Etik qaydaları ən çox hansı qurum pozur?
Tarix: 07.02.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın illik hesabatı və dövlət qulluqçularının etik davranış məsələləri üzrə illik hesabatı mövzusunda tədbir keçirildi.

İndiyədək 2573 nəfər
vakant dövlət qulluğu
vəzifələrinə təyin edilib


Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli bildirdi ki, dövlətin, cəmiyyətin və vətəndaşın maraqlarının yüksək səviyyədə təmin olunması üçün dövlət qulluğunda insan resurslarından məqsədyönlü və effektiv istifadə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın başlıca məqsədlərindəndir. Qeyd edildi ki, sürətli sosial-iqtisadi inkişafda olan və demokratik dövlət quruculuğu yolunu seçən Azərbaycanda dövlət orqanlarında insan resurslarının idarə edilməsi üzrə islahatları və ölkənin milli maraqlarına uyğun, müasir tələblərə cavab verən kadr siyasətinin formalaşdırılmasını nəzərdə tutan strategiyanın qəbul edilməsi zərurəti meydana gəlib. Bunu nəzərə alaraq ölkə başçısının sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın (2011-2015-ci illər üçün) layihəsi hazırlanarkən komissiya tərəfindən dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyasının layihəsinin hazırlanması və təsdiq edilmək üçün Prezidentə təqdim edilməsi təklifi irəli sürülüb. Həmin tədbirlər planına uyğun olaraq hesabat dövrü ərzində komissiya tərəfindən “Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı Strategiyası”nın layihəsi hazırlanıb. Strategiyanın layihəsinin hazırlanması üçün aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Layihə hazırlanarkən Azərbaycan dövlət qulluğunun mövcud reallıqları və prioritetləri təhlil edilib, insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl dövlətlərin təcrübəsi nəzərə alınıb. Hazırlanmış layihə rəy və təkliflərin öyrənilməsi məqsədi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına və 36 dövlət orqanına göndərilib, bu qurumlar tərəfindən təqdim olunan rəy və təkliflər təhlil edilib, ümumiləşdirilib və layihədə nəzərə alınıb. Layihə təsdiq edilmək üçün Prezidentə təqdim olunub. Strategiya dövlət orqanlarında insan resurslarının idarə edilməsi ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsini, bu sahənin əsas inkişaf istiqamətlərinin müəyyən edilməsini və dövlət orqanlarında insan resurslarının idarə edilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsini təmin edən sənəd olacaq. Strategiya dövlət orqanlarında kadr siyasəti sahəsində həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısa müddətli tədbirləri müəyyən edəcək.
R.Məcidbəyli bildirdi ki, dövlət qulluğuna kadrların seçilməsi sahəsində 2012-ci ildə test bankının çeşid və keyfiyyət baxımından yeni test tapşırıqları ilə zənginləşdirilməsi işləri davam etdirilib. Ekspertlər tərəfindən əsasən “Məntiq”, “İnformasiya texnologiyaları” və “Dünyagörüşü” test imtahanı blokları üzrə yeni tipli test tapşırıqları tərtib edilərək ekspertizadan keçirilib və test bankına daxil edilib. Tərtib edilən yeni test tapşırıqlarında əsas məqsəd namizədlərin daha çox düşünmə və analitik təhlil qabiliyyətlərinin qiymətləndirilməsidir.
Bildirildi ki, dövlət qulluqçularının qulluq funksiyalarını icra edərkən müxtəlif məzmunlu sənədlərlə işləməli olduqlarını nəzərə alaraq test imtahanında namizədlərin mətnlərlə işləmək bacarıqlarının da yoxlanılması zərurəti yaranıb: “Bu səbəbdən verbal məntiq üzrə test tapşırıqlarının hazırlanması prioritet istiqamətlərdən birinə çevrilib. Müvafiq sahə üzrə əlavə ekspertlər cəlb edilib və verbal test tapşırıqlarının hazırlanmasına dair metodik vəsait hazırlanıb.
Test imtahanının nəticəsindən narazı qalan namizədlərin müraciətlərinin hərtərəfli, operativ qaydada araşdırılması və müvafiq qərar qəbul edilməsi üçün Apellyasiya komissiyası fəaliyyət göstərir. 2012-ci il ərzində 31 namizəd test imtahanının nəticələrinə yenidən baxılması ilə bağlı komissiyaya müraciət edib. Apellyasiya komissiyasının qərarına əsasən, müraciət edən namizədlərdən 4-ü test imtahanından müvəffəqiyyətlə keçmiş hesab edilib. Müsabiqənin ikinci mərhələsi olan müsahibələrdə 2012-ci ildə müsahibə qrupunun tərkibinə komissiyanın və vakant dövlət qulluğu vəzifəsinin mövcud olduğu dövlət orqanının nümayəndələri ilə yanaşı, müxtəlif sahələr üzrə yeni müstəqil mütəxəssislər cəlb edilib. 2012-ci ildən bu mütəxəssislərdən 64-ü müsahibələrə qrup üzvü və müşahidəçi kimi cəlb edilirlər”. O da vurğulandı ki, müsahibədə video çəkilişdən istifadə olunması da şəffaflığın təmin edilməsinin, eləcə də pozuntuların aşkarlanması və qarşısının alınmasının ən səmərəli vasitəsidir. 2012­-ci il ərzində müsahibələrin nəticələri üzrə ümumilikdə 47 apellyasiya şikayəti araşdırılıb. Bunlardan 36-sı təmin olunmayıb, 7 nəfərin müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına əsasən, ləğv edilib və namizədlər birbaşa iddia etdikləri vəzifələrə uyğun hesab edilib, 4 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 1 namizəd iddia etdiyi vəzifəyə, digəri başqa vakant vəzifəyə uyğun hesab edilib, 2 namizəd isə vəzifəyə uyğun hesab edilib.
Bildirildi ki, hesabat dövrü ərzində dövlət qulluğuna qəbul ilə bağlı 6 müsabiqə və 10 müsahibə elan edilib. Müsabiqələrə ümumilikdə 101 dövlət orqanı üzrə 1227 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsabiqələrdə 7593 namizəd iştirak edib. Onlardan 1744-ü test imtahanı mərhələsindən uğurla keçərək müsahibə mərhələsinə buraxılıb. İndiyədək namizədlərdən 250 nəfəri müsahibədən uğurla keçib, 398 nəfəri vəzifəyə uyğun hesab edilməyib. 41 nəfər isə müsahibədə iştirak etməyib. Müsahibə mərhələsi başa çatan 24 dövlət orqanı üzrə müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri həmin dövlət orqanlarına göndərilib. Elan edilmiş müsahibələr üzrə isə 113 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin edilib.
Komissiyanın fəaliyyəti dövründə 147 dövlət orqanında 8019 vakant dövlət qulluğu vəzifəsi üzrə elan edilmiş müsabiqə, ümumi müsahibə və müsahibələrdə 29934 namizəd iştirak edib. Müsabiqədə iştirak edən­lər­dən 8740 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılıb. Namizədlərdən 3055 nəfəri vakant vəzifələrə uyğun hesab edilib. Ümumilikdə ehtiyat kadrlarla birlikdə 2573 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin edilib.

Etik davranış qaydalarının daha çox pozulduğu dövlət qurumlarının
adları açıqlandı


Hesabat dövründə komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 23 müraciət daxil olub və bu müraciətlərdən 11-i aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət orqanlarına göndərilib. Daxil olan müraciətlərdən 7-nin əsassız olduğu müəyyən olunub. Bu müraciətlərdən 5-i komissiyanın “Qaynar xətti”nə daxil olmuş müraciətlərdir. Daxil olan müraciətlərdən 2-si ilə bağlı müvafiq dövlət orqanına sorğu göndərilib və hazırda həmin müraciətlər üzrə araşdırma aparılır.
Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirdi ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 263 intizam tənbeh tədbirinin araşdırılmasına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 75, Maliyyə Nazirliyi üzrə 49, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 38, Dövlət Sosial Müdafiə Fondu üzrə 29, İqtisadi İnkişaf Nazirliyi üzrə 27, Dövlət Statistika Komitəsi üzrə 13, Təhsil Nazirliyi üzrə 8, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə 6, Sənaye və Energetika Nazirliyi üzrə 3, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 3, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 2, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 2, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti üzrə 2, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə 1, Nəqliyyat Nazirliyi üzrə 1, Müəllif Hüquqları Agentliyi üzrə 1, Milli Arxiv İdarəsi üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.
Ötən il yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirinin araşdırılması zamanı müəyyən olunub ki, Bakı şəhər İcra Hakimiyyəti üzrə 25, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 13, Masallı Rayon İcra Hakimiyyəti üzrə 8, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 8, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 7, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 4, Salyan Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 2, Tərtər Rayon İcra hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirindən 62-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə növündə olub.
V. Əsgərov bildirdi ki, Azərbaycanda dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb. Onun sözlərinə görə, təkliflər mart ayına qədər Milli Məclisə təqdim ediləcək. Təkliflərdə dövlət qulluğuna qəbulun daha operativ həyata keçirilməsi, vakant vəzifələrin dövlət orqanlarından komissiyaya müddətli qaydada təqdim edilməsinin məcburiliyi, “Etik davranış qaydaları” haqqında qanunda şikayətlərin araşdırılması mexanizmlərinin təkmilləşdirilməsi əks olunacaq. V. Əsgərov qeyd etdi ki, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin struktur layihəsi artıq yekunlaşıb: “Nəzərdə tutulub ki, bu il məcəllənin layihəsi yekunlaşsın. Bundan sonra məcəllənin ekspertizası keçiriləcək və müvafiq dövlət qurumlarının rəyi alınacaq. Daha sonra məcəllə Nazirlər Kabinetinə təqdim olunacaq”. Azərbaycanda dövlət qulluğunu tənzimləyən 12 qanun var. Bununla yanaşı, ölkə başçısının bu sahədə fərmanları və Nazirlər Kabinetinin qərarları da məcəlləyə daxil ediləcək.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info