtiyatlarının əhəmiyyətini artırır. Valyuta ehtiyatlarının artım dinamikasına diqqət etdikdə görmək olar ki, 2011-2014-ci illərdə neft hasilatının azalmasına baxmayaraq, bu sahədə artım davam edib. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan praktik olaraq hətta neftin dünya bazar qiyməti yüksək olan illərdə belə postneft dövrünə hazır olub. Məhz bu baxımdan da nəinki regionda, hətta Avropa və dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çində belə, böhranın müşahidə edilməsinə baxmayaraq, vətəndaşlarımız bunu hiss etmirlər”.
Vüqar Bayramov bildirdi ki, ümumilikdə isə son on ildə hökumət müəyyən etdiyi iqtisadi hədəflərə doğru uğurlu yol qət edib: “ Ölkənin rəqabətliliyi gücləndirilib, yoxsulluq 45 faizdən 5,2 faizədək azaldılmış, faktiki işsizlik səviyyəsi 6 faizə enmiş, əhalinin gəlirləri 6 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, strateji valyuta ehtiyatları 30 dəfə, dövlət büdcəsi 15 dəfə artmış, iqtisadiyyata yönəldilən daxili və xarici investisiyanın həcmi müstəqillik dönəmində baş vermiş ümumi qoyuluşların 89 faizinə bərabər olmuşdur. Neft sektorundan əldə edilən gəlirlərin səmərəli və məqsədli istifadəsi təmin edilib. Bir sözlə, ötən on il ərzində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə kompleks yanaşma ortaya qoyulmuş, Azərbaycan iqtisadiyyatı uzunmüddətli depressiya dövründən sonra ciddi inkişaf yolu keçərək neftin dünya bazar qiymətinin azalmasına tam hazır olub”.
İqtisadi diversifikasiyanın prioritet olduğunu deyən həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda neftsiz iqtisadiyyatın dəyərləndirilməsi ilə bağlı bir sıra yerli və xarici ekspertlərin yanlış və qərəzli fikirlərinə baxmayaraq, son proseslər bir daha təsdiq etdi ki, ölkəmiz neftin dünya bazar qiyməti aşağı olduğu dövrdə də inkişaf tempini qoruyub saxlamaq imkanlarına malikdir: “2015-ci ilin ötən dövründə müşahidə edilən iqtisadi artım bunu bir daha təsdiq edir. Əgər 2010-cu ildə Ümumi Daxili Məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 49 faiz idisə, cəmi 4 il sonra bu göstərici 68 faizədək yüksəldi. Bu onu göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı nəinki ölçülə bilən hədəflər müəyyənləşdirilib, eyni zamanda iqtisadi diversifikasiya hər zaman dövlət başçısının diqqətində olub”.

“Qeyri-neft sektorunun büdcədəki payında əvvəlki ilə nisbətən artım müşahidə ediləcək”
Ekspertin proqnozuna görə, qeyri-neft sektorunda mövcud artım tempinin qorunub saxlanması, aparılan iqtisadi islahatlar yaxın zamanlarda Azərbaycanda neftsiz və dayanıqlı inkişaf edən şaxələnmiş iqtisadiyyatın formalaşmasına imkan verəcək: “Bu il də qeyri-neft sektorunun büdcədəki payında əvvəlki ilə nisbətən artım müşahidə ediləcək. Əgər 2013-cü ildə qeyri-neft sektorunun payı 26, 2014-cü ildə 34 faiz olubsa, gələn il 35 faizə çatdırılması proqnozlaşdırılır. Bu, o deməkdir ki, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payı təxminən 10 faiz bənd artıb. İqtisadiyyatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında enerji sektorundan asıllılığın aradan qaldırılması baxımından bu, kifayət qədər əhəmiyyətli faktdır. 2015-ci ilin gəlirlərinin strukturunda vergidaxilolmalarının həcmi də artacaq. Vergidaxilomalarının 68 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək. Bu da gəlirlərin strukturunun şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, 2015-ci ildə qeyri-neft daxilolmaların həcmi 512 milyon manat və ya bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 11.9 faiz artacaq. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 48 milyon manat və ya 27.8 faiz çoxdur. Büdcə gəlirlərinin diversifikasiyası, eyni zamanda özünü Ümumi Daxili Məhsulda (ÜDM) qeyri-neft sektorunun payının artmasında göstərir. Belə ki, gələn il qeyri-neft sektorunun ÜDM-də payı 65,1 faizədək yüksələcək ki, bu da 2014-cü ilin göstəriciləri ilə müqayisədə 5.5 faiz-bənd, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə 8.5 faiz- bənd çoxdur. Buna paralel olaraq, özəl sektorun ÜDM-də payı 83 faizədək yüksələcək. ÜDM-in strukturunda həm sənaye, həm də qeyri-neft sənayesinin payında artımlar proqnozlaşdırılır”.
İSİM sədri dedi ki, bir sıra xarici və yerli “qara piar” qurumlarının qərəzli açıqlamalarına baxmayaraq, neftsiz iqtisadiyyatımız kifayət qədər potensiala malik olmasını rəqəmlər də təsdiq edir: “Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51.2 milyard dollardır. Belə ki, Dünya Bankının məlumatına görə, 2014-cü ildə Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 75.2, Gürcüstanda 16.5, Ermənistanda isə 10.8 milyard dollar olub. Ölkəmizdə qeyri-neft sektorunun ÜDM-də payının 68 faiz olduğunu nəzərə alsaq, o zaman Azərbaycanın neftdən kənar iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 3.1 dəfə, Ermənistan iqtisadiyyatından 5 dəfə çoxdur. Deməli, Ermənistan iqtisadiyyatından 5 dəfə çox olan neftsiz iqtisadiyyatımız eyni zamanda qonşu ölkələrdən fərqli olaraq daha çox inkişaf etmiş infrastrukturun formalaşdırılmasına şərait yaradıb. İnfrastrukturun inkişaf etməsi isə Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın MDB-də ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkəyə çevrilməsinə gətirib çıxarıb. Ölkə Prezidentinin neftdən kənar iqtisadiyyatın formalaşması ilə bağlı bəyanatı isə sadəcə neftdən asılılığı aradan qaldırmayacaq, eyni zamanda ölkəmizin rəqabətqabiliyyətini yüksəlməsinə səbəb olacaq. İqtisadiyyatın mövcud vəziyyəti strelizasiya islahataların mərhələli və səmərəli şəkildə aparılmasına imkan yaradacaq. Deməli, iqtisadi diversifikasiya ilə bağlı hədəflər artıq reallaşdırılmaqdadır”.
Sosial Azərbaycan modelinə gəldikdə, Vüqar Bayramov bildirdi ki, qlobal və regional çətinliklərə baxmayaraq, Azərbaycanda 2015-ci ilin ötən aylarında əməkhaqqı və pensiyaların verilməsi ilə bağlı hər hansı yubanma və ya çətinliklər olmadı. ASAN Azərbaycan modelindən danışan İSİM sədri ölkə Prezidentinin strateji fikirlərinə uyğun olaraq Azərbaycanın elektronlaşdırma prosesinin davam etdirilməsinin olduqca vacibliyini vurğuladı.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info