“Azərbaycanda vergi yükü Avropa ölkələrinə nisbətən xeyli az, vergi dərəcələri aşağıdır”
Tarix: 07.10.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Zeynalabdin Məmmədzadə: “Dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır”

Müsahibimiz Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadədir.

- Vergi borclarının alınması sahəsində aparılan dəyişikliklər hansı zərurətdən irəli gəlib?
- Nazirlər Kabinetinin iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən, məlum iclasında verilmiş tapşırıqlar vergi orqanları qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Həmin tapşırıqların icrası məqsədilə nazirlikdə geniş tərkibdə Kollegiya iclası keçirilərək bir sıra mühüm qərarlar qəbul edilib, ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqların planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə nazir tərəfindən Tədbirlər Planı təsdiq olunub.
Vergilər Nazirliyinin strukturunda aparılmış son dəyişikliklər, ilk növbədə, bu tapşırıqların və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığı sahəsində, xüsusilə vergi borclarının idarə olunması sahəsində yeni yanaşmaların müəyyən edilməsi ilə bağlıdır.
Bu dəyişikliklər vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətində operativliyin artırılması, istintaq prosesinə nəzarətin gücləndirilməsi, nəticə etibarilə dövlət büdcəsinə vergi daxilolmalarının artırılması məqsədi daşıyır.
- Vergi borclarının alınması prosesində hansı yeniliklər gözlənilir?
- Struktur dəyişiklikləri nəticəsində Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi yaradılıb. Baş İdarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı, cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib.
Digər tərəfdən, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb. Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahididir və onun hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq.
Hamını maraqlandıran əsas sual budur ki, bundan sonra hansı addımlar atılacaq? Ümumiyyətlə, vergi borclarının alınması prosesinin səmərəliliyinin artırılması, bizim fikrimizcə, ilk növbədə borclu vergi ödəyiciləri ilə işə çox ciddi yanaşılması ilə bağlıdır. Vergi ödəyicisində borc yaranmasının sonradan hansı xoşagəlməz nəticələr verə biləcəyi nəzərə alınmalıdır. Dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır. Çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi də bir o qədər çətinləşir. Vergi ödəyicilərini ilkin mərhələdə müxtəlif kanallar vasitəsilə məlumatlandırmaqla və qabaqlayıcı tədbirlər həyata keçirməklə borcların məbləğinin artmasının qarşısını almaq mümkündür.
Bu baxımdan, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən məşğul olmağa başlayacaq. Bu, qabaqlayıcı addımdır. Yəni biz vergi ödəyicisi ilə onun bu və ya digər səbəbdən yaranmış faktiki borcla üz-üzə qaldıqdan sonra deyil, daha əvvəl işləməyə başlayacağıq ki, əsas vergi borclarının artmasının, faiz və cərimələrin hesablanmasının qarşısı mümkün qədər alınsın. Məqsəd cinayət tərkibi yaradan vergi borcları ilə bağlı materialların sayının əsaslı şəkildə azaldılmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına nail olmaqdır.
- Vergi borclarının alınması prosesində borclu ödəyicilərlə iş necə qurulur və aparılan tədbirlərin borclu ödəyicilərin məsuliyyət hissinin artırılmasına təsiri nə dərəcədədir?
- Çalışırıq ki, borc yarandığı andan vergi ödəyicisi ilə dərhal və birbaşa əlaqə yaradaq. Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları borclu vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər imkanlar yaradıb. Borclu vergi ödəyiciləri elektron bildirişlərlə yanaşı, mütəmadi olaraq SMS və səsli mesajlar vasitəsilə öz borcları barədə məlumatlandırılır. Bununla yanaşı, onlar vergi orqanına dəvət edilir, borcları, borcların yaranma səbəbləri və ödənilmədiyi halda görüləcək tədbirlər barədə onlara izahat verilir. Bu yanaşma bir çox hallarda yaranmış vergi borclarının ilkin mərhələdə heç bir məcburi tədbir görülmədən ödənilməsi ilə nəticələnir.
Vergi ödəyicilərinə yanaşmaya gəldikdə, demək olar ki, onları şərti olaraq bir neçə qrupa bölmək olar: vergi öhdəliklərini vaxtında icra edənlər, vergi öhdəliklərini icra etmək istəyən, lakin müəyyən maliyyə çətinlikləri olan və bilərəkdən vergi ödəməkdən yayınan vergi ödəyiciləri.
Vergi orqanlarının əsas məqsədi birinci qrupa daxil olan ödəyicilərin sayının, yəni vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəldilməsidir. Vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etmələri üçün inzibatçılıq prosesləri sadələşdirilir, onların inzibati xərclərinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına çalışılır.
İkinci qrupa daxil olan vergi ödəyicilərinə vergi öhdəliklərini icra etməyə köməklik göstərilir. Vergilər Nazirliyinin vergi borcları sahəsində fəaliyyət göstərən struktur vahidləri əsas gücünü məhz bu qrupa yönəldir ki, borcla bağlı onlarda məsuliyyət hissinin artırılmasına nail olunsun.
Vergidən yayınmaq istəyən sonuncu qrup vergi ödəyicilərinə qarşı isə qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlər görülür. İlk növbədə, inzibati tədbirlər həyata keçirilir, bank hesablarına sərəncam qoyulur, sonra vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi borclu vergi ödəyicisinin əmlakı siyahıya alınır. 2015-ci ilin 8 ayı ərzində 1961 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borcu üzrə əmlakın siyahıya alınması barədə qərarlar açılıb və 42,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, vergi ödəyiciləri borcun yaranmasına çox ehtiyatlı yanaşmalıdırlar. Cinayət Məcəlləsinin 213-cü maddəsinə görə, xeyli miqdarda (2000 manatdan 50000 manatadək olan məbləğ) vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Bu əməl mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya onlar külli miqdarda (50000 manatdan yuxarı məbləğ) vergini büdcədən yayındırdıqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da vergi öhdəliklərinin icrasından yayınmaq, vergi borcuna etinasız yanaşmaq sərt cəza tədbirlərini nəzərdə tutur.
- Bütün dünyada vergilərin ödənilməməsi halları ilə çox sərt mübarizə aparılır. Yaranmış vergi borclarının alınması üçün dünya təcrübəsində daha hansı mexanizmlərdən istifadə edilir?
- ABŞ, Böyük Britaniya, Almaniya, İsveç, Yaponiya, Kanada kimi inkişaf etmiş ölkələrdə vergi borclarının yığılmasının təmin edilməsi üçün əmlaka həbs və ya cərimələrin tətbiqi (o cümlədən əməkhaqqına, bank hesablarındakı vəsaitlərə, debitor borclara, rəhbərin şəxsi əmlakına həbs qoyulması və s.), fəaliyyət üçün verilən lisenziyadan məhrumetmə, ölkədən çıxmağa məhdudiyyət, kredit almağın məhdudlaşdırılması, rəhbərin həbs edilməsi, kollektor agentliklərinin köməyi ilə borcların alınması, borclunun əmlakının məcburi idarəetməyə verilməsi və məcburi ipotekaya cəlb olunması kimi üsullardan geniş istifadə edilir. Cərimə tətbiq olunan əmlaka gəldikdə, bir çox ölkələrdə cəriməni tətbiq edən qurum mövcud əmlakdan seçmə hüququna malikdir.
Dünya vergi administrasiyalarının arsenalında borcun məcburi alınmasının bir çox başqa üsulları da vardır. Kanada, ABŞ və İsraildəki mövcud qanunvericiliklə borclunu sürücülük vəsiqəsindən məhrum etmək olar.
Şübhəsiz, vergi ödəyicisinin əmlakına həbs təhlükəsi cəmiyyətdə vergi intizamının yüksək səviyyədə saxlanmasının güclü mexanizmidir və bu, bir daha göstərir ki, dünya təcrübəsi vergidən yayınanlara qarşı liberallıq göstərmir, çox sərt mövqe nümayiş etdirir. Bu baxımdan, dünya praktikasında vergi orqanlarının borclu ödəyicilərə qarşı sərt mövqe tutması qəbuledilən və anlayışla qarşılanan addımdır.
- Vergi borclarının alınması strukturlarının vergi hüquqpozmaları ilə məşğul olan departamentin tərkibinə verilməsini məhz dünya təcrübəsindən irəli gəldiyini söyləmək olarmı?
- ABŞ, Böyük Britaniya və s. kimi inkişaf etmiş ölkələrdə vergi borclarının alınması strukturları təhqiqat aparan strukturlarla sıx koordinasiyada işləyir. Məsələn, Britaniyanın Kral Gəlirlər və Gömrük Xidmətinin Məcburetmə və əməletmə baş idarəsi həm də cinayət istintaqı və borcların idarə olunması strukturlarını koordinasiya edir və kifayət qədər səmərəli nəzarət mexanizmləri qurulub. Azərbaycanda da bu sahədə görülən tədbirlərin əlaqələndirilməsi və koordinasiya edilməsi məqsədilə müvafiq addım atılıb. Vergi borclarının alınması ilə məşğul olan qurumlar artıq tam müstəqil fəaliyyət göstərən, yerli vergi orqanlarına tabe olmayan bir quruma çevrilib. Bu qurumların Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibinə daxil edilməsi isə intizamsız vergi ödəyicilərinə bir siqnaldır: əgər borclar qanunda nəzərdə tutulmuş qısa müddətdə ödənilməsə, onları cinayət məsuliyyəti gözləyir.
Azərbaycanda vergi yükü Avropa ölkələrinə nisbətən xeyli az, vergi dərəcələri aşağıdır. Buna baxmayaraq, təəssüf ki, vergidən yayınmağa cəhd edən və vergi borcuna etinasız münasibət göstərən vergi ödəyicilərinin sayı yolverilməz dərəcədə çoxdur. Fürsətdən istifadə edərək, vergi ödəyicilərini vergi öhdəliklərinin yerinə yetirilməsinə daha məsuliyyətli yanaşmağa, ən yaxşısı isə vergi borcunun yaranmasına yol verməməyə çağırıram.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info