Pofessor Rauf Sultanov: “Müəllimlər öz üzərlərində işləmirlər”
Tarix: 06.02.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Azərbaycanda orta statistik abituriyentin məktəb proqramının maksimum 53 faizini mənimsədiyini açıqlayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bunun başlıca səbəbi kimi ümumtəhsil müəssisələrində tələbkarlığın aşağı olmasını göstərir. Qeyd edək ki, ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portretini müəyyənləşdirən TQDK-nın məlumatına görə, abituriyentlərin cavablarının göstəricilərindən hər iki bölmədə orta statistik abituriyent testlərin yalnız 25-53 faizinə düzgün cavab verdiyi aydın olub.
Beləliklə, test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alaraq, belə qənaətə gəlinib ki, orta statistik məzun məktəb proqramının 47-75 faizini mənimsəmir. TQDK hesab edir ki, bu isə ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Mövzu ilə bağlı fikirlərini öyrəndiymiz mütəxəssislər də müəllimlərin bir çoxunun peşəkarlıq səviyyəsinin aşağı olduğunu təsdiq edirlər.

Müəllimlərin 0,5 ştat
vaxtilə dərs deməsinin qarşısı alınmalıdır


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanov bu istiqamətdə islahatların vacib olduğunu deyir: “Biz istəyirik ki, xarici ölkələrdə olduğu kimi ali təhsil müəssisələrində hazırlanan kadrların hamısı tətbiqi-təcrübi elmlərə daha çox yiyələnsinlər. İstehsalata getdikdə bu işlərdə bilavasitə formalaşa bilsinlər. Burada mövcud çatışmazlıqlara gəldikdə isə bizim universitetlərin tərkibində tələbələrin birbaşa təcrübə keçməsi üçün imkanlar olmalıdır. Belə ki, məsələn, ADPU-nun tərkibində 5-6 məktəbin olması vacibdir. Yaxud Azərbaycan Dövlət Tibb Universitetində müəllimlər gedib tibb müəssisələrinin özündə əyani formada dərs dediyi kimi, pedaqoji kadrların hazırlanmasına da böyük fikir vermək lazımdır. Lakin bu, bir faktdır ki, elm və təhsil inkişaf etməklə yanaşı, gün-gündən tələbat da artır. İnkişaf edən müasir dövrün tələblərinə cavab vermək üçün daim təhsil sistemində islahatlar getməlidir. Yeri gəlmişkən, qeyd edim ki, “Azərbaycanda ali pedoqoji təhsil müəssisələrində kadrların hazırlanmasının nəzəri pedaqoji əsasları” mövzusunda elmi-tədqiqat işləri aparmışam. Ötən il bu mövzuda monoqrafiyam tərtib olunub. Burada istər ali pedaqoji təhsil müəssisələrində, istərsə də ümumtəhsil məktəblərində kurikulumun tətbiqi prosesləri öz əksini tapıb. Mənim fikrimcə, kurikulumun tətbiqi üçün müəyyən vaxt tələb olunur”.
Professorun sözlərinə görə, digər bir cəhət isə odur ki, ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesində ümumbəşəri dəyərlərə malik insanın formalaşdırılması prosesi getməli olduğu halda, bu gün orta təhsil məktəbləri ancaq ali məktəbə daxil olmaq üçün tələbə hazırlamaq funksiyası daşıdığını düşünür: “Mənim fikrimcə, bu, düzgün deyil. Elə şagird ola bilər ki, heç ali təhsil almaq istəmir, müəyyən bir peşəyə yiyələnəcək. Digər tərəfdən, müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olması fikri ondan irəli gəlir ki, bu gün ümumtəhsil məktəbində oxuyan şagird repetitor yanına getmirsə, o, ali məktəbə daxil ola bilmir. Həmin repetitorlar uşağın hazırlanması üçün artıq peşəkar repetitorlara çevriliblər. Hansı müəllimlər ki, repetitorluq etmirlər, onlar öz üzərində işləmir. Mənim fikrimcə, müəllimlərin peşə bacarığını artırmaq üçün onların iqtisadi durumunu daha da yaxşılaşdırmaq lazımdır. Müəllimlərin 0,5 ştat vaxtilə dərs deməsinin qarşısı alınmalıdır. Digər mühüm məsələ isə odur ki, repetitorluğu tamamilə yığışdırmaq lazımdır. Nə qədər ki, repetitorluq var, valideyn fikirləşir ki, uşağını ali məktəbə qoymaq üçün mütləq onun yanına gətirməlidir. Yəni, müəllim də repetitorluq vaxtı şagirdin yetişdirilməsinə daha çox fikir verir, çünki orada qazanc əldə edir. Məktəbdə isə həmin qazancı əldə etmədiyi üçün işinə ikinci dərəcəli baxır. Bu gün məktəbdə müəllimin iqtisadi durumu ilə yanaşı, müəllim-şagird, müəllim-valideyn, müəllim-direktor münasibətləri müasir dövrün tələblərinə uyğun formalaşdırılmalıdır. Əgər bu formalaşma getmirsə, bizim təhsil sistemində bacarıqlı, səriştəli müəllimlərin sayı az olacaq”.

Ali məktəbə qəbul zamanı abituriyentlərin bir çoxu başqa yerə daxil olmaq arzusunda olur


Professor Əhməd Qəşəmoğlu isə bildirdi ki, təhsillə bağlı problemlərdə yalnız məktəbləri günahlandırmaq azdır, eləcə də cəmiyyətin özündə normal, lazımi təhsil almağa mane olan cəhətlər çoxdur: “Bizim təhsil aldığımız illərdə o demək deyildi ki, bütün müəllimlər yüksək səviyyəli peşəkar idi. Biz əlavə materiallar axtarırdıq, məktəbdəki müəllimlərin dərnəklərinə gedirdik, hər kəs çalışırdı ki, bu sahədəki problemlər aradan qalxsın. Çünki artıq uzun illərdir ki, pedaqoji təhsil müəssisələrinə daxil olan tələbələr aşağı balla girirlər. Semestrlərdə bəzi neqativ hallar olub. Nəticədə peşəkar müəllimlərin sayı azdır. Hazırda orta məktəblərdə dərs deyən müəllimlərin hazırlığı dövründə pedaqoji təhsilə münasibət fərqli olub. Onun əsasında həmin müəllimlərin peşəkarlıq səviyyəsi aşağıdır. Bu mühüm faktordur. Amma eyni zamanda cəmiyyətin özünü faktor kimi kənara qoymaq olmaz. İndiki şagirdlər də 30 il bundan qabaqkı şagirdlər deyil. İndi şagirdlər sinifdə özlərini çox qeyrr-ciddi aparır”. Tələbələrin praktikalarda iştirak etməməsi və buna görə də artıq müəllim kimi məktəbə gedəndə dərs deyə bilməməsi məsələsinə gəldikdə isə professor bildirdi ki, burada həqiqət var: “Biz son illər pedaqoji təhsil sahəsinə diqqətimizi lazımınca verməmişik. Faktiki olaraq müəllim peşəsinə sadə bir peşə kimi baxmışıq. Ən zəif oxuyan uşaqları, daha çox qızları çalışıblar ki, pedaqoji təhsilə yönəltsinlər. Əgər tələbə kontingenti zəifdirsə, onu universitetdə öyrətmək də mənasızdır. Mənim də dərs dediyim universitet tələbələri var ki, onların da bir hissəsi müəllim işləyəcəklər. Onların dərsə, tədrisə həvəsi, meyli yoxdursa, auditoriyada məcburən oturursa, bu təkcə universitetin günahı deyil. Ümumiyyətlə, burada birtərəfli münasibət ola bilməz, təhsildə kompleks islahatlar olmalıdır. Yəni, gələcəkdə hansı universitetə nə qədər maliyyə ayrılsa da, burada yüksək səviyyəli tələbə hazırlamaq mümkün deyil. Çünki cəmiyyətin özündə bu tələbat olmalıdır. Ali məktəbə qəbul zamanı abituriyentlərin bir çoxu başqa yerə daxil olmaq arzusunda olur. Amma oraya bal toplaya bilmədiyi üçün gəlib başqasına düşür. Mən BDU-da dərs deyirəm və soruşanda ki, niyə oxumursan, deyir, mən bu ixtisası istəmirdim, sadəcə balım çatmadı, bu fakültəyə düşdüm. Belə adamlar sadəcə illəri gözləyir ki, formal olaraq diplom alsınlar, həvəsi də yoxdur. Eyni zamanda universitetlərdə dərs deyən, müəllimlər hazırlayacaq bəzi müəllimlərin özünün peşəkarlıq səviyyəsi aşağıdır”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info