“Efiri bayağı və şit şou verilişlərindən xilas etməliyik”
Tarix: 08.10.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Nuşirəvan Məhərrəmli: “Yeri gələrsə, bəzi telekanallardan bütövlükdə xilas olacağıq, qoy, Azərbaycanda 10 yox, 6-7 kanal
olsun”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsini ixtisarla təqdim edirik:

- Nuşirəvan müəllim, 30 sentyabr - 5 oktyabr aralığında ANS telekanalında yayımlanan 3 veriliş Şura tərəfindən qapadıldı və telekanal xeyli miqdarda cərimələndi. Lakin ANS-dən başqa, özəl televiziya kanallarında da xoşagəlməz hallar müşahidə olunurdu. Ancaq Şuranın səlahiyyətləri artırılandan sonra ilk sərt cəza mexanizmi ANS-ə tətbiq edildi. Ümumiyyətlə, verilişlər ANS-ə xəbərdarlıq edilmədən qapadılıb?
- Bildiyiniz kimi, bu məsələ ilə bağlı biz öz fikrimizi ortaya qoymuşuq. Cəmiyyət bilməlidir ki, MTRŞ fəaliyyətə başladığı ilk gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi mübarizə aparıb. Bu mübarizə həmişə olub. Qeyd edim ki, 5 il bundan qabaq da “Ümid var”, “Adam içində” tipli verilişlərə müəyyən tövsiyələr vermişdik, xəbərdarlıq etmişdik. Amma çox təəssüf ki, onlar həmin verilişlərin adını dəyişdirib başqa ad altında fəaliyyət göstərdilər. Cəmiyyət isə bizdən bu tip verilişlərə, ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nin səlahiyyətləri o dərəcədə deyildi ki, həmin verilişləri bağlasın. “Televiziya və radio yayımı haqqında” qanuna bu ilin fevral ayında dəyişiklik baş verdi və həmin dəyişikliklə MTRŞ-yə “Televiziya və radio yayımı haqqında” qanunun pozulmasına görə, həm verilişlərin, həm kanalların fəaliyyətini dayandırmaq səlahiyyətləri verildi. Fevral ayında qəbul olunmuş dəyişikliklər hüquqi qüvvəsini sentyabr ayının 16-da MTRŞ haqqında Əsasnaməyə dəyişikliklə öz həllini tapdı və biz sentyabrın 16-dan sonra bu sahədə ciddi işə başladıq. Bundan qabaq isə televiziya kanallarının rəhbərləri ilə ciddi söhbətimiz oldu və biz efirdəki nöqsanların aradan qaldırılmasını onlardan tələb etdik. Bizim verdiyimiz qərar tək ANS telekanalına aid deyil.
Bu bütün televiziya kanallarına aiddir. İlk olaraq, xüsusən sosial problemlərin həllinə dəstək adı altında yaradılmış şou proqramlarına qarşı hərəkətə keçdik. Bu cür proqramlar həm ANS, həm də ATV telekanalında yayımlanırdı. Artıq bu iki kanalın rəhbərliyi bilirdi ki, bu tip verilişlərə qarşı tədbirlər gözlənilir. Elə buna görə də ATV telekanalı Şuranın iclasından iki gün qabaq “Öz aramızda” verilişini bağladı və bu haqda bizə məlumat verdi. Amma çox təəssüf ki, ANS kanalı bunu etmədi və biz belə bir sərt qərar vermək məcburiyyətində qaldıq. Əgər indiyə qədər televiziya kanalları özləri efirdəki nöqsanları aradan qaldırardılarsa, biz ancaq bunu alqışlayardıq. Amma çox təəssüf ki, belə olmadı. Bu gün Azərbaycan efirində, xüsusən də özəl kanalların efirindəki vəziyyət bizi çox narahat edir. Azərbaycanın özəl televiziya kanalları demək olar ki, cəmiyyət üçün ən aşağı növ verilişlər hazırlayır. Televiziya kanalları daha yüksək ideyalarla cəmiyyəti öz arxasınca aparmalıdır. Çox təəssüf ki, televiziya kanalları ən aşağı səviyyəli şoular yaratmaqla bir-birləri ilə rəqabətə girirlər. Keyfiyyətli verilişlər uğrunda yox, keyfiyyətsiz, aşağı səviyyəli verilişlər hazırlamaqla bir-birləriylə yarışdılar və bu da cəmiyyətin haqlı olaraq narazılığına səbəb oldu. Mən elə hesab edirəm ki, heç bir normal ziyalı istəməz ki, onun efirində bu cür bayağı, şit, süni verilişlər olsun. Çox təəssüf ki, Azərbaycanda milli-mənəvi dəyərlər anlayışını bəzi televiziya kanalları ironik şəkildə təqdim edirlər, mənasını bilmədiklərini deyirlər və bu hal xüsusən də özünü ANS televiziyasında göstərir. Bu çox düşündürücü məqamdır. ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir.
- Amma ANS telekanalının Qarabağla, Azərbaycan həqiqətləri ilə bağlı gördüyü işlər var...
Razıyam, amma yaxşı işlərlə bərabər, sadaladıqlarım onun efirindən səslənib, onun efirindən göstərilib. Milli-mənəvi dəyərləri bilmədikləri üçün də bu cür verilişlər onların efirindən yayımlanır. Biz Azərbaycan efirini bayağı, şit şou verilişlərindən xilas etməliyik. Təbii ki, şou özü-özlüyündə bütün dünyaya xas olan veriliş tiplərindən biridir. Amma çox təəssüf ki, dünyada artıq şou bütün fəaliyyət sahələrinə aid edilir. Yəni ciddi məsələlər hər yerdə qeyri-ciddiyə çevrilərək şou halına gətirilir. Bu özünü siyasətdə, iqtisadiyyatda, hüquqda, dində, hətta elmdə də göstərir. Çox təəssüf ki, bu belədir. Efirə dəvət olunan din xadimi qısa müddətdən sonra din üzrə şoumenə, hüquqşünas hüquq üzrə şoumenə, psixoloq psixologiya üzrə şoumenə çevrilir. Bu, çox pis tendensiyadır. Cəmiyyətdə dəyərsizləşmə gedir. Bir növ insanları zəhmət tələb etmədən, çox asan, ucuz yolla cəmiyyətdə özünə yer, mövqe tutmağa şirnikləndirir. Biz bu tendensiyanın qarşısını almalıyıq. Çox təəssüf ki, ANS kanalı digər kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə yaşayır. Sanki onların etdikləri hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz.
- Cərimələrin də miqdarı bir qədər yüksək oldu…
- Cərimələr, əsasən, sponsorla bağlı reklamın tələblərinin pozulmasıdır. Reklam haqqında qanuna dəyişiklər oldu. Çox geniş müzakirələr aparıldı və biz gözləyirdik ki, bundan sonra bu hallar olmayacaq. Biz bu sahədə əvvəlki illərlə müqayisədə limiti artıq aradan götürmüşük. Demək olar ki, MTRŞ indiyə qədər həddindən artıq televiziya kanallarına böyük güzəşt edirdi. Amma bizim səlahiyyətlərimiz o verilişləri qapatmağa imkan vermirdi. Biz verilişləri bağlada bilmirdik. Bəli, indi isə Şuraya bağlamaq səlahiyyəti verilib. Bilirsiniz, efir heç bir televiziya kanalının rəhbərinin şəxsi mülkiyyəti deyil. Efirin dövlət mülkiyyətində olmasını başa düşməlidirlər. Oranın binası, maşın və avadanlıqlar onların mülkiyyəti ola bilər, amma efir heç kəsin mülkiyyəti deyil. Oradan başqalarına qarşı qərəzli şəkildə xüsusi kampaniya aparılarsa, o zaman telekanala qarşı çox ağır şəkildə cəza tədbiri görüləcək.
Çox təəssüf ki, televiziya sahəsində problemlər çoxdur. Efiri şitlik, bayağılıq, sünilikdən uzaq olmayan verilişlərlə doldururlar. Hətta reklamların özündə belə ciddi pozuntular var. Azərbaycanın milli-mənəvi dəyərləri üçün xarakterik olmayan reklam səsləndirmələri olur. Xüsusən də tibb sahəsində, bir neçə klinikanın xidmətləri ilə bağlı reklamlarda bu var. Mən bəzən televiziya kanalların sahiblərinə deyirəm ki, siz özünüz eşitmirsiniz, siz ailənizlə birlikdə oturub buna qulaq asmırsınız ki, belə formada reklam doğru deyil? Nə olsun ki, reklam sizə əlavə gəlir gətirir? Siz əgər bütövlükdə hamınız buna “yox” desəniz reklam verən məcbur olub o reklamı elə formada verməyəcək. Və yaxud da süni qalmaqal yaradan aparıcı mükafatlandırılmamalıdır, əksinə efirdən uzaqlaşdırılmalıdır. Amma bizim efirdə çox təəssüf ki, əksinədir. Yaxşı olardı ki, insanlar saxta ssenarilər haqda bizə məlumat versinlər.
- Mirşahin Ağayev sizin gətirdiyiniz arqumentlərin qarşısında hansı arqumentləri irəli sürdü?
- Təbii ki, iclasda gedən bütün məsələləri tam şəkildə sizə deyə bilmərəm. Amma birinci iclasda bizim arqumentlərimizin bəziləri ilə razılaşdığı və razılaşmadığı məqamlar oldu. O, bunu televiziya işi ilə bağlayır, deyir ki, burda şou yaratmaq üçün bunlar lazımdır, bunlar olmasa şou olmaz. Bildirir ki, söz oynatmaq, saxta ssenarilər, ciddi məsələlərin qeyri-ciddiyə çevrilməsi, yumoristik səhnəciklər - bunların hamısı lazımdır. Amma çox təəssüf ki, buradan çıxanda başqa formada ifadələr işlədir və ona uyğun olaraq da bizim adekvat cavablarımız olur.
- 5 il ərzində, Xoşqədəm Baxşəliyeva ilə bağlı ATV telekanalına da hər hansı xəbərdarlıq etmişdiniz?
- Dəfələrlə xəbərdarlıq etmişdik. Həm ATV telekanalının rəhbərliyi, həm də ANS telekanalının rəhbərliyi ilə bu barədə söhbətlərimiz olub. Hətta ATV kanalının rəhbərliyi tərqibən bir il yarım bundan öncə verilişi bağlamaq haqda düşündüyünü söylədi və dedi ki, bizə vaxt verin, biz bu verilişi bağlayacağıq.
O vaxt verilişlə bağlı bizə bəzi siqnallar da daxil olmuşdu. Verilişdə saxta ssenarilərin qurulması ilə bağlı əlimizdə bəzi faktlar var idi. ATV kanalı da həmin faktlara görə verilişin fəaliyyətini dayandırdığını bizə bildirdi və həmin faktlar bizə verildi. Biz ANS kanalının rəhbərlərindən olan Mirşahini Şuraya dəvət etdik. Onunla birlikdə həmin süjetə baxdıq və dedik ki, təcili tədbirlər görün. Yay ayları idi, Azərbaycanda I Avropa Oyunları keçirilirdi. Buna görə məsələni sonrakı dövrə saxladıq. Lakin ANS sırf qapadılan verilişlərlə bağlı hər hansı bir addım atmadı. Sosial problemlərin həllinə dəstək adı altında yayımlanan “Adam içində”, “Ümid var” verilişlərinə görə dəfələrlə televiziya kanalları ilə söhbətimiz olub, xəbərdarlıqlar etmişik. Amma o xəbərdarlıqlar çox təəssüf ki, bir nəticə vermədi. Buna görə də bu cür sərt addımlar atmaq məcburiyyətində qaldıq. Eyni zamanda, özəl televiziya kanallarının musiqi redaksiyalarında böyük nöqsanlar var. Bu məsələ də ciddi məsələdir. Azərbaycan musiqisi aşağı səviyyəli müğənnilərin ifa etdikləri musiqi deyil. Biz özəl televiziya kanallarında efiri sağlamlaşdırmalıyıq. Bir sıra televiziya kanalları efirlə toyxananı qarışdırıb.
- Məsələn, “Space” televiziyasında yayımlanan “Sevimli şou”…
- Bəli, “Space” və “Xəzər” televiziya kanallarında yayımlanan o tip verilişlərə görə telekanal rəhbərləri Şuraya çağırılıb, söhbətlər aparılıb. Onlardan bu sahədə ciddi dönüş edilməsi tələb olunub və onlar da bu sahədə ciddi dönüş edəcəkləri haqda bizə söz veriblər və biz də bunu gözləyirik. Mən “Sevimli şou”nun aparıcını da Şuraya dəvət etdim. Özüm birbaşa həm onunla, həm də kanal rəhbərliyi ilə söhbət etdim. Aparıcı hərəkətlərinə bəraət qazandırdı ki, bu reytinq xətrinə edilən bir işdir. Mən də ona bildirdim ki, reytinq xətrinə bunlar edilməsin. Lazım gələcəksə biz o tip verilişlərdən də xilas olacağıq. Hətta yeri gələrsə, bəzi televiziya kanallarından bütövlükdə xilas olacağıq. Azərbaycanda ,qoy, 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun. Amma televiziya kanallarında Azərbaycanı təmsil edən gözəl verilişlər olsun. “Sevimli şou”, “Məchulu tapın”, “5-də 5”, “Ay Zaur”, “Zarafatsız şou”, “Hər şey daxil” verilişləri diqqət mərkəzindədir. Mən artıq tapşırıq vermişəm. ANS, ATV, “Xəzər” və digər kanallardakı nöqsanlar birbaşa bizim saytda yerləşdiriləcək. Qoy insanlar görsün ki, hansı məsələyə görə MTRŞ kanallara qarşı cəza mexanizmi tətbiq edib. Bunlar Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olan bir şey deyil. ANS kanalı bizdən milli-mənəvi dəyərlərin siyahısını, tərifini istəyir. Yəni bizə deyin ki, nə milli-mənəvi dəyərdir, nə milli-mənəvi dəyər deyil. Artıq bir neçə gündür çox ironik şəkildə, guya ki, milli-mənəvi dəyərlərin müzakirəsi gedir. Əslində dolayısı ilə MTRŞ-nin verdiyi qərara qarşı bir kampaniya aparırlar. Bu ucuz bir kampaniyadır. Bu kampaniyalar 90-cı illərdə özünü göstərib. Biz artıq 21-ci əsrdə yaşayırıq.
- Bəzi ziyalılarımız Xoşqədəm Baxşəliyevanın axtarış proqramının cəmiyyətə fayda verdiyini bildiriblər. Buna münasibətiniz necədir?
- Biz bunu gözləyirdik. Cəmiyyətdəki insanların zövqləri müxtəlifdir. Sosial problemlərin həllinə dəstək adı altında yayımlanan verilişlər çox təqdirəlayiq haldır. Biz bunu dəstəkləyirik. Ona görə də verilişin 1 ay bağlanması haqda qərar vermişik. Amma bu verilişdə sosial problemlərin həllinə dəstək adı altında şou yaradılır. Sosial problem ciddi məsələdir. Fiziki və psixi qüsuru olan, öz hüquqlarını bilməyən insanlar heç vaxt qeyri-ciddi formada şouya qoyulub alçaldılmamalıdır, təhqir olunmamalıdır. Amma bu verilişlərdə musiqinin müşayiətiylə bəzən günlərlə eyni adamı efirdə göstərməklə müxtəlif formada, hətta verilişə dəvət olunmuş ekspertlərin qınaqları, bəzən o qınaq təhqirlər formasında alçaldıcı formada verilib. Bu efirdən görünür. Çox təəssüf ki, bizim bəzi ziyalılarımız televiziya kanallarının hansına gedirlərsə, o televiziya kanalını tərifləyirlər. ANS-ə gedərkən ANS 1 nömrəli kanal, ATV-yə gedərkən ATV 1 nömrəli kanal, “Space”yə gedərkən isə “Space” 1 nömrəli kanal olur. “Xəzər”ə gedəndə “Xəzər”i, “Lider”ə gedəndə “Lider” telekanalını tərifləyirlər. Amma oradan çıxandan sonra başqa yerdə Azərbaycan efirindəki nöqsanlardan danışırlar. Bu çox pis tendensiyadır. Buna təəssüf edirəm. Azərbaycanda bütün məsələlərdə ən böyük iş ziyalıların üzərinə düşür. Ziyalılarımız isə bu məsələlərdə qeyri-ciddiliyə yol verirlər. Amma istənilən şəxsin, istər adi vətəndaşın, istər millət vəkili, istər tanınmış sənətçi olsun, biz onların fikirlərinə həmişə hörmətlə yanaşırıq. Amma biz dövlət qurumu kimi öz üzərimizə düşən işi görməkdə israrlıyıq və hesab edirəm ki, Azərbaycan efirindəki bayağı, şit, süni qalmaqal yaradan verilişləri dayandırmaqda haqlıyıq.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info