“ASAN xidmət” mərkəzlərində könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır”
Tarix: 17.09.2015 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Ədalət Allahverdiyev: “Bu sahədə könüllülərin əldə etdikləri təcrübə gələcəkdə iş həyatında uğur qazanmağa kömək edəcək”

Müsahibimiz “ASAN xidmət”də çalışan könüllülərdən olan Ədalət Allahverdiyevdir. Bu aktiv gənclə olan müsahibəni oxuculara
təqdim edirik:


-Mən - Ədalət Allahverdiyev, 16 noyabr 1991-ci ildə Bakı şəhərində doğulmuşam. 2010-cu ildə 51 saylı orta məktəbi bitirmişəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin məzunuyam. Hazırda 5 saylı “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərirəm.
-“ASAN xidmət”lə tanışlıq necə başladı? Burada fəaliyyət göstərmək istəyən gənclərimizə hansı tövsiyələriniz olardı?
- Mənim “ASAN xidmət”lə tanışlığım heç də təsadüfi olmayıb. Yaxın dostlarımdan biri “ASAN xidmət” mərkəzində könüllü kimi işləyirdi, o, mənə könüllülük fəaliyyəti, könüllülərin gördüyü işlər barəsində məlumat verirdi. Sonradan mən yeni açılan 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət etdim və burda könüllülük fəaliyyətinə başladım. “ASAN xidmət” mərkəzlərində könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Könüllülərə yaradılan şərait təqdirəlayiqdir. Tələbə vaxtı ediləcək ən lazımlı iş, öyrənməkdir. Öyrənməyin praktik üsulu könüllülükdür. Gənclərdən işə götürənlər bir çox hallarda təcrübə tələb etdikləri üçün iş həyatına keçməzdən öncə gənclər təcrübə toplamaq istəyirlər. Bunun üçün ən asan və faydalı yol könüllü kimi fəaliyyətə başlamaqdır. Məsləhətim belə sadə və anlaşılandır.
-Bəs ümumiyyətlə, könüllülərin “ASAN xidmət”dəki fəaliyyətləri haqqında nələri deyərdiniz?
-Könüllülər müqavilə əsasında 2 ay müddətində fəaliyyət göstərirlər. Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri 2 ay ərzində həyata keçirən könüllülərə agentliyin rəsmi sertifikat və xasiyyətnaməsi verilir. Mərkəzlər də könüllülərin fəaliyyəti 3 növbə əsasında həyata keçirilir. 3 növbəlik sistemə əsasən isə 1-ci növbə 10:00-13:00, 2-ci növbə 13:00-16:00, 3-cü növbə 16:00-20:00-a qədər davam edir. Könüllülər “ASAN xidmət” mərkəzlərinin daha operativ şəkildə fəaliyyət göstərməsinə yardımçı olurlar. Xidmət dövründə könüllülər əlillərin “ASAN xidmət” mərkəzlərində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğı göstərilməsi; Mərkəzə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
vətəndaşların qarşılanması, elektron lövhələrin istifadəsinə köməkliyin göstərilməsi; vətəndaşların anketlərinin doldurulmasına köməkliyin göstərilməsi; “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izahın verilməsi; vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi kimi məsul işlərlə məşğul olurlar.
-Könüllülük sizin aktiv ictimai fəaliyyətinizə təsir etmir ki?
-Əksinə. “ASAN xidmət”də fəaliyyətim dövründə bir çox tədbirlərdə və təlimlərdə iştirak etmişəm. Sonuncu dəfə ASAN Könüllülər təşkilatının təşəbbüsü ilə 28-30 avqust tarixində II Yay məktəbi təşkil olunmuşdu və mən də bu layihədə iştirak etmişdim. Yay məktəbi Qax rayonunda təşkil olunmuşdu, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 60 -dan çox könüllü iştirak edirdi. 3 gün davam edən layihə müddətində Qax rayonunun görməli yerlərinə turlar, müxtəlif təlimlər, həmçinin siyasi və ictimai xadimlərlə görüşlər təşkil olundu. Yay məktəbi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının rəhbəri Rəşad Əzizovla görüşdük. Görüşlər zamanı “Mütaliə etmənin əhəmiyyəti”, “Sosial şəbəkələrdən istifadə”, “Sağlam mənəviyyat”, “Gənclər üçün yaradılmış imkanlardan öz şəxsi inkişafı üçün istifadə” kimi mövzular müzakirə olundu. Orada əsas mövzusu dəyərlər olan, “ASAN könüllüləri” təşkilatının loqosunda əks olunan dəyərlərə müvafiq olaraq 8 komandaya bölündük. Komandalar “Vətənpərvərlik”, “Varislik”, “Dövlətçilik”, “Fərqlilik”, “Bərabərlik”, “Şəbəkə”, “İnkişaf”, “Vahidlik” idi. “ASAN könüllüsü hansı dəyərləri özündə əks etdirməlidir və bunun üçün hansı tədbirlər planını həyata keçirmək lazımdır?” kimi suallar ətrafında təqdimatlar hazırladıq. Hazırlanan təqdimatlar münsiflər tərəfindən qiymətləndirilərək qalib komanda müəyyən edildi. Bu layihənin təşkil olunmasında əsas məqsəd könüllülərin müxtəlif mövzular ətrafında aparılan diskussiyalar zamanı biliklərini artırmaq və Azərbaycanın qədim tarixi bölgələrindən olan Qaxın tarixi və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaq idi.
Hazırda “ASAN Könüllüəri” gənclər təşkilatı tərəfindən “Könüllülər Yurdu - Azərbaycan” layihəsi həyata keçirilir, layihənin əsas məqsədi könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.
-“ASAN xidmət”in üstünlükləri barədə də söz açardınız.
- Əsas gənclərimizə olan xeyri barədə deyə bilərəm ki, könüllü fəaliyyətin əsas məqsədi könüllülərin şəxsi inkişafını təmin etməkdir. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin əldə etdikləri təcrübə gələcəkdə iş həyatında uğur qazanmağına kömək edəcək. Burada qazandığımız bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq və dövlət orqanlarının işi ilə yaxından tanışlıq şansı verilir və bu yolla könüllülər gələcək iş həyatında uğur qazanmağa yardımçı olacaq. Savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən “ASAN Könüllüləri”nin dövlət və özəl qurumlarında işlə təmin olunmalarına dəstək vermək məqsədilə ASAN Kadr portalı da yaradılıb.
-Ümumilikdə, gənclərimiz üçün ölkəmizdə yaradılan şərait sizi qane edirmi?
-Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir ki, bu sahənin ahəngdar inkişafı təmin olunub. 2005-2009, 2011-2015-ci illərdə Azərbaycan Gəncliyi Dövlət Proqramları bu məsələdə çox mühüm rol oynayıb. 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasında ölkəmizdə yaradıcı gənclərin potensialının inkişafı üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub. Gənc nəslin nümayəndələri mühüm dövlət vəzifələrinə irəli çəkilir, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Azərbaycanlı tələbələrin xaricdə təhsil alması ilə bağlı xüsusi dövlət proqramlarının qəbul olunması gələcəkdə Azərbaycana xidmət edəcək yüksək potensiallı və bilikli kadrlar hazırlamaq məqsədi daşıyır. Azərbaycan dövləti gələcəyinə kapital qoyur. Prezident İlham Əliyevin dediyi kimi, neft kapitalı insan kapitalına çevrilir. Azərbaycan idman və olimpiya ölkəsi kimi tanınır. Beynəlxalq arenada qazandığımız qələbələrdə gənclərin xüsusi xidmətləri var. Ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Demək olar ki, bütün regionlarda müasir idman meydançaları, olimpiya idman kompleksləri fəaliyyət göstərir. İdmanın ayrı-ayrı növləri üzrə mərkəzlər, xüsusi idman cəmiyyətləri, klublar yaradılıb.
Bildiyiniz kimi, Gəncə şəhəri 2016-cı il üçün “Avropanın gənclər paytaxtı” seçilib. Bu, dünya ölkələri arasında Azərbaycan gəncliyinin tutduğu yüksək mövqedən xəbər verir. Eyni zamanda, Avropanın mədəni mərkəzlərində təşkil olunan gənclər forum, konfrans və seminarları, aksiya və yürüşlər, beynəlxalq təhsil və gənclər mübadiləsi proqramları Azərbaycanın dünya miqyasında tanıdılmasında mühüm rol oynayır, diaspor fəaliyyətinin genişləndirilməsinə yol açır. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.
-Gələcək planlarınız...
-Gələcək planlarım çoxdur. Gələcək planlarım arasında təhsilimi daha da artırmaq var. Böyük hədəflərimdən biri dövlət işində aktiv fəaliyyət göstərməkdir. Yəni “ASAN xidmət”də çalışaraq bu sahənin mütəxəssisi kimi işləmək və bu sahədə ictimai fəaliyyətimi də davam etdirmək niyyətindəyəm. İlk növbədə sizə və sizin redaksiyanın rəhbərliyinə təşəkkür edirəm! Gənclərə dəstək olub, onların qayğı və uğurları ilə maraqlandığınız üçün bir daha təşəkkür edirəm.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info