Azərbaycanlı gənc Çində dünya rəssamlarına çağırış edib
Tarix: 07.10.2015 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Leyla Rəsulzadə: “Biz, millətlər və mədəniyyətlər arasındakı əvəzolunmaz bir körpüyük”

Xəbər verdiyimiz, kimi bu günlərdə Çində “Yaddaş və xəyal” adlı VII Pekin Beynəlxalq Rəssamlıq Sərgisi keçirilib. Bu sərgidə iştirak edən ilk və yeganə azərbaycanlı rəssam Leyla Rəsulzadə öz təəssüratlarını bizimlə bölüşüb. Qeyd edək ki, Leyla Rəsulzadə hal-hazırda Pekində Tsinghua Universitetinin Rəssamlıq və dizayn fakültəsinin Rəssamlıq bölməsində magistr pilləsində təhsil alır.

-Necə oldu ki, VII Pekin Beynəlxalq Rəssamlıq Sərgisinə qatıldınız?
-Sərgi haqqında məlumatı tanıdığım şri-lankalı rəssam dostumdan öyrəndim. 2015-ci ilin yanvar ayında qəfildən rəssamlıq studiyama gəlib, mənim bu sərgiyə qatılmağımı istədi. Düzü, fikrimdə belə bir plan yox idi. Çünki o zaman bu hazırlıqlara qoşulmaq üçün vaxtım yox idi. Amma o qədər səs-küy saldı ki, sonda razılığımı verdim. Yadımdadır, necə həvəslə rica edirdi: “Mən bütün işləri öz boynuma götürməyə hazıram! Sənə 100% deyirəm, keçəcəksən!”. Bir-iki aya elə də oldu. Mənə cavab gəldi ki, Azərbaycandan Pekin Beynəlxalq Sərgisində ilk azərbaycanlı kimi mənim əsərimi və iştirakımı qəbul etdilər. Məndən çox şri-lankalı rəssam sevinirdi. Əslində, hamıdan əvvəl onun davamlı səylərinə və məni təəccübləndirən qədər inancına çox minnətdaram. Hətta məktubun Pekin Rəssamlıq Sərgisinin ofisinə (Biennal) iki dəfə göndərilməsində onun birbaşa iştirakı var idi. Xoş xəbəri alanda mənə gecə ilə zəng edib bərkdən səsləndi: “Sən inanmırdın, amma mən potensialı gördüm!”
-Mediadan oxuduq ki, ermənilər bu sərgidə təxribat törədiblər. Azərbaycan tərəfi bu təxribatın qarşısını necə aldı?
-Ermənistandan 100 nəfər namizəddən 5-ə yaxın rəssam fotoqrafçı seçilmişdi. Azərbaycandan isə, sən demə, elə bircə mən ərizəmi göndəribmişəm... 7 aydan sonra sərgi bu günlərdə açılanda, Ermənistandan o qədər gələn rəssam oldu ki, onlara ayrıca (digər ölkələr kimi) pavilyon verildi. Bunu görmək, tarixi və mədəniyyəti, incəsənəti hələ Sovet dövrlərindən dünyaya tanınan gənc azərbaycanlı kimi mənə çox pis təsir etdi. Elə indi də təsir edir. Pavilyonda, təbii ki, ermənilər “Qarabağ- erməni torpağı” adı altında bir neçə foto asmışdılar. Çindəki Azərbaycan səfirliyi isə açılışdan dərhal sonra bu məsələ ilə məşğul oldu. Pavilyon bir günə bağlanıldı və bütün Qarabağa aid olan fotoşəkillər həmin gün sərgidən uzaqlaşdırıldı.
-Sərgi müddətində ermənilər sizə qarşı hansı münasibət
göstərdilər?

-Tədbirdən sonra bütün digər iştirakçılarla axşam qonaqlığına aparıldıq. Məhz orada artıq əsəbiləşmiş erməni sərgisinin kuratoru Anna Gregorian və onun rəssam qrupu mənim və 20-yə yaxın digər ölkələrdən olan rəssamların oturduğu stola yaxınlaşıb əyləşmək istədilər. Mən o an xarici rəssamlara Azərbaycanımız haqqında məlumatlar verirdim. İtaliyadan gələn rəssam yenicə yaxınlaşan erməni qrupuna mənim azərbaycanlı olduğumu deyən kimi, qrup nümayişkaranə şəkildə stolun başından durub getdi. Mən bu reaksiyaya sakit tamaşa etdim. İtaliyalı rəssam məsələni başa düşən kimi gülərək mənə dedi: “Leylacan, mənə söz ver ki, bundan sonra daha da çox ürəkdən gülümsəyəcəksən”. Stolun başında oturan bütün digər xarici qonaqların hamısı gülərək söhbəti davam etdirdilər.
-Sərgidə sizə çıxış üçün imkan yaradıldımı?
-Tədbirin ikinci günü mənim və digər ölkələrin rəssamlarının Simpoziumda çıxışı başladı. Siyasi təxribata yol verdiyi üçün erməni kuratorunun çıxışı Çin tərəfindən qadağan olundu. Mən öz çıxışımda isə incəsənətin qloballaşmada, insan şüurundakı əvəzedilməz təsirlərini qeyd etdim. Çıxışımdan bir balaca hissə: “... dil- müxtəlif simvollardan ibarətdir. Və hər bir individualın öz bacarığı və rahatlığı çərçivəsində istifadə edilir. Rəssamlıq isə əbədidir! Rəssamlıq insan cəmiyyətini kamilləşdirir və özünün qavramasında mühüm rol oynayır...İllər öncə, Pekində ilk çəkdiyim əsərim, adi bir çinlinin, bina ustasının mənim 2007-ci ildə hansı fikirdə olmamı sözsüz anlatdısa, demək, yaradıcılığımın düz yolda olduğunu mənə təsdiqləmiş oldu. Əgər əsərim cəmiyyətlə danışıb iki müxtəlif və bir-birindən uzaq mədəniyyətlər arasında dialoqun yaranmasını təmin edirsə, demək, yaratmağa dəyər!... Mən ilk növbədə bu gün bütün ümumdünya rəssamlarına, birlikdə qlobal dünyamızı qurmağa çağırıram. Biz, millətlər və mədəniyyətlər arasındakı əvəzolunmaz bir körpüyük. Mən bu gün artıq “Xəyal” deyil, aydın bir gələcəyin qarşımızda durduğunu görürəm. Gəlin, bütün yolları birlikdə açaq!”.
-Sizin bu çıxışınıza reaksiya necə oldu?
-Çıxışımdan sonra, məni sevindirən əsas hal, alqışlar yox, nahar qonaqlığında bir-bir mənə yaxınlaşıb çıxışımla bağlı saysız xarici rəssamların, özəlliklə ürəkdən sakitcə, yaxınlaşıb qucaqlayan, şöhrətli Xarici əlaqələr üzrə Misir Şurasının üzvü Misir rəssamı xanım K.Elşerifin, İsraildən olan həm fotoqraf, həm də jurnalist Margalit xanımın, Yunanıstandan gələn rəssamların təbrikləri oldu. Bir gün sonra isə artıq gələcəkdə ikiqat və üçqat solo sərgilərə dəvətlər almağa başladım. Amma ən əsası, Azərbaycanın təmsil olunması, ölkəmizin dünya mədəniyyətləri ilə dialoqa, mədəniyyətlərarası mübadiləyə hazır olduğunu göstərmək oldu. Çünki sərgi və sonrakı görüşlərdə mənə yaxınlaşıb Azərbaycanın xaricdə ermənilər tərəfindən “vəhşi ölkə” kimi təqdim olunmasından xəbər verirdilər. Xarici qonaqlar mənim çıxışımdan sonra Azərbaycanı “hələ belə tanımamışdıq” sözləri bir daha mənə təsdiq etdi ki, hələ görüləsi işlər çoxdur... Qarabağımız və Qarabağ münaqişəsi haqqında, ümumiyyətlə, heç bir təsəvvürü olmayan bir çox xarici qonaqlar mənim söhbətlərimdən sonra, ermənilərin yaxınlaşıb mənim oturduğum masanın başında sakitcə üzümə gülüb getmələrini başa düşdülər.
-Bu sərgidə digər azərbaycanlı həmkarlarınızın da iştirak etməsi üçün nə kimi köməklik edə bilərsiz?
-Pekin Biennalisi hər 3 ildən bir keçirilir. Mən öz adımdan bütün gənc rəssamlarımızı fəal olmağa çağırıram. Bütün nə məlumat lazımdırsa, mənim mütləq kömək etməyə hazır olduğumu bilsinlər. Bizim gəncləri nəinki incəsənətdə, xarici dilləri MÜTLƏQ şəkildə peşəkar dərəcədə öyrənmələri ən vacib başlanğıc faktordur. Pekin Beynəlxal Rəssamlıq Sərgisində bütün rəssamlar ən azı 3 dildə danışırdı: o cümlədən fransız, ispan və s. Mən özüm kiçik yaşlarından müxtəlif dilləri öyrənmişəm. Sizləri də, əziz gənc rəssamlar, daha çox biliklərə yiyələnməyə səsləyirəm. Mənim emailim (leyla_j89@hotmail.com ) bütün Biennal sərgisi üzrə məlumat istəyən Azərbaycan rəssamları üçün açıqdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info