Bilik günü muxtar respublikada bayram əhval-ruhiyyəsi ilə qeyd olunub
Tarix: 16.09.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Bilik günü Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov açaraq bildirib ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə böyük diqqət və qayğı göstərilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, son 20 ildə muxtar respublikada 200-ə yaxın təhsil müəssisəsi tikilərək və yaxud yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Təbii ki, görülən işlərdən paytaxt Naxçıvan şəhərinə də böyük pay düşüb. Hazırda Naxçıvan şəhəri üzrə 17 orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 16-sı yenidir.
Qeyd olunub ki, təhsil quruculuğu sahəsində görülən işlər təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Bunun nəticəsidir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən də ali məktəblərə qəbul olunan məzunların sayı hər il artır. Bu il Naxçıvan şəhəri üzrə ali məktəblərə 365 nəfər qəbul olunub. Ümumi qəbul faizi 77,7 faiz təşkil edib. Məzunlardan 5 nəfəri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Bildirilib ki, yeni tədris ilində birinci siniflərə gedən şagirdlərin sayı 1200 nəfər təşkil edib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin əməkdaşları, 5 nömrəli tam orta məktəbin müəllimləri çıxış edərək pedaqoji kollektivi Bilik günü münasibətilə təbrik edib, yeni tədris ilində hər kəsə uğurlar arzulayıblar.
Ötən dərs ilini uğurlu nəticələrlə başa vuran Şərur rayonunun təhsil işçiləri də Bilik gününü yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Həmin gün rayonun bütün ümumtəhsil məktəblərində Bilik gününə həsr olunmuş tədbirlər keçirilib.
Bu münasibətlə Şərur şəhərindəki 1 nömrəli orta məktəbdə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Zəhra Bayramova və rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov qeyd ediblər ki, muxtar respublikada bütün sahələrə olduğu kimi, təhsilə də xüsusi diqqət və qayğı göstərilir. Hər il təzə məktəb binaları tikilir, yaxud əsaslı şəkildə yenidən qurulur, onların maddi-texniki bazası gücləndirilir. Bu istiqamətdə Şərur rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Yeni məktəblər müasir avadanlıqlarla və kompyuterlərlə, elektron lövhələrlə təmin olunub, mərkəzləşdirilmiş istilik sistemləri quraşdırılıb. Bu ilin sonunadək daha 6 yeni məktəb binası istifadəyə veriləcək.
Diqqətə çatdırılıb ki, hazırda Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün bina və 900 yerlik tam orta məktəb binası inşa olunur. Həmçinin Oğlanqala kəndində 468, Axaməddə 192, Yuxarı Yaycıda 234 yerlik yeni məktəb binaları yaxın vaxtlarda istifadəyə veriləcək. Göstərilən bu qayğının müqabilində hər il olduğu kimi, ötən tədris ilində də rayonun pedaqoji kollektivləri uğurlu fəaliyyətlərini davam etdiriblər. Belə ki, bu il tam orta məktəblərin 664 məzunundan 507 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib, onların 301 nəfəri tələbə adını qazanıb. Keyfiyyət göstəriciləri də yüksək olub. Məzunlardan 47 nəfəri 400-500 arası, o cümlədən 15 nəfəri 500-700 arası bal toplayıb. Zeyvə kənd tam orta məktəbinin məzunu Əli Allahverdiyev 700, Kürkənddəki tam orta məktəbi bitirmiş Təranə İsmayılova 692, Alışar kənd tam orta məktəbinin yetirməsi Elşən Cəfərov isə 686 bal toplayaraq Prezident təqaüdünə layiq görülüblər.
Vurğulanıb ki, bu tədris ilində rayonda 56 ümumtəhsil məktəbi fəaliyyət göstərəcək. İlkin məlumatlara görə, rayon üzrə I siniflərdə 1029, IX siniflərdə 814, XI siniflərdə isə 695 şagird təhsilini davam etdirir. Bütövlükdə, rayon üzrə 9 min 225 şagird təhsilə cəlb edilib. Onların təlim-tərbiyəsi ilə 1500-dən artıq müəllim məşğul olur.
Çıxış edənlər məktəbin pedaqoji kollektivini və şagirdləri Bilik günü münasibətilə təbrik edib, onlara cari dərs ilində daha böyük uğurlar arzulayıblar.
Şagirdlər yeni dərs ilinin başlandığını bildirən ilk zəngin sədaları altında siniflərə daxil olublar.
Bilik günü Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin tarixində də əlamətdar gün kimi yadda qalıb. Belə ki, məhz bu gün lisey fəaliyyətə başlayıb və ilk şagirdlərini qəbul edib. Sentyabrın 15-də keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov, nazirliyin aparat rəhbəri Rəşad Quliyev, liseyin direktoru Çingiz Rzayev və valideyn Muxtar Məmmədov çıxış edərək respublikamızda təhsilə göstərilən qayğıdan, bu sahədə muxtar respublikada həyata keçirilən tədbirlərdən söhbət açıblar.
Babək rayonunun bütün orta məktəblərində də Bilik günü geniş qeyd olunub. Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev pedaqoji kollektivi, valideynləri və məktəbliləri təbrik edib, onlara təhsildə yeni-yeni uğurlar arzulayıb.
Qeyd olunub ki, son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Təhsildə uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Bu iş muxtar respublikada, o cümlədən Babək rayonunda da uğurla həyata keçirilir. Hazırda rayonda 36 ümumtəhsil, eyni zamanda 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il ali məktəblərə qəbul imtahanında daha yüksək göstəricilərə nail olunub. Belə ki, orta məktəbi bitirən 652 məzundan 498 nəfəri ali və orta ixtisas müəssisələrinə sənəd verib. Onların 262 nəfəri, yəni 52,6 faizi ali məktəblərə qəbul olunub. Bu da ötən illə müqayisədə 6,5 faiz çoxdur. Məzunlardan 46 nəfəri 500-700 arası bal toplayıb.
Babək qəsəbə tam orta məktəbinin uğurlarından bəhs olunaraq qeyd edilib ki, 2007-ci ildə yeni binası istifadəyə verilən məktəb hər il yaxşı nəticələr göstərir. 2014-2015-ci tədris ilində məktəbi 30 məzun bitirib. Onların 23-ü ali və orta ixtisas məktəblərinə sənəd verib. Sənəd verənlərdən 18 məzun ali məktəblərə daxil olub. Onlardan 4-ü yüksək bal toplayıb. Məktəbin 2 məzunu, həmçinin 7 şagird ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunub.
Valideynlər adından Bərxuda Muradov çıxış edərək muxtar respublikada təhsilə göstərilən qayğıya görə minnətdarlığını bildirib, bu gün birinci sinfə qədəm qoyan nəvəsinin belə gözəl bir şəraitdə təhsil alacağı üçün sevindiyini deyib.
Sonra zəng çalınıb və şagirdlər siniflərə daxil olublar.
Ordubad rayonu tarixən güclü təhsil ənənələrinə malik olan, bu gün də həmin ənənələri qoruyub saxlayan bölgələrimizdən biridir. Hər il olduğu kimi, bu il də rayonda Bilik günü yüksək səviyyədə qeyd edilib, təhsil ocaqlarında tədbirlər keçirilib.
Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə Bilik günü münasibətilə keçirilən tədbirdə məktəbin direktoru Əliağa Rzayev çıxış edərək deyib ki, bu il istifadəyə verilən, informasiya texnologiyaları və tədris avadanlıqları ilə təmin olunan məktəbdə dərslərin yüksək səviyyədə təşkili üçün geniş imkanlar var. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Əminliklə demək olar ki, ötən tədris ilində olduğu kimi, bu il də məktəbin müəllimləri yaradılan şəraitdən istifadə etməklə gənclərin hərtərəfli təhsil almasına, onların əsl vətəndaş kimi yetişdirilməsinə nail olacaq, göstərilən qayğıya qazanılan nailiyyətlərlə cavab verəcəklər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib, təhsil sahəsində qazanılan uğurlardan danışıb.
Bildirilib ki, bu il birinci siniflərdə 537 şagird təhsil alacaq, dövlətimizin onlar üçün yaratdığı imkanlardan maksimum şəkildə bəhrələnəcəklər. Ümumiyyətlə, rayon təhsili üçün inkişaf dövrü sayılan son 20 ildə Ordubad məktəblərində uşaqların gələcək taleyi üçün yüksək mənəvi məsuliyyət nümayiş etdirən pedaqoji kadr potensialı formalaşıb. Bunun əsas səbəblərindən biri də müəllim əməyinə dövlətimiz tərəfindən verilən yüksək qiymətdir.
Vurğulanıb ki, ötən il rayon məktəblərini 376 şagird bitirib, 284 nəfər ali məktəblərə sənəd verib, 165 nəfər tələbə adını qazanıb. Onlardan 6 nəfəri xüsusi təyinatlı məktəblərə daxil olub. Məktəbi bitirən şagirdlərdən 7-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Ordubad rayonunun Aşağı Əylis, Dizə, Kotam, Çənnəb, Gilançay məktəbləri ali məktəblərə qəbulda 100 faiz nəticə göstəriblər. Rayonun Tivi kənd tam orta məktəbi də yüksək nəticə göstərən təhsil ocaqları sırasındadır. Bütün bu nailiyyətlər rayon təhsilinə göstərilən dövlət qayğısı, müəllimlərin əzmkar fəaliyyəti nəticəsində qazanılıb.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları və valideynlər çıxış ediblər.
Bilik günü münasibətilə Culfa rayonunun ümumtəhsil müəssisələrində də tədbirlər keçirilib. Bu tədbirlərdən birinin ünvanı Culfa şəhər 3 nömrəli tam orta məktəb olub.
Rayon icra hakimiyyətinin başçısı Şükür Babayev yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini, valideynləri təbrik edib.
Qeyd edilib ki, ötən tədris ilində rayonda 25 tam orta, 1 ümumi orta məktəb və 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərib, 4890 şagirdin təlim-tərbiyəsi ilə 791 müəllim məşğul olub. Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Rayonun ümumtəhsil məktəblərinin hamısı internet şəbəkəsinə qoşulub, elektron dərs vəsaiti ilə təmin edilib.
Ötən tədris ilində rayonun təhsil müəssisələrinin qazandığı uğurlardan da söz açan Şükür Babayev bildirib ki, 2014-2015-ci tədris ilində 402 məzundan 305 nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edib, onlardan 172 nəfəri ali məktəblərə, IX sinif bazasından isə 27 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Bundan əlavə, tam orta təhsil bazasından 36 nəfər kolleclərə, 36 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul edilib. Ali məktəblərə qəbul olan şagirdlərdən 31 nəfəri 500-600, 17 nəfəri 600-700 arasında bal toplayıb. Bütün bu göstəricilər rayonda təhsil sahəsində qazanılan nailiyyətlərdən xəbər verir. Yeni tədris ilində 4250-yə yaxın şagird rayonun 26 tam orta məktəbində təhsil alacaq. Onların 500-dən çoxu ilk dəfə olaraq məktəbə qədəm qoyur. Əminliklə demək olar ki, yeni dərs ili Culfa təhsilinə də yeni-yeni nailiyyətlər, uğurlar gətirəcək.
Sonra məktəbin birinci sinfinə qəbul edilmiş bir qrup şagird müəllim peşəsinə, Vətənə, məktəb illərinə aid şeirlər söyləyib, şagirdlər ilk zəngin sədaları altında məktəbə daxil olublar.
Bilik günü Şahbuz rayonunun ümumtəhsil məktəblərində də bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev müəllim və şagirdləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsində son illər rayonda 20 yeni məktəb binası pedaqoji kollektivlərin istifadəsinə verilib, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib. Təlimin yeni üsul və müasir metodlarından səmərəli istifadə etmək, şagirdlərə dərin və əsaslı bilik vermək məqsədilə rayonun ümumtəhsil məktəblərinə 188 ədəd kompyuter və 56 ədəd elektron lövhə verilib, kompyuterlər internet şəbəkəsinə qoşulub. Yaradılmış şərait nəticəsində 2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 179 nəfər şagirddən 139 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 92 nəfəri, yəni 66 faizi ali məktəblərə qəbul olunub. Bu il 1 nəfər qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb. Qəbul olunanlar içərisində 6 nəfər məzun 600-700, 15 nəfər məzun isə 500-600 intervalında bal toplayıb. 11 illik təhsil bazasından 23, 9 illik təhsil bazasından 10 nəfər məzun orta ixtisas məktəblərinə, 18 nəfər şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Qeyd edilib ki, 2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərinin birinci siniflərində 207 şagird təhsil alacaq. Ümumilikdə isə yeni dərs ilində 2028 şagirdin təlim-tərbiyəsi ilə 655 müəllim məşğul olacaq.
Rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurbanov və Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əvəz Həsənov çıxış edərək müəllim və şagirdləri Bilik günü və yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində Bilik günü münasibətilə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq bildirib ki, muxtar respublikada yeni məktəb binalarının tikilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Bunu Kəngərli rayonunun timsalında da görmək olar. Rayonda 12 tam orta məktəb, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Məktəblərdən 11-i müasir bina ilə təmin edilib, Yurdçu kənd tam orta məktəbinin binasında isə yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda 2015-ci ildə rayon Təhsil Şöbəsi və uşaq-gənclər şahmat məktəbi üçün yeni bina inşa edilərək istifadəyə verilib.
Qeyd olunub ki, 2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəbləri üzrə XI sinfi bitirmiş 260 məzundan 193 nəfəri, yəni 74 faizi respublikanın ali məktəblərinə, IX sinif məzunlarından 28 nəfəri orta ixtisas məktəblərinə, 62 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə sənəd təqdim edib. Məzunlardan 1 nəfər gümüş medala layiq görülüb. Qəbul imtahanlarının nəticələrinə görə, 93 nəfər müxtəlif ali, 20 nəfər orta ixtisas təhsili müəssisələrinə, 17 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşı Yusif İmanov və Qıvraq qəsəbə tam orta məktəbinin direktoru Mahmud Cavadov çıxış ediblər.
Ölkəmizin, eləcə də muxtar respublikamızın bütün təhsil ocaqlarının şagirdləri kimi, Sədərək məktəbliləri də tədris ilinin ilk gününün sevincini birgə yaşayıblar. Xüsusilə birinci siniflərə qədəm qoyan məktəblilər və valideynlər üçün bu gün əsl bayram ab-havasında keçib.
Sədərək kənd 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Bildirib ki, bu gün ölkəmizdə təhsil sahəsində dövlət siyasətinin əsasını təhsilin uzunmüddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin inkişafını nəzərdə tutan dövlət proqramları təşkil edir. Müasir konsepsiya və proqramların əsas tələblərindən biri də milli mənəvi və ümumbəşəri dəyərlərə dərindən yiyələnən, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiyələnən, yenilikçi təfəkkürlü mütəxəssis hazırlanmasıdır. Odur ki, muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır.
Qeyd edilib ki, ötən tədris ilində rayonda orta təhsilini başa vuranlardan 58 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib və 26 nəfəri yüksək nəticə göstərərək tələbə adını qazanıb. Abituriyentlərdən 2 nəfəri 500-dən, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Orta ixtisas məktəblərinə 15, Heydər Əliyev adına Hərbi Liseyə 3 nəfər qəbul olunub. Bütün bunlar uğurlu göstəricilərdir. Ancaq bununla kifayətlənmək olmaz. Dövlətimizin təhsil sahəsinə göstərdiyi qayğını üzərilərində hiss edən müəllim kollektivi və şagirdlərimiz daha səylə çalışmalı, yeni tədris ilində daha böyük uğurlar qazanmalıdırlar. Dövlətimizin yüksək səviyyədə diqqət və qayğısına yalnız gündən-günə artan uğurlarla cavab vermək olar.
Sonra müəllim və valideynlərin çıxışları olub, şagirdlər ilk zəngin sədaları altında məktəbə daxil olublar.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info