“Müəllim daim axtarışdadırsa, yüksək nəticə əldə edəcək”
Tarix: 05.10.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Sevinc Niftiyeva: “Özünü təkmilləşdirən müəllimin haqqı dərs dediyi şagirdlərin məmnun baxışlarında, ürəklərində yaşatdıqları hörmət və məhəbbətindədir”

Müsahibimiz Şirvan şəhər 9 №-li məktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevadır. Sevinc xanımla müsahibə Beynəlxalq Müəllimlər Gününə təsadüf etdi. Xeyli müddətdir anasının seçdiyi bu şərəfli peşəni-müəllimliyi uğurla davam etdirən Sevinc Niftiyeva ilə olan maraqlı müsahibəni oxuculara təqdim edirik:
-Özünüz haqqında məlumat verərdiniz.

-Mən, Niftiyeva Sevinc Mürvət qızı 1976-cı il 6 may tarixində Əli Bayramlı (indiki Şirvan ) şəhərində anadan olmuşam. Təhsilimi ilk olaraq 1983-cü ildə həmən şəhərdə B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə birinci sinfə getməklə başlamışam. Məktəbin ictimai işlərində fəal iştirak etməklə yanaşı fənn olimpiadalarında da iştirak edərək mükafatlandırılmışam. 1993-cü ildə həmin məktəbi tərifnamə ilə bitirərək Lənkəran Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olundum. 1997-ci ildə universiteti müvəffəqiyyətlə bitirərək elə həmin ildən təyinatla Şirvan şəhər 20№-li məktəbdə riyaziyyat-informatika müəllimi, 2002-ci ildən isə Şirvan şəhər 9№-li məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində Təhsil Nazirliyinin, “Mədəd” təşkilatının, Təhsil Şurasının və eləcə də digər QHT-lərin keçirdiyi təlimlərdə fəal iştirak edərək sertifikatlara və diplomlara layiq görülmüşəm. Hazırda da dərslərimi “Promethean” lövhə və internetlə təchiz olunmuş sinif otağında keçirəm.
2012-ci ildən Təhsil Şurasının , “Təhsil və Zaman” qəzetinin redaksiya şurasının, AzETA-nın fəal üzvü seçilmişəm. 2013-cü ilin noyabr ayından Təhsil Şurasının ümumi yığıncağında idarə heyətinin üzvü seçilmişəm.
Təhsil Şurasının bir çox tədbirlərinin, eləcə də 25.05.2013 Bakı, 05.09.2013 Şirvan, 22.11.2013 Bakı konfranslarının təşkilatçılarından biri olmuşam.
2013-cü ildən Təhsil Şurasının keçirdiyi təlimlərin iştirakçısı və təlimçisi kimi fəaliyyət göstərirəm. 2014-cü ilin noyabrında Gürcüstan respublikasının Kabuleti şəhərində beynəlxalq konfransında iştirak etmişəm. 2013-2014-cü tədris ilində keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinə qatılaraq 17 dekabr 2014-cu il Prezidentin 931 nömrəli qərarı ilə müsabiqənin qalibi olaraq mükafatlandırılmışam.
Bundan başqa qeyd edim ki, ziyalı ailəsində böyümüşəm, atam – Niftiyev Mürvət Əhməd oğlu neft mühəndisidir. Hazırda təqaüdçüdür.
Anam isə Məmmədova Laləzər Allahyar qızı təhsillidir, hazırda Şirvan şəhər 16№-li tam orta məktəbdə ibtidai sinif müəllimidir.
-Sevinc xanım, sizinlə müsahibə müəllimlər gününə təsadüf etdi. Həmkarlarınıza sözünüz və ya təbrikiniz...
-Bəli müsahibə xoş bir günə təsadüf etdi. Öncə onu deyim ki, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir və müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə isə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlayıb. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Mən də bu müqəddəs yolda böyük əmək sərf edən bütün həmkarlarımı təbrik edirəm, onlara uğurlar arzu edirəm. Azərbaycan müəllimi hər zaman fədakarlığı, cəmiyyətdə oynadığı xüsusi roluna görə seçilib. Təsadüfi deyil ki, bizdə şagirdlərin müəllimə olan hörməti valideynə olan hörmətindən zərrə qədər də fərqlənmir. Bütün bu hörmət və münasibəti Azərbaycan müəllimi əsrlər boyu şərəfli fəaliyyəti nəticəsində qazanıb. Qısası, bütün təhsil işçilərini təbrik edirəm, müəllimlərə isə bol-bol uğurlar arzu edirəm.
-Çalişdiğiniz orta məktəb haqqında da söz açardınız.
-Hazırda Şirvan şəhər 9 nömrəli tam orta məktəbdə çalışıram. Şirvan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən biri olan bu məktəb haqqında bir maraqlı məqamı qeyd edə bilərəm ki, 1972 –ci ildən 2006 –cı ilin mart ayına qədər olan uzun bir dövr ərzində 34 il məktəbə Sayılova Xavər xanım rəhbərlik edib. Hazırda isə bizə doğma olan 9 saylı orta məktəbin şagird və müəllim kollektivinə qabaqcıl təhsil işçisi Hüseynov Əlizadə Nuru oğlu rəhbərlik edir. 35 sinifdə 687 nəfər şagirdin təlim tərbiyəsi ilə 71 nəfər müəllim, 25 texniki işçi məşğul olur və təhsil islahatının yerinə yetirilməsində bilik və bacarıqlarını səylə sərf edirlər.
Məktəbin bir müəllimi Xəlilova İradə təhsil naziri Mikayıl Cabbarov tərəfindən fəxri fərmanla təltif edilib, Niftiyeva Sevinc – yəni mən isə Prezident İlham Əliyevin 17 dekabr 2014-cü il 931 nömrəli qərarı il “Ən yaxşı müəllim “müsabiqəsinin qalibi olmuşam.
71 nəfər müəllimdən -57 nəfəri ali təhsilli, 13 nəfəri orta ixtisas, 1 nəfər isə ümumi orta təhsillidir. Məktəbin 36-38 illik fəaliyyəti dövründə 2 nəfər qızıl (Hicran Cəbiyeva və İradə Sarıyeva) və 3 nəfər gümüş (Səbutay Babayev, Xuraman Əsgərova, Mehparə Nəsirova) medalla məktəbi bitirib.
Şərəfli tarixə malik olan məktəbin məzunları arasında Milli Məclisin deputatı Rəfael Cəbrayılov, iqtisad elmləri doktoru Niyazi Həsənov, tanınmış ictimaiyyət nümayəndəsi Yunis Oğuz, o cümlədən onlarla yüksək hərbi rütbəli zabit, hüquq işçisi, iqtisadçı, həkim, müəllim, mühəndis və başqa peşə sahibləri kimi xalqımıza ləyaqətlə xidmət edir. Onların bəziləri təhsil aldıqları məktəbə baş çəkir, şagirdlər və müəllimlərlə tez-tez görüşlər keçirilir.
Məktəbin tarixində 1999-cu ildən 2015-ci il dövrünə kimi məzunlardan 27 nəfəri 500-dən çox, onun da 4-ü 600-dən çox bal toplayıblar.
-Məktəbiniz barədə geniş məlumat verdiniz. Bəs rayonunuzda necə, təhsilin ümumi səviyyəsi sizi qane edirmi?
-Rayonumuzda da təhsilin səviyyəsi və göstərilən nəticələr yüksəkdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi açıqlamasına görə, şəhərimizin qəbul imtahanları ilə bağlı nəticələrdə ilk onluqda, hətta ilk beşlikdə də olub. Bu il 34 məzun 500 baldan yuxarı, 36 məzun isə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanıblar. Şəhərimizdəki 16, 21, 18 və eləcə də 9 saylı məktəblər qəbulun nəticələrinə görə seçilirlər.
-Artıq yeni dərs ili başlayıb. Bu dərs ilindən gözləntiləriniz nələrdir? Ümumiyyətlə, ilbəil ölkədə müəllimlərin, təhsilin səviyyəsinin qalxması barədə nələri deyərdiniz?
- Sizin də vurğuladığınız kimi dərs ili yenicə başlayıb və hələ ki, müəllim heyətinin yükü ağırdır. Artıq yeni tədris ilindəyik. Amma keçən tədris ili mənim üçün çox yadda qalan bir oldu. Müsabiqə qalibi olub 2014-2015 tədris ilini başa vuraraq yeni tədris ilinə çox böyük ruh yüksəkliyi ilə başlamışam. Bu ildən də gözləntilərim çoxdur. Belə ki, yeni təlimlərdə, yeni müsabiqələrdə iştirak etmək istəyirəm. Müəllim əgər daim axtarışdadırsa, yüksək nəticə əldə edəcək.
Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedaqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də onun himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki, onları bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedaqogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalı və s.
Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim şagirdlərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Pedaqogika sahəsi müəllimin ən yaxın dostu olmalıdır. Bu sahəni bilməyən müəllim şagirdlərə zəngin bilik vermək qabiliyyətində ola bilməz. İdarəedicilik və təşkilatçılıq bacarıqları müəllim üçün vacib olmasa da, zəruri şərtlərdən biridir. Çünki dərsdə sinfi idarə eləmək müəllimin üzərinə düşdüyündən bu sahədə biliyi olan müəllim sinfi rahatlıqla idarə edə bilir. Müəllim üçün ən vacib keyfiyyətlərdən biri humanizmdir. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris fəaliyyətinə yüksək tələbkarlıqdan və s. ibarətdir. Müəllim masası arxasında oturan insan hər şeyə cavabdehdir. O, çox şeyi bilir və bacarır. Hələ vaxtı ilə Sokrat peşəkar pedaqoqları “fikrin mamaçaları” adlandırmışdı.
Bu gün Azərbaycan məktəblərində müasir metodlarla işləməyi bacaran müəllimlərə böyük ehtiyac duyulur. Müəllimlərin bir çoxu hələ də köhnə kitablardan dərslər verirlər. Bu əslində arzuolunmaz vəziyyətdir. Bu, əslində yeni dərsliklər də verilən dərslərin, standartların tələblərinə də uyğun gəlmir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn, müəllimlərimizin bir çoxu hələ də kompüterdə işləmək bacarığına malik deyil. Maraqlısıdır da odur ki, hətta öyrənmək belə istəmirlər. Əgər bir müəllim kompüterlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, o, şagirdə nə dərəcə də effektiv bilik verə bilər? İndiki dövrdə tələblər dəyişilib. İKT savadlılığına çox böyük tələblər var. Dünya üzrə yeni metodikaların bəziləri kompüter vasitəsilə həyata keçirilir. Dünyanın ən keyfiyyətli dərslərində nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Bir çox müəllimlərsə sadəcə, nəzəriyyə tədris edir, hafizəyə əsaslanaraq sadəcə əzbərlətmək metoduna üstünlük verirlər, təfəkkürdən isə uzaq olurlar. Bu gün “nəyi nə üçün öyrənirəm?” sualı ilə öyrənərsə, şagird həyati bacarıqlara yiyələnərək öyrəndiyini əzbərləməz, tətbiq etməyə də çalışar. Təbii ki, bu, bütün müəllimləri əhatə eləmir. Müasir metodlu müəllimlərimiz çoxdur. Sevindirici haldır ki, bəzən yaşlı nəsil elə bir müasir metodlu dərs tədris edir ki, insanı valeh edir. Savadlı müəllim şagirdə hazır bilikləri verməməli, onun beynində fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir. Ümumiyyətlə, artıq yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər. Bu gün məktəblər elektron lövhələr, noutbuk və proyektorlarla təmin edilir. Bu da əlbəttə ki, təhsilin inkişafı üçün əldə edilən müsbət addımlardandır.

(Ardı növbəti sayımızda)
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info