Müsavat seçkilərə “cırtdanlarla” gedir
Tarix: 06.02.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


AXCP-yə qarşı revanş olan bu addım, eyni zamanda, güclü partiya görüntüsü yaratmağa da hesablanıb

Seçkiöncəsi proseslər müxalifət düşərgəsində parçalanmalarla müşahidə olunmaqla yanaşı, parçalanan partiyaların digər partiyalarla, siyasi təşkilatlarla yaxınlaşmağa can atması ilə də yadda qalır. Bu prosesin ən aktiv olduğu məkansa “İctimai palata”da təmsil olunan AXCP və Müsavat partiyalarıdır.
Müsavat Partiyasının “cırtdan” partiyaları ətrafına toplaması da bunu deməyə əsas verir. Belə ki, Müsavatın AXCP ilə gərgin münasibətlərinin fonunda “cırtdan” partiyalarla Müsavatın qərargahında görüş keçirildi və bu görüşdə həmin partiyalar Müsavata dəstək verdiklərini nümayiş etdirdilər. İlk baxışdan hansısa partiyanın seçki öncəsi ətrafına digər partiyaları toplamağı təbii haldır. Lakin Müsavatın AXCP ilə “bir dam altında” olmasına rəğmən, belə bir addım atması bəzi suallar yaradır. Əslində bunu Müsavatın AXCP-yə qarşı revanşı kimi də dəyərləndirmək olar. Nəzərə alsaq ki, bu partiyaların “vahid namizəd” məsələsi üstündə qarşıdurmaya getməsi fonunda bir müddət əvvəl AXCP təxminən belə bir addım ataraq, Müsavatsız yeni birlik yaratmağa cəhd etmişdi. Bununla yanaşı, “İctimai palata”dan Müsavat başqanı İsa Qəmbərin vahid namizəd olmasına da məhz cəbhəçilər mane oldu. “İctimai palata”da baş verən siyasi oyunlar da bu addımla İsa Qəmbərin Əli Kərimlidən qisas aldığını göstərir. Amma məsələnin maraqlı tərəfi Müsavatın ölkənin siyasi gündəmində müəyyən qədər tanınan partiyalarla deyil, nəinki tanınan, ümumiyyətlə, siyasi proseslərdə rolu olmayan “cırtdan” partiyalarla bir araya gəlməsidir. Bu partiyaların adlarına da diqqət yetirsək, onların hansısa ciddi çəkiyə malik olduğunu deyə bilmərik. Ən azından bu partiyaların əksəriyyətinin adlarını belə nadir hallarda eşidirik. Belə ki, Müsavata yaxınlaşanlar Azərbaycan Xalq Partiyası (AXP), Demokrat İstiqlal (ADİP), Cümhuriyyət Xalq (CXP), Demokratik Sağ (DSP), Demokratik Birlik (DBP), Əmək, Əhrar və Yeni Turan partiyalarıdır. Onların da əksəriyyəti “bir papka, bir sədr”dən ibarət fəaliyyət göstərir. Təbii ki, bu partiyaların hansı çəkiyə malik olduğunu Müsavatda da yaxşı anlayırlar. Məsələnin digər tərəfi də budur ki, bunu anlayan Müsavat nə üçün onlarla “birliyə” can atır?
Burada bir sıra aspektlər özünü göstərir. Müsavat Partiyası yəqin ki, “cırtdan” partiyalardan çox, digər partiyalara üstünlük vermək istərdi. Amma hazırda “cırtdanları” seçib ki, bu da səbəbsiz deyil. Belə ki, mövcud vəziyyətdə müxalifət düşərgəsində belə bir fikir formalaşıb ki, müxalifətin seçkilərə “vahid namizəd”lə gedə bilməməsinin əsas səbəbkarı İsa Qəmbərdir. Çünki İ.Qəmbər ayrılıqda öz namizədliyini verməklə “vahid namizəd” ümidlərini puça çıxardı. Bu baxımdan, digər partiyaların Müsavata “yox” cavabı verməsi ehtimalı mümkündür. Lakin burada ən güclü ehtimal Müsavatın özünün kiçik partiyalarla əməkdaşlıqda maraqlı olmasıdır. Çünki İ.Qəmbər namizədlik məsələsində heç kimə güzəştə getmək istəmir. Bunun üçün də daha iddialı partiyalarla birlikdə olmaq ona sərf etmir. Kiçik partiyalarınsa elə bir iddiaları yoxdur və Müsavatın onlarla əməkdaşlığı kontekstində İsa Qəmbər ən iddialı namizəd olaraq önə çıxır. Həmçinin, Müsavat üçün adından başqa heç nəyi olmayan “cırtdan” partiyaları ətrafına toplamaqla “daha güclü partiya” görüntüsü yaratmaq asan olacaq. Bütün bunlar müxalifət düşərgəsində seçkiöncəsi oyunların baş verdiyini göstərir. Bununla yanaşı, Müsavatın “cırtdan” partiyalardan dəstək almasına rəğmən, nəsə edə biləcəyi məsələsi də düşündürücüdür. Təkcə son 10 ilin siyasi proseslərinə nəzər salsaq, Müsavatın elə bir ciddi uğurunun olmadığının şahidi olarıq. Hazırda isə bu partiyanın nəinki seçkilərdə səs toplayacağını, hətta ümumiyyətlə təşkilatlana biləcəyini belə demək olmaz. Çünki ölkə müxalifəti ümumi olaraq zəifdir və insanların bu düşərgəyə arxa çevirdiyi ortadadır. Sosial bazasının zəif olması ilə fərqlənən partiyalardan olan Müsavatın daxilində də ziddiyyətli proseslər gedir. Həmçinin, müxalifətin, həmçinin Müsavat Partiyasının respublika üzrə təşkilatlanma problemi böyükdür. Bu zəiflikləri, problemləri sıralamaq da olar. Lakin təkcə bir neçə məqam Müsavatın heç bir nəticə əldə edə bilməyəcəyini, “cırtdan” partiyalarla bir araya gəlmək istəyinin isə “daha güclü partiya” görüntüsü yaratmaq cəhdi olduğunu deməyə əsas verir.
Vəhdət Partiyasının sədri Tahir Kərimli də “Palitra”ya açıqlamasında deyib ki, Müsavat bununla ölkədə və xaricdə “bizi daha çox partiya müdafiə edir” fikrini təqdim etmək istəyir. Onun sözlərinə görə, əslində 10 kiçik partiyadansa, bir böyük partiyanın dəstəyi daha səmərəlidir. Partiya sədri qeyd edib ki, bu məsələdə AXCP və Müsavat arasında gedən gizli yarışma da əsasdır.
“Cəbhəçilər sosial şəbəkələrdə daha aktivdirlər və Müsavatı əsas hədəf seçiblər. Müsavat da öz ətrafına kiçik partiyaları toplamaqla müdafiəçilərinin çoxluğunu göstərmək istəyir və bunun artacağı mesajını AXCP-yə çatdırır. Həmçinin bununla Müsavatın namizədinin daha layiqli namizəd olduğunu göstərmək istəyir” - deyə partiya sədri diqqətə çatdırıb. Lakin T.Kərimli hesab edir ki, bu, heç bir nəticə verməyəcək. Onun fikrincə, həm Müsavat zəifdir, həm də “cırtdan” partiyaların elə bir potensialı yoxdur ki, Müsavat ondan yararlana bilsin.
A.CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info