Tolerantlıq və multikulturalizmdə Azərbaycan nümunəsi
Tarix: 05.10.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Bu iki ifadə bəşəriyyətin nitq-yazısında bir termin kimi çox-çox sonralar özünə yer tapsa da, əslində, ta qədimdən müxtəlif irqlərə, milli xüsusiyyətlərə, dinlərə mənsub insanların birgə yaşayış tərzində mövcud olmuş, cəmiyyətin psixoloji durumunun tənzimləyici vasitələrindən hesab edilib. Əsrlər keçdikcə, iqtisadi-siyasi münasibətlər formalaşıb-dolğunlaşdıqca, paralel şəkildə genişlənib, təsir gücünü artırıb. Təsadüfi deyil ki, beynəlxalq aləmdə qloballaşma prosesinin vüsət aldığı gerçək zamanda biri-birini tamamlayan həmin anlayışlar demokratiya göstəriciləri sırasında yetərincə önəmli mövqeyə malikdir və gündəmdən düşməyən inteqrasiya məfhumunun doğurduğu əksliklər fonunda daha qabarıq görünməkdədir.
Tolerantlıq, adətən, o ölkələrin adı ilə yanaşı anılır ki, coğrafi cəhətcə qaynar nöqtədə yerləşir, rəngarəng inanclar, ənənələr meydanıdır. Həlledici şərtlərdən biri oradakı milli əksəriyyətin alicənablığı, xislətinin, ruhunun saflığıdır. Bu baxımdan vəziyyət dünyanın ayrı-ayrı məmləkətlərində eyni cür deyil. Konkret olaraq öz regionumuzda - Cənubi Qafqazda səviyyə Azərbaycan və Ermənistan timsalında əks- qütblər təşkil edir.
Bədnam qonşu əsrlər boyu yürütdüyü təcavüzkar siyasət və mərhələ-mərhələ keçirdiyi etnik təmizləmə “əməliyyat”ları hesabına adını tarixə qara hərflərlə yazdırdı. Bizdən “ərməğan aldığı” ərazidən bizi didərgin saldı, yüz minlərlə soydaşımızı qaçqına-məcburi köçkünə çevirdi, rusları, türkləri, almanları, kürdləri, yəhudiləri, tatarları deportasiyaya uğradıb, monoetnik cəmiyyət yaratdı. Mötəbər beynəlxalq təşkilatların, aparıcı dövlətlərin biganəliyini, hadisələrə ikili münasibətlə yanaşmasını fürsət sanaraq, bu gün də digər xalqların çoxəsrlik abidələrini, ibadət yerlərini qəddarcasına dağıdır, saxta restavrasiya ilə özününküləşdirməyə, “qriqoryanlaşdırmağa” çalışır.
Biz azərbaycanlılar isə bunun tam əksi olaraq insanpərvərliyə xas normaları əzəldən yaşayışımıza, fəaliyyətimizə tətbiq etmişik, humanizmi, beynəlmiləlçiliyi özümüzə daimi istinadgah seçmişik. Ölkəmizin Böyük İpək Yolu üstündə yerləşməsi onda milli və dini baxımdan nə qədər mürəkkəblik doğursa da, həssas, istiqanlı yurdumuzu müxtəlif adət və inancların mehribancasına qaynayıb-qarışdığı tolerantlıq nümunəsinə döndərməyi bacarmışıq.
Bu gün Azərbaycanda məscidlərlə bərabər kilsələr və sinaqoqlar da fəaliyyət göstərir. Bakı şəhərində açılmış sinaqoq Avropada ən möhtəşəmlərindən sayılır. Rus pravoslav kilsəsi, katolik kilsəsi əzəmət-gözəlliyinə görə xristian ölkələrindəki kilsələrdən geri qalmır. İslamla bağlı tədris müəssisələri ilə yanaşı, digər inancları təmsil edən icmaların nəzdində iyeşivalar (yəhudi dini məktəbləri), alman, ingilis və norveç dillərini öyrədən qruplar, mədəniyyət mərkəzləri mövcuddur. Müsəlman ibadətgahları ilə birgə yəhudi və xristian abidələri, müsəlman ənənələri ilə yanaşı yəhudi və xristian ənənələri də ölkəmizin maddi-mənəvi irsi kimi mühafizə edilir. Azsaylı xalqların öz spesifikliyini qoruyub saxlaması üçün yüksək səviyyədə münbit şərait yaradılıb. L.Landau, N.Şapirovski kimi alimlərin adı elm tariximizdə Y.Məmmədəliyevlə, İ.Rozinin, S.Kronqoldun xidmətləri musiqi mədəniyyətimizdə Üzeyir Hacıbəyov yaradıcılığı ilə çiyin-çiyinədir.
Tarixi sınaqlar göstərdi ki, Azərbaycan xalqının monolitliyi yenilməzdir. Doxsanıncı illərin acı həqiqətləri qarşısında çaşmadıq. Xaricdən və daxildən aramsız surətdə sıralarımıza səpilən milli-dini təfriqələr toxumu cücərmədi, düşmənlər tərəfindən qurulan çoxgedişli psixoloji oyunlar birliyimizi sarsıda bilmədi. Əksinə, daha mehriban olduq və ölkəmizin başı üzərindən qara buludları dağıtmağın öhdəsindən gəldik. Qəhrəmanlıq salnaməmizə digər igidlərlə yanaşı Albert Aqarunovun da adı daxil oldu...
Həmin qalibiyyətin, həmrəyliyin söykəncində isə min illik qarşılıqlı haqq-sayla qoşa, həm də düzgün aparılmış dövlət siyasəti, bəsirətli Heydər Əliyev ideyaları dayanır. Ölkəmizin keçmişinə dərindən bələd olan, sovet hakimiyyəti dövründə illər boyu respublikamıza rəhbərlik etmiş, parlaq zəkası ilə maneələri dəf etməkdə xalqımıza düzgün yol göstərmiş bu dahi şəxsiyyət müstəqilliyin başlanğıcında belə bir həssas məsələyə xüsusi önəm verdi və bütün sahələr kimi onun da bazasını sivil qaydalar əsasında yenidən qurdu. 1995-ci ildə ölkəmizdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada milli və dini münasibətlər həssaslıqla tənzimləndi, vətəndaşların vicdan azadlığı birmənalı təsbit edildi. Ümummilli liderimiz tərəfindən, zaman boyu həmişə aktuallığını saxlamış bu mühüm anlayışın ən mükəmməl, ən müasir tərifi verildi: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərinə dözümlülük deməkdir’’.
Dövlət başçısının sərəncamları, Milli Məclisdə təsdiqini tapan qanunlar və müvafiq strukturlar tərəfindən həyata keçirilən layihələr vasitəsilə ardıcıl şəkildə təkmilləşmə aparıldı, işin effektini daha da artırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ulu öndərin uğurlu sabahlara köklənmiş müdrik tövsiyəsi məqsədimizin, məramımızın ana xəttini müəyyənləşdirdi: “Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyruğu, bizim yolumuzdur’’. Fəaliyyətimizi bu kəlamın işığında qurduq və beynəlxalq aləmdə başucalığı qazandıq.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin respublikada yüksək tolerantlıq ab-havasının qorunub saxlanması və möhkəmlənməsi, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi istiqamətində qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər cəmiyyətdə müsbət nəticələrini göstərməkdədir. Xarici ictimai-siyasi xadimlər tərəfindən də dəfələrlə vurğulanıb ki, bu iş Azərbaycanda dünyaya örnək ola biləcək səviyyədədir. Bizi istəməyən qüvvələr belə üstünlüyü etiraf etməyə məcbur qalır. Şəraitin münbitliyi nəzərə alınaraq, həmin mövzuda geniş məzmunlu, iri formatlı simpoziumların əksəriyyəti artıq planetdə tolerantlığın beşiyi sayılan doğma Bakıda təşkil edilir. Müvəffəqiyyətin əsas sirri isə bütün siyasi proseslər sırasında dinlərarası, millətlərarası münasibətlərin inkişafına daim dövlət dəstəyinin olmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan dövlətinin bu məsələlərlə əlaqədar çox düşünülmüş siyasəti vardır.” Təsadüfi deyil ki, ölkə başçısının müvafiq sərəncamları ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin qorunması, həmçinin ölkədə tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılması aparılan tədbirlərin uğurlu davamıdır.
Ölkəmizdə tolerantlıq və multikulturalizmlə bağlı layihələrin nəzərəçarpacaq hissəsini təşkil edən Heydər Əliyev Fondunun bu sahədə dövlətə dəstəyi misilsizdir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mütəşəkkil şəkildə davam etdirdiyi mədəniyyət diplomatiyası tərkibində dinlərarası və millətlərarası dialoqa xidmət göstərən tədbirlər də geniş yer alıb. Onun təşəbbüsü ilə görülən işlər sırasında Azərbaycanda yaşayan bütün xalqların adət-ənənələrinə, Azərbaycanda mövcud olan bütün dinlərlə əlaqədar tarixi abidələrə qayğı öz əksini tapıb. Heydər Əliyev Fondu ölkəmizdə təhsil müəssisələrinin, tibb obyektlərinin, ziyarətgahların tikintisinin və bərpasının müəllifi olmaqla kifayətlənmir, böyük xeyriyyəçi kimi sərhəddən kənarda xalqımızın bəşəri hislərlə cilalanmış xarakterini layiqincə nümayiş etdirir.
Son illər sistematik olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan elmi xaricdə”, “Dünya elmi xaricdə”, “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri” və Bakı Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır” layihələrini həyata keçirir, Ali Hərbi Məktəbdə “Azərbaycanın multikulturalizmi” dərsi, regionlarda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda layihələr davam etdirilir. Respublikada bu sahə üzrə tərəqqinin tempini artırmaq üçün yaradılmış təşkilatların fəaliyyəti daha da genişlənib. Görkəmli ziyalılarımız da Azərbaycan tolerant düşüncəsinin beynəlxalq arenada nümunə olmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu Himayəçilik şurasının sədri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər Üzrə Dövlət müşaviri, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun himayəçilik şurasının üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi himayəçilik şurasının sədri, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdullayevin xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Əldə edilən nailiyyətlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun himayəçilik şurasının üzvü, tarixçi-alim, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlının da böyük zəhmət payı var. Dərin elmi biliyi və müstəqillik uğrunda mübarizənin ilk günlərindən ön cərgədə olması sayəsində qazandığı zəngin təcrübə bu ziyalının rəhbərlik etdiyi təşkilata daim uğur gətirir. Görülən işlərin əhalinin istəyinə, sivil dünyanın tələbinə köklənməsinə, təbliğatın inandırıcı şəkildə, dinamik surətdə qurulmasına imkan yaradır.
Mübariz Qurbanlının, eyni zamanda yaradıcı şəxsiyyət olması xalqla ünsiyyətində ona əlavə üstünlük qazandırır. Komitə tərəfindən vətəndaşlar arasında geniş miqyasda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin qorunması sahəsində layihələr həyata keçirilir, kitablar-məcmuələr nəşr olunur, çoxsaylı oxucu kütləsinə çatdırılır. Onlara dinlərarası və millətlərarası əlaqələrin həssas məqamları barədə, insanlarla, ətraf mühitlə düzgün münasibət qurmaq üçün vacib əxlaqi meyarlara, davranış normalarına dair tövsiyələr edilir. M.Qurbanlının müsahibə və məqalələrində də həmin problemlərin həlli yollarından yetərincə bəhs olunur, gənclərə dəyərli tövsiyələr, məsləhətlər verilir. Həyata keçirilən belə uğurlu layihələrin nəticəsidir ki, o, bu ilin iyununda AZƏRTAC-ın sorğusuna cavab olaraq bu fikrini əminliklə bəyan edib: “Bu gün Azərbaycanda dini durum sabitdir. Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur və ölkə qanunları da bunun əleyhinədir. Azərbaycanda həmişə qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlər mövcud olub.”
Mübariz müəllim bunun səbəbini humanizmin, Tanrı tərəfindən multikultur dəyərlərin xalqımıza daha yüksək səviyyədə bəxş edilməsində görür və haqlı olaraq ölkədə bu istiqamətdə aparılan düzgün siyasətlə əlaqələndirir. M.Qurbanlı 21 avqust 2015-ci il tarixdə “Azərbaycan” qəzetində dərc olunan “Bəşəri dəyərlər naminə” adlı məqaləsində yazır: “Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə dinlərin dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti son 12 ildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün obyektiv reallıqları ilə şərtlənir”…
Sülhə çağırış indi qlobal aləmin əsas məsələsidir. Belə bir möhtəşəm işi reallaşdırmaq isə hər bir ölkədən xalqlararası və dinlərarası münasibətlərdə yüksək həssaslıq tələb edir. Nə yaxşı ki, doğma Azərbaycanımız bu baxımdan nümunəvilər sırasındadır. Bu gün hər bir Azərbaycan vətəndaşı və hər bir Azərbaycan gənci fəxr edə bilər ki, tolerant ölkədə yaşayır...
Ayiq SƏMƏDOV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info