“Müəllim yalnız savadlı pedaqoq yox, həm də gözəl psixoloq olmalıdır”
Tarix: 28.09.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Səadət Quliyeva: “Şagirdə şəxsiyyət kimi yanaşılmalıdır”

Müsahibimiz Şirvan şəhər 21 saylı orta məktəbin direktoru Səadət xanım Quliyevadır.

-Özünüz barədə oxucularımıza məlumat verərdiniz.

-Mən, Quliyeva Səadət Əlisahib qızı 1957-ci ildə Şirvan şəhərində, ziyalı ailəsində anadan olmuşam. 1974-cü ildə Şirvan şəhər (əvvəlki Əli Bayramlı) 10 nömrəli tam orta məktəbi bitirmişəm. 1975-80-ci illərdə Azərbaycan Xarici Dillər Universitetinin İngilis-alman dili fakültəsini bitirmişəm. Təyinatla Sabirabad rayonunda - Axtaçı və Qaragüney kənd orta məktəblərində 5 il işlədim. 1985-ci ildə ailə vəziyyətimlə əlaqədar yenidən Əli Bayramlıya gəldim. İndiki 21 nömrəli tam orta məktəb 1985-ci ildə internat məktəbi idi. 1989-cu ilin sentyabrında internat məktəbi Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv olundu. Onun nəzdində indiki 21 nömrəli orta məktəb yaradıldı. Həmin dövrdə məktəbdə(internat məktəbində) alman dili tədris olunduğu üçün məni alman dili müəllimi kimi qəbul etdilər. O vaxtdan həmin məktəbdə həm də partiya təşkilatı katibi işləyirdim(1985-1994). Onu da deyim ki, hələ tələbə ikən partiya sıralarına daxil olmuşdum.(Sov.İKP) 1994-cü ildə ilk dəfə olaraq direktorlar seçki yolu ilə seçilirdi və bu, elə cəmi 1 il oldu. Məhz həmin il kollektiv məni direktor seçdi, baxmayaraq ki, ozamankı Təhsil şöbəsinin razılığı yox idi(onların öz namizədləri var idi). Amma kollektiv öz sözünü dedi, 10 nəfər namizədin içindən mən seçildim və 1994-cü il oktyabrın 1-dən direktor kimi fəaliyyətə başladım. 21 ildir bu işi davam etdirirəm. Bu müddətdə - 2005-2015-ci illərdə bələdiyyə üzvü kimi də fəaliyyət göstərmişəm. Şəhər Qadınlar Cəmiyyətinin üzvüyəm. Bələdiyyə xətti ilə 2005-2007-ci illərdə Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvü olaraq respublika üzrə seçilən 6 nəfərdən biri kimi 2 il fəaliyyət göstərmişəm. Bu xətlə Fransanın Strasburq şəhərində, Xorvatiyada keçirilən iclaslarda iştirak etmişəm. Ailəliyəm, 2 övladım, 4 nəvəm var. Övladlarım da ali təhsillidirlər. Həyat yoldaşım uzun müddət daxili işlər orqanlarında işləyib, hazırda təqaüddə olan zabitdir.
- Uzun illərin təcrübəsinə malik təhsil işçisi kimi hazırkı Azərbaycan məktəblərinin, dərslərin və şagirdlərin durumu ilə bağlı nələri deyə bilərsiniz?
-Hazırda Azərbaycan məktəblərinin durumu kurikulumla keçilən siniflərdə(1-8) daha yüksəkdir, nəinki yuxarı siniflərdə. Bəzi müəllimlər təhsil sistemində olan yeniliyi qəbul etmək istəməsələr də, gələcəkdə təhsilin səviyyəsinin daha da yüksələcəyinə inanıram.
-Bu il ali məktəbə xeyli sayda yüksək bal toplayaraq qəbul olan abituriyentlərimiz oldu. Bu barədə göstəricilərin ildən-ilə yüksəlməsinə münasibət bildirərdiniz.
- Azərbaycanda əksər ailələrdə təhsilə böyük önəm verirlər. Hər bir ailə çalışır ki, övladı təhsilli olsun, çünki indiki cəmiyyətdə təhsilsiz hər hansı sahədə fəaliyyət göstərmək mümkün deyil. Bu səbəbdən məzunların ali məktəbə daxil olma sayı, özü də yüksək balla qəbul göstəriciləri ilbəil artır. Mənə elə gəlir ki, daha yüksək intellektual səviyyəli gənclər yetişir. Buna misal olaraq məktəbimizin abituriyentlərini də göstərə bilərəm. Son 5 ildə çox böyük nailiyyətlər əldə etmişik. Builki göstəricilərimiz isə əvvəlki illəri üstələdi. 2014-2015-ci tədris ilində ali məktəblərə imtahanlar zamanı ən yaxşı nəticə göstərən 3 tədris müəssisələrindən biri də 21 nömrəli tam orta məktəb oldu. Qeyd edim ki, bu il 21 nömrəli tam orta məktəbdən məzun olan 35 nəfəri ali məktəbə sənəd verib onlardan 23 nəfər məzun respublikamızın müxtəlif ali məktəblərinə daxil olub. Onların 6 nəfəri 600-dən, 1 nəfər isə 500-dən çox bal toplayıb. 600-dən yuxarı bal toplayan məzunların adlarını sadalamaq istərdim. Bunlar- Ələkbərova Nazilə (672 bal IV qrup), Əhmədov Fuad (639, I qrup), Salayev Ziya (621, III qrup), Həsənzadə Aygün (612, I qrup), Zeynalov Hümmət (612, III qrup), Hüseynova Zeynab (601, IV qrup), 500-dən çox bal toplayan isə Əmirli Nilufərdir (527, III qrup). Qeyd etmək yerinə düşər ki, 21 nömrəli tam orta məktəb Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülüb. Bu nailiyyət və uğurların əldə olunmasında məktəb rəhbərliyinin müəllim heyətinin də rolu və əziyyətləri danılmazdır. Müəllim heyətinə, tələbə adını qazanan gənclərə uğurlar arzu edir, yeni tədris ilində şagirdlər sələflərindən də yaxşı nəticə gözləyirik.
Ümumiyyətlə təhsilimiz inkişaf edir, bu göz qabağındadır. Müasir şagirdlərin təhsil alması üçün daha yaxşı imkanlar var. Məlumat bazalarını inkişaf etdirmək üçün də daha çox vasitələr var.
-Uğurlu statistikanı sadaladınız və uğurlarda müəllimlərinizin də danılmaz rolu olduğunu dediniz. Ümumiyyətlə, müəllim-şagird münasibətləri necə qurulmalıdır?
-Bizim məktəbin özünəməxsus özəllikləri var. Əvvəla, onu deyim ki, biz müəllimlərin ən böyük xoşbəxtliyi odur ki, hər bir şagirdimizi sevirik və onlar da bizi sevirlər. Şagird-müəllim münasibətlərində qarşılıqlı hörmət çox vacibdir. Müəllim yalnız savadlı pedaqoq yox, həm də gözəl psixoloq olmalıdır. Şagirdə şəxsiyyət kimi yanaşmalıdır. Şagirdlərlə, eyni zamanda müəllimlərlə məktəbdənkənar tədbirlər çox keçiririk. Bizim məktəb sanki bir ailədir. Biz valideynlərlə müntəzəm əlaqə saxlayır, hər bir şagird haqqında, onun ailə vəziyyəti, problemləri ilə bağlı məlumatlar əldə edir və bu problemlərin aradan qaldırılması üçün əlimizdən gələni edirik. Artıq 3 ildir ki, 25-30 şagird üçün iyun ayında könüllü, pulsuz “Yay düşərgəsi”təşkil edirik. Bu şagirdlər ingilis dilində yaxşı bilənlər arasından anket sorğusu ilə seçilir. Qərara almışıq ki, növbəti ildə başqa fənn müəllimləri də belə düşərgələr keçirsinlər. Hər il uşaqları respublikamızın tarixi və gözəl təbiəti olan müxtəlif regionlara aparırıq. Bu, çox vacibdir. Hətta valideynlər də belə gəzintilərdə bizə qoşulurlar.
-Bəs müəllimin daim özünü inkişaf etdirməsi üçün nələri məsləhət görərdiniz?
-Mən öz təcrübəmizdən deyəcəyəm. Biz daim öz üzərimizdə çalışırıq. Hər il müxtəlif pullu və pulsuz təlimlərdə iştirak edir, özümüz seminarlar təşkil edir, gənc müəllimləri qabaqcıl təcrübəyə malik müəllimlərə təhkim edir, yeni çıxan tədris vəsaitlərini alır, oxuyub müzakirə edirik. Demək olar ki, əksər müəllimlərimiz İKT-dən çox səmərəli istifadə edirlər. Bizdə yaxşı mənada yarış var - sanki kim daha yaxşı dərs keçir, şagirdlər hansı müəllimi daha çox sevirlər. Bizim məktəbdə artıq 3 ildir ki, müəllimlər də vahid forma geyinirlər. Bu da maddi imkanı az olan müəllimlə imkanlı müəllimi bir araya gətirir. Müəllim geyimi, bər-bəzəyi ilə deyil, savadı, tərbiyəsi və mədəniyyəti ilə seçilməlidir.
- Yetişdirdiyiniz savadlı şagirdlər gələcəkdə potensial savadlı kadrlar kimi cəmiyyətimizə hansı xeyirləri verə bilərlər?
-Cəmiyyət öz ziyalıları ilə inkişaf edə bilər. Təbii ki, savadlı, yüksək səviyyədə ali məktəblərə hazırlaşmış abituriyentlərimizin sayının artması elə ölkəmizin daha gözəl gələcəyindən xəbər verir. Əvvəla, ziyalı təbəqə artarsa, bütün sahələrdə daha yaxşı ixtisaslı kadrlar yerləşdirilər, iqtisadiyyat sahəsində inkişaf yüksək olar, insanların maddi-mənəvi rifahı daha da artar, yüksək mədəniyyət olar.
-Dərs dediyiniz fənn üzrə hansı məsləhətləriniz olardı?
-İngilis dilini tədris edirəm. Daim öz üzərimdə çalışıram. 2013-cü ildə İngiltərədə “Müəllimlərin treyneri” 2 həftəlik kursunu keçdim. Hazırda Şirvanda AzETA-nın (Azərbaycan İngilis dili Müəllimlərinin Birliyi) filial rəhbəriyəm. Öz ətrafımızda savadlı, bacarıqlı müəllimləri birləşdirərək ayda 2 dəfə yeni təlim metodlarının tətbiqi, müasir müəllimə verilən tələblərlə bağlı açıq dərslər, seminarlar, müzakirələr keçiririk. Həm ingilis dili müəllimi kimi dilimizi inkişaf etdiririk, həm də bilik mübadiləsi edirik. Devizimiz belədir: “Yaxşı öyrən ki, yaxşı da öyrədəsən”. Bu birlikdə qeyri-ixtisas müəllimləri də iştirak edir. Bizim qabaqcıl, innovativ müəllimlərimiz var ki, bunlardan Təranə Səmədzadəni(ingilis dili),Ruqiyyə Babayevanı(Az.dili, ədəbiyyat), Mehriban İsmayılovanı(riyaziyyat), Günel Əkbərovanı(fizika), Salam Əkbərovu(tarix), İmarət Əliyevanı(ibtidai sinif), Aysel Cavadovanı(fizika-informatika) göstərmək olar. Müəllim hər zaman axtarışda olmalı, şagirdlərini hər zaman öz ideyaları ilə təəccübləndirməlidir.
-Bəs valideynlərə hansı məsləhət və ya tövsiyələri verərdiniz?
-Ən yaralı yerimiz bəzi səhlənkar valideynlərdir. Mən həmişə istər ümumməktəb yığıncaqlarında, istərsə də valideyn iclaslarında valideynlərə tövsiyə edirəm ki, əvvəla, məktəbə gətirənə qədər övladlarının təlimi ilə məşğul olsunlar, onlara faydalı məsləhətlər versinlər, intizamlı olmalarına, məktəbə vaxtında gəlmələrinə ciddi nəzarət etsinlər. Dərslərdə daim iştirak etsinlər, müəllimlərlə sıx əlaqə saxlasınlar, uşaqlarının mütaliə etmə qabiliyyətlərini inkişaf etdirsinlər.

“Müəllim hər zaman axtarışda olmalı, şagirdlərini hər zaman öz ideyaları ilə təəccübləndirməlidir”

-Sonda arzu, istək və ya bizə sözünüz.
-Arzum çoxdur. Amma bəzilərini deyim. Əvvəla, məktəbimizin lisey olmasını arzu edirəm .Bu mənim 1 nömrəli məqsədimdir. Buna nail olmaq üçün illərdir pillə-pillə bu arzuya doğru gedirik. Gözəl, savadlı, layiqli müəllimlərimiz var, şagirdlərimiz çox mədəni və dünyagörüşlüdürlər, çünki onlarla çoxlu bilik yarışları, intellektual yarışlar, müxtəlif səpkidə tədbirlər o qədər keçiririk ki, mədəni davranışları, dinləmə qabiliyyətləri ilə hər yerdə seçilirlər. Digər arzum isə məktəbimizin əsaslı təmir olunmasıdır. Bütün bu nailiyyətlərimizi kollektivlə, şagirdlərlə, valideynlərlə əl-ələ verib qazanmışıq və baxmayaraq ki, məktəbimizin binası 1962-ci ildə istifadəyə verilib, hələ də əsaslı təmir olunmayıb. Sizə isə çalışdığınız bu məsuliyyətli sahədə uğurlar arzulayıram. Hamını ədalətli olmağa, vətənimizi, insanları sevməyə, daim xeyirxah işlər görməyə çağırıram. Kollektivimizə isə daha böyük uğurlara imza atmağı arzulayıram. Cəmiyyətimizə savadlı, tərbiyəli, yararlı vətəndaşlar yetişdirmək bizim ümdə borcumuzdur. Xoşbəxtəm ki, müəlliməm, xoşbəxtəm ki, şagirdlərimi sevir və onların cəmiyyətə yararlı, gözəl vətəndaş olması üçün əlimdən gələni edirəm. Şagirdlərin və müəllimlərin sevgisi mənim üçün ən böyük mükafatdır.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info