“Avropa Parlamenti Qarabağ problemində Azərbaycanın mövqeyini zəiflətmək istəyir”
Tarix: 15.09.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Dünən parlamentin növbədənkənar plenar iclası keçirilib. İclasda millət vəkilləri Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinə etirazlarını bildiriblər. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq: “Təkcə son iki ildə Avropa Parlamentində Azərbaycan haqqında bir neçə qətnamə qəbul edilib. Amma bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılıb”.
Sədr Avropa Parlamentində prosedur qaydaların kobud şəkildə pozulduğunu qeyd edib: “Çox maraqlıdır ki, bu iclasın gedişində Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri söz alaraq qətiyyətlə dedi ki, iclasda prosedur qaydaları pozmaq olmaz. İlk növbədə, bu məsələlər komitələrdə müzakirə edilməlidir, ondan sonra iclas keçirilə bilər. Biz bu cür hərəkət etməsək, Azərbaycanı itirə bilərik. Ancaq iki deputat - Corc Sebastyan və Fransua Slifinsi çıxış edərək iclasın gedişinin dəyişməsinə etiraz etdilər. Dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır və təsdiq edilməlidir. Biz sonra araşdıraraq gördük ki, bu iki deputat sentyabrın 1-də Dağlıq Qarabağda olub və Bako Saakyanla görüşüblər. Yəqin ondan aldıqları təlimatı yerinə yetirir, eləcə də bəxşişlərin əvəzini vermək üçün belə canfəşanlıq edirlər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentində necə işlədiyinə bir misaldır. Avropa Parlamentinin sədri Martin Şultsu korrupsiyaya bulaşmış lobbiçi qruplarla işbirliyinə son qoymağa çağırıram”.
O.Əsədov bildirib ki, Avropa Parlamentinin iclasında aparılan müzakirələr açıq-aşkar saxta məlumatlara əsaslanıb: “İndiki dövrdə Avropada tüğyan edən ksenofobiya, islamofobiya və ayrı-seçkiliyin Avropa Parlamentində dərin kök salması göstərir ki, bu məsələnin arxasında başqa məqsədlər var”.
Milli Məclisin sədri bildirib ki, əslində bu sənəd Avropa Parlamentinin imicinə böyük zərbə oldu: “Bu, beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobudcasına pozulması deməkdir”.
O.Əsədov hesab edir ki, Avropa Parlamentinin qətnaməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini zəiflətməkdir.
Milli Məclisin spikeri Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yoldan, "Avronest" səviyyəsində əməkdaşlıqdan danışıb: “Biz Avronestdə bir dənə də olsun Dağlıq Qarabağa aid sənədi imzalatdırıb məsələlərin içərisinə sala bilmədik. Bu təşkilatda iştirakımız bizə nə verir? Biz bu təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, "Şərq Tərəfdaşlığı" proqramına yenidən nəzər salısın”.
O.Əsədov əlavə edib ki, Avropa Parlamentinin sədri Martin Şults Avropa Oyunları ərəfəsində deputatlara qadağa qoymuşdu ki, heç kim nə rəsmi, nə də qeyri-rəsmi Azərbaycana səfər etməsin.
Millət vəkili Azay Quliyev isə deyib ki, bu gün heç kimdə şübhə doğurmur ki, Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi heç bir əsasa söykənmədən böhtan, yalan, qərəz dolu müddəalarla əhatə olunub: “Məsələnin arxasında nələr olduğuna nəzər yetirsək görərik ki, bununla heç də sadəcə olaraq onların təbirincə Azərbaycanda baş verən müəyyən proseslərə deyil, uzaq məqsədli məsələlərə diqqəti cəlb etmək istəyirlər. Onların niyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan həyata keçirdiyi milli maraqlara söykənən siyasətdən onların diqtə etdiyi gündəmlə fəaliyyət göstərən bir siyasətə keçsin”. O qeyd edib ki, Avropa Parlamentinin nə qədər qətnamə qəbul etməsindən asılı olmayaraq, bugünkü hakimiyyətin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının maraqlarına istiqamətlənib: “Bu qətnaməni hazırlayanlar, təşkil edənlər, səs verənlər erməni lobbisi və diasporu tərəfindən pulla alınmış adamlardır”.
A.Quliyev vurğulayıb ki, qətnamədə diqqətçəkən məqamlardan biri də odur ki, hər dəfə Azərbaycanla bağlı qətnamələr təxirəsalınmaz məsələlər adı altında qəbul edilir: “Sual olunur, Azərbaycanda təxirəsalınmaz məsələ nədən ibarətdir? Bəlkə, onlar təxirəsalınmaz məsələni özlərində axtarsınlar? Bəlkə, bu gün Avropada baş verən qanunsuzluqlara, insan haqlarının kobud şəkildə pozulmasına, miqrantlara qarşı törədilən cinayətlərə diqqəti cəlb etsinlər? Təxirəsalımaz məsələdən danışırlarsa, biz neçə müddətdir deyirik ki, bizim iki vətəndaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundadır. Yanvar ayında Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunub ki, bu məsələ işə götürülsün, baxılsın, lakin heç bir reaksiya yoxdur. Əgər onlar doğrudan da jurnalistlərin haqqını qoruyurlarsa, ABŞ-da bir müddət öncə canlı yayımda iki jurnalisti güllələdilər, onunla bağlı niyə qətnamə qəbul etmirlər?”
Millət vəkillərinin qeyd etdiklərindən də bəlli olur ki, artıq Avropa Parlamenti ölkəmizə qarşı qərəzli və barışmaz mövqedə dayanıb. Avropa Parlamenti kimi antiazərbaycan mövqedə dayanan təşkilatlarla ölkəmizin hər hansı əməkdaşlığı isə artıq perspektivsiz və faydasız bir məsələ kimi görünməkdədir. Bu perspektivsizlik və zərərlilik artıq xeyli müddətdir, həmin qurumların antiazərbaycan fəaliyyətində özünü göstərir. Buradan isə belə bir sual meydana çıxır: Niyə həmin qurumlarla zərərli və faydasız əməkdaşlıq davam etdirilməlidir? Bu cür antiazərbaycan mövqe tutmuş qurumlarla əməkdaşlıqdan vaz keçib, ölkəmizə qarşı daha ədalətli olan və ikili standartlardan çıxış etməyən qurumlarla iş birliyini gücləndirməık yalnız ölkəmizin mənafeyinə xidmət edərdi.
Xatırlatma üçün onu da deyək ki, Avropa Parlamentinin Azərbaycanla düşmənçiliyinin kökü daha qədimdir: Hələ ölkəmiz Sovetlər Birliyinin tərkibində Dağlıq Qarabağ münaqişəsinə düçar olarkən, bu qurum münaqişədə Ermənistanı dəstəkləyən, Azərbaycanın əleyhinə olan qərar qəbul etmişdi…
Onu da bildirək ki, Milli Məclis Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib. Qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info