“Mənim strategiyam bu turnirdə hər oyunda qələbə qazanmaqdı. Bu gün də qalib gələ bilərdim. Rəqibdən fərqli olaraq, məndə həyəcan yox idi. Çünki bilirdim ki, ən pis halda tay-brekim var”.
Bu sözləri Azərbaycan şahmatçısı Qədir Hüseynov deyib. Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsində Çexiya təmsilçisi David Navaraya qalib gələrək növbəti mərhələyə adlayan Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib. Növbəti mərhələdə Liren Dinq (Çin) - Ernesto İnarkiyev (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək Q. Hüseynov bununla bağlı da danışıb: “Liren Dinq ilk oyunda qalib gəlib. O, Çinin bir nömrəsi, üstəlik dünyada 7-8-ci şahmatçıdı. İtiriləsi heç nə yoxdu, mübarizə aparıb nəticəni fikirləşmək lazımdı. Əvvəlki mərhələdə rəqiblərim də məndən reytinq baxımından üstün idilər. Amma rəqiblə mübarizə aparmaq lazımdı. Çəkinsən, o özünü rahat hiss edəcək”. Hüseynov qeyd edib ki, karyerasında ilk dəfədir Dünya Kubokunda 2 mərhələ adlamağa müvəffəq olub: “Bu yarışa ciddi hazırlaşmışam. Təbii ki, həyəcan var. Amma komanda yarışlarında həyəcan daha çox olur. Mənə verdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına minnətdarlıq etmək istərdim. Bu, karyeramdakı 3-cü Dünya Kubokudu. İlk dəfə çıxış edəndə birinci mərhələni adlaya bilmişdim. Növbəti yarışda Vesli Souya tay-brekdə uduzdum. Birinci dəfədi ki, iki mərhələ keçirəm. Bununla kifayətlənmək fikrim yoxdu. Çalışacağam ki, daha da irəliləyim”.
|