BMT və Serbiya Macarıstanla Avropa Birliyini qaçqınlara görə ittiham edir
Tarix: 17.09.2015 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Üzvləri Avropa dəyərləri adı ilə sərhəddə zorakı davrandıqlarına görə Avropa Birliyini cavab verməyə çağırırıq”

Fransa “EuroNews”u Avropada miqrant böhranının kəskinləşməsindən yazıb. İş o yerə gətirib ki, indi də Avropa dövlətləri miqrantlara qarşı qeyri-insani davranışlara görə bir-birilərini “Avropa dəyərlərinə” xəyanət etməkdə ittiham edirlər. Belə ki, hazırkı situasiyada Serbiya Macarıstanı sərhəddə miqrantlarla asayiş gücləri arasında baş vermiş insidentə və zorakılıqlara görə ittiham edib.
Yazıda qeyd edilir ki, Macarıstan Serbiyanı iki ölkə arasındakı Reske və Xorqoş keçid məntəqələrini tam bağlayacağı ilə bağlı xəbərdar edib. Rəsmi Budapeşt Belqradı miqrantların hücumunun qarşısını almaq üçün bütün mümkün olanları etməyə çağırıb. Bu barədə asayiş gücləri ilə qaçqınlar arasında qarşıdurma baş verəndən bir neçə saat sonra Serbiya xarici işlər naziri bildirib.
Daha əvvəl macar polisi qoruyucu sipəri keçməyə çalışan onlarla insana qarşı gözyaşardıcı qaz və su şırnağı tətbiq etmişdi. Qaçqınlar macar ərazisinə daxil olsalar da, polislər tərəfindən saxlanılıblar. Bundan sonra isə onlar polislərə daş və beton parçaları atıblar. Məlumata görə, 20 polis yaralanıb. O da qeyd edilir ki, təcili tibbi yardım maşını yaralanmış iki uşağı yerli xəstəxanaya çatdırıb. 15 sentyabrdan Macarıstanda sərhədlərin qorunması və miqrasiya ilə bağlı qanunları sərtləşdirən düzəlişlər qüvvəyə minib. Bundan sonr Serbiya ilə sərhəd zonasında bir neçə min miqrantdan ibarət insan kütləsi toplaşıb. Onlar Avropaya buraxılmalarını tələb edirlər.
Macarıstan hakimiyyəti Serbiya ilə sərhəd boyunca olan qoruyucu maneənin tikintisini sürətlə tamamlamaqdadır.
Onlar belə bir qoruyucu sipəri Rumıniya ilə sərhəddə də tikmək istəyirlər. Rumıniyadakı macar səfiri bu məsələ ilə bağlı açıqlama üçün Buxarest XİN-ə çağırılıb. Macar mediasının məlumatına görə, artıq macar məhkəməsi qanunların sərtləşdirilməsindən sonra ölkəyə daxil olmuş qaçqına ilk ittiham elan edib. İraqdan çıxmış qaçqın, Macarıstana gəlişi bir illiyə qadağan edilməklə, deportasiya olunub.
“The Guardian” isə yazır ki, BMT Macarıstanın qaçqınlara qarşı davranışlarını ittiham edib: “BMT Macarıstanın bu davranışlarını dəhşətli və qəbuledilməz adlandırıb. Macarıstan bu baxımdan beynəlxalq ictimaiyyətin qınağına səbəb olub. BMT baş katibi Pan Ki Mun deyib ki, bu qaçqın və miqrantların qorxduqlarnı görəndə şoka düşüb: “Bu, qəbuledilməzdir. Çünki onlar təqib və zorakılıqlardan baş götürüb qaçan insanlardır, biz öz humanistliyimizə hakim olmalıyıq”.
Macarıstan isə özünün davranışlarını “basqına qarşı legitim cavab” kimi təsvir edib. Macarıstan tərəfindən iddia edilib ki, Çərşənbə günü baş verən toqquşmada həbs edilən 29 nəfər arasında bir tanınmış terrorçu olub. Buna cavab olaraq serb siyasətçiləri bildiriblər ki, onların sərhəddə gördükləri Serbiya suverenliyi üçün bir pozuntu halıdır. Belə ki, Serbiya baş naziri Macarıstanı qəddar və Avropaya yaraşmayan davranışda ittiham edib və Avropa Birliyini bu davranışlara görə cavab verməyə çağırıb: “Biz kimsənin bizi hörmətdən salmasına imkan verməməliyik. Biz Avropa Birliyini onun üzvlərinin Avropa dəyərləri adı ilə sərhəddə məlum davranışlarına görə cavab verməyə çağırırıq. Əgər Avropa Birliyi buna cavab verməsə, biz öz sərhədlərimizi və Avropa dəyərlərini qorumağın bir yolunu tapacağıq”.
Göründüyü kimi, artıq miqrantlarla bağlı məsələ olduqca qəlizləşməkdədir. Avropa Birliyi ölkələri qaçqınlara qarşı daha sərt və amansız tədbirlərini tələsik bir şəkildə qanuniləşdirirlər. Bunun timsalında Macarıstanın addımlarını missal çəkmək yetər.

BMT baş katibi Pan Ki Mun deyib ki, bu qaçqın və miqrantların qorxduqlarnı görəndə şoka düşüb: “Bu, qəbuledilməzdir. Çünki onlar təqib və zorakılıqlardan baş götürüb qaçan insanlardır, biz öz humanistliyimizə hakim olmalıyıq”

Amma burada humanism, insan faktoru və Avropanın birbaşa məsuliyyət daşıdığı Yaxın Şərq böhranı ilə bağlı problemləri aradan qaldırmağın yollarını tapmaq düşünülmür. Bunun isə daha acı fəsadları ola bilər. Çünki Qərbi Avropa dövlətləri və Avropa Birliyi rəhbərliyinin təhriki ilə Macarıstan kimi dövlətlər qaçqınların Avropaya yol tapmaması üçün ən sərt tədbirlərə belə, əl atmağa vadar edilirlər. Burada təxribat ehtimalı da əsassız deyil. Belə ki, indiyə qədər miqrantların qitəyə dinc halda baş verən axınının qabağını süni yollarla almaq üçün hansısa qarşıdurma və zorakılıqlara əl atılmasına gedilə bilər. Bununla isə miqrantların ayaq basdıqları ölkələrdə təhlükə mənbəyi olduqları, onların arasında “terrorçulara rast gəlindiyi” ilə bağlı görüntü yaratmağa da əl atılır. Nəticədə, onlara qarşı zorakı tədbirlər qanuniləşdirilir və bu tədbirlərə haqq qazandırılır. Amma bununla belə, BMT, Serbiya və digər dünya ölkələri miqrantlara qarşı zorakılıqlar və sərt davranışları ittiham etməkdədirlər. Dünya ictimaiyyəti məsələnin məğzini bildiyi üçün bu məsələdə Avropanı və Avropa Birliyi kimi siyasi qurumları cavabdeh olaraq görür. Çünki ümumilikdə, Qərb müsəlman dünyasında bütün problemlərin əsas səbəbkarı kimi məsuliyyət daşıyır. Beləliklə, son dövrlərdə Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamob və neomüstəmləkəçi meyillərin artması Qərb dairələrinin aqressiv antiislam və antişərq siyasətinə, daha sonra Yaxın Şərqdə, eləcə də Əfqanıstanda kütləvi insan tələfatına, humanitar faciələrə səbəb oldu. Qərbin daxili işlərinə müdaxilə etdiyi ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altında düşməsi, qaçqınlar problemi və s. ilə üz-üzə qaldılar. Bu gün Liviya , Suriya, Livan, İraq, Misir, Əfqanıstan kimi ölkələrdə dini, etnik, sosial zəmində qarşıdurmaların, parçalanmaların, kütləvi insan qətllərinin, Qərbin təhriki ilə xarici müdaxilələrin qurbanlarına çevriliblər.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info