Naxçıvanda 6 min gənc müxtəlif layihələrdə iştirak edib
Tarix: 23.09.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fond 2015-ci ildə fəaliyyətini bu istiqamətdə qurub, gənclərin intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılıb, aidiyyəti qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirib. Hər il olduğu kimi, bu il də fevralın 2-də Gənclər Günü münasibətilə gənclərlə ənənəvi görüş keçirilib. Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 400-ə yaxın fəal gənc iştirak edib, geniş konsert proqramı təşkil olunub, təhsildə, dövlət qulluğunda, ictimai işlərdə və digər sahələrdə fərqlənən 85 gənc mükafatlandırılıb. Həmçinin iyulun 14-də Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərlə növbəti görüş keçirilib, 82 fəal gənc mükafatlandırılıb.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, təhsil alması, bu kateqoriyadan olan istedadlı uşaqların üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə martın 6-da sağlamlıq imkanları məhdud uşaqlar arasında bədii qiraət, martın 13-də isə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda vətənpərvərlik mövzusunda rəsm müsabiqələri keçirilib. Hər iki müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu gənclərin intellektual inkişafı məqsədilə müxtəlif intellektual oyunlar, yaradıcılıq müsabiqələri təşkil edir. Bu ilin ötən dövründə “Nuh yurdu” intellektual oyununun Şərur, Babək, Culfa və Ordubad rayon birincilikləri keçirilib. Bundan başqa, aprelin 6-dan mayın 6-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib, gənclərin Ulu Öndərimizin dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü, Naxçıvanın muxtariyyətinin qorunması və müasir inkişafı yolunda gördüyü misilsiz xidmətləri barədə bilikləri yoxlanılıb və möhkəmləndirilib. 100-ə yaxın inşa yazının təqdim olunduğu müsabiqədə münsiflər heyəti gənclərin bu sahədə biliklərini və yaradıcılıq qabiliyyətlərini yüksək qiymətləndirib, qalib gələn 13 gənc mükafatlandırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda yeniyetmə və gənclər arasında ikinci muxtar respublika yazı və rəsm müsabiqəsinin keçirilməsi də gənc istedadların yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub. Müsabiqəyə 80-dən artıq rəsm əsəri və inşa yazısı təqdim edilib, 20 gəncin işi qənaətbəxş hesab olunub.
Gənclərin yaradıcılıq müsabiqələri bu gün də davam etdirilir. Gənclər Fondu mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu ilə birlikdə “Naxçıvan: müstəqillik illərində” mövzusunda gənclər arasında yaradıcılıq müsabiqəsi elan edib. Publisistika və teleradio materialları, rəsm əsərləri, ədəbi nümunələr, musiqi əsərləri və elmi-tədqiqat işləri kateqoriyalarında keçirilən yaradıcılıq müsabiqəsi noyabrın 30-na qədər davam edəcəkdir.
Gənc istedadların iştirakı ilə tədbirlərin və konsert proqramlarının təşkil edilməsi onların gələcək fəaliyyətinə stimul verir. Bu tədbirlərin davamı olaraq may və iyun aylarında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Penitensiar Xidmətin Qarışıqtipli Cəzaçəkmə Müəssisəsində Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi və bədii sənətkarlıq məktəbləri şagirdlərinin konsert proqramı təşkil olunub.
Gələcəyimiz olan gənclərə vətənpərvərlik hisslərinin aşılanması onların layiqli vətəndaş kimi böyüməsində mühüm əhəmiyyət kəsb edir. Hər il bu istiqamətdə ardıcıl tədbirlər görülür, gənclər muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda təşkil edilən müxtəlif tədbir və tamaşalara cəlb olunurlar. Təsdiq edilən tədbirlər planına uyğun olaraq, bu il Naxçıvan, Şərur və Culfa şəhərlərində, həmçinin Culfa rayonundakı N hərbi hissədə Həsənalı Eyvazlının “Araz sahilində doğan günəş”, Babək Rayon Mədəniyyət Evində Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Naxçıvan şəhərindəki Zabitlər Evində və Ordubad şəhərində İftixar Piriyevin “Qurtuluş dastanı” tamaşaları gənclərə, əsgər və zabitlərə təqdim olunub. Həmçinin 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il martın 12-də imzaladığı Sərəncamla təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələri tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, əsgər və zabitlər üçün “Əsgər atası” və “Uzaq sahillərdə” filmləri nümayiş olunub. Bundan başqa, “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il aprelin 9-da imzaladığı Sərəncama uyğun olaraq, Naxçıvan şəhərindəki Zabitlər Evində və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında tədbirlər keçirilib, görkəmli sərkərdənin həyat və fəaliyyətindən bəhs edən filmə baxış olub, onun Naxçıvan şəhərindəki ev-muzeyində məktəblilərin iştirakı ilə açıq dərslər keçirilib.

Çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması və onların Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması da görülən işlərin mühüm tərkib hissəsidir. Gənclərlə əsgərlərin görüşlərinin keçirilməsi, hərbi hissələrdə konsert proqramlarının təşkil edilməsi 2015-ci ildə də davam etdirilib, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Culfa rayonunda yerləşən N hərbi hissədə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında gənclərin əsgər və zabitlərlə görüşü olub, Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivinin, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Kəngərli Rayon Mədəniyyət Evinin xalq çalğı alətləri ansamblının hərbi hissələrdə konsertləri təşkil edilib.
Son illər muxtar respublikada təbiətin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür, geniş yaşıllıqlar salınır. Bu sahədə gənclərimiz də fəallıq göstərir, ətraf mühitin qorunmasının əsl təşəbbüskarı kimi çıxış edirlər. 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində gənclərin iştirakı ilə Şahbuz Dövlət Təbiət Qoruğunda “Ətraf mühiti qoruyaq”, Uzunoba gölü ətrafında “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizləri ilə aksiyalar keçirilib, eləcə də gənclər Ordubad Milli Parkına ekskursiya ediblər. Həmçinin 200-dən çox yeniyetmə və gəncin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında muxtar respublikada təbiətin qorunması ilə bağlı “dəyirmi masa” keçirilib.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzi bu gün gənc nəslin ən çox üz tutduğu müasir ünvanlardan biridir. Burada gənclərin intellektual inkişafı, xüsusilə də xarici dil biliklərinin möhkəmləndirilməsi üçün hərtərəfli şərait vardır. 2014-cü ilin aprel ayından başlayaraq mərkəzdə keçirilən ingilis, rus və fransız dilləri üzrə hazırlıq kurslarında yüzlərlə gənc iştirak edib. Bu il fevralın 23-dən 59 gəncin iştirakı ilə növbəti xarici dil kursları fəaliyyətə başlayıb. 5 ay davam edən kurslarda yazılı və şifahi olmaqla, iki mərhələdən ibarət sertifikat imtahanı keçirilib, 35 nəfər imtahanlarda iştirak etmək hüququ qazanıb. Onlardan 19-u imtahandan müvəffəqiyyətlə keçərək sertifikat alıb. Kurslarda iştirak edən 8 muzey işçisindən 7-si sertifikat alanlar sırasında olub.
Asudə vaxtın səmərəli təşkili də gənclərin hərtərəfli inkişafında mühüm rol oynayır. Hər il olduğu kimi, 2015-ci ildə də yay tətili günlərində Ağbulaq İstirahət Mərkəzində yay məktəbinin təşkil olunması məhz bu məqsədə xidmət edib. Bu il keçirilən yay məktəblərində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 150 gənc iştirak edib. Yay məktəbi günlərində müxtəlif müsabiqələr, idman və intellektual oyunlar, ekskursiyalar təşkil olunub, Azərbaycan filmləri nümayiş etdirilib.
Ümumiyyətlə, 2015-ci ilin ötən dövrü ərzində keçirilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə 6 minə yaxın gənc iştirak edib, 250-yə yaxın gənc mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info