Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 36 dövlət orqanında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun 299 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqənin test imtahanlarına sentyabrın 29-da yekun vurulub. Sonuncu test imtahanında yerli icra hakimiyyəti və məhkəmə orqanlarında işləmək istəyənlər imtahan veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bildirilib ki, test imtahanlarında bu günədək 406 iştirakçıdan 35 nəfəri bu və ya digər səbəblərdən iştirak etməyib. Yüksək nəticə göstərən namizədlərin sayı isə 65 nəfərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda namizədlərə qanunvericilikdən 40, məntiqi təfəkkür barədə 30, kompyuter bilikləri ilə bağlı 15, ümumi dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə, 100 test tapşırığı təqdim olunub.
İmtahanlarda namizədlərə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahan gedişinin video və audio yazısı qeydə alınıb. İmtahandan dərhal sonra namizədlərə cavab kartı və nəticə barədə arayış verilib. Nəticələr komissiyanın internet saytında yerləşdirilib.
Məlumat üçün bildirək ki, bu ilin avqust ayının 6-da elan edilən müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər mərhələli şəkildə bu günədək test imtahanlarına qatılıblar. İmtahanda müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.
Təhminə
|