Diasporumuzun birlik problemi
Tarix: 02.10.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi hər zaman prioritetdir. Diasporun bir araya gəlməsi üçün, hər şeydən əvvəl əqidə, ideologiya birliyi olmalıdır. Bu, real birliyə aparan ən başlıca yoldur. Bu baxımdan azərbaycançılıq ideologiyamız var. Azərbaycançılıq ideologiyası diasporumuzun birləşməsi üçün mayakdır. Lakin bir çox hallarda diaspor üzvlərinin və ya diaspor təşkilatlarının şəxsi ambisiyalarına xidmət etmələri onları bu mayakdan uzaqlaşdırır.

Koordinasiyanın düzgün aparılmaması və “mənəm-mənəm”lik uğrunda mübarizə diasporun təşkilatlanma sürətini azaldan mənfi cəhətdir. Bəzən diaspor üzvlərindən kimisi nüfuzuna, kimisi maliyyəsinə, kimisi yaşına, kimisi təcrübəsinə görə bir-birilərinin tədbirlərində iştirak etməyi özlərinə sığışdırmırlar. Hətta eləsi də olur ki, bəhsə düşüb gedib diaspor təşkilatı yaradır. Hazırda diaspor təşkilatlarımzın sayı 500-ə yaxınlaşır. Əlbəttə ki, belə kəmiyyət artımı diasporun inkişafında çox da, həlledici rol oynamır. Bu çoxluq bəzən əks-təsir də meydana gətirir. Çünki çox təşkilatın olması çox ambisiyanın olması deməkdir. Belə olduqda diasporun birləşmək problemi daha da dərinləşir. Hansı ki, Dünya Azərbaycanlılarının III qurultayındakı çıxışında Prezident İlham Əliyev diaspor təşkilatlarının birliyini ən vacib amillərdən biri hesab edib: “Bəzi hallarda bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə, əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Mən çox xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir”.
Ümumiyyətlə, diaspor təşkilatlarının birləşməsinin diasporumuzun inkişafında əhəmiyyətli rolu var. Bu günlərdə Moskvada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və “Azərros” təşkilatlarının birləşməsi haqqında deklarasiya qəbul olunub. Diasporun birliyi üçün bu bir örnək addımıdır. Hər halda, digər ölkələrdəki diasporumuzdan da bu kimi xəbərlər eşitmək çox xoş olardı. Amma görək onlar bunu istəyirlərmi? Məsələn, Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasov bu birləşməni praktiki olaraq qeyri-real hesab edir: “Zaman-zaman olub ki, bu və buna oxşar birləşmələr, ayrılmalar olub və gələcəkdə də ola bilər. Ancaq Rusiya ilə Avropanı, dolayısı ilə bu diasporumuzu müqayisə etməyi düzgün hesab etmirəm. Hər yerin öz xüsusiyyətləri olduğu kimi, ictimai-siyasi durumu da fərqlidir. Təbii ki, diaspor təşkilatlarımızın məqsədi, əsasən ölkəmizin xeyrinə işlər görmək olmalıdır. Demək ki, əslində məqsədləri də eyni olmalıdır. Gəlinən nəticə də belədir ki, nəzəri cəhətdən bu birləşmə, mümkün ola bilər. Praktikada isə bunun olacağına inanmıram. Ancaq birləşib-birləşməmək önəmli deyil. Önəmli olan odur ki, hər bir təşkilatın məqsədi, məramı və bir də məqsədinə çatmaq üçün müəyyən planı olsun. Bütün bunlar varmı? Bu artıq başqa mövzunun söhbətidir və gələcəkdə bu mövzuya qayıtmaq olar”.

“Birləşməyə ehtiyac yoxdur, birlikdə
fəaliyyətə isə ehtiyac var”


Vüqar Abbasovun fikrincə, önəmli olan eyni məqsədə xidmət etməkdir: “Bunu isə həm birlikdə, həm də ayrı-ayrı etmək mümkündür. Məsələn, mənim hələlik heç bir təşkilatım yoxdur və bu günə qədər də əlimdən gəldiyi qədər ölkəmiz üçün nəsə etməyə çalışmışam. Mənim konkret məqsədim var və bu məqsədə çatmağa çalışıram. Bunun üçün hansısa təşkilata qoşulmağa heç bir zərurət görməmişəm. Yaxud da bu günə qədər hər hansı bir təşkilat yaratmağa da ehtiyac hiss etməmişəm. Ancaq bütün bunlar gələcəkdə olmayacaq anlamına gəlməməlidir”. Birləşmənin diasporun inkişafında rolundan danışan həmsöhbətimiz deyir ki, zərurət yaranmayınca, birləşmənin olması da gərək deyil: “Birləşmək yox, bəzi məqamlarda birlikdə hərəkət etməyi daha düzgün hesab edirəm. Belə ki, bəzi tədbirləri bir neçə təşkilatın bərabər təşkil etməsi daha möhtəşəm olar. Həm də insanlarımız seçim qarşısında qalmazlar. Bir az aydınlıq gətirim; bir də görürsən eyni məqsədlə bir neçə təşkilat tədbirlər təşkil edir və insanlarımız bunların hansına qatılacaqları ilə bağlı tərəddüd edirlər. Bəlkə, o səbəbdəndir ki, getdikcə tədbirlərə qatılan insanlarımızın sayı azalır. Ola bilsin ki, mən səhv edirəm və kaş ki, bu baxımdan səhv etmiş olum. Qısası, bir daha qeyd edirəm ki, birləşməyə ehtiyac yoxdur, birlikdə fəaliyyətə isə ehtiyac var”.

“Maliyyəsi olmayan diaspor təşkilatlarının birləşməsi heç bir
effekt verməyəcək”


Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimlinin fikrincə isə güclü fəaliyyət üçün maliyyəsi olmayan diaspor təşkilatlarının birləşməsi heç bir effekt verməyəcək: “Diaspor təşkilatlarının birləşməsi ilə əlaqədar fikir söyləməkdən öncə biz gərək diaspor təşkilatlarının fəaliyyəti barədə danışaq. Onların fəaliyyətlərinin nədən bu qədər zəif olmasının səbəblərini araşdırmalıyıq. Niderlandda diaspor fəaliyyəti, demək olar ki, ürəkaçan deyil. Diaspor təşkilatlarının maliyyəsi yox səviyyəsindədir. Mən şəxsi hesabıma təşkilatımızı maliyyələşdirirəm. Maliyyə olmayan yerdə də heç bir layihələrimiz uğurlu alınmayacaq. Bu söylədiklərim olmayan yerdə diaspor təşkilatlarının birləşməsinin heç bir effekti olmayacaq. Niderlandda 5-6 təşkilatın birləşərək neçə illərdir fəaliyyətinin şahidi olmuşuq. Demək olar ki, adları var, fəaliyyətləri yoxdur”.
Maraqlıdır ki, Elxan Mirhəşimli Niderland - Azərbaycan Evi olaraq heç bir təşkilatla birləşmək fikri olmadığını dedi: “Biz müstəqil bir təşkilatıq, müstəqil olaraq da fəaliyyət göstəririk. Yalnız bizə ehtiyac duyarlarsa, birlikdə fəaliyyətlərimizə dəstək verib, birlikdə Azərbaycanın ümummilli problemlərinə dəstək olub, xalq diplomatiyamızı artırıb xarici siyasətimizə dəstək ola bilərik. Ümumiyyətlə, diaspor təşkilatlarının fəaliyyətini gücləndirmək üçün xarici ölkələrdə fəaliyyət göstərən təşkilatları da Azərbaycanda olan qeyri-hökumət təşkilatları kimi qeydiyyata alıb, göstərdikləri layihələr əsasında illik maliyyə yardımları ayrılsaydı, daha yaxşı olardı. Xarici ölkələrdə diaspor təşkilatlarının hədəfi məlumdur. Bizim təşkilatın da layihələri, planları çoxdur, yalnız dəstəyimiz yoxdur”.

“Bir olaraq lobbiçilik
fəaliyyətimizi inkişaf
etdirməliyik”


Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov (İlisuyski) ÜAK-la “Azərros”un birləşmək qərarını böyük sevinclə qarşılayıb: “Diasporumuz bir olmalıdır. Ona görə ki, bizim gücümüz birliyimizdədir. İradəmizi nümayiş etdirmək üçün biz fəal olmalıyıq, ayrı-ayrılıqda fəal olmaq mümkün deyil. Rusiyada ÜAK-la “Azərros”un birləşməsini alqışlayıram və bu işdə zəhməti olanları səmimi-qəlbdən təbrik edirəm. Əsasən də Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun rolunu ayrıca qeyd etmək istərdim”.
Paşa Məmmədova görə, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Rusiyadakı bu birləşmədən ibrət götürməli və bir olaraq lobbiçilik fəaliyyətimizi inkişaf etdirməliyik: “Bu istiqamətdə bizim xarici dövlətlərdəki diplomatik missiyalar da fəallıq göstərməlidirlər. Bir daha Rusiyadakı diaspor təşkilatlarımıza uğurlu olsun deyirəm, ümumiyyətlə, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımıza müvəffəqiyyətlər arzu edirəm”.

“Azərbaycan diasporunun
güclü və bir olmamağa
haqqı yoxdur”


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili isə bildirdi ki, Azərbaycan diasporunun güclü və bir olmamağa haqqı yoxdur: “Çünki Diasporla İş üzrə Dövlət Komitəsi daimi bu işdə bizlərə dəstək verir, öz qayğısını bizlərdən əsirgəmir. Güclü olmaq, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq üçün bir olmaq, birgə fəaliyyət göstərmək lazımdır. Biz bir olsaq, kimsə bizə bata bilməz. Gücümüz birliyimizdədir. Son olaraq Rusiyadakı diasporumuzun birliyini təmin edən, daimi həmvətənlərimizi birliyə, mehribançılığa səsləyən Azərbaycanın Rusiyadakı səfirinin birinci müavini Qüdsi Osmanova, DİDK-ə və təbii ki, Rusiya azərbaycanlılarının birliyində əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Diaspor təşkilatlarımızın keyfiyyət baxımından da güclənməsi üçün birliyin müsbət rolu var. Bunun üçün belə təşkilatların rəhbərləri diaspor ambisiyalarını ortaya qoymalıdır. Həmçinin bu təşkilatlar arasında düzgün koordinasiya işi aparılmalıdır ki, onların fəaliyyəti daha da güclənsin. Belə olduqda xaricdəki soydaşlarımız da diaspor təşkilatlarımızın ətrafında birləşərlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info